Burda göstərilən tarixə olan xəbərlər: Cümə Axşamı, 14 Mart 2019

Türkiyənin keçmiş prezidenti mərhum Turqut Özalın oğlu Əhməd Özal  HafizTimes.com-a müsahibə verib. O, müsahibə zamanı bir çox önəmli məqamlara aydınlıq gətirib. Türkiyənin keçmiş prezidentinin oğlu müsahibə zamanı Azərbaycanla bağlı fikirlərini də ifadə edib.

Boyukmillet.com Cebhe.info-ya istinadən müsahibəni oxucularına təqdim edir:

-Türkiyənin keçmiş prezidenti, mərhum Turqut Özalın oğlu necə bir həyat  yaşayır, hansı işlə məşğul olur? Həyatınızla bağlı danışarkən daha çox hansı məqamları vurğulamaq istərdiniz?

-Atamın Baş nazir, Prezident olduğu vaxtlarda və yaxud da bu gün mənim həyatım heç dəyişmədi. Hər zaman olduğu kimi üç otaqlı sadə bir bina evində yaşayıram. Ailəmiz üçün bir avtomobilimiz var. O da ki, standart bir “Toyota” markalı avtomobildir. Həmişə xaricdə bir iş qurmağa çalışdım. Türkiyədə atamın vaxtlarında və yaxud da bu gün heç vaxt dövlət ilə çalışmadım. Heç vaxt dövlət tenderlərində iştirak etmədim. Yəni ki, Allaha şükür olsun ki, dövlətdən bir qəpik də olsa cibimə girməyib. Vurğulamaq istədiyim ən vacib məqam budur ki, vəzifələr, mövqelər hamısı gəlib-keçəndir. Və heç vaxt bu yalan həyata öyrəşmək doğru deyil. Kiminsə özünü başqa birindən daha üstün görməsi düzgün deyil.

-Uşaqlıq illərinizi necə xatırlayırsınız? Atanızın ölümündən sonra həyatınızda nələr dəyişdi?

-Uşaqlıq illərim çox gözəl keçdi.  Xoşbəxt bir ailədə, ata-anamızın sevgisi ilə böyüdük. Atam dövlət işçisi idi. Maaşı çox olmasa da bərəkətli idi. Bizə hər zaman kifayət edirdi.

Həyatımdakı tək dəyişiklik bu idi ki, artıq atam yox idi. Atam həyatda ikən yanımızda peyda olan yalan insanlar yox oldu və buna görə çox şadam. Çünki zamanında da onlara yer verməmişdim. Yəni bizi narahat edənlər azaldı.

-Turqut Özalın həyatını  sizdən dinləmək və öyrənmək istəyirik. Onunla keçirdiyiniz illəri necə xatırlayırsınız? Turqut Özalın övladı olmaq necə bir hissdir?

-Atam çox sakit, kimsəyə əsəbləşməyən, hər zaman xalqın içərisində olan bir siyasətçi idi. Çox zaman gəzməyə çıxardı. Bu zaman polislərin onunla birlikdə getməsini istəməzdi. Təbii ki, uşaqlıq illərimizdə atamı çox görə bilmirdik. Çünki həftə sonları da daxil olmaqla  atam hər gün çalışırdı. 38 il Dövlət vəzifəsində çalışdı. Türkiyəni müasir, demokratik, dinc və zəngin bir ölkə etmək üçün çalışdı. Və bunu da bacardı!

-Turqut  Özal necə bir ata, insan və prezident idi? Atanızla bağlı bir xatirənizi bizimlə paylaşardınız.

-Atam İstanbula gəldiyi zaman dövlətə məxsus qonaq evində qalardı.(Harbiyə Ordu evi). Təbii ki, xeyli sayda polis, jurnalistlər və yüzlərlə insanla birlikdə! Bəzən çox bezirdi və mənə zəng edib deyirdi ki, qaldığı binanın arxa qapısına özümün şəxsi maşınım ilə gəlim. Mən  də ora gedib tək atamı maşına mindirib aparırdım. Sadəcə ikimiz birlikdə İstanbulda gəzməyə gedərdik. Onu müdafiə etmək üçün bir nəfər də olsa polisi avtomobilə götürməzdi.

Bir şənbə günü yenə atamla birlikdə avtomobillə gedirdik. Qeyd edim ki,  sükan arxasında atam əyləşmişdi. Bir polis nəfəri maşınımızı dayandırdı. Fəqət polis avtomobili idarə edən şəxsin atam olduğunu bilmirdi və görmürdü. Polis işarə edən kimi atam avtomobili yolun kənarına sürdü və gözlədik. Önəmli olan məqam budur ki, atam o zaman hələ baş nazir idi. Buna rəğmən sürücülük vəsiqəsini çıxarıb polisə təqdim etmək üçün gözləyirdi.

Polis avtomobilimizin pəncərəsinə tərəf yaxınlaşdı. Atamdan sürücülük vəsiqəsini istədi. Atam da sürücülük vəsiqəsini ona təqdim etdi. Bu zaman polis inana bilmirdi ki, qarşısındakı ölkənin baş naziridir. “Həqiqətən də bu baş nazirdirmi?”- deyə atama baxırdı. “Bu dəqiqə əmr edin, Hörməti Baş Nazirim!”- deyə qışqırmağa başladı. Atam çox sakit bir formada polisə dedi ki, “övladım bir xətam oldusa cəzamı yaz”. Son dərəcə sakit və sevgi ilə polisə baxırdı. Polis də çox sevinirdi.

– Atanızın öldüyü günü necə xatırlayırsınız? İllər keçsə də bu ölüm hadisəsi ilə bağlı həqiqətlər nədənsə gizli saxlanılır. Sizcə Turqut Özalı kim və nə üçün zəhərlədi?

-Həmin vaxt mən Türkiyədə deyildim. Aparılan bütün araşdırmaların nəticələrinə görə atamın ölümü  tamamilə normal bir ölüm faktı deyil. Bunu hər kəs bilir. Ölümündən 19 il sonra məhkəmə qərarına əsasən məzar açıldı. Ədliyyə tibb naziri, professor məzar açılmadan öncə mənə dedi ki, insanın vücudu 5 il içərisində torpağa qarışır və sadəcə olaraq sümükləri tapa bilərik. Zəhər məsələsini bu sümüklərdə axtarmalı olacağıq.

Fəqət məzar açıldığında sümüklər deyil, atamın vücudu ortaya çıxdı. Hətta daxili orqanları, beyin, sümük iliyi də üzə çıxdı. Təbii ki, bu inanılmaz bir nəticə idi. Hətta o zamankı Ədliyyə naziri açıqlama verdi ki, Özalın vücudu çürüməyib.

