Burda göstərilən tarixə olan xəbərlər: Şənbə, 05 Yanvar 2019

Image result for sabir rustemxanli

İstanbuldan Bakıya təyyarə ilə dönüşü zamanı gördükləri qarşısında heyrətə gələn yazıçı bunları “İstanbuldan Bakıya uçan rus təyyarəsi” başlığı ilə sosial şəbəkədə paylaşıb.

Boyukmillet.com xalq şairinin yazdıqlarını təqdim edir:

“İstanbul Bakı arasında növbəti reyslərdən biri. 2019-cu il, 3 yanvar. Gözləmə salonuna girən kimi tanıyırsan, bəli, bu, bizim camaatdır. Sağdan-soldan salamlaşanlar da çoxdur. Son vaxtlar daha çox “Azal”la uçuram. Təyyarə bələdçiləri bu təyyarələrin məxsus olduğu dövlətin dilində anonslarını, yəni təyyarəiçi danışıqlarını da qaydaya salsalar xidmət də, təyyarələrin keyfiyyəti də, təyyarə kapitanlarının peşəkarlığı da yüksək səviyyədədir. Hələ bizim Aereportu demirəm. Hər dəfə bura girəndə ürəyim dağa dönür. Çox təyyarə meydanı görmüşəm, ancaq bizim hava alanı qədər rahat və gözəl olanını xatırlamıram.

İndi də doğma təyyarəmizdəyik və Bakıya uçuruq. Uçanların çoxu ailələrdir, yanlarında uşaqları, yaxınları...Təyyarə havalanandan sonra məni bir çaşqınlıq bürüdü. Əvvəl elə bildim yanlış olaraq Rusiyaya uçan təyyarəyə minmişəm. Sonra baxdım, yox elə həmin adamlardır: təyyarə meydanında öz aralarında azərbaycanca, daha doğrusu türkcə, hətta İstanbul ağzı ilə danışanlar Bakı təyyarəsinə minən kimi başladılar rusca danımağa. Allah, Allah, bu Bakıda necə bir özünübəyənməmək xəstəliyi varsa bir təyyarəlik havası belə adamları, Mirzə Cəlil demiş, özündən çıxarır və yadlaşdırır.

Arxadan, öndən, sağdan, soldan uşaqlar ara vermədən və hay-küylə danışırlar, qışqırışırlar. Bir kəlmə Azərbaycan- türk sözü eşidilmir. Bəlkə sərnişinlərin hamısı rusdur, ya başqa ölkə vətəndaşlarıdır. Yox, valideyinlər öz aralarında yarıazərbaycanca, yarı rusca danışırlar və uşaqların adlarını çəkəndə hamısının bizim öz övladlarımız olduqları bəlli olur. Böyüklər yatır, uşaqlar yatmır. Rahat oturmaq mümkün deyil. Bəlkə ancaq mənim ətrafım belədir, şanssızlıqdan bunların arasına düşmüşəm. Maraq üçün təyarənin dəhlizində axıra kimi gedib qayıdıram. Uşaqların hamısı rusca danışır.

Fikirləşirəm ki, bu təyyarədə Türkiyəli qardaşlarımız, kənar ölkələrdən olan qonaqlar da var, bəs onlar çaşıb qalmırlar, demirlər ki, axı biz Rusiyaya yox, Azərbaycana uçuruq, ora da müstəqil bir ölkədir, oranın da deyəsən öz dili var, bəs bu adamlara nə olub, bunların dilinə nə olub, bəs bunlar hansı xəstəliyə düçar olublar ki, özlərinə, dillərinə bu qədər nifrət edirlər, uşaqlarına 30 il bundan qabaq qopduqları və qopmaq ərəfəsində də bunların qanını tökmüş, bu gün də qonşu düşmən ölkənin əli ilə bu qanı tökməkdə davam edən Rusiyanın dilindən əl çəkə bilmirlər. Adam xəcalətindən havalanır. Təyyarə tez çatsın, tez çıxım bu dil xəyanətkarlarının arasından.

