Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə Axşamı, 05 Mart 2019

img

Xarici siyasətdə, o cümlədən də iqtisadi münasibətlərdə böyük problem yaşayan Ermənistan hazırda enerjiyə olan tələblərinin ödənilməsində də getdikcə daha böyük problemlər yaşayır. Xüsusən də Rusiyanın bu ilin əvvəlindən etibarən Ermənistana satdığı qazın qiymətini artırması Ermənistanda ciddi problemlərə rəvac verib. Yaranmış vəziyyətdə İrəvan qaza olan tələbini İran vasitəsilə ödəməyə çalışsa da, bu xüsusda da ciddi problemlər müşahidə olunur.

Erməni ekspertlər özləri belə bəyan edirlər ki, İrəvanın Tehrandan böyük həcmdə istədiyi qiymətə qaz alması sadəcə mümkün olmayan məsələdir. Məsələn, ekspert Armen Manvelyan bu yaxınlarda baş nazir Nikol Paşinyanın Tehrana səfərindən sonra gündəmə gəlmiş İran qazının Ermənistan ərazisindən tranziti məsələsini xam xəyal adlandırıb. Energetika üzrə ekspert İrəvanın İrandan təbii qaz idxalını artırmaq və bunun müqabilində qonşu ölkəyə elektrik enerjisi vermək barədə vədlərinə də münasibət bildirib. O qeyd edib ki, Ermənistanda öz tələbatını belə güclə ödəyəcək həcmdə elektrik enerjisi istehsal olunur və onun İrana nəqlinin artırılması real deyil. Onun sözlərinə görə, İrəvanla Tehran arasında energetika layihələrinin həyata keçirilməsi həddindən artıq çətin olacaq: “Hazırkı geosiyasi reallıqda İran təbii qazının Ermənistan ərazisindən tranzitindən danışmaq ciddi deyil. Birincisi, İranın özünün təbii qaz hasilatı ilə bağlı problemləri mövcuddur, ikincisi isə, Avropa İttifaqı Tehrandan qaz tədarükünə elə də maraq göstərmir. Avropanın qaz bazarı həddindən artıq yüklənib və İran qazının Ermənistan ərazisindən hansı ölkəyə nəql olunacağı da anlaşılan deyil”.

Ekspert əlavə edib ki, Ermənistan-İran yüksəkgərginlikli elektrik xəttinin tikintisində də problemlər yaranıb və bu səbəbdən İrəvan elektrik enerjisi qarşılığında Tehrandan əlavə qaz ala bilməyəcək. Bu xəttin tikintisi dəfələrlə təxirə salınıb və ötən il istifadəyə verilməsi nəzərdə tutulan obyektdə işlərin cəmi 20 faizi görülüb. Gürcüstanla energetika sahəsində əməkdaşlığa gəldikdə isə, erməni ekspert vurğulayıb ki, Tiflis Vaşinqtonun reaksiyasına qarşı çox həssasdır və ABŞ-ın sanksiyaları fonunda