-Kim bunu etmişdi?

-Bilmək çətindir. Ancaq bu bir həqiqətdir ki, ölüm faktı atamın Orta Asiyaya çox geniş səyahətindən sonra baş vermişdi. Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan ölkələrinə çox uğurlu səfərlər etmiş, oralarda önəmli sazişlər imzalamışdı. Bu səfərlərin sonunda Türkiyə ilə bu qardaş ölkələrimiz arasında çox mühüm addımlar atılacaqdı. Düşünürəm ki, bəzi güclər bu regionda birləşmə, böyümə və güclənməni istəmədilər.  Artıq atamdan sonra bu münasibətlər də təəssüf ki, istədiyimiz şəkildə getmədi. İnşallah bu xəyal heç vaxt yox olmayacaq  və bu region güclənəcək.

-Turqut Özalın Türkiyənin tarixindəki rolunu necə dəyərləndirirsiniz?

-Mən ölkə xaricinə etdiyim səfərlərdən və tanış olduğum böyük liderlərdən eşitdiklərimi sizə çatdırmaq istəyirəm. Xaricdə mövcud olan dünya bunu söyləyir: “Müasir Türkiyənin təməllərini (bünövrə) Atatürk qoyub, sonra isə bu ölkənin inşaatını Özal həyata keçirib”.

Mən dəqiq bilirəm ki, atam həyatda olsaydı, Türkiyə Avropa Birliyinə daxil olmuşdu. Orta Asiyadakı qardaş ölkələri ilə çox güclü iqtisadi və siyasi birlik  qurmuşduq. Düşünürəm ki, onun ölümü sadəcə Türkiyənin deyil, sizlərin də gələcəyinə təsir göstərdi.

-Hazırkı  Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı nə düşünürsünüz?

-Türkiyə və Azərbaycanın hazırkı münasibətlərinin yaxşı olduğunu hesab edirəm. Amma bu qətiyyən kifayət qədər deyil. Bundan ən azı 100 dəfə artıq mükəmməl olması vacibdir.

-İşlərinizlə bağlı bilmək istərdik. Gələcək planlarınız nədir?

-Mən siyasətdən uzaqlaşdım. Amma insanlar, çox böyük bir kütlə son zamanlarda mənim siyasətə geri qayıtmağımı istəyir və bu istiqamətdə mənə təzyiq edirlər. Əlbəttə ki, insan öz atasının başladığı hədəflərə çatmaq istəyər. Bütün bunlar sadəcə olaraq Allahın təqdiri ilə olur. Hər şeyin xeyirlisi olsun.

– Azərbaycandakı Özal ailəsini sevənlərə, mərhum atanızın dostlarına nə demək istərsiniz?

-Özalı sevən bütün qardaşlarıma demək istəyərəm ki, Özalın çıxışlarını, etdiklərini gənc nəsillərə öyrədin, izah edin. Özalın hamımız üçün olan xəyallarını yaşadın ki, bunlar bir gün reallaşsın.

Bütün azərbaycanlı qardaşlarımı sevgi ilə qucaqlayıram, onlara sevgi və hörmətlərimi mütləq çatdırın!

Nəşr olunub CƏMİYYƏT

“İzlədikdə məlum olur ki, onların başlıca istəyi Rusiyadakı soydaşlarımızı...”

img

Mirkazım Seyidov: “Fuad kimi vətənpərvər jurnalist Qurban Məmmədov kimi təxribatçı ilə eyni efiri bölüşməməlidir”

 

Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyevin mediada yeni fotoları yayılıb. Bu xəbər mediada və sosial şəbəkələrdə maraqla qarşılanıb. Çünki Səfər Əbiyev vəzifəsi ilə vidalaşandan sonra, demək olar ki, mediada görünməyib. Onun həm də maraqlı bir mövzu ilə bağlı cəmiyyətə təqdim olunması da məsələyə diqqəti daha da fokuslayıb.

Söhbət sabiq müdafiə nazirinin  hazırda Bakıda olan jurnalist Fuad Abbasova mükafat verməsi ilə bağlı yayılan xəbər və onların birgə fotolarının sosial şəbəkələr vasitəsilə paylaşılmasından gedir. Xatırladaq ki, Fuad Abbasov cari ilin fevral ayında çeçenlərlə azərbaycanlılar arasında Moskva şəhərində yaranmış konfliktin müsbət yöndə həlli üçün daha çox fəallıq göstərib. Həmin hadisələr təzə qızışanda F.Abbassov sosial şəbəkələrdə özünə məxsus səhifələr vasitəsilə həm çeçenlərə, həm də azərbaycanlılara müraciət edərək bildirmişdi ki, baş verənlər təxribatdır, məqsəd isə hər iki xalqı bir-birinə düşmən olmağa yönləndirməkdir. F.Abbasov baş verənlərə səbrlə yanaşmağı, iki xalqın dostluq, qardaşlıq videolarını çəkərək yaymağı xahiş etmişdi. Bu çağırışdan sonra Rusiyanın hər yerində yaşayan azərbaycanlılar və çeçenlər bir süfrə arxasına toplaşaraq bəyanatlar yaydılar.

Məlum olub ki, "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının Ağsaqqallar Şurası yaranmış gərginliyin sakitləşdirilməsi, iki qardaş xalq arasında dostluq münasibətlərinin daha da dərinləşməsi yönündə göstərdiyi fəallığa görə Fuad Abbasovun "Vətən Övladı" ordeni ilə təltif edilməsinə qərar verib.

Qərarı əsas tutaraq Fondun rəhbəri Eldar İsmayılov və üzvləri - Səfər Əbiyev, Namiq Əliyev, Sakit Məmmədov ordeni təqdim etmək üçün Fuad Abbasovla Bakıda görüşüblər. "Vətən Övladı" ordeni təntənəli surətdə Fuad Abbasova təqdim edilib.

Qeyd edək ki, Səfər Əbiyevin Fuad Abbasovla birgə yayılan fotosuna münasibət heç də birmənalı olmayıb. Sosial şəbəkələrdə hətta bu görüşə təəccüblə yanaşanlar da olub. Bəzi sosial şəbəkə istifadəçiləri isə F.Abbasovun tez-tez xaricdən yayımlanan və Azərbaycan hakimiyyətinə qarşı olduqca aqressiv mövqe tutan hüquqşünas Qurban Məmmədova məxsus internet televiziyasında görünməsini, orada ekspert qismində şərhlər verməsini əsas gətirərək, Qurban Məmmədov-Fuad Abbasov-Səfər Əbiyev üçbucağını cızıb, bunun çox düşündürücü olduğunu bildiriblər.

Mövzu ilə bağlı qəzetimizlə fikirlərini bölüşən, Rusiya və Azərbaycan dövlətlərinin ali mükafatlarına layiq görülmüş diaspor fəalı Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, kimin-kimə mükafat verməsi, əslində, o qədər də önəmli deyil: “Yəqin ki, Səfər Əbiyevin uzun müddət medaida görünməməsi belə ajiotaj yaradıb. Jurnalist F.Abbasova gəldikdə isə, son proseslərdə onunla yanaşı, başqa diaspor fəallarının da rolu az olmayıb. Biz hər zaman Azərbaycanın mənafeyinin qorunması istiqamətində çalışmışıq, bu gün də o istiqamət üzrə hərəkət edirik. Görünür, F.Abbasov jurnalist olduğu üçün, gördüyü işləri cəmiyyətə daha dolğun təqdim etməyi bacarıb. İstənilən halda, biz buna sevinirik. Amma dediyiniz üçbucağın cızılmasına gərək bizim diaspor fəallarımızın özləri şərait yaratmaya. Xaricdən bəzi blogerlərin ölkəmizin dəyərlərini təhqir etdiyini görürük. İzlədikdə məlum olur ki, onların başlıca istəyi Rusiyadakı soydaşlarımızı qarmağa keçirib, onlardan pul qoparmağa hesablanıb. Rusiyada olan diaspor fəallarımız Azərbaycan dövlətinin maraqlarını qorumaq istəyirlərsə, o cür adamlarla birgə efirə çıxmamalıdırlar. Axı jurnalist F.Abbasovla Q.Məmmədovun gördüyü iş tamam başqadır. Ona görə də Fuad kimi vətənpərvər jurnalist Q.Məmmədov kimi təxribatçı ilə eyni efiri bölüşməməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Nəşr olunub SİYASƏT

“Biz onsuz da bu faktları bilirdik və dəfələrlə səsləndirmişik”

img

Bəhruz Quliyev: “Buyurun, onun R.Köçəryanın yaxın qohumu ilə əlaqədə olduğunu artıq Rusiya KİV-ləri yazır”

 

Rusiyanın “Novoye İzvestiye” saytında Azərbaycandan Gürcüstana qaçan, daha sonra Fransadan siyasi sığınacaq alan Vidadi İsgəndərli ilə bağlı material yayımlanıb. Məqalədə qeyd olunur ki, V.İsgəndərli “YouTube”da öz aqressiv və təxribat xarakterli iddiaları ilə hamını təəccübləndirməyə davam edir.

Ən maraqlısı isə budur ki, Rusiya KİV-i Vidadi İsgəndərlinin Ermənistanla sıx əlaqələrini üzə çıxaran dəlillər ortaya qoyub. Qeyd edilir ki, İsgəndərli sonuncu çıxışlarından birində Qarabağ münaqişəsi ilə bağlı versiyalarını mənbələri-Ermənistanın eks-prezidenti R.Köçəryanın xalası oğlu Sergey Akopyanla “Mıtişinskaya” vəkillər kollegiyasının Moska dairəsi üzrə eks-rəhbəri Araz Mirzabekyana əsasən irəli sürüb. Mirzabekyan, Akopyan və İsgəndərli 1988-ci ildə Xarkov Ədliyyə İnstitutundan məzun olublar. Onlar nəinki eyni qrupda təhsil alıblar, həmçinin, eyni yataqxanada yaşayıblar. V.İsgəndərli bu institut dostları ilə əlaqəsini pozmayaraq, onlarla müzakirələr aparıb və görünür ki, öz üzərində onların təsirini və nüfuzunu hiss edib.

Rusiya KİV-i qeyd edir ki, müxalif fikirdə olmaq, müntəzəm olaraq Azərbaycana qarşı nifrət bəsləmək onun əleyhinə dividendlər gətirir: “Hətta demokratik Gürcüstanda İsgəndərlinin fəaliyyətinin bu ölkənin standartları üçün qəbuledilməz olduğu bildirilib. Həm Qafqazda, həm də Zaqafqaziyada Vidadi İsgəndərli kimi ölkəsini və xalqını təhqir etmək qəbuledilməz sayılır”.

Rusiya KİV-nin ortaya qoyduğu bu dəlil V.İsgəndərlinin sırf ermənilərin sifarişini həyata keçirdiyini sübut edirmi?

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev qəzetimizə açıqlamasında V.İsgəndərlinin ermənilərin maraqlarına qulluq etməsi ilə bağlı kifayət qədər faktın olduğunu bildirdi: “Həmin adam dəfələrlə öz açıqlamaları vasitəsilə sübut edib ki, ermənilərə işləyir. Çünki damarında azərbaycanlı qanı axan heç bir kəs deməz ki, sabah müharibə başlasa, mən ermənilərə qarşı vuruşmayacağam, silahı hazırkı iqtidara çevirəcəm. Buna müxaliflik demək olmaz. Bu artıq Vətənini satmaq anlamına gəlir. Mən öz videomüraciətimdə də demişəm ki, bu adam, faktiki olaraq, missiya həyata keçirir. Ermənistanın xüsusi xidmət orqanlarının sifarişlərini icra edir. Biz onsuz da bu faktları bilirdik və dəfələrlə səsləndirmişik. Amma onlar cavabında deyirdilər ki, biz iqtidarın adamları olduğumuz üçün belə danışırıq. Buyurun, onun R.Köçəryanın yaxın qohumu ilə əlaqədə olduğunu artıq Rusiya KİV-ləri yazır. V.İsgəndərli kimilərin həyat yaşamı bundan ibarətdir. Dediyiniz məsələni isə V.İsgəndərlinin ermənilərlə əlbir fəaliyyətinin daha bir sübutu  saya bilərik”.

Məhəmmədəli QƏRİBLİ

Nəşr olunub SİYASƏT
Cümə Axşamı, 14 Mart 2019 18:45

Sağlam ailə sağlam gələcəkdir Veriliş

Nəşr olunub CƏMİYYƏT

“Zurabişvilinin qondarma “soyqırım” abidəsini ziyarət etməsi Gürcüstan maraqlarından çox, Ermənistanın maraqlarına xidmət edir”

img

Qabil Hüseynli: “Belə hallar millətlərarası münasibətlərin yaxşılaşmasına xidmət etmir”

 

Məlum olduğu kimi, Gürcüstan Prezidenti Salome Zurabişvili Ermənistana rəsmi səfəri zamanı qondarma “erməni soyqırımı”na ucaldılmış “Çiçernakaberd” kompleksini ziyarət edib.