Bəli, dövlət dilindən imtina da elə dövlətin torpağından imtina kimi bir şeydir; bu da satqınlıqdır. Xarici dilləri öyrənmək vacibdir, lakin bu, ana dilini bilməmək, ana dilində oxumamaq, ana dilindən imtina səviyyəsindədirsə, mənə görə, bu, dövləti cinayətdir. Uşaqlara baxıram. İlahi bu qədər gözəl övladlarımızı niyə bizdən qoparır, niyə bizə yad edirlər?! Onsuz da Azərbaycanda qəsdən uşaq artımının qarşısı alınır, olanların da bir hissəsi Azərbaycan ruhundan qoparılırsa bizim axırımız nə olacaq? Valideyinlərin çoxu iradəsiz və şərait əsiridir. Bunu anladıq, ancaq bu durumun əsas səbəbkarı onlar deyil. Dövlət üçün, millət üçün belə aşağayılıcı və təhqiramız durumun əsas səbəbkarı rus məktəblərinin sayını ildən-ilə artıran və bununla qürur duyan Azərbaycanın təhsil siyasətidir... Bu siyasətin bizi hara apardığını dəfələrlə yazmışıq. Qoy bunu özünə sayqısı olan və uşaqlarının məktəb yaşı çatan hər bir vətəndaş düşünsün... Düşüsün və... heç bir nəticə çıxarmasın!”

Nəşr olunub SİYASƏT

Azərbaycan nümayəndə heyətinin Mersin səfəri davam edir - <b style="color:red">Fotolar </b>

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Türkiyədə səfərdə olan nümayəndə heyətimiz Mersin vilayətinin Tarsus rayonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkı və ulu öndərin möhtəşəm abidəsini ziyarət edib.

Mersin vilayəti və Tarsus rayon rəhbərliyi təmsilçiləri ilə birlikdə parkda olan nümayəndə heyətinin başçısı, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli parkın salınması və ulu öndərin burada abidəsinin ucaldılmasının Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətlərinin parlaq təntənəsi kimi dəyərləndirib.

Görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinə Türkiyədə hər zaman böyük ehtiram göstərildiyini diqqətə çatdıran Tarsus rayon rəhbərliyinin nümayəndələri bu parka həm Türkiyə, həm də Azərbaycan tərəfindən daim böyük həsasslıqla yanaşıldığını, ulu öndərin abidəsinin yerli ictimaiyyət və qonaqlar tərəfindən tez-tez ziyarət olunduğunu, onun adının, xatirəsinin və əməllərinin daima ehtiramla yad edildiyini bildiriblər.

Parkın ətrafını dolaşan, qarşılıqlı hədiyyələr verən Azərbaycan və Türkiyə nümayəndələri daha sonra Tarsusun görməli yerlərini, tarixi məkanlarını birlikdə gəzib məşhur Tarsus şəlaləsində olublar. Həmçinin, ulu türk ozanı Qaracaoğlanın abidəsini ziyarət ediblər.

Nümayəndə heyətinin sonrakı görüşü Mersin vilayətinin valisi Ali İhsan Su ilə olub. Azərbaycan nümayəndə heyətini qəbul edən vali ölkələrimiz arasındakı dostluğun get-gedə daha da inkişaf etdiyini məmnunluqla dilə gətirib. Mersin və Adananın qurtuluşunun 97-ci ildönümü təntənələrində iştirak edən Azərbaycan nümayəndələrinin bununla vilayət və şəhər rəhbərliyini, yerli ictimaiyyəti çox sevindirdiklərini diqqətə çatdırıb.

Ali İhsan Su Mersin vilayəti, eləcə də onun ayrı-ayrı bölgələri haqqında ətraflı məlumat verib. Bu bölgənin Türkiyənin həm siyasi-tarixi, həm də çağdaş sosial-iqtisadi həyatından önəmli yer tutduğunu, öz limanı, bərəkətli torpaqları ilə ölkə iqtisadiyyatına, xalqına böyük töhfələr verdiyini bildirib.

Vali Mersinin son zamanlar bir sıra sənayə müəssisələrinin inşası, bir çox yeni turizm, ticarət obyektlərinin istifadəyə verilməsi ilə gündəmə gəldiyi, böyük inkişaf perspektlərinin olduöunu vurğulayıb. Tarixi baxımdan, sivilizasiyanın erkən çağlarından burada yaşayış, inkişaf olduğunu deyən vali Mersində türk və dünya tarixinə qızıl hərflərlə yazılmış bir sıra hadisələrin baş verdiyini, eləcə də bir çox qədim tarixi məkanların buranı bütün dünyaya tanıtdığını qeyd edib.

Azərbaycan-Türkiyə münasibətlərində ölkə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sıx dostluğunun müstəsna rol oynadığını deyən Ali İhsan Su qarşılıqlı təmasların daha intensiv hal almasını arzuladıqlarını, eləcə də müxtəlif əlamətdar günlərdə həm Azərbaycana, həm Türkiyəyə, o cümlədən, Mersinə gediş-gəlişlərin artmasının hər iki tərəfdə məmnunluq doğuracağına inamını ifadə edib.

Nümayəndə heyəti adından çıxış edən Emin Həsənli səmimi qəbul üçün vilayət və şəhər rəhbərliyinə, həmçinin, böyük qonaqpərvərlik üçün Mersin əhalisinə, onun ayrı-ayrı bölgələrinin ictimaiyyətinə minnətdarlığını bildirib.

Mersində olduqları müddətdə şəhərin və vilayətin çox ciddi inkişaf etdiyini gördüklərindən bəhs edən E.Həsənli bu işlərdə Türkiyə hökumətinin, Mersin valiliyinin, eləcə də Böyükşəhər Bələdiyyəsinin, yerli bələdiyyə orqanlarının xüsusi fəallıq göstərdiklərini, bu işə böyük töhfələr verdiklərini bildirib.

Daha sonra vali Azərbaycan nümayəndə heyəti ilə bir-bir tanış olub, onlara Mersindəki gəzməli-görməli yerlərdə olmağı tövsiyə edib.

Sonra qarşılıqlı şəkildə rəmzi hədiyyələr təqdim olunub.

Daha sonra Azərbaycan nümayəndə heyəti Mersin Böyükşəhər Bələdiyyəsinin başqanı Bürhanəddin Kocamazla görüşüb.

Böyükşəhər Bələdiyyəsinin binasında nümayəndə heyətinin qəbul edən başqan özünün Azərbaycana sıx bağlı olduğunu, hər iki ölkə ictimaiyyətinin nəbzinin daima birgə vurduğunu qürurla ifadə edib.

B.Kocamaz 20 il Tarsusda bələdiyyə başqanı olduğu müddətdə Azərbaycanın tanınmış insanlarıyla sıx ünsiyyət qurduqlarını, qarşılıqlı ziyarətlər həyata keçirdiklərini bildirib.

Bələdiyyə başqanı türk dünyasının birliyi üçün Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin çox önəmli olduğunu, bu baxımdan, Mersinin də paytaxt Bakı ilə sıx əlaqələrə malik vilayət və şəhər olduöunu qeyd edib.

Emin Həsənli qəbul üçün Böyükşəhər Bələdiyyəsinin başqanına minnətdarlığını bildirərək səmimi duyğularını ifadə edib. Qonaqpərvərliyə, Mersin Böyükşəhər Bələdiyyəsində gördükləri diqqətə görə, öz təşəkkürünü çatdırıb.

Mersinin ədəbiyyat şəhəri kimi məşhur olduğunu, ədəbi mükafatlardan birinin məhz bu viayətin adı ilə bağlılığını məmnunluqla diqqətə çatdıran “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli Bürhanəddin Kocamazın uzun müddət rəhbərlik etdiyi Tarsusun bu baxımdan xüsusi yeri olduğunu önə çəkib.

Tarsusda ənənəvi Qaracaoğlan şeir axşamlarının təşkilini, eləcə də burada möhtəşəm tarixi-arxeoloji abidələrin bərpası və ziyarətə açılmasının həm B.Kocamazın, həm də yerli ictimaiyyətin mühüm xidməti olduğunu qeyd edən Seyfəddin Hüseynli özlərini burada Azərbaycandakı kimi hiss etmələrini dilə gətirib.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

Nümayəndə heyətinin Mersin səfəri və buradakı görüşləri davam edir. 









 

Nəşr olunub CƏMİYYƏT
Ukraynanın Xarkov şəhərində öldürülən tələbələr Zeynəb Hüsünbəy və Buket Yıldızı qətlə yetirənin kimliyi məlum olub.
 
boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, tibb fakültəsinin ikinci kurs tələbələri olan qızları Buketin keçmiş sevgilisi Hüsnü Can K-nın öldürdüyü bilinib.
 
Belə ki, qatil, 31 dekabr günü onların yaşadığı mənzilə gələrək əvvəlcə Buketi bıçaqlayıb, daha sonra mağazadan evə qayıdan Zeynəbi qətlə yetirib. 
 
Buketin atası polisə verdiyi ifadədə qızının Hüsnü ilə 1 il əvvəl tanış olduğunu, lakin, onun hərəkətlərindən narahat olduğu üçün görüşməmə qərarı aldığını deyib.
 
Qeyd edək ki, 20 yaşlı qatil cinayəti törətdikdən sonra 2 gün meyitlərlə eyni evdə qalıb. Polis yanvarın 2-si Ukraynadan Türkiyəyə qayıdan Hüsnü Canın axtarışlarını aparır.
Nəşr olunub DÜNYA
Bu gün Türkiyəyə səfər edən Ukrayna prezidenti Petro Poroşenko İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər strateji tərəfdaşlığın möhkəmləndirilməsi ilə yanaşı, Rusiyanın həbs etdiyi Ukrayna dənizçilərini azadlığa buraxmasını müzakirə ediblər.
 
Bundan əlavə, tərəflər Krım problemi, iqtisadi əlaqələr və digər məsələlər haqqında da fikir mübadiləsi aparıblar.

 

Nəşr olunub DÜNYA

Zakir Həsənov hərbi rəhbərliyi – komandanları, rəisləri topladı

Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. boyukmillet.com bildirir ki, Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Müdafiə naziri ali baş komandanın bayram təbrikində ordumuza verilən qiyməti xüsusi vurğulayıb və şəxsi heyət qarşısında qoyulan konkret tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Z.Həsənov qoşunların təmas xəttindəki hazırkı vəziyyəti təhlil edərək ötən il ərzində görülən işlər, əldə edilmiş uğurlar və 2019-cu ildə yerinə yetiriləcək fəaliyyətlər barədə çıxış edib.

Azərbaycan Ordusunun bütün qoşun növü və qismlərinin fəaliyyətinə toxunan general-polkovnik Z.Həsənov müşavirə iştirakçılarından əsas diqqətin döyüş hazırlığı, qoşunların operativ, fasiləsiz və gizli idarə edilməsi, müdafiə sisteminin dayanıqlığı, qarşılıqlı fəaliyyətlərin təkmilləşdirilməsi, komandir və rəis heyətinin peşəkarlığının daim artırılması, şəxsi heyətin təlim-tərbiyəsi, vətənpərvərlik və döyüş  ruhunun möhkəmləndirilməsi, hərbi qulluqçuların sağlamlığı və döyüş təminatının digər aspektlərinə yönəldilməsini tələb edib.

Müdafiə naziri çıxışında xüsusi qeyd edib ki, dövlət başçısının da bildirdiyi kimi ölkəmizin güclü hərbi potensialı və Azərbaycan Ordusunun döyüş qabiliyyəti ərazi bütövlüyümüzün təmin edilməsində əsas amillərdən biridir.

General-polkovnik Z.Həsənov bildirib ki, əldə edilmiş uğurlardan arxayınlaşmamalı, qoşunların taktiki, operativ və strateji səviyyələrdə fəaliyyətləri daim təkmilləşdirilməli, şəxsi heyət isə düşmən üzərində üstünlüyümüzü qorumaqla hər an döyüş əməliyyatlarına hazır olmalıdır.

Nəşr olunub CƏMİYYƏT

Əziz dostlar, bir qrup ana cənab Prezidentin Doğum Günündə bu müraciəti etdilər. Əsgər Ailələrinə Dəstək ictimai birliyinə göndəriblər. Borc bildim ki, onu paylaşım.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Müraciət.

 

Möhtərəm cənab Prezident,
Biz bir qrup əsgər anası sizi Doğum Gününüz və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edir. Sağlamlıq,ailənizdə firavanlıq, torpaqlarımızın azadlığı uğrunda fəaliyyətinizdə uğurlar diləyirik.İnanırıq ki, qarşılayacağımız 2019-cu il qələbə ili olacaq.
Cənab Prezident, biz min əzabla vətən üçün oğul böyütdük.Övladlarımız əyinlərinə əsgər forması geyəndə özümüzü bəxtəvər saydıq. Boylarını oxşayıb , vətəni anan kimi qoru deyib, hərbi xidmətə yola saldıq. Lakin bir müddət sonra bəzilərimizin övladı iki ayın əsgəri, bəzilərimizin balası evə gəlməyə üç ay qalmış Azərbaycan bayrağına bükülərək evimizə gətirildilər. Hərəsinə müxtəlif ad qoydular. Birinə ehtiyatsızlıq edib, digərinə əsgər yoldaşı vurub, daha başqasına qəzaya düşüb və s adlar ilə çırağımızı söndürdülər. Biz balamızı dövlətə əmanət etdik. Dövlət borclu idi ki, onları qorusun. Amma balalarımız qorunmadı, şərəfsiz insanların qurbanı oldular. Aylarla, illərlə polis, məhkəmə, prokurorluq qapılarına ayaq döyməli olduq. Siz də valideynsiz, əsgər atasısınız, bilərsiniz, valideyin üçün ən faciəli hadisə olan bala itkisidir. Həm abrımız həm də pulumuz yollarda getdi. Bəzən el içində bizə tənə də edirlər ki, övladınızı niyə hərbi xidmətən saxlatdırmadınız. Cənab Prezident, biz anaların və balalarımızın günahı nədir ? Övladını hərbi xidmətə yola salan valideynlərin balaları hansı şəraitdə həlak olmasından asılı olmayaraq onlara şəhid adı verilməlidir. Bu qardaş Türkiyədə belədir, əsgərin hansı şəraitdə həlak olmasından asılı olmayaraq ona şəhid adı verilir. Müraciət etmədiyimiz qurum qalmayıb. Hamı qanunu göstərir, burada belə bənd yoxdur. Cənab Prezident, biz analara nə fərqi var, qanunda belə bənd var ya yoxdu. Elə isə dəyişikliklər olsun. İki hadisə nümunədir, Nardaran və Gəncə hadisələrində polislər həlak oldular. Onlar dövkətçilik yolunda həyatlarını itirdilər. Allah rəhmət etsin. Bəs onda bizim balalarımız da dövləti, vətəni, torpağı qorumaq üçün orada idilər, səngərdə, hərbi hissədə.
Cənab Prezident, biz analar Sizdən xahiş edirik, bizə kömək edin. Balalarımıza şəhid adı verilsin. Siz bilirsinizmi yaşadığımız bölgələrdə balalarımız layiq olan adları almadıqlarına görə analar "övladımı əsgər göndərmərəm" deyirlər. Bu faktlar gənclərin vətənpərvərlik işinə böyük zərbə vurur. Onda sabah əsgərliyə kimi apara biləcəklər, axı heç kim övladının nahaqdan ölməsini istəmir...
Möhtərəm cənab Prezident, əsgər atası İlham Əliyev, bizim harayımızı eşidin. Qanunlarda dəyişiklikmi olunacaq və ya istisna hal kimi (Nardaran, Gəncə hadisələri və Türkiyə nümunəsi) bizə fərq etmir yetər ki, balalarımızın halal şəhid adını verin. 
Hörmətlə,
Anar Əsgərlinin anası Tərlan Əsgərova
Tural Əhlimanlının anası Nəzakət Əhlimanlı
Saleh İsayevin anası Samirə İsayeva
Təbriz Həsənovun anası Vəsilə Həsənova
Elvin Namazovun anası Ruhəngiz Namazova
Tapdıq Babşovun anası Kifayət Süleymanova
Ramin İbadov anası Kəmalə İbadova 
Telman Miriyevin ailəsi

 

 

 

Nəşr olunub CƏMİYYƏT

99 JZ 284 dövlət nömrə nişanlı 81 nömrəli avtobusun sürücüsü ilə bağlı məsələ nəzarətə götürülüb.

Bu barədə Axar.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev 99 JZ 284 dövlət nömrə nişanlı 81 nömrəli avtobusun sürücüsünün jurnalist Azər Həsrəti və Azərbaycan bayrağını təhqir etməsi ilə bağlı deyib.

Agentlik rəsmisi bildirib ki, araşdırmalardan sonra nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, jurnalist Azər Həsrət 99 JZ 284 dövlət nömrə nişanlı 81 nömrəli avtobusun sürücüsünün sərnişinlərlə kobud rəftar etdiyini yazıb. A.Həsrət vurğulayıb ki, sürücüyə Azərbaycan bayrağını tərsinə asdığı üçün irad tutub və buna görə sürücü onun özünü təhqir etməklə yanaşı, bayrağı da çıxararaq, kənara tullayıb.

 

Nəşr olunub CƏMİYYƏT
Cahangir Hacıyevlə Zamirənin 42 milyon dollarlıq təyyarəsi necə alınıb?
 
Bir neçə ay öncə Britaniya KİV-ləri xəbər vermişdilər ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş başçısı Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın çoxmilyonluq əmlakı arasında özəl “Gulfstream G550” təyyarəsi də var.
 
Sabiq ekologiya naziri Hüseynqulu Bağırovun çoxmilyonluq ailə biznesi barədə sensasion təhqiqatı ilə məşhurlaşmış azərbaycanlı bloger Cavanşir Həsənli Cahangir Hacıyevin həmin təyyarəni necə əldə etməsi ilə bağlı sənədləri yayımlayıb.
 
Bu sənədlərə əsasən, ABB-nin keçmiş rəhbəri özəl təyyarəni “Gulfstream Aerospace” korporasiyasına 2011-ci ildə sifariş edib və artıq 2013-cü ildə ona görə 42,5 milyon dollar ödəyib. Müqavilədə o da göstərilir ki, alıcı hər hansı bir səbəbdən təyyarəni almaqdan imtina edərsə, 7 milyon dollar məbləğində cərimə ödəməlidir.
 

Hazırda qiyməti 65 milyon dollar olan “Gulfstream G550” 2003-cü ildən istehsal olunur. Onun əlavə yanacaq doldurmadan havada qalma müddəti 13-14 saatdır və bu, misal üçün, Moskvadan Los-Ancelesə birbaşa uçmaq imkanı verir. 15500 metr hündürlükdə başqa heç bir uçuş aparatı olmadığı üçün saatda 904 kilometr sürət vaxta qənaət etməyə imkan verir. G550-nin adi sərnişin tutumu 12-14 nəfərdir. 
Nəşr olunub CƏMİYYƏT

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə Turan İbrahimovun təqdim etdiyi “ATV səhər” verilişinin guya onun göstərişi ilə bağlanılması barədə səsləndirilən iddialardan danışıb.

boyukmillet.com xəbər verir ki, Komitə sədri Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür iddialar tamamilə yalandır:

“Turan kimdir ki, mən onu işdən çıxartdırım? O yalan danışır, başını da daşa döyür. Turanı, onun gicliyi işdən çıxartdırıb. Mən onunla bağlı heç kəsə müraciət etməmişəm. Əgər mən onunla bağlı harasa şikayət etsəydim, o zaman onun ağızını dərhal bağlayardılar. Amma bunu etmədim və o aparıcı bir ay efirdə qarğa kimi banladı. Səhər gəlib qabağına çay qoyub məni təhqir edirdi. Tərbiyəsiz adam idi. Axırda da işlədiyi telekanalı da biabır etdi”.

A.Rəhimzadə deyib ki, ona qarşı səhv fikir söyləyən adamlar xeyr tapmırlar:

“Ümumiyyətlə, mənə toxunan adamların axırı pis olur. Çünki mən düz deyirəm, onlar isə əyri! Vaxtilə Şahin Ağabaəyli adında bir jurnalist də mənim haqqımda təhqiramiz fikirlər söyləyirdi. Mən də onu məhkəməyə verdim. Məhkəmə tərəfindən də onun səhv hərəkətlərə yol verməsi sübut olundu. O zaman ona 10 ay iş verilmişdi. Sonra cənab Prezident onu əfv etdi. Sonra o jurnalistin aqibəti hamıya məlumdur. Qəzaya düşdü. Odur ki, mənə qarşı çıxanların axırı bu cür olur”.

Nəşr olunub CƏMİYYƏT

Reytinq