Burda göstərilən tarixə olan xəbərlər: Bazar, 03 Mart 2019

Vergilər və Maliyyə nazirliklərinə yeni vəzifələr həvalə edilib.

ONA-nın məlumatına görə, Prezident İlham Əliyevin 1 mart 2019-cu il tarixli fərmanı ilə Vergilər və Maliyyə nazirliklərinin Əsasnamələrinə müvafiq dəyişikliklər edilib.

Hər iki nazirlik “Mühasibat uçotu haqqında” qanun ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirəcəcək. Eyni zamanda Vergilər Nazirliyi “Mühasibat uçotu haqqında” qanun ilə müəyyən edilmiş qaydada kommersiya təşkilatlarının siyahısını Maliyyə Nazirliyinə təqdim etməlidir.

Maliyyə Nazirliyinin vəzifələri sırasına peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını təmin etmək, peşəkar mühasib təşkilatının akkreditasiya olunmasını həyata keçirmək daxil edilib. Nazirlik həmçinin kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinə dair təkliflərini hər üç ildən bir aprel ayının 30-dək Nazirlər Kabinetinə təqdim etməlidir.

Maliyyə Nazirliyinin indiyə qədər vəzifələrindən biri təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün qanunvericiliyin tələblərinə müvafiq olaraq mühasibat uçotunu tənzimləyən Milli Mühasibat Uçotu Standartlarını, onların tətbiqi üzrə Şərhlər və Tövsiyələri, habelə Qaydaları işləyib hazırlamaq olub. Bundan sonra isə nazirlik Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Azərbaycan dilinə tərcüməsini təşkil etməli, bu tərcümələrin həmin standartların Azərbaycan dilində rəsmi mətnləri kimi dərc olunmasını təmin etməli və uçot qaydalarını təsdiqləməlidir. Maliyyə Nazirliyi indiyə qədər Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və Milli Mühasibat Uçotu Standartlarının tətbiqi ilə bağlı təsərrüfat subyektlərinə metodiki köməklik göstərməli və qanunvericiliklə nəzərdə tutulmuş digər zəruri tədbirləri həyata keçirməli idisə, bundan sonra nazirliyin vəzifəsi Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və uçot qaydalarının tətbiqi ilə bağlı təlim kursları, seminarlar, konfranslar təşkil etmək və digər zəruri tədbirləri həyata keçirmək olacaq.

Nəşr olunub RƏSMİ XRONİKA

“Ararat” idman kompleksində erməni dilində bir neçə plakatın asılması özbaşına və qəbuledilməz bir addım idi, İran İslam Respublikası bunu dəstəkləmir.

Bunu ONA-nın Tehran müxbirinə eksklüziv açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bildirib.

B.Qasimi deyib ki, Ermənistan baş naziri Nikol Paşinyanın “Ararat” idman kompleksində olması və İranda yaşayan eyni dinə mənsub vətəndaşlarla görüşü normal haldır: “Lakin Ararat idman kompleksində Dağlıq Qarabağ münaqişəsinə dair erməni dilində bir neçə plakatın asılması özbaşına atılmış bir addımdır, qəbuledilməzdir ”

İran Xarici İşlər Nazirliyinin sözçüsü İranın Qarabağ münaqişəsinə dair siyasətinin həmişəki kimi şəfaf və aydın siyasət olduğunu, dəyişmədiyini vurğulayıb: “Münaqişə beynəlxalq prinsiplər əsasında və danışıq yolu ilə həll edilməlidir. İran üçün Ermənistan və Azərbaycanla münasibətlərinin Qarabağ münaqişəsinin təsiri altında olmaması çox önəmlidir. Ona görə İran bu məsələdə öz əsaslı və məntiqli siyasətini davam etdirir. Ümid edirik ki, münaqişə sülhməramlı səylərlə diplomatik yollarla tez bir zamanda həll ediləcək. İran iki ölkə arasındakı bu münaqişənin dinc yolla həlli üçün çalışıb, yenə də, bunun üçün bütün səylərini göstərə bilər”.

B. Qasımi qeyd edib ki, uzun əsrlərdən bəri, müxtəlif ilahi din mənsubları, o cümlədən ermənilərin İranda dinc yaşadığına görə fəxr edirlər. Onun sözlərinə görə, bu gün də İran Konstitusiyasına əsasən erməni, zərdüşt və yəhudi icmalarının deputatlar İran parlamentinə təmsil olunurlar.

Ermənistan baş nazirinin Tehrana son səfərinə münasibət bildirən B. Qasimi İranın bütün qonşularına münasibətdə şəfaf və aydın siyasət yürütdüyünü söyləyib: “Biz qonşu ölkələrlə qarşılıqlı ehtiram və daxili işlərə müdaxilə etmədən əlaqələr qurmaqda maraqlıyıq. Eyni zamanda biz münasibətləri daha da genişləndirməyə çalışırıq. Hesab edirik ki, İranın qonşu ölkələrdən hər hansı biri ilə münasibətlərinin genişlənməsi qonşu ölkələr və dünya ölkələri arasında hansısa ölkənin mənafeyinin əleyhinə deyil və olmayacaq. SSRİ dağılması ilə Orta Asiya və Qafqazda ölkələrin müstəqillik əldə etməsinin ardınca İran və Ermənistan arasında qonşuluq haqqı və prinsiplərinə əsasən balanslı və mötədil münasibət qurulub. Ermənistan baş nazirinin İrana səfəri bu əlaqələr və İranın öz xarici siyasətində bütün şimal qonşu ölkələrlə bağlı yürütdüyü siyasət çərçivəsində baş tutub”.

İran-Azərbaycan münasibətlərini dəyərləndirən B.Qasimi deyib ki, iki qonşu ölkələr müştərək adət-ənənə və mədəniyyətə, məzhəb oxşarlığına malikdir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra davamlı olaraq münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edib. Hər iki ölkənin rəsmilərinin diqqəti əlaqələri müxtəlif sahələrdə daha da inkişaf etdirməyə yönəlib və yönələcək. Son illərdə müxtəlif nümayəndə heyətlərinin, xüsusilə prezidentlər İlham Əliyev və Həsən Ruhaninin, xarici işlər nazirlərinin görüşlərinə, eləcədə əldə olunmuş razılıqlara nəzər salsaq, Azərbaycan və İran arasında əlaqələrin nə qədər dərin kökləri olduğunu görərik. İran Azərbaycanın, Ermənistanın və digər qonşu ölkələrin sabitliyini və iqtisadi inkişafını dünyanın ən həssas bölgəsi olan regionumuzun inkişafı hesab edir. Bizim istəyimiz qonşu ölkələrin bir-biri ilə düşmənçilikdən uzaq, dinc və təhlükəsiz yaşamasıdır”.

Nəşr olunub DÜNYA
Yeni telekanalla bağlı müsabiqəyə sənəd qəbulunun vaxtı bilinib

Milli Televiziya və Radio Şurasının (MTRŞ) ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqənin şərtləri və müsabiqəyə sənəd qəbulunun vaxtı məlum olub.

ONA-nın xəbərinə görə, müsabiqəyə sənəd qəbulu bir ay müddətinə - 11 martdan 11 aprelədək davam edəcək.

Azərbaycan vətəndaşı оlmayan şəхslər, nizamnamə kapitalında хarici fiziki və ya hüquqi şəхsin payı оlan hüquqi şəхslər, ağır və ya хüsusilə ağır cinayətlərə, habеlə ictimai mənəviyyat əlеyhinə оlan cinayətlərə görə əvvəllər məhkum еdilmiş, habеlə məhkumluğu ödənilməmiş  şəхslər, fəaliyyət  qabiliyyətsizliyi, yaхud  fəaliyyət  qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq еdilmiş şəхslər, siyasi partiyalar və dini qurumlar müsabiqədə iştirak еdə bilməzlər.

Müsabiqədə iştirak еtmək üçün MTRŞ-ya aşağıdakı sənədlər təqdim оlunmalıdır:
- Yayım üzrə lisenziya almaq üçün müəyyən оlunmuş qaydada ərizə;
- Tеlеradiо yayımı kanalının fərqləndirici nişanı (tеlеstudiyanın еmblеmi);
- İddiaçının fəaliyyət növünü əks еtdirən Nizamnamənin nоtariat qaydasında təsdiq оlunmuş surəti və təsis  müqaviləsi (təsisçilərin sayı 1-dən çох оlduğu halda); 
- Azərbaycan Rеspublikası müvafiq icra hakimiyyəti оrqanları tərəfindən vеrilmiş qеydiyyat şəhadətnamələrinin nоtariat qaydasında təsdiq оlunmuş surəti;
- Yayımın prоqram kоnsеpsiyası;
- Kadr tərkibi və kadrların pеşə hazırlığının səviyyəsi barədə arayış; 
- Tеlеradiо vеrilişlərinin hazırlanmasında və yayımlanmasında istismar оlunacaq əsas qurğu və avadanlıqlar (1 və 2 saylı Əlavələr dоldurulmaqla);
- Son bir il üzrə dövriyyə cədvəli;
- Əsas vəsaitlərin balans üzrə siyahısı (ilkin və qalıq dəyəri ilə);
- İcarəyə götürülmüş əsas vəsaitlərin siyahısı, icarə müqavilələrinin surəti;
- Tеlеradiо yayımçısının istifadə еdəcəyi ötürücü qurğunun tехniki tələbləri;
- Təsisçinin əmək fəaliyyətini əks еtdirən gеniş tərcümеyi-halı, anketi;
- Müsabiqədə iştirak еtmək üçün 200 (iki yüz) manat həcmində birdəfəlik ödəniş.

Müsabiqə üçün tələb оlunan sənədlər Azərbaycanın dövlət dilində hazırlanmalı, sənədlər tikilməli, imzalanmalı, möhürlənməli və tariхi qеyd оlunmaqla MTRŞ-ya təqdim оlunmalıdır.
Sənədlər 7 nüsхədə təqdim оlunmalıdır.
Müsabiqədə iştirak еtmək üçün birdəfəlik ödəniş gеri qaytarılmır.
Yuхarıda göstərilən sənədlərdən hər hansı birinin çatışmadığı halda ərizəyə baхılmayacaq.

Müsabiqə üçün tələb оlunan sənədlər 11 martdan 11 aprelədək (şənbə və  bazar  günləri istisna оlmaqla) MTRŞ-nın inzibati binasında (Ünvan: Bakı şəhəri, Nizami küç., 145) saat 10:00-dan 18:00-dək qəbul edilir.
Əlaqə tеlеfоnları: 598-36-59, 598-37-54, 598-32-24.  

Qeyd edək ki, MTRŞ “Tеlеviziya və radiо yayımı  haqqında” qanununun 15-ci maddəsinin tələblərini rəhbər tutaraq ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna müsabiqə elan edilib.

Nəşr olunub CƏMİYYƏT

“Ən azından, dünya baxıb maraqlanır ki, görəsən Prezident də başda olmaqla on minlərlə insanın qatıldığı izdiham niyə yürüş edir?”

Sənan Nəcəfov: “Bakıda baş versə də, bu, beynəlxalq ictimaiyyətə yönəlik mesajdır, beynəlxalq xarakterli aksiyadır”

 

Fevralın 26-da Bakı şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xətai rayonundakı soyqırımı qurbanları abidəsinə ümumxalq yürüşü keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda deyilir ki, əlli beş mindən çox insanın iştirak etdiyi, ön sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduqları yürüş zamanı “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!” və digər çoxsaylı şüar nümayiş etdirilib.

Bu yürüş xalqla hakimiyyətin birliyini, vəhdətini və xalqın öz rəhbərinə verdiyi böyük dəstəyi bir daha göstərdi. Yürüşdə iştirak edən böyük insan kütləsi Xocalı soyqırımının heç zaman unudulmayacağını və bu qanlı cinayəti törədənlərin Azərbaycan Prezidentinin apardığı siyasət, gördüyü işlər nəticəsində cəzasız qalmayacaqlarına xalqımızın inamını nümayiş etdirib.

Bu izdihamlı yürüşlə Azərbaycan xalqı dünyaya başqa hansı mesajları vermiş oldu?

Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında aktiv blogerlik fəaliyyəti göstərən, tanınmış ictimai fəal Sənan Nəcəfov bizimlə söhbətində bildirdi ki, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək məqsədilə həyata keçirilən, cənab Prezidentin rəhbərliyi ilə başlanan ümumxalq yürüşü sayca 3-cüdür: “Bu günə qədər faciənin 20 illiyi ilə əlaqədar olaraq 2012-ci ildə, 25 illiyi ilə əlaqədar olaraq 2017-ci ildə keçirilib. Hər üç yürüşdə on minlərlə iştirakçının, Prezident Adminstrasiyasından çalışan məmurdan tutmuş, adi vətəndaşa qədər heç bir fərq qoyulmadan hər bir kəsin əlində həmin dəhşətli hadisələrin günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırıma beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırım qurbanlarının adları, soyadlarının əks olunduğu, Azərbaycan, rus, ingilis, fransız dillərində plakatlar və transparantlar olub: "Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və balkonlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 27 il” və s. çağırışlar və şüarlar nümayiş etdirilib”.

img

Sənan Nəcəfovun sözlərinə görə, insanların hüznlü çöhrələrinə baxanda görünürdü ki, ötən illərdə Xocalının dinc sakinlərinə qanlı divan tutulmasının dəhşətləri yaddaşlardan silinməyib: “Bircə gecədə yerlə-yeksan edilmiş bu Azərbaycan şəhərinin adı indi Xatın, Liditse və Sonqmi ilə qoşa çəkilir. Amma dünya buna hələ tam qiymət verməyib. Bu yürüşün əhəmiyyətlərindən biri də məhz budur. Məsələ bundadır ki, Xocalı soyqırımı ilə əlaqədar keçirilən ümumxalq yürüşü Azərbaycanın Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin növbəti mərhələsidir. Ən azından, dünya baxıb maraqlanır ki, görəsən Prezident də başda olmaqla on minlərlə insanın qatıldığı izdiham niyə yürüş edir? Təbii ki, bu aksiyanı beynəlxalq media yayımlayır. Əslində, Bakıda baş versə də, bu, beynəlxalq ictimaiyyətə yönəlik mesajdır, beynəlxalq xarakterli aksiyadır. Dünya Xocalı qırğını haqqında əsl həqiqəti bilməli, başa düşməlidir ki, XX əsrin sonunda bütün sivil bəşəriyyətin gözü qarşısında törədilmiş bu vəhşiliyə laqeydlik, yüzlərlə dinc insanın ölümündə təqsirkar olanların cəzalandırılmaması belə faciələrin planetin hər bir nöqtəsində təkrarlanmasına gətirib çıxara bilər”.

Məhəmmədəli QƏRİBLİ

Nəşr olunub SİYASƏT

“Bu gün dövlət vətəndaş biliriyi, iqdidar-vətəndaş həmrəyliyi daha da güclənir və bu islahatların əsasını və motivasiyasını təşkil edir”

Boyukmillet.com Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin üzvü Azay Quliyevin Musavat.com-a müsahibəsini təqdim edir:

– Azay müəllim, son aylarda Azərbaycan prezidenti İlham Əliyev sosial sahədə kompleks islahatlar prosesinə başlayıb. Başlanılan bu islahatların Azərbaycan dövlətinə və cəmiyyətinə əhəmiyyəti barədə bir vətəndaş sektorunun təmsilçisi kimi mövqeyinizi bilmək istərdik. Çünki belə genişmiqyaslı islahatların qısa zaman çərçivəsində həyata keçirilməsi elə də asan görünən məsələ deyil.

– Həqiqətən də bu gün biz həyatımızın bütün sahələrində çox ciddi dəyişiklərin və yeniliklərin şahidi oluruq. Keçən ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra cənab İlham Əliyev modern Azərbaycan quruculuğunun yeni mərhələsinin başlanmasının anonsunu verdi və bununla da geniş islahatlar paketinin hazırlanmsına və icrasına başlanıldı. Seçkidən sonra Cənab Prezidentin verdiyi ilk sərəncamın sosial sahədə olması, özü də şəhid ailələrinin sosial şəraitinin yaxşılaşdırılması və onlara müavinətlərin maksimum həcmdə verilməsi ilə bağlı olması da təsadüfi deyildi. Bu sosial sferada atılacaq sonrakı addımların mahiyyətini, istiqamətini və fəlsəfəsini özündə əks etdirən bir mesaj idi. Bu həm də cənab İlham Əliyevin növbəti prezidentlik dövründə sosial və iqtisadi siyasətinin açılımına, müasir və modern Azərbaycanın əsas hədəflərinin və strateji xəttinin nədən ibarət olacağına bir işarə idi. Hal- hazırda biz Prezidentin sosial və iqtisadi platformasının icrasına, ölkənin modernləşməsinin və inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoymuşuq və dövlət başçısının müəyyən etdiyi islahatlar paketinin çox sürətli həyata keçirilməsinin şahidiyik. 

Sualınızın ikinci hissəsinə gəldikdə, deməliyəm ki, son aylar sosial sahədə atılan addımları, xüsusilə minimum əməkhaqqının, minimum pensiyanın, sosial müavinətlərin, tələbə təqaüdlərinin ciddi şəkildə artırılmasını, çoxmənzilli binaların sənədləşdirilməsini, vətəndaşların problemli kreditlərlə bağlı yaranmış maliyyə yükünün dövlətin öz üzərinə götürməsi kimi inqilabi qərarlar barədə fasiləsiz danışmaq, onların iqtisadi və sosial üstünlüklərini izah etmək olar. Heç şübhəsiz ki, bütün bunlar və qəbul edilən komleks qərarlar çox cəsarətli addımlardır və onların bir çoxunun dünyada analoqu yoxdur. Nəticədə 3 milyon vətəndaşımız dövlətin ciddi dəstəyi və qayğısı ilə əhatə olundu, onların böyük bir qismi banklara yığılıb qalmış əlavə borclarından azad edildi. Bu məsələnin maddi tərəfidir. Mən istərdim ki, borcların böyük bir hissəsinin dövlət tərəfindən ödənilməsinin və bu istiqamətdə yüzminlərlə məhkəmə çəkişməsinə son qoyulmasının mənəvi-psixoloji aspektləri barədə bir neçə kəlmə deyim. Bilirsiniz ki, borclu olmaq, borcla yaşamaq insana çox böyük mənəvi əzab verir. Borcu ödəyə bilməmək, borca görə uzun illər məhkəmə çəkişmələrində olmaq insanların əsəblərini korlayır, psixoloji sarsıntılar yaradır, səhhətində ciddi problemlərə yol açır, insanın iş qabiliyyətinə mənfi təsir edir və sosial aktivliyini məhdudlaşdırır. Ailədə söz-söhbətə, gərginliyə və arzuolunmaz mühitin yaranmasına gətirib çıxarır. Bu baxımdan hesab edirəm ki, yüzminlərlə vətəndaşın problemli kreditlərin (borcların) cənab Prezident tərəfindən həll edilməsi təkcə maddi baxımdan deyil, ondan daha mühüm olan mənəvi-psixoloji baxımdan da əhəmiyyətli idi. Məhz buna görə bu qərarın dəyəri ölçüyəgəlməzdir, misilsizdir və dövlət başçısının vətəndaşlara göstərdiyi əvəzolunmaz qayğının və dəstəyin nümunəsidir. Bu gün milyonlarla vətəndaşımız bu sevinci yaşayır və buna görə seçdikləri Prezidentə təşəkkürlərini və minnətdarlıqlarını bildirirlər.

– Ancaq etiraf edək ki, bütün bunları etmək asan deyil və bu addımları atmaq dövlətimizə necə müəssər olur?

– Tamamilə razıyam ki, bunların heç biri asan məsələ deyil və bunun üçün aydın siyasətə və konkret vizyona sahib olmalısan. Həqiqətən bu cür çətin və mürəkkəb islahatları həyata keçirmək və qarşıya qoyulan strateji hədəfə çatmaq çox böyük səy tələb edir və bir çox Avropa ölkələrində demək olar ki, bu mümkünsüz görünür. Son vaxtlar atılan bütün addımları və verilən qərarları analiz edib belə bir nəticəyə gəlirsən ki, bu islahatları aparmaqla cənab Prezident ölkədə sosial ədalət prinsipinin daha güclü, daha effektiv formada bərqərar olmasını, vətəndaşlarımızın layiqli həyat şəraiti ilə tam təmin olunmasını və onların sosial vəziyyətinin köklü şəkildə dəyişməsini qarşıya məqsəd qoyub. Bu islahatları uğurla həyata keçirmək üçün təkcə iqtisadi baza və ya maliyyə mənbəyi kifayət deyil, belə çətin bir vəzifənin öhdəsindən gəlmək üçün həm də ciddi siyasi iradə, sözünü tutmaq bacarığı və xalqa sonsuz sevgi tələb olunur. Heç uzağa getməyək, 6 aydır Fransa əhalisi küçələrə tökülüb dövlətdən sosial islahatların keçirilməsini və həyat şəraitlərinin yaxşılaşdırılmasını tələb edir, hökumətin güzəştə gedərək maaşlarının heç olmasa 100 avro artırılmasını xahiş edirlər. Ancaq hökumət onlarla vətəndaşın ölümünə, yüzlərlə fəalın həbsinə və minlərlə nümayişçinin yaralanmasına razı olur, ancaq maaşları artırmır və ya artıra bilmir. Bu misalı və müqayisəni ona görə edirəm ki, hər bir azərbaycanlının prezidenti olmağı öz konkret əməli və addımları ilə sübut edən İlham Əliyevlə, Fransa prezidenti Makronun öz vətəndaşlarına yönəlik siyasətinin fərqini və mahiyyətini oxucuya bir daha xatırladım. 
Əlbəttə, bizim öz yolumuz var, Avropada baş verən hər hansı bir mənfi hal bizə nümunə ola bilməz. Hələ biz yaxın günlərdə cənab Prezidentin dediyi kimi daha təsirli islahatların və yeniliklərin şahidi olacağıq.

– Azay müəllim, ölkə başçısının bu islahatları bəzi Azərbaycanı sevməyən qüvvələrin qısqanclığına səbəb olduğundan, onlar tərəfindən bu islahatların həyata keçirilməsi prosesini durdurmaq, buna kölgə salmaq və ölkədə sabitliyi pozmaq istiqamətində də cəhdlər oldu. Buna baxmayaraq bu islahatlar daha sürətlə həyata keçirilməyə başladı. Bu barədə nə demək istərdiniz?

– Təəssüf ki, biz bu gün vətəndaşların maraqlarına tam olaraq cavab verən bu kimi qərarlara və aparılan köklü islahatlara marginallaşmış və reallıq hisslərini itirmiş bir qrup tərəfindən cılız münasibətin şahidi oluruq, onlar bu nəcib işləri gözdən salmağa və ya hansısa toplantıya bağlamağa çalışırlar. Bu adamların yazdıqları və dedikləri təkcə yumor hissi yaratmır, həm də ikrah doğurur. Peşəkar siyasətlə məşğul olanlar və ya olmaq istəyənlər, sözlərinin dəyərini bilənlər özlərini bu qədər qeyri-ciddi və rəzil vəziyyətə salmazlar, ölkədə hər nə müsbət varsa əvvəl inkar edib, sonra da öz adlarına yazmazlar. Baxmayaraq ki, bu gün Prezidentin həyata keçirdiyi bütün islahatlardan və qəbul etdiyi qərarlardan hamı kimi onlar da faydalanır. Lakin bunu bilərəkdən gözardı edirlər, guya hər şeyi inkar etməklə müxalifətçilik etmək istəyirlər, ancaq bunu da edə bilmirlər, sivil mübarizəni aparmağı bacarmırlar, söyürlər, təhqir edirlər, açıq böhtan və yalana əl atırlar. Amma səmimi deyim ki, mən bunlara əhəmiyyət verilməsinin tərəfdarı deyiləm. 
Onsuz da Azərbaycanın bədxahları həm daxildə, həm də xaricdə hər zaman olub və bundan sonra da olacaqdır. Onların məqsədi ölkəyə problem yartamaq və hər fürsətdəcə zərbə vurmaq, dövləti zəiflətmək və beynəlxalq imicini korlamaq olub və bu fəaliyyət indi də davam edir. 
Lakin, əsas məsələ odur ki, bu gün cənab Prezdent ölkədə ciddi dəyişiklər edir, köklü islahatlar aparır, vətəndaşların qayğısına qalır, onların problemlərini həll edir, sosial vəziyyətini yaxşılaşdırır, köməyə ehtiyacı olana yardım edir. Vətəndaşlarımız da bunu yüksək qiymətləndirir və Prezidentlərini dəstəkləyir. Bu gün dövlət vətəndaş birliyi, iqtidar- vətəndaş həmrəyliyi daha da güclənir və bu islahatların əsasını və motivasiyasını təşkil edir.

– Ölkə başçısı Azərbaycan cəmiyyətini narahat edən daha bir sahədə, məhkəmə-hüquq sistemində islahatlara başalayacağının anonsunu verdi. Bu islahatlar özündə nəyi ehtiva edəcək?

– Söhbətimizin əvvəlində də qeyd etdiki, Prezidentin hədəfində müasir və modern dövlət quruculuğu kimi mühüm bir vəzifə var. Bu vəzifənin icrası kompleks yanaşma tələb edir. Bu baxımdan cənab Prezident çox haqlı olaraq bütün sahələrdə islahatların davam edəcəyini, o cümlədən məhkəmə-hüquq sisteminin bu islahatların tərkib hissəsi olacağını qeyd etdi. Təbii ki, bu qərar ictimaiyyət tərəfindən bir mənalı şəkildə təqdir olunur və dəstəklənir. 

Məhkəmə-hüquq sisteminin daha şəffaf, ədalətli olması, vətəndaşların məhkəmə-hüquq sisteminə etimadının artırılması istiqamətində indiyə qədər xeyli işlər görülüb, lakin görülən işlərlə kifayətlənmək olmaz və bu sahədə islahatları dərinləşdirməyə və movcud problemləri həll etməyə ehtiyac var. Cənab Prezident məhz bu zərurəti nəzərə alaraq, yeni islahatlar haqqında qərar verib.

– Şəhərsalama istiqamətində də islahatalar başlayacaq. Siz necə düşünürsünüz, cəmiyyəti daha ciddi narahat edən məsələlərədən biri də fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı olan məsələdir. Bu istiqamətdə hər hansı addımlar ola bilərmi?

-Son 15 ildə respublikanın bütün yerlərində böyük tikinti quruculuq işləri gedib. Bununla bərabər bu sahədə problemlər də mövcuddur. Bəzi hallarda tikinti işləri plansız şəkildə həyata keçirilir. Artıq Prezident də bəyan etdi ki, bu sahədə nizam-intizam yaratmaq, şəhərimizin gözəlliyinə xələl gətirən tikintilərin qarşısını almaq üçün adekvat addımların atılmasına ehtiyac var. Dünən mədəniyyət və incəsənət xadimləri ilə keçirilən görüşdə cənab Prezident bu problemə bir daha toxundu və orada səsələnən təkliflərin nəzərə alınacağını qeyd etdi. 
Əlbəttə, şəhərsalma sahəsində nizam-intizamın yaradılması və yeniliklərin tətbiqi inşaat sektorunun inkişafına mane olmamalı, əksinə bu sahəyə təkan verməlidir. Çünki inşaat sektorunda xeyli sayda insan çalışır. Ona görə də inşaatla bağlı razılaşdırma sahəsində hər hansı bir ləngimə və durğunluq olmamalıdır. Bunun üçün çevik yanaşmaya, qərarların çevik şəkildə qəbul olunmasına ehtiyac var. Prezidentin dünən səsləndirdiyi fikirlərdə də bunlar qeyd olunub. Düşünürəm ki, biz növbəti mərhələdə fərdi evlərin reysterə salınması və sahiblərinin tamhüquqlü mülkiyyətinə verilməsi ilə bağlı da qərarların şahidi olcağıq.

– Azay müəlim, son sualımız Paşinyanın bəyanatları və münaqişənin həlli ilə bağlı mövqeyi haqqında olacaq. Paşinyan İrana səfərində bildirdi ki, işğal altında torpaqların geri qaytarılmasından belə söhbət gedə bilməz. Bu fikirləri Ermənistanın digər rəsmiləri də səsləndirirlər. Belə olan şəraitdə danışıqlar prosesinin davam etdirilməsinə lüzum varmı?

– Əvvəla onu deyim ki, işğalçı Ermənistanın baş naziri Paşinyanın İrana səfəri və orada çox rahatlıqla ölkəmiz əleyhinə verdiyi bəyanatlar, “Qarabağ Ermənistanındır” kimi cəfəng şüar altında erməni icması ilə görüşün təşkili İran-Azərbaycan dostluğuna, ən azından İran rəhbərlərinin “Azərbaycan bizim üçün dost və qardaş ölkədir” bəyanatının ruhuna ziddir. Belə biz mənzərənin şahidi olmaq bizim üçün çox üzücüdür. Heç kimə sirr deyil ki, bu gün Ermənistanın ayaq üstündə qalmasına və torpaqlarımızın işğalını davam etdirməsinə dəstək olan bir çox amillər və ölkələr içərisində İranın da payı az deyil. 
O ki qaldı Paşinyanın bəyanatına, açığı, məndə belə bir təsəvvür yaranıb ki, bu adam sülh prosesinə məsuliyyətlə yanaşmır, nə istədiyinin və nə danışdığının fərqinə varmır. Gah danışıqların formatını dəyişməyə, separatçıları masa ətrafında oturtmağa cəhd edir, gah da xarici işlər nazirini görüşə göndərir, cənab Prezident İlham Əliyevi görən kimi isə ona yaxınlaşaraq ikitərəfli danışıqlara hazır olduğunu bildirir. Paşinyanın hərəkət və davranışlarından belə bir nəticəyə gəlmək olur ki, o, ya daxili ictimai rəydən və rəqiblərindən ehtiyat edərək rəsmi danışıqlardan fərqli mövqe sərgiləmək və pafoslu danışmaq məcburiyyətindədir, ya da bu adam sadəcə səmimi deyil, qeyd etdiyim kimi, məsələnin ciddiyətini və məsuliyyətini tam anlamır. Hesab edirəm ki, hər iki vəziyyət Ermənistan üçün təhlükəlidir və erməni xalqına yaxşı heç nə vəd etmir. Çünki necə deyərlər, “divar qurtarandan” sonra Paşinyan və onun komandası konkret və dəqiq mövqe sərgiləmək və sərgilədiyi siyasətin nəticələrinə qatlanmaq zorunda qalacaq. Bu baxımdan Paşınyanın vaxtı getdikcə daralır. 

Ümid edirəm ki, yaxın günlərdə və ya həftələrdə gözlənilən rəsmi görüşlər baş tutacaq, Ermənistan rəhbərliyinin münaqişə ilə bağlı mövqeyinə və siyasətinə tam aydınlıq gətiriləcək və biz də buna uyğun olaraq atacağımız sonrakı addımları bir daha nəzərdən keçirəcəyik.

Nəşr olunub SİYASƏT

Elməddin Behbud

Demoktarik Azərbaycan Naminə İctimai Birliyin sədri

Bir neçə gündür cənubdakı qonşumuzda, tarixi Azərbaycantürk torpaqlarında baş verən hadisələri əks etdirən, hamımızda həyacan yaradan foto və video materialları izləyirik. Xocalı soyqırımının sabahısı günü bir açıq və bir gizli olmayan düşmənimizin yer aldığı eybəcər tablo barədə xüsusi olaraq nəsə deməyə ehtiyac görmürəm.
Amma dünən Təbrizdəki futbol oyununda gördüyümüz coşğulu mənzərəyə sevinməmək mümkün deyil. Doğrudur, bu və digər belə reaksiyalar təəssüflər olsun ki, hələ də İran dövlətini milli maraqlarımızın ziddinə fəaliyyətdən çəkindirmək, azərbaycanlıların qurduğu və 700 illik dönəm istisna olmaqla (Əhəməni, Sasani və Pəhləvi dövrü) ötən 4 min ildən artıq zaman ərzində idarə edib qoruduğu torpaqlarda müstəqilliyimiz bərpa etdiyimiz 1991-ci ildən indiyədək əlehimizə aparılan siyasəti dayandırmaq üçün yetərli deyil.

Könül istər ki, əhalisinin yarıdan çoxunun milli mənsubiyyətindən irəli gələn maraqlar dövlət siyasətində də real şəkildə əksini tapsın. Ancaq dünənki futbol oyununda verilən mesajlar da təsirsiz deyil və əslində Azərbaycan adlı dövlətin varlığından rahatlıq tapa bilməyən fars yetkililərini daha açıq və böyük miqyaslı antitürk, antiazərbaycan fəaliyyətindən çəkindirən də bu amildir. Amma milli kimlik şüurunun yüksəlişdə olduğu hazırki proses bizim xeyrimizədir.

Geci-tezi itirilmiş haqlarımızı Arazın güneyindəki torpaqlarımızda təmin edəcəyik.

Buna inamımız sonsuzdur!

Nəşr olunub CƏMİYYƏT

 

Xadimə avtobusdan tapdığı 396 min dolları polisə təhvil verib.
 
Hadisə Britaniyada baş verib.
Boyukmillet.com xəbər verir ki, avtobusda təmizlik işləri aparan xadimə qəhvəyi rəngdə bağlamada üç yüz doxsan altı min dollar pul tapıb. Hadisəni polisə bildirən xadimə tapdığı pulu da polisə təhvil verib. 
 
Məlumatda bildirilir ki, pul avtobusda olan sərnişinlərdən biri tərəfindən unudulub. Xadimənin isə paytaxtdakı təmizlik şirkətlərindən birində işlədiyi bildirilir.
Nəşr olunub DÜNYA

Reytinq