Bununla belə, Zurabişvili Ermənistan Prezidenti Armen Sarkisyan, Baş nazir Nikol Paşinyan və digər şəxslərlə görüşlər keçirib.

Onu da qeyd edək ki, Zurabişvili “soyqırım” muzeyində də olub. Bu o deməkdir ki, Zurabişvili 100 il əvvəl ermənilərin “soyqırıma” məruz qalmasını qəbul edir. Aydındır ki, bu nə Azərbaycanda, nə də Türkiyədə xoş qarşılana bilməz. Halbuki, Ermənistana səfər edən digər ölkə rəsmiləri heç də həmişə protokola görə addım atmırlar. Bəzi dövlət başçıları Ermənistana səfər edərkən “soyqırım” abidəsini ziyarət etmirlər. Gürcüstan Prezidenti də bu ölkənin Azərbaycan və Türkiyə ilə olan yaxın qonşuluq əlaqələrini nəzərə alıb məlum addımı ata bilərdi. Ancaq təəssüflər olsun ki, onun Ermənistana səfəri qondarma “soyqırım” abidəsini ziyarət etməklə başladı. Digər tərəfdən, S.Zurabişvili İrəvandakı çıxışında dedi ki, Gürcüstanda ermənilərin və azərbaycanlıların sülh şəraitində yaşamalarını istəyir: “Gürcüstan vətəndaşları – etnik ermənilər və azərbaycanlıların respublika ərazisində sülh şəraitində yaşaması olduqca önəmlidir”.

O da məlumdur ki, son günlərdə Gürcüstanda ermənilərlə azərbaycanlılar arasında münasibətlərdə müəyyən gərginlik var. Buna səbəb Xocalı soyqırımında iştirak edən terrorçuya abidənin qoyulmasıdır. Məlum məsələ ciddi narazılığa səbəb olub.

Bütün bu deyilənlərlə yanaşı, Gürcüstan Prezidentinin həm qondarma “soyqırım” abidəsini ziyarət etməsi, həm də bu ölkədə yaşayan ermənilərin və azərbaycanlıların sülh şəraitində yaşamasını istəməsi nə dərəcədə bir-birilə uzlaşır? O üzdən, bunu ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli Zurabişvilinin bu addımına mənfi prizmadan yanaşdı: “Xanım Zurabişvilinin qondarma “soyqırım” abidəsini ziyarət etməsi Gürcüstan maraqlarından çox, Ermənistanın maraqlarına xidmət edir. O nəzərə almalı idi ki, bu bir uydurmadır. Bunu da ermənilər uydurub. Gürcüstan Prezidenti bu ölkənin Azərbaycan və Türkiyə ilə olan yaxın münasibətlərini, əlaqələrini nəzərə almalı idi. Eyni zamanda, belə hallardan çəkinməli idi. Gürcüstan kiçik dövlətdir. Bu dövlət qondarma “erməni soyqırımı” məsələsində oyunçu roluna girməməlidir. Nəzərə almalı idi ki, Gürcüstan çoxmillətli dövlətdir. O baxımdan hesab edirəm ki, onun bu addımı yanlış idi. Gürcüstanın həddi deyil ki, belə məsələlərdə kiminsə tərəfini tutsun. Çünki bu ölkənin də başı dərddədir. Gürcüstan neçə illərdir separatizmdən əziyyət çəkir, ərazilərinin bir hissəsinə nəzarət edə bilmir. Zurabişvili Ermənistana səfərində qondarma “soyqırım” abidəsini ziyarət edirsə, o zaman Xocalı soyqırımı ilə bağlı abidəni niyə ziyarət etmədi? O, Ermənistandan əvvəl Azərbaycana səfər edib. Xocalı soyqırımı ilə bağlı ucaldılan “Ana harayı” abidəsini ziyarət edə bilərdi. Belə olsaydı, bəlkə də bu hardasa onun balanslaşdırılmış siyasət həyata keçirməsi təsiri bağışlaya bilərdi. O isə Türkiyənin duyğularına toxunan bir addım atdı. Eyni zamanda, bu, Azərbaycanın maraqlarına qarşıdır. Belə hallar millətlərarası münasibətlərin yaxşılaşmasına xidmət etmir. Bir tərəfdən Zurabişvili qondarma “soyqırım” abidəsini ziyarət edir, o biri tərəfdən Gürcüstanda yaşayan ermənilərin və azərbaycanlıların sülh şəraitində yaşamaları ilə bağlı çağırışlar edir. Ona görə də atılan addımlar bir-birinə uyğun gəlmir”.

Vidadi ORDAHALLI 

Nəşr olunub SİYASƏT

Əziz Ələkbərli: “Qərbi Azərbaycan İcması ictimai təşkilat olduğu üçün ölkədaxili siyasi proseslərə qarışmayacaq”

 

Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:


- 30 ilə yaxındır ki, Qarabağ erməni işğalı altındadır. Lakin bizim bir də Qərbi Azərbaycan itkimiz var...


- Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisi, onun gerçək tarixi Sovet dövründə Azərbaycan elmi-ictimai fikri üçün xeyli dərəcədə qapalı zona olub. Yəni o coğrafiya Azərbaycan Respublikasının hüdudlarından kənarda qaldığı, “başqa respublikanın ərazisi” olduğu üçün Azərbaycan alimləri tərəfindən öyrənilməsinə imkan verilməyib. Erməni alimləri üçün də bu, maraqlı olmayıb, çünki onlar yaxşı bilirdilər ki, bu ərazi tarix boyu Azərbaycan-türk torpaqları olub, ermənilər isə ora bəlli bir tarixdə gəliblər və bu tarix o qədər də uzağa getmir. Bütün bunların nəticəsi olaraq, Azərbaycan etnik mədəni sisteminin tərkib hissəsi olan o ərazilərin bütün maddi və mənəvi dəyərləri zaman-zaman qəsb və talanlara məruz qalmışdır. Nəticə göz qabağındadır, ermənilərin iki yüz ildən bəri yeritdiyi qəsbkarlıq və erməniləşdirmə siyasəti nəticəsində o torpaqlar bu gün bütövlükdə erməni işğalı altındadır, o torpaqlarda min illərdən bəri yaşayan türk-müsəlman əhali tamamilə qovulub çıxarılmış, onların əsrlər boyu yaratdığı maddi mədəniyyət abidələri ya məhv edilmiş, ya da erməniləşdirilmişdir.


- Bu yaxınlarda soydaşlarımızın Qərbi Azərbaycandan sonuncu deportasiyasının 30 ili tamam oldu...


- Bəli, həmin hadisələrdən çox böyük bir tarix keçməyib. 1988-ci il Azərbaycan tarixinə təkcə Qarabağ hadisələrinin başlandığı il kimi düşmədi, həmin il biz Qərbi Azərbaycan dediyimiz tarixi torpaqlarımızı itirdik. 29,8 min kvadrat kilometrlik bu ərazi son qarışına qədər tarixi Azərbayacan torpaqlarıdır, bu torpaqlar bizə babalardan miras qalmışdı, lakin biz, millət olaraq, o torpaqları qoruya bilmədik.


- Sanki həmin torpaqlar uğrunda mübarizə həmişə bir qədər arxa planda olub...


- Elədir. 1988-ci ildə xalqımız böyük bir fəlakətlə üz-üzə qaldı. O vaxtkı SSRİ rəhbərliyinin ermənipərəst siyasəti nəticəsində Ermənistan Azərbaycana qarşı ərazi iddiası qaldırdı və Qarabağın dağlıq hissəsini Azərbaycandan qoparmağa çalışdı. Bütün Azərbaycan xalqı kimi, Qərbi Azərbaycandakı soydaşlarımız da ermənilərin bu işğalçılıq siyasətinə qarşı mübarizəyə qalxdılar. Lakin əfsus ki, Azərbaycanın o vaxtkı satqın rəhbərliyi “Ermənistandakı” soydaşlarımızı müdafiə etmədi və nəticədə əliyalın, müdafiəsiz əhali soyqırımla müşayiət olunan deportasiyaya məruz qaldı. Yüz minlərlə insanımız ata-baba yurdlarından qovulub çıxarıldı, yüzlərlə azərbaycanlı bu prosesdə ermənilər tərəfindən qətlə yetirildi, yaralandı. Bu hadisələrə o vaxtkı Azərbaycan rəhbərliyinin laqeyd münasibətindən ürəklənən ermənilər Qarabağ uğrunda fəaliyyətlərini daha da gücləndirdilər, daha dəqiq desək, bu münaqişəni silahlı mübarizə müstəvisinə keçirdilər. Dağlıq Qarabağın azərbaycanlı kəndləri bir-bir işğal olunmağa başladı. Bununla da bütün millətin diqqəti Qarabağa yönəldi və ermənilərin Qərbi Azərbaycanda törətdiyi vəhşiliklər arxa plana keçdi. Bu, ermənilərin ənənəvi hiyləsi idi. Bundan sonra növbəti faciələr, Azərbaycanın torpaq itkiləri, bir milyona yaxın məcburi köçkün axını və s. baş verdi.


- Son zamanlar cəmiyyətdə bir fəallıq hiss olunur. Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, sizin hədəflərinizi bilmək istərdik.


- Son zamanlar cəmiyyətdə müşahidə olunan fəallıq cənab prezidentin həyata keçirdiyi islahatlarla bağlıdır. Xalq hər bir hakimiyyətdən vaxtaşırı yeniliklər gözləyir. Bizim cəmiyyətin də belə islahatlara ehtiyacı vardı və buna görə də həyata keçirilən son islahatları böyük coşqu ilə qarşıladı. Azərbaycan Qaçqınlar Cəmiyyəti də bu islahatları ürəkdən dəstəkləyir. Lakin Cəmiyyət olaraq bizim əsas hədəfimiz, tarixi torpaqlarımız uğrunda mübarizədir. Bu mübarizə tarixi Azərbaycan torpaqlarının son qarışı qaytarılana qədər davam edəcək. Təəssüf ki, bu məsələdə hələ ki heç bir irəliləyiş, canlanma yoxdur. Cənab Prezident çıxışlarında dəfələrlə deyib ki, İrəvan, Göycə, Zəngəzur, bütövlükdə Qərbi Azərbayacan tarixi Azərbaycan torpaqlarıdır, biz gec tez o torpaqlara qayıdacayıq və bu, bizim strateji hədəfimizdir. Əgər Prezident dövlətin strateji hədəfini bu qədər dəqiq göstərirsə, dövlətin bütün qurumlarının borcudur ki, bu hədəfə doğru mübarizəyə öz töhfəsini versin. Amma təəssüf ki, heç bir dövlət qurumunda biz bu yöndə əməli fəaliyyət görmürük. Hansı dövlət qurumuna müraciət etsəniz ki, 1988-ci il hadisələri zamanı Qərbi Azərbaycandan neçə nəfər qaçqın düşüb, neçə kənddən soydaşlarımız qovulub çıxarılıb, neçə abidəmiz, neçə qəbiristanlığımız məhv edilib, neçə nəfərimiz ermənilər tərəfindən qətlə yetirilib, neçəsi yaralanıb, soydaşlarımıza nə qədər maddi ziyan dəyib – cavab verə bilməyəcək, gözlərini döyüb qalacaqlar. Bu, biabırçılıqdır! Bunun çox sadə bir adı var – milli xəyanət və tarix qarşısında məsuliyyətsizlik! Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, tam bir imkansızlıq şəraitində biz bütün bu məsələlərlə məşğul olmağa çalışırıq, cənab prezidentin göstərdiyi hədəf uğrunda mübarizə aparırıq. Amma bu bir Cəmiyyətin işi deyil, üstəlik dövlət tərəfindən heç bir maddi və mənəvi dəstəyi olmayan Cəmiyyətin! Bu, Qarabağ torpaqlarının işğaldan azad edilməsi qədər önəmli bir məsələdir. Bu məsələdə buraxılan səhvlər, ötürülən zaman, itirilən faktlar üçün hər kəs tutduğu vəzifə səviyyəsində gələcək nəsillər qarşısında cavab verməli olacaq. Zaman gözləmir, o hadisələrin şahidləri sürətlə dünyasını dəyişir. Biz isə hələlik ancaq onu edə bilirik ki, millətin erməni işğalı altında olan tarixi torpaqlarımıza bağlılığının qırılmasına imkan verməyək. Torpaqlar əvvəl mənəvi cəhətdən qaytarılır, sonra fiziki cəhətdən. Yəni millət həmin torpaqları əvvəl özünün Ata Yurdu kimi dərk eləməlidir, həmin torpaqların tarixi Azərbaycan torpaqları olduğu millətin şüuruna yeridilməlidir. Bundan sonra heç bir qüvvə bu millətin həmin ata-baba yurdlarına qayıdışının qabağını saxlaya bilməz. Onda Qarabağ da qayıdacaq, İrəvan, Göyçə, Zəngəzur da. Bizim Cəmiyyətimiz də bu gün ilk növbədə bu işlə məşğuldur.


- Bu günlərdə Qərbi Azərbaycan İcması deyilən bir qurum yaratmısınız...


- Əslində bu, bir sosial sifariş idi. İllərdir insanlar Qərbi Azərbaycan torpaqlarının zaman keçdikcə unudulması təhlükəsini yaşayırdı. Yaşlı nəslimiz Vətən həsrəti ilə dünyasını dəyişir, orta nəsil torpaqlara qayıtmaq ümidini itirir, gənclərimiz ata-baba yurdları haqqında söhbətlərə nağıl kimi qulaq asmağa başlayırdılar. Bu, millətin böyük bir kəsiminin mənəvi soyqırımının davam etməsi deməkdir. Ən dəhşətlisi isə odur ki, bu ikinci – mənəvi soyqırımını ermənilər yox, öz millətimizdən olan ermənipərəst qüvvələr, onların Qərbi Azərbaycan probleminə laqeydliyi həyata keçirir. Həm də hamımızın gözü qarşısında həyata keçirir və biz bu qüvvələr “dur!” deyə bilmirik. Beləliklə, biz də çox müzakirələrdən sonra belə qərara gəldik ki, Qərbi Azərbaycan İcması yaradılsın. Bu İcma ictimai təşkilat olduğu üçün ölkədaxili siyasi proseslərə qarışmayacaq, bizim hədəfimiz Qərbi Azərbaycanlıların tarixi torpaqlarına bağlılığının qırılmasına imkan verməmək, onların kənd və rayon icmalarında birləşərək ata-baba adətlərini, mənəvi mühitlərini qoruyub saxlamasına nail olmaqdır. Heç şübhəsiz, bu gün erməni işğalı altında olan ata-baba torpaqları uğrunda mübarizə aparmaq onların insani hüququdur. Kimə demək olar ki, ata-baba yurdunu tələb etmə. Ulu öndər Heydər Əliyevin Qərbi Azərbaycan qaçqınlarının statusu barədəki fərmanında da birmənalı şəkildə yazılıb ki, Qərbi Azərbaycan qaçqınlarına Azərbaycan vətəndaşlığı verilir, lakin onlar qaçqınlıq statuslarını və tarixi vətənlərinə qayıtmaq hüququnu saxlayırlar. Bu, ulu öndər tərəfindən bizə verilən hüquqdur.


- Sizcə, Qərbi Azərbaycan problemi ilə bağlı bu gün hansı işlər görülməlidir.


- Görüləsi iş çoxdur. İlk növbədə 1988-ci il hadisələri ilə bağlı təcili olaraq bütün materiallar, sənədlər, şəkillər toplanmalı, arxivləşdirilməlidir. Bunun üçün ya xüsusi Komissiya, ya Mərkəz yaradılmalı, ya da bu məsələ rəsmi olaraq Azərbaycan Qaçqınlar Cəmiyyətinə həvalə olunmalıdır. Azərbaycan Qaçqınlar Cəmiyyəti respublikada bütün bu işləri görə biləcək yeganə qurumdur. İkincisi, Qərbi Azərbaycan qaçqınlarının statusundan irəli gələn hüquqları bərpa olunmalı, onların Azərbaycan hökuməti tərəfindən qanunsuz ləğv olunan ikili vətəndaşlığı geri qaytarılmalıdır. Üçüncüsü, Qərbi Azərbaycan məsələsi Ermənistan-Azərbaycan danışıqlarının predmetinə çevrilməlidir. Əgər müharibə Ermənistanla Azərbaycan arasında gedirsə və təbii ki, bu, belədir, onda ermənilərin danışıq masasının bir tərəfində Qarabağ ermənilərinin şəxsində Azərbaycanın erməni icmasının oturması tələbinə qarşı masanın digər tərəfində Ermənistandan qovulmuş azərbaycanlıların şəxsində Ermənistanın azərbaycanlı icmasının oturması tələbi irəli sürülməlidir. Yeni yaradılmış Qərbi Azərbaycan icması artıq bu istiqamətdə öz işini qurmaqdadır. Dördüncüsü, Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımının Arxivi və Muzeyi yaradılmalı, Xatirə Parkı salınmalı və Anım Abidəsi ucaldılmalıdır. Bununla biz bir tərəfdən gələcək nəsillər qarşısında öz tarixi borcumuzu yerinə yetirmiş olar, ikinci tərəfdən Qarabağ probleminin dinc yolla həllini sürətləndirmiş olarıq. Başqa sözlə, bütün Ermənistanı itirmək təhlükəsi qarşısında qalan ermənilər Qarabağ işğalına son qoymaq məcburiyyətində qalarlar.

Nəşr olunub CƏMİYYƏT

Image result for ismayil agayev

“Bunu edənlər Rusiya hakimiyyətində olan və erməni lobbisinin təsiri altında fəaliyyət göstərənlərdir”

İsmayıl Ağayev: “Azərbaycan hakimiyyətinin Rusiya vətəndaşı olan erməni əsilli şəxslərin ölkəyə gəlişini qadağan etməsi milli maraqlara cavab verən qərardır və mövcud reallıqdan irəli gəlir”

Son bir neçə gündür Rusiyada Azərbaycana yönəlik maraqlı və xoşagəlməz hadisələr cərəyan edir. Bir müddət əvvəl məqsədli şəkildə qızışdırılan çeçen-azərbaycanlı qarşıdurmasında yenidən qığılcımlar nəzərə çarpmağa başlayıb. Qeyd edək ki, bu yaxınlarda milli ədavət zəminində iki milləti Rusiyada üz-üzə gətirməyə cəhdlər edilmişdi. Ancaq Azərbaycan və Çeçenistan rəsmilərinin, hər iki millətin tanınmış ziyalılarının müdaxiləsindən sonra həmin təxribatın qarşısı alındı.

İki gün əvvəl Moskvada baş verən kriminal hadisəyə diqqət etdikdə, təəssüflənməmək olmur. Moskvada üç naməlum şəxs təkər təmiri məntəqəsinin əməkdaşlarına hücum edib. Hadisə yerli vaxtla səhər saatlarında baş verib. Hücum edənlər məntəqədə olan iki azərbaycanlıya bir neçə bıçaq yarası vurublar, ardından hadisə yerindən uzaqlaşıblar. Polis hadisə yerinə gəlməzdən əvvəl moskvalılar təkər təmiri məntəqəsində atışma barədə 02-yə məlumat veriblər.

Polis əməkdaşları “Mercedes” avtomobilində hərəkət edən şübhəlilərdən birini saxlayıblar. İlkin məlumata görə, o, Moskvada yaşayan çeçendir. Yaralılar xəstəxanaya kəllə-beyin travmaları, kəsici-deşici yaralar və travmatik silahın tətbiqi nəticəsində yaranmış odlu silahdan yaralarla çatdırılıb. Çox təəssüflə qeyd etməliyik ki, bu hadisəyə adi kriminal hesablaşma kontekstindən yanaşmaq olmur. Çünki hazırda Rusiyadan Azərbaycanla bağlı qeyri-müəyyən addımların atıldığını görürük. Son bir neçə gündür Moskva şəhərində azərbaycanlılara məxsus olan bazarlarda polis reydlərinin, kütləvi yoxlamaların olduğu ilə bağlı informasiyalar yayılır. Bununla bağlı qeyd edilir ki, proses ticarətlə məşğul olan soydaşlarımızın sıxışdırılması ilə müşahidə edilir.  Ən maraqlısı isə elə bu ərəfədə Rusiya Xarici İşlər Nazirliyinin erməni əsilli vətəndaşlarının Azərbaycana buraxılmadığını bəhanə edərək, bütün vətəndaşlarına ölkəmizə səfər etməməklə bağlı müraciət etməsidir. Azərbaycanla bağlı olan bu üç hadisə arasında hansısa əlaqə ola bilərmi?

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev qəzetimizə açıqlamasında bildirdi ki, Rusiya böyük ölkədir, orda heç bir hadisə elə-belə baş verə bilməz: “Biz prosesləri yaxından izləyirik. Sanki Rusiyadakı hansısa maraqlı qüvvələr Azərbaycana və həmin ölkədə yaşayan soydaşlarımıza qarşı hücuma keçiblər. Mən bunu Rusiyanın dövlət siyasətindən irəli gələn addım kimi xarakterizə etməzdim. Çünki Rusiya ilə ölkəmiz arasında çox yaxşı münasibətlər mövcuddur. Bunu edənlər Rusiya hakimiyyətində olan və erməni lobbisinin təsiri altında fəaliyyət göstərənlərdir. Təəssüflə qeyd etməliyik ki, onların əhatəsi, təsir imkanları bəzən elə geniş və güclü olur ki, Rusiyanın rəsmi qurumlarının adı ilə də ortaya mövqe qoya bilirlər. İki gün əvvəl çeçenlərin etdiyi hərəkət və Azərbaycan əsilli iş adamlarının Rusiyada sıxışdırılması ilə bağlı hadisələrin arasınıda bir rabitə görürəm. XİN-in bəynatı isə bu hadisələrə siyasi dəstək verildiyinin göstəricisidir. Azərbaycan hakimiyyətinin Rusiya vətəndaşı olan erməni əsilli şəxslərin ölkəyə gəlişini qadağan etməsi milli maraqlara cavab verən qərardır və mövcud reallıqdan irəli gəlir.

Həmin şəxslərin özlərinin təhlükəsizliyinin təmin olunmasının mümkünsüzlüyünü və onların Azərbaycanda təxribatlar törətmək ehtimalının yüksək olduğunu nəzərə alsaq, bu qərarın düzgün olduğunu deməliyik.

Hesab edirəm ki, Azərbaycanın müvafiq qurumları Rusiyada baş verən və bizim maraqlarımıza zidd olan silsiləvi hərəkətlərlə bağlı həmin ölkə rəsmilərindən izahat tələb etməlidirlər”.

Məhəmmədəli QƏRİBLİ

Nəşr olunub SİYASƏT

img

Azərbaycanda qida təhlükəsizliyi sahəsində vəziyyətin dözülməz səviyyəyə çatdığı barədə ortaya çeşidli faktlar, dəlillər qoyulur. Ancaq təəssüflər olsun ki, bu sahəyə birbaşa cavabdeh olan Qida Təhlükəsizliyi Agentliyi adlı dövlət qurumu bu məsələlərə, ümumiyyətlə, reaksiya belə vermək istəmir.

Mediada qurumla bağlı ilkin iddialar ondan başladı ki, Bakının “Təzə bazar” deyilən ərazisində kilosu 1 manata mal əti satılır və həmin məhsulun müştəriləri dönərxanalar, restoranlar və başqa iaşə müəssisələridir. Təqdim olunan faktlar bir media olaraq bizim də diqqətimizi çəkdi. Həmin istiqamətdə bir neçə tənqidi material yazsaq da, Qida Təhlükəsizliyi Agentliyi adlı qurumun heç tükü də yerindən tərpənmədi. Onların mətbuata açıqlama verməyə məsul olan əməkdaşı “rəsmi məlumat olan kimi mövqe bildirəcəyik” deməklə kifayətləndi. Maraqlıdır, rəsmi cavabı biz onlardan göslədiyimiz halda, görəsən həmin qurum haradan rəsmi mövqe gözləyir?

“Leş mafiyası”nın tüğyan etdiyi növbəti ünvan kimi Bakıda “Vosmoy bazarı” kimi tanınan yer göstərilir. Aparılan araşdırmalar zamanı bəlli olur ki, satışdakı ət, yaxud balıq və toyuqların böyük hissəsi baytar nəzarətindən keçmir, üstəlik, təmizliyə, ətin satış və saxlama qaydalarına riayət edilmir.

Avtobus dayanacağından beşmərtəbəli binalara qədər uzanan, insan kütləsinin qaynaşdığı küçə boyu piştaxta arxasında, arabalarda, yaxud yerə sərilmiş kağız torbaların üstündə ət, mal baş-ayağı, balıq, yaxud toyuq satışı bu bazarda adi mənzərədir.

Satıcılar iddia edirlər ki, ət hər gün tezdən Bakı kəndlərində kəsilərək gətirilir, sadəcə, “yer pulu ucuz olduğundan” mal ətinin kilosunu 6, balığı, növündən asılı olaraq, 4-7, “kənd toyuğu”nu isə 5 manatdan təklif edirlər. Təklif edilən qiymətlərdən də görünür ki, onlar ətin real bazar qiymətindən çox ucuzdur. Deməli, burada hansısa müəmma var və bu heç də yer pulunun aşağı olması ilə izah edilə bilməz. Bir nəticə çıxarmaq olar, belə ucuz qiymətə satılan ətlərin hamısı mənşəyi məlum olmayandır.

Artıq bu vəziyyət elə həddə çatıb ki, məhz mənşəyi bəlli olmayan ətlərin satışı və həmin məhsulları satan yerlərə nəzarətin lazımi səviyyədə qurulmaması səbəbindən kütləvi zəhərlənmə halları baş verir. Konkret fakta müraciət edək.

Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21 ünvanında yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Onların universitet tələbələri olduğu bildirilir. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər. Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki, zəhərlənənlərdən ikisi Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüb.

Göründüyü kimi, vəziyyət çox kritikdir. “Leş mafiyası”nın törətdiyi fəsadlar artıq kütləvi şəkildə insan həyatlarını almağa yaxınlaşıb. Hesab edirik ki, bu sahədə Qida Təhlükəsizliyi Agentliyi media ilə sıx təmasda işləməsə, vəziyyət daha katostrofik ola bilər. Bunun üçün körpü rolunda KİV və ictimai təşkilatlarla əlaqələrdən istifadə edilməlidir. Kollegiya yaradıb, orada KİV və ictimaiyyət nümayəndələrinin təmsil olunması vacibdir. Rayon və kəndlərdən əldə etdiyimiz məlumatda bildirilir ki, ölmüş heyvanların ətinin yığılıb paytaxta aparılması heç kimə sirr deyil. Bildirilir ki, heyvanlar xəstəlikdən, qocalıb öləndə zəng vururlar, leş yığanlar gəlir və ölmüş, murdar olmuş cəsədi götürüb aparırlar. Hesab edirik ki, bu cür işbazların açıq fəaliyyət göstərməsi birbaşa ölkənin qida təhlükəsizliyinə təhdid yaradır. Bu istiqamətdə kompleks tədbirlər görülməlidir. Yalnız leş əti Bakıda satanlar yox, eyni zamanda, onu alıb əhaliyə hər hansı formada satanlar da məsuliyyətə cəlb olunmalıdırlar. Qida Təhlükəsizliyi Agentliyindən ciddi fəaliyyət gözləmək ümidi ilə…

Məhəmmədəli QƏRİBLİ

 

Nəşr olunub CƏMİYYƏT

Son illərdə Azərbaycan hərbi imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Bu, ilk növbədə ordunun müasir hərbi texnika, radio-elektron mübarizə vasitələri, pilotsuz uçuş aparatları, bir sözlə, müasir ordunun görünüşünü müəyyən edən bütün komplekslərlə təmin olunması ilə Boyukmillet.com xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko CBC telekanalına müsahibəsi zamanı danışıb.

Onun sözlərinə görə, bu baxımdan Azərbaycan Silahlı Qüvvələrinin bu gün apardığı böyük hərbi manevrlər ölkənin milli maraqlarını müdafiə etməyə hazır olduğunu bir daha nümayiş etdirmək, mövcud təhdid altında silahlı qüvvələrin hərəkətlərini uyğunlaşdırmaq, Azərbaycan Silahlı Qüvvələrinin postsovet məkanında ən yaxşı ordulardan biri kimi yüksək beynəlxalq nüfuzunu bir daha təsdiqləmək üçün nəzərdə tutulub.

Beynəlxalq münaqişələr üzrə digər rus ekspert Yevgeni Mixaylov isə Azərbaycanın genişmiqyaslı hərbi təlimlər keçirməsinin təəccüblü hal olmadığını qeyd edib.

“Bu təlimlər ilk növbədə Azərbaycan Silahlı Qüvvələrinin effektivliyini, döyüş qabiliyyətini göstərmək, bütün hissələrin qarşılıqlı fəaliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Bu hərbi manevrlərin bir sıra ekspertlərin fikrincə, hücum təlimləri kimi görünməsi məsələsi isə təəccüblü deyil. Şəxsən mənim fikrimcə, Azərbaycanla Ermənistan arasında danışıqlar dövrü başa çatır. Söhbət sülh danışıqlarından gedir. İrəvan bu baxımdan çox gərgindir, çünki hazırda Azərbaycanın bu qədər güclü olması və “yazıq” Ermənistana hücum etmək istəməsindən narahatdır. İrəvanın hətta qısa hərbi toqquşmalar şəraitində belə işğal edilmiş əraziləri saxlamaq şansı yoxdur. Azərbaycan sadəcə bir neçə gün ərzində ərazilərini hərb yolu ilə qaytarmağa qadirdir”, - Mixaylov bildirib.

Qeyd edək ki, martın 11-dən 15-dək Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimləri başlayıb. Nazirlikdən verilən məlumata görə, təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

 

Nəşr olunub SİYASƏT

Bu ilin ilk iki ayında Dövlət Neft Fondu 951,1 milyon dollar məbləğində valyuta satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə, 287,9 milyon dollar və ya 43,4% çoxdur. Belə ki, Neft Fondu 2018-ci ilin analoji dövründə 663,2 milyon dollar satıb. Göründüyü kimi, 2019-cu ilin ilk aylarında dollara tələbin yüksəlməsi müşahidə olunub. 

Bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov “Facebook” hesabında yazıb. 

İqtisadçı dollara tələbin artmasının əsas səbəblərini açıqlayıb:

“Öncədən proqnozlaşdırdığımız kimi, dövlət xərclərinin artması dollara tələbi yüksəldir. Bu ilin yanvar ayından dövlət büdcəsindən 1 milyard 269 milyon manat ayrılıb. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə, 30 faiz çoxdur.

Adətən, yanvar ayı fiskal ilin başlanğıcı olduğu üçün nisbətən az xərcləmələrə gedilirdi. Amma rəsmi rəqəmlər göstərir ki, aylıq xərcləmələrdə kəskin artım var. Bu isə dollara tələbin artmasına gətirib çıxaran əsas səbəblərdəndir”.

V.Bayramovun sözlərinə görə, məhz bunun nəticəsidir ki, dollara tələbin yüksəlməsinə baxmayaraq, bu dövrdə valyuta bazarında ciddi volatillik nümayiş olunmayıb. 

“Çünki daha çox biznesin dollara olan tələbi ödənilib. Həmçinin, neft bazarındakı kəskin sıçrayışlar fonunda xüsusən yanvar ayında dollar yığımlarının artması müşahidə olunub.

Bütövlükdə, 2019-cu ildə dövlət büdcəsindən 24 milyard manatdan çox vəsaitin xərclənəcəyini nəzərə alsaq, bu il dollara tələbin yüksək olacağı gözlənilir. Bununla belə, yenə də məzənnənin necə dəyişəcəyi Mərkəzi Bankın mövqeyindən asılı olacaq”, – ekspert əlavə edib.

Nəşr olunub SİYASƏT
Page 1 of 2

Reytinq