Ermənistanın “dəmir” blokadası gerçəkləşir

31 Okt 2017
1265 baxış

Sabah - noyabrın 1-də Tehranda İran, Rusiya və Azərbaycan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Xəbər verdiyimiz kimi, Tehran zirvəsində əsas mövzu üç qonşu dövlət arasında iqtisadi əlaqələri daha yüksək səviyyəyə qaldırmaq, o sırada “Şimal-Cənub” nəqliyyat dəhlizi (dəmiryolu) layihəsinin inşasını qısa zamanda tamamlamaqdır.

Dünən isə Bakıda region ölkələri liderlərinin (Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan) iştirakı ilə Böyük İpək Yolunun tərkib hissəsi sayılan Bakı Tiflis-Qars (BTQ) dəmir yolunun (“Dəmir İpək Yolu”nun) möhtəşəm açılış mərasimi olub. Necə deyərlər, prezident İlham Əliyev bir sammit başa çatan kimi ikinci bir zirvə toplantısına yollanacaq.

Bu da bir daha Azərbaycanın bölgədə açar ölkə olmasının təsdiqidir. Yəni regionda şimaldan cənuba, qərbdən-şərqə irili-xırdalı iqtisadi, kommunikasiya layihələrinin, transmilli neft-qaz kəmərlərinin heç biri Azərbaycansız həyata keçə bilməz və keçməyəcək.

Ermənistanın “dəmir” blokadası gerçəkləşir



Əlbəttə ki, ölkəmizin bölgədə artan tranzit önəmi adekvat şəkildə onun söz sahibliyinin güclənməsi, o cümlədən Qarabağ məsələsində mövqeyinin möhkəmlənməsi deməkdir ki, bu da təbii ki, ən çox işğalçı Ermənistanı narahat edir və edəcək. Daha bir səbəbdən. Çünki artıq İran da zor-xoş, öz mənfəətləri naminə Ermənistandan uzaqlaşaraq, qonşu Azərbaycana daha güclü tellərlə bağlanmaqdadır. BTQ və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin işə düşməsi isə faktiki, düşmən ölkənin “dəmir” blokadasının gerçəkləşməsi anlamına gəlir. 

*****

Bu arada məlum olub ki, İran ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsi hesab edilən Astara-Astara dəmir yolunun tikintisi başa çatıb. Musavat.com-un məlumatına görə, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb. Məlumata görə, uzunluğu 2.2 km olan “polad yol” iki ölkənin sərhədində tamamlanıb.

Əlavə edək ki, məhz beynəlxalq əhəmiyyətli bu yol ilk dəfə olaraq Azərbaycanla İranın dəmiryolu sistemlərini birləşdirəcək. Daha doğrusu, birləşdirib. Bu, həmçinin, “Şimal-Cənub” nəqliyyat dəhlizinin işə düşəcəyi günün uzaqda olmadığının xəbərçisidir. Yəqin ki, onun açılış mərasimi də Bakıda reallaşacaq - ermənilərə daha bir pis müjdə. Belə görünür, işğalçı ölkənin qara günləri hələ qabaqdadır. Onun hazırkı durumu isə sadəcə, “jurnal” sayılmalıdır...

*****

Siyasi təhlilçilər də bu və digər məqamlara diqqət yönəltməkdə, məxsusən Bakı zirvəsinin önəmini qeyd etməkdədirlər. Bu xüsusda BTQ dəmir yolunun açılış mərasiminə Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Özbəkistan baş nazirinin qatılması da təsadüfi sayılmır.

“Nazarbayevin Bakıya səfəri göstərir ki, həm Transxəzər, həm də Bakı-Tiflis-Qars layihəsi yüksək səviyyədə siyasi dəstək alan layihələrdir”. Bunu axar.az-a açıqlamasında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla birgə, qazax prezidentinin də BTQ dəmir yolu xəttinin açılışında iştirakı və bu fonda layihənin strateji əhəmiyyətindən danışan politoloq İlqar Vəlizadə deyib. 

Ermənistanın “dəmir” blokadası gerçəkləşir



O da Nazarbayevin Bakıya səfərini təsadüfi saymadığını bildirib: “Qazaxıstan Transxəzər nəqliyyat dəhlizinin Azərbaycandan sonra aparıcı ölkəsi sayılır. Bu baxımdan da bu ölkələrin əməkdaşlığı Transxəzər layihəsinin həyata keçirilməsinə imkanlar yaradır. Transxəzər layihəsi isə BTQ-yə birləşir. Yəni BTQ Transxəzərin davamı hesab olunur. Qazaxıstanın BTQ layihəsi ilə müəyyən bağlılığı var. Bakı-Tiflis-Qars dəmir yolu xətti tam gücü ilə işə düşdükdən sonra əsas yük daşımalar Qazaxıstandan, daha sonra isə Çindən Transxəzər xətti vasitəsilə və Aktau-Bakı marşrutu ilə Avropaya daşınacaq. Avropadan isə əks istiqamətdə, yəni Çinə eyni marşrutla gedəcək. Burada əsas aparıcı ölkələr qismində Türkiyə, Gürcüstan, Azərbaycan və Qazaxıstan çıxış edir. Nazarbayevin səfəri göstərir ki, həm Transxəzər, həm də Bakı-Tiflis-Qars layihəsi yüksək səviyyədə siyasi dəstək alan layihələrdir və onların həyata keçirilməsində hər hansı bir maneə ola bilməz. Çünki Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstanın dövlət başçıları Bakı-Tiflis-Qars layihəsinin əsas zəmanətçiləri rolunda çıxış edirlər”.

*****

Sözsüz ki, hər iki nəqliyyat dəhlizi, xüsusən də artıq işə düşən BTQ yalnız təcavüzkar Ermənistanı rahatsız edir. Təsadüfi deyil ki, son vaxtlar erməni KİV-lərində işğalçı ölkəyə məxsus mal-yüklərin də gürcü tərəfin dəstəyi ilə BTQ ilə daşınması mümkünlüyü tirajlanmaqdadır.

Ermənistanın “dəmir” blokadası gerçəkləşir


Lakin politoloq Tofiq Abbasov hesab edir ki, BTQ marşrutunun istismarı qrafikinə nəzarət sadə şeydir və istək olarsa, onu elə qurmaq olar ki, erməni mallarının daşınması mümkünsüz olsun. Musvat.com-un məlumatına görə, bu barədə o, rusdilli vesti.az nəşrinə açıqlamasında deyib.

“Bu məsələdə təkcə Gürcüstanın yox, Türkiyənin rolu da mühümdür. Yəni layihənin təsisçi üçlüyü arasında bir uzlaşma olmalıdır ki, Ermənistanın yeni yola qoşulması əngəllənsin. Vaxtilə bu yolu hətta Gümrüyədək (Rusiyanın Ermənistandakı əsas hərbi bazası məhz burdadır - A.X.) uzatmaq cəhdləri olmuşdu. Hansı cəhdlərin qarşısını ki, Azərbaycan sərt şəkildə aldı - Ermənistanla həll edilməmiş ərazi bütövlüyünü və işğal altındakı torpaqlarımızda erməni hərbi birləşmələrinin mövcudluğunu əsas gətirərək”, - deyə politoloq qeyd edib. Lakin onun sözlərinə görə, gələcəkdə erməni biznes-strukturları tərəfindən BTQ-dən qanunsuz istifadə cəhdləri istisna edilmir.

Ermənistanın “dəmir” blokadası gerçəkləşir


*****

Bu mənada ələlxüsus Gürcüstan hökumətinin üçtərəfli anlaşma və müqavilələrə, Azərbaycan və Türkiyənin köklü maraqlarına sayğılı yanaşması çox vacibdir. Rəsmi Tiflis buna, sadəcə, borcludur. Çünki özünün iqtisadi-energetik, siyasi-hərbi təhlükəsizliyinə görə ən əvvəl Ankara və Bakıya minnətdar olmalıdır. Üstəlik, Gürcüstan özü də separatizmdən, qonşu ölkənin işğalından əziyyət çəkir. Rusiyanı işğalçı sayan Tiflis işğalçı Ermənistanı, özü də Rusiyanın bölgədə tək forpostu olan işğalçı Ermənistanı görməzlikdən gələ bilməz.

Yəni həm vəfa borcu, həm də mənəvi borc məsələsi... (musavat.com)

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq