“Qars bizi soyuq qarşıladı…” - FOTO

01 Dek 2017
5330 baxış

II Hissə

...Qars bizi olduqca soyuq qarşıladı. Mənfi 20 dərəcə şaxta olduğunu mikroavtobusun sürücüsü Aydının bizə “çatdıq, düşün, “sumka”larınızı götürün” deməsindən sonra hiss etdik. Bakının mülayim havasına öyrənən heyət üzvləri üçün bu fərqli bir mənzərə idi. “Büyük Kale” otelinin personalı bizi isti qarşıladı. Həm onlardan gördüyümüz istilik, həm də oteldəki istilik bizə bir qədər təskinlik verdi ki, nə də olsa, soyuqdan donmayacağıq.

Layihinən təşkilatçılarından olan BDM təmsilçisi Samir Adıgözəlli üçün isə bu soyuq hava heç də düşərli olmadı. Bakıdan bəri xəstəliyi səbəbindən öskürən Samir bəyin vəziyyəti bir qədər də pisləşdi. Buna baxmayaraq, həmin xəstə halı ilə hamının dərdinə yanır, problemlərilə maraqlanır, səfər proqramını təşkil edirdi. Oteldəki yerlər əvvəlcədən rezervasiya edilmişdi. Yalnız kimin-kimlə qalması heyət üzvlərinin sərbəst seçiminə buraxıldı. Otelin ən üst mərtəbəsində şam yeməyini yedikdən sonra hərə öz otağına dağılışdı. Birinci günün yorğunluğu, növbəti günün isə gərgin səfər proqramı tez yatmağı zəruri edirdi. BDM rəhbəri elan etdi ki, proqrama əsasən, səhər saat 10-da mərhum prezident Heydər Əliyevin Qarsdakı büstü önünə əklil qoyub onun xatirəsinə ehtiramımızı bildirməliyik. Səhər açıldı və biz deyilən vaxtda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünün qarşısındaydıq. Bir necə dəqiqədən sonra Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev də gəldi və bizimlə birlikdə proqrama davam etdi. Ardınca Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsini ziyarət etdik. Daha sonra nümayəndə heyəti Azərbaycanın Qarsdakı Baş Konsulluğunda oldu.

Baş konsul Nuru Quliyev qəbul zamanı ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövlətinin gördüyü işlərdən danışaraq, bu sahədə QHT-lərin də üzərinə böyük vəzifə düşdüyünü bildirdi. BDM sədri İsmayıl Ağayev də görüşdə çıxış edərək, Qars bölgəsində Azərbaycanın ictimai təşkilatlarının fəallığının artırılmasının vacibliyini vurğuladı. Bu baxımdan belə bir heyətin bölgəyə səfərinin reallaşmasının əhəmiyyətli olduğu qeyd edildi.

Baş konsulun bu məsələyə yaxından diqqət ayırmasına görə ona minnətdarlığımızı bildirdik. Konsulluğun binasının yaxınlığında jandarm tərəfindən mühafizə edilən qədimi bir bina gözümə sataşdı. Konsulumuzun sürücüsü dedi ki, məşhur “Qars” müqaviləsi həmin binada imzalanıb.  Tarixi bilənlər üçün məlumdur ki, bu, sıradan bir müqavilə olmayıb. Həmin bölgə və ona bitişik olan Naxçıvan üçün qarant sayılan müqavilənin imzalandığı binanın önündə şəkil çəkdirmək, ona yaxından baxmaq beynimdən keçdi. Nümayəndə heyətimizdə olan Qarabağ qazisi Vidadi bəylə ora doğru hərəkət etdik. Təzəcə bir-birimizin şəklini çəkmək istəyirdik ki, binanı qoruyan əlisilahlı bir əsgər yaxınlaşıb “foto çəkməyə izn verilmir” dedi. Biz qonaq olduğumuzu bildirdikdən sonra cəmi bir dəfə çəkməyə icazə verdi.

Konsulluqdan Qars Şəhid Ailələri və Qaziləri Dərnəyinin ofisinə yollandıq. Orada Qars ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş keçirildi. Görüşü giriş sözü ilə açan Türkiyə Müharibə Qaziləri Dərnəyinin Qars şöbə başqanı Yüksəl Öztürk Azərbaycan heyətini salamlayaraq, iki qardaş ölkənin təşkilatlarının bir araya gəlməsinin qürurverici olduğunu bildirdi. Daha sonra BDM sədri İsmayıl Ağayev, Vətəndaşların Sosial Rifahı Naminə İB-nin sədri İradə Rizazadə, Regionda Təhlükəsizlik və Sülh Naminə İB-nin sədri Telman Qasımov, Qars Şəhid Ailələri və Qaziləri Dərnəyinin başqanı Muhsin Akçay, Azərbaycan Qafqaz Kültür Dayanışma Dərnəyinin başqanı Nəbi Arıq, Türkiyə Yardımsevənlər Dərnəyinin başqanı Yasin Yıldırım, Odalar Birliyi başqanı Adəm Burulday, Sənaye Sitesi Başqanlığının rəhbəri Namık Akça və başqaları çıxış edərək, Azərbaycan-Türkiyə QHT-lərinin yaxından birgə əməkdaşlıq perspektivləri, birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparıldı. Görüşdə bir qrup şəxsə plaketlər təqdim edildi.

Nümayəndə heyəti səfər proqramı çərçivəsində Bakı-Tiflis-Qars dəmir yolunun açılışı münasibətilə Qars Dəmiryolu Vağzalını da ziyarət etdi.

QHT və KİV nümayəndələri Qarsda ermənilər tərəfindən içində ibadət edən insanlarla bərabər yandırılmış məscidlə də tanış oldular. Burada ermənilərin törətdiyi ağır cinayətin miqyası haqqında TYSD-nin başqanı Yasin Yıldırım Azərbaycan heyətinə geniş məlumat verdi. Qeyd edək ki, yandırılmış məscid Y.Yıldırımın babası tərəfindən bərpa edilərək istifadəyə verilib. Səfər proqramının sonuncu günündə heyətimiz Qars, Arpaçay Koçköydə uyuyan Azərbaycanın xalq qəhrəmanı Soltan bəy Paşabəyoğlunun məzarını ziyarət etdi. Soltan bəyin xatirə lövhəsinin qarşısında təşkil olunmuş tədbirdə baş konsul Nuru Quliyev, BDM sədri İsmayıl Ağayev, ASİM-DER başqanı Göksel Gülbey, Kənd Bələdiyyəsinin sədri və digərləri çıxış edərək Soltan bəyin həyatı və mübarizə yolu haqqında fikirlərini bölüşdülər. Tədbirdə iştirak edən Soltan bəyin nəvəsi, Laçın Şirkətlər Qrupunun prezidenti Yücəl Laçın babasına, xalq qəhrəmanına göstərilən diqqətə görə, Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan dövlətinə və bütünlükdə Azərbaycan xalqına öz təşəkkürünü bildirdi.

Tədbirdən sonra iş adamı Yücəl Laçın tərəfindən ehsan süfrəsi verildi. Köçköydəki tədbir saat 15-də başa çatdı. Biz həmin gün sonuncu təyyarə reysilə Naxçıvandan Bakıya uçmalıydıq. Yolumuz birbaşa İğdıra, oradan da Naxçıvan hava limanına idi. İğdıra çatdıqda məlum oldu ki, proqramdan kənar olan bir görüş də bizi gözləyir. Hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının yerli şöbəsinin  rəhbərliyi tərəfindən qəbul edildik. Partiya adından bizi şam yeməyinə dəvət etdilər. Vaxta az qaldığı üçün, tələsik yeməyi yeyib, sağollaşıb, təşkilatçılara təşəkkürümüzü bildirib maşınlara yollandıq. Sürücülər bizə dedi ki, gömrükdə bir qədər ləngidilsək, təyyarəyə çata bilməyəcəyik. Fürsətdən istifadə edib 3 gün ərzində yalnız sürücü kimi deyil, həm də vətənpərvər insanlar kimi bizim əziyyətimizi çəkən Aydın və Rasimə xüsusi təşəkkür edirəm. Naxçıvan və Türkiyə gömrükçüləri də nümayəndə heyətimizə qarşı olduqca nəzakətlə davrandılar. Çətinlik və həyəcanla olsa da, vaxtında Naxçıvan hava limanına yetişə bildik. Bakı Hava Limanında heyət üzvlərilə sağollaşanda məlum oldu ki, səfər hamının ürəyincə olub. Hətta tez bir zamanda elə ora getdiyimiz heyətlə Bakıda toplaşmaq da təklif edildi.

Məlum olduğu kimi, sözügedən layihə Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə  həyata keçirildi.

Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun və Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) yaxından göstərdiyi dəstək nəticəsində hər iki ölkə üçün səmərəli görüşlər keçirildi. Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə BDM sədri İsmayıl Ağayev, BDM sədrinin birinci müavini Samir Adıgözəlli, Vətəndaşların Sosial Rifahı Naminə İB-nin sədri İradə Rizazadə, Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İB-nin sədri Lyudmila Xəlilova, Ortaq Dəyərlər İB-nin sədri Aqil Camal, Regionda Təhlükəsizlik və Sülh Naminə İB-nin sədri Telman Qasımov, “Bakı-Xəbər” qəzetinin əməkdaşı olaraq mən, moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə, modern.az saytının əməkdaşı Günay Nəbiyeva, BDM-in mətbuat katibi Könül Kərimova, Qarabağ veteranı Vidadi Nuriyev daxil idilər.

Məhəmmədəli QƏRİBLİ
Bakı-İğdır-Qars

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq