1918-ci il hadisələri — İrəvan qırğınları

29 Mar 2018
4287 baxış

Bu gün oxuculara İrəvanda baş verən qırğınlardan bəhs edəcəyik.

1828-ci ildə Rusiya-İran müharibəsinin qələbəsindən, yəni Türkmənçay müqaviləsindən sonra yaradılmış İrəvan vilayətinə Naxçıvan xanlığı ərazisinin də daxil olması ermənilərin torpaq iştahasını xeyli artırmış və onları öz məkrli məqsədlərini daha qətiyyətlə irəli sürməyə, nəyin bahasına olursa-olsun, bu yurda sahib olmağa sürükləmişdir. Ermənilər bu gün məhz tarixi ədalətsizliyin mahiyyətinə varmayaraq, daha doğrusu, bu faktın üzərindən sükutla keçərək “Naxçıvan ərazisi Ermənistanın olmuşdur” tələbi ilə çıxış etməklə, öz mənfur siyasətlərini irəli sürməkdə davam edirlər. 1918-ci il Milli Komitənin sədri Mir Hidayət Seyidzadənin verdiyi məlumata görə erməni silahlı qüvvələri Naxçıvan üzərinə iki istiqamətdən hücum etməyi planlaşdırmışdılar. Məlumatda göstərilir ki, ermənilər həmin dövrdə Sədərək, Qəməriyyə kəndlərinə basqın edərək bu yaşayış məntəqələrini məhv etmiş, sonra isə Şərur və Naxçıvan qəzası istiqamətində hərəkət eləməyə başlamışlar. Erməni silahlı qüvvələrinə bu kömək İrəvandan və Aleksandropoldan, yəni Gümrü şəhərindən edilmişdi. 

İkinci quldur dəstəsinin isə Zəngəzur istiqamətindən gəlməsi gözlənilirdi. Məlumatda həyacanla bildirilirdi ki, əgər on beş gün ərzində tədbir görülməsə, Ordubad düşmən ayaqlarının tapdağı altında qalacaq, hər iki istiqamətdən hücum edən düşmənə cavab verə bilməyəcəyik. Daşnak hökuməti Zəngəzur, Şərur, Naxçıvan, Ordubad qəzalarında yaşayan müsəlmanları qırmaqla bu torpaqları Ermənistan ərazisinə birləşdirməyi planlaşdırmışdı. Çünki qarşıdan gələn ildə Fransada xalqların sülh konfransının keçirilməsi nəzərdə tutulurdu. Ermənilər bu konfransda məhz həmin ərazilərdə müsəlmanların yaşamadığını bildirməklə bu qədim türk torpaqlarını Ermənistana birləşdirmək məqsədi daşıyırdı. Erməni siyasətbazlarının fikrincə, konfransda dünya xalqlarının nümayəndələri yuxarıda adları çəkilən ərazilərdə müsəlmanların yaşamadığını, həmin ərazilərin tamamilə boş olduğunu görüb bu torpaqların Ermənistana verilməsi barədə razılığa gələcəklər. Göründüyü kimi erməni siyasətbazlarının bu uzaqgörənliyi həmin dövrdə xalqımıza çox böyük faciələr gətirdi. Onların qızışdırıb dinc əhali üzərinə göndərdiyi quldur dəstələri minlərlə əhalini vəhşicəsinə öldürdü, qan su yerinə axdı, əhali dağlara, meşələrə qaçdı, min cür əziyyətə qatlaşmalı oldu. Həmin dövrdə Azərbayçanın iri sənaye şəhərlərinə böyük ümidlə baxan, onlardan imdad diləyən Naxçıvan əhalisinin ürək ağrıdan tələbləri “Azərbaycan” qəzetində dərc edilirdi: “Düşmənlərimiz mürgüləmirlər, onlar öz xalqlarının ideyalarını həyata keçirmək yolunda heç bir əlverişli imkanı əllərindən vermirlər. Onlar Ararat dövdəti sərhəddinin Türkiyə sərhədlərindən tutmuş Şuşaya qədər uzadılmasını və bu ərazidə bir nəfər olsun belə müsəlmanın, turkün yaşamamasını istəyirlər. Bu niyyətlərini həyata keçirmək üçün hər bir əlverişli hadisədən istifadə edirlər”.. 1919-çu ilin ortalarına yaxın Naxçıvanda ermənilərin təzyiqi daha da artmağa başladı. Onu da qeyd edək ki, artıq bu vaxta qədər ermənilərin tayqulaq Androniki Naxçıvan ərazisindən keçərək Zəngəzur üzərinə getmişdi. Bu zaman onun qoşununun keçdiyi kəndlər bütünlüklə dağıdılmış, əhalisi isə öldürülmüşdü. Naxçıvan və ona bitişik ərazilərdə ermənilərin azğın hücumları, vəhşilikləri başladığı dövrdə əli silah tutmağı baçaran əhalinin çox hissəsi ayağa qalxmış, öz doğma torpaqlarını, ana və bacılarının, uşaqların namus və qeyrətini mərdliklə qorumuşlar. Doğrudur, ermənilər eilahsız, köməksiz Naxçıvan kəndlərinə hüçum edərək burada çox vəhşiliklər törətmişlər, amma heç də hər yerdə onlar öz istədiklərinə nail ola bilməmişlər. Vedibasarda Abbasqulu bəy Şadlinskinin yaratdığı özünümüdafiə dəstələri daşnaklrın uzun müddət qarşılarını ala bildi, onların neçə-neçə Azərbaycan kəndləri üzərinə hücumuna, soyqırımı keçirməsinə yol vermədi. Bu özünümüdafiə dəstələri Naxçıvanın müəyyən hissəsini də mərdliklə qoruyurdu. Erməni vəhşiliklərinə qarşı Naxçıvanda Kəlbalı xan Naxçıvanski də öz dəstəsi ilə mətanətlə vuruşurdu. Andronikin Naxçıvan qəzasında iki yüzdən artıq kəndi yandırması xəbərini eşidən bu el qəhrəmanı əyalətdə ümumi səfərbərlik keçirərək durmadan irəliləyən və qarşılarında bütün dinc əhalini qılıncdan keçirən erməni-daşnak dəstələrinin qabağına çıxmışdı. Onun dəstəsi böyük mətanətlə vuruşaraq bu azğın daşnak qüvvələrinin qarşısını almışdı. Ermənilərə qarşı həmin vuruşda bir çox Naxçıvan oğulları fərqlənmişdilər. Onlardan biri də Kəlbalı xanın yaxın silahdaşı Hacı Xəlil ağa İmanov olmuşdur. Nehrəm kəndindən olan bu şəxsi Kəlbalı xan piyada hissələrinin başçısı təyin etmişdi. Hüseyn ağa Novruzov isə süvari qoşunlarına başçılıq edirdi. Hər iki hissənin sıralarında qəhrəmanlıqla vuruşan igidlərin səyi nəticədə Şıx-Mahmud və başqa kəndlər tezliklə ermənilərdən təmizləndi.

Lakin buna baxmayaraq Naxçıvan şəhəri özü ağır vəziyyətə düşmüşdü. Düşmən qüvvələri artıq şəhərin “Xoşulu” məhəlləsini tutmuşdu. Şəhərdə olan erməni sakinləri də daşnaklara yaxından kömək göstərir, küçə və dalanları ələ keçirmək işində öz dindaşlarına bələdçilik edirdilər. Naxçıvanın, demək olar, bütün əli silah tutan kişiləri bir nəfər kimi silaha sarılmış, ümumi düşmənə qarşı mərdliklə vuruşurdu. Güllə və silah çatmasa da, bu, onları qorxutmurdu. Hamı azğın düşmənin qarşısını almaq, tutulmuş məhəllələri azad etmək, itirdikləri qohumlarına, əzizlərinə görə düşməndən qisas almaq umidilə döyüşə atılmışdı. Hər bir kəs bacardığı köməyi əsirgəmirdi. Hacı Xəlil ağanın dəstəsi də başqa özünümüdafiə dəstələri kimi düşmənin qabağında mərdliklə dayanıb vuruşurdu. O, şəhərin “Əriklik gədiyi” deyilən yerindo səngər qazdırıb öz dəstəsilə ermənilərə qarşı möhkəm müqavimət göstərirdi. Hacı Xəlil ağa Qəmər adlı atın belində bütün səngərboyu düşmənə qarşı vuruşan döyüşçülərə baş çəkir, onları ruhlandırır, ümumi döyüşə başçılıq edirdi. Onun dəstəsində Səfi, Rəfi və Naxçıvanın başqa mərd oğulları mərdliklə vuruşurdular. Lakin heç də hamı erməni silahlı qüvvələrinin güclü təzyiqinə davam gətirə bilmədi. Qüvvələrin qeyri-bərabər olması özünü tezliklə büruzə verdi. Hüseyn Ağa Novruzov heç bir göstəriş almadan cəbhəni boş qoydu, öz süvari dəstəsinə geri çəkilmək əmri verdi. Bu xəyanət Naxçıvan döyüşçülərinə, xüsusilə Xəlil ağanın dəstəsinə ağır başa gəldi. Ermənilər bu xəyanətdən istifadə edərək, “Əriklik gədiyi”ni mühasirəyə aldılar. Hacı Xəlil ağanı dəstəsilə birlikdə əsir götürüb vəhşicəsinə güllələdilər. Sonralar türklər Naxçıvana daxil olduğu vaxt bu xəyanəti eşidərək, Hüseyn ağa Novruzovu cəzalandırdılar. Türk qoşunlarının Naxçıvandakı komandanı mayor Xəlil bəy Hüseyn ağanı evində güllələdi. (Bax: “Oğuz eli”, 14 may)1992-ci il). Beləliklə, 1918-ci ilin yayında Naxçıvan iki tərəfdən məngənə arasında qalmışdı. Bir tərəfdən ermənilər artıq Naxçıvanın yaxınlığında, hətta bəzi məhəllələrində vuruşurdu, şəhər uğrunda ölüm-dirim mübarizəsi gedirdi, digər tərəfdən isə ingilislərdən böyük yardım alan daşnaklar Andronikin başçılığı ilə Naxçıvanın içərilərinə doğru hərəkət edirdi. İngilis, fransız müstəmləkəçilərinin əlaltısı olan Andronik bu dövrdə türklərə qarşı mübarizə pərdəsi altında Naxçıvanın şəhər və kəndlərini talan edir, insanları kütləvi şəkildə qırırdı. Süst, Çeşməbasar, Tümbul və sairə kəndlər məhz Andronikin basqını nəticəsində dağıdılmış, əhalisinin böyük əksəriyyəti isə öldürülmüşdü (Bax: Q. Mədətov. “Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in təşkili” Azərnəşr, 1958, səh. 39). Türkiyə hökuməti belə bir vaxtda Zaqafqaziyada baş verən hadisələri diqqətlə izləyirdi. Artıq Şərur-Dərələyəz və Yerevan - Culfa dəmir yolu istiqamətində hərəkət edən türk qoşunları Kazım Qarabəkirin komandanlığı altında Naxçıvan üzərinə yeriyirdi. Belə bir dövrdə Fransa yenə daşnakların fəaliyyətini müdafiə edirdi. Belə ki, Fransanın Yerevandakı nümayəndəsi Antanta bloku adından bildirirdi ki, Anatanta Naxçıvanda, Zəngəzurda və Qarabağda daşnakların hərbi əməliyyatına hər cür yardım göstərəcəkdir (Yenə orada, s. 39). Türklərin qoşunla köməyə gəlməsi xəbərini eşidən Naxçıvan qəzasının kəndləri heç bir yardım gözləmədən öz kəndlarinin müdafiəsinə qalxdılar. Nehrəm kəndi sanki azərbaycanlıların qərargahına çevrildi. Bütün qonşu kəndlərin əhalisinin iştirakı ilə burada xalq qoşunu dəstələri yaradıldı. Erməni vəhşiliyinə qarşı qəzəbini nifrətə, silaha çevirmiş Azərbaycan kəndliləri Nehrəmin yaxınlığında Andronikin quldur dəstəsi ilə qarşılaşdı və onun qoşununu qeyribərabər döyüşdə məğlubiyyətə uğratdı. Andronik vəziyyəti belə görüb, daha öz yürüşünü davam etdirməyin mümkün olmadığını başa düşüb Qarabağ dağlarına qaçdı. Və burada yenidən qoşun toplamağa başladı. Bu xəbəri eşidən Kazım Qarabəkir paşa dərhal türk qoşunlarına Naxçıvanı, Ordubadı və Culfanı ələ keçirmək barədə əmr verdi. Bütün xalq türk qoşunlarını, öz xilaskar qan qardaşlarını duz-çörəklə qarşıladılar. Yaşlı əhalinin dediyinə görə əgər türk qoşunları vaxtında Naxçıvan, Ordubad qəzalarına qoşun yeritməsəydilər, daşnak tör-töküntüləri, başda Andronik olmaqla erməni quldur dəstələri Naxçıvan əhalisini bütünlüklə qırıb məhv edər, yaxud da dədə-baba yurdlarından didərgin salardılar. Erməni quldurlarının əlindən qaçan Ordubad sakinləri əhaliyə qarşı vəhşicəsinə törədilən qırğınlar barədə xeyli məlumat vermişlər. 1919-cu il iyunun, 15-də Tiflisə gəlmiş Ordubad sakini Əhməd Hacı Əli oğlunun verdiyi məlumat da bu cəhətdən maraqlıdır. Onun dediyinə görə erməni quldur dəstəsinin başçılarından biri olan Aşot Məlik Mosesyants həmin il iyunun 1-də bir neçə zabitlə Ordubada gəlib, danışıq aparmaq üçün 3 nəfər müsəlmanın yanlarına göndərilməsini tələb etmişlər. Ordubadlılar bu tələbi yerinə yetirərək öz aralarından 3 nəfəri Aşotun yanına göndərmişlər. Erməni qulduru həmin şəxslərə hökmlə bildirib ki, artıq bundan sonra Vedibasar, Şərur, Naxçıvan, Ordubad və Şuşaya qədər olan bütün Zəngəzur qəzası Ermənistana birləşdirilmişdir. Aşot Məlik Mosesyants da Ordubad rayonunun rəisi təyin olunmuşdur. Ordubadın səlahiyyətli nümayəndələri olan bu üç nəfər elə həmin an Aşotdan onun sözlərinin düzgünlüyünü təsdiq edən mandatın göstərilməsini tələb etmişlər. Lakin Aşot heç bir mandat göstərməyərək, “mənim sözlərim sizin üçün qanun olmalıdır”, - deyə cavab vermişdir. Lakin ordubadlı nümayəndələr qəti bildirmişdilər ki, Aşot Azərbaycan respublikasından, yaxud da müttəfiqlərin komandandığından rəsmi sənəd gətirməsə, bütün əhali ona tabe olmayacaqdır. Bu hadisədən hiddətlənən Aşot çıxıb getmiş, sonra müsəlmanların silahları toplayıb onun səlahiyyətli nümayəndəsi Nikolay Alışevskiyə verilməsi barədə göstəriş vermişdi. Aşotun bu ultimatumu müsəlmanlara çox pis təsir göstərmişdir. Onlar artıq yeni bir qırğına hazırlıq görüldüyü barədə şayiələr yaymağa başlamışlar. Tezliklə ətraf kəndlərin erməni sakinləri Aşota qoşulmuşlar. Halbuki, onlar uzun müddət müsəlmanlar tərəfindən qorunurdular. Aşotun dəstəsinə daxil olan yerli ermənilər tez-tez müsəlman yaşayış məskənlərinə hücum edir, hər gün bir neçə nəfər öldürülür, ev-eşiyi quldurlar tərəfindən talan edilib aparılırdı (Bax: Azərbaycan tarixi: sənədlər və nəşrlər üzrə. Bakı, Elm, 1990, səh. 317-318). Bu dövrdə İrəvan quberniyasından Şeyxov familiyalı bir nəfər Azərbaycan Respublikasının baş nazirinə vurduğu teleqramda da bu ərazidə yeni qırğınların baş verdiyini xəbər verirdi. Teleqramda göstərilirdi ki, Naxçıvandan, Şərur və Ordubaddan verilən xəbərlərə görə müsəlman xadimlərinin erməni hökuməti tərəfindən həbsləri başlayıb. Burada addımbaşı yoxlamalar aparılır, müsadirələr olunur. Erməni hökumətini nizami qoşunları Naxçıvandan bir qədər kənarda olan müsəlman kəndlərini top atəşinə tutur. Əhali hazırda təşviş içində çöldə yaşayır. Teleqram vuran şəxs dərhal Ermənistan hökumətinə bu barədə xəbər verməyi, əhalinin qırılmağının qarşısını almaq üçün qəti tədbirlər görməyi təkidlə tələb edirdi. Teleqramın sonunda isə o, bir daha xatırladır ki, bu işdə gecikmək müsəlman kəndlərinin, dinc əhalinin məhv olması deməkdir (“Azərbaycan” qəzeti, 29 iyun 1919-cu il). Türklərin Naxçıvandan, o cümlədən, Zaqafqaziyadan getməsi ermənilərin əlqolunu açmışdı. Onlar Naxçıvan torpaqlarında yenidən hökmranlıq etməyə, bu əraziləri yaratdıqları daşnak hökumətinin ərazisinə qatmaq niyyətində idilər. Ermənilər bu məqsədlərini həyata keçirmək üçün müttəfiq qoşunlarının komandanlığından istifadə edirdilər. Müxtəlif vasitələrlə ermənilər tərəfindən ələ alınmış müttəfiq qoşunlarının komandanlığı və zabitlər təbiidir ki, bir çox məsələlərdə erməni daşnaklarının tərəflərini saxlayırdılar. Hətta general Devi 1919-cu ilin may ayında Naxçıvana gələrək, Naxçıvan və Şərur qəzalarının müsəlman əhalisini toplayaraq bildirmişdi ki, onlar bundan sonra erməni hökumətinə tabe olmalıdırlar. Lakin general Devinin bu təklifi müsəlman əhalisi arasında çox böyük narazılıqla qarşılandı. Naxçıvan və Şərur qəzalarının əhalisi erməni hökumətinin son ildə müsəlman əhalisinə qarşı soyqırımı siyasətini tətbiq etdiyini nəzərə alaraq general Devinin təklifini rədd etdi və bu qərara gəldi ki, onlar Azərbaycan respublikasının tərkibindədir və heç bir qüvvə onları bu respublikanın tərkibindən alıb Ermənistan respublikasına verə bilməz.. Həmin qərardan sonra silahlı müsəlman dəstələri “Qurd qapısı” qəzasının ərazisinə erməni silahlı qüvvələrini buraxmamağı qərara aldılar. Azərbaycanda və eləcə də Ermənistanda Sovet respublikasının yaradılması ərəfəsində müttəfiq qoşunlarının komandanlığı bu ərazilərdə yaşayan xalqlar arasında milli qırğınların daha da qızışdırılmasına xüsusi diqqət yetirirdilər. İngilis komandanlığının bu işdə böyük marağı vardı. Onların məhz yaxından köməyi sayəsində daşnak qoşunları 1919-cu ilin iyun ayında Naxçıvanı ələ keçirə bildilər. Əhaliyə amansız divan tutan daşnaklar Naxçıvanda yeni general-qubernatorluq yaradaraq general Şelkovnikovu başçı qoydular. Bir qədər sonra isə bu qubernatorluq qəddar daşnak Varşamyana həvalə edildi. Qeyd etmək lazımdır ki, 1919-cu ilin yayında ingilislər və daşnaklar yalnız Naxçıvan şəhərinə və Naxçıvan-Yerevan dəmir yolu xəttinin ətrafına hakim idilər. Bu dövrdə erməni daşnaklarına və ingilislərə qarşı xalqın mübarizəsini təşkil edən Kəlbalı xan, Cəfərqulu xan və Xəlil bəy düşmənin planlarını alt-üst edir, bütün əli silah tutan kişiləri öz ətrafına toplayırdılar.

Zaqafqaziya regionunda yaranmış hərbi siyasi vəziyyətin getdikcə kəskinləşməsi, Rusiyanın Azərbaycana qarşı hərbi müdaxiləsi həm daşnak hissələrinə, həm də bu hissələrə qarşı mətanətlə vuruşan əhaliyə öz təsirini göstərirdi. Artıq 1920-ci il avqust ayının 10-da Qızıl Ordu ilə daşnaklar arasında atəşin dayandırılması haqqında barışıq imzalandı. Bu barışığa görə bütün Şərur qəzası və Naxçıvan qəzasının şimal-qərb məntəqələrinin bir hissəsi daşnakların əlində qaldı. Daşnak hökuməti isə Naxçıvandan, Qarabağdan və Zəngəzurdan müvəqqəti də olsa əlini çəkdi. Lakin daşnak hökuməti bu barışığa məhəl qoymayaraq öz hərbi hissələrini Ordubad qəzasının şimal-qərb hissəsində əməliyyat keçirən Dro və Njdenin köməyinə göndərirdi. Bu quldur dəstələri Ordubad qəzasının kəndlərində özbaşınalıqlar edir, əllərinə keçən müsəlmanları ağır işgəncələrə məruz qoyurdular. Əlbəttə, daşnaklar Naxçıvanın əldən verilməsi ilə heç cürə barışa bilmirdilər. Odur ki, onlar həm ingilislər, həm də qonşu İranda Maku sərdarı ilə sıx əlaqəyə girərək Naxçıvanın yenidən geri qaytarılması üçün müvafiq tədbirlər görməyə başladılar. Onlar bu məqsədlə 1920-ci ilin sentyabr ayında Naxçıvan üzərinə hücum etmək üçün Ordubad qəzasının cənub kəndlərinə hərəkət etdilər. Lakin bundan xəbər tutan rus ordusu daşnak quldur dəstələrinin hücumunu dəf edib Ordubad şəhərini azad etdi. ( olke.az )

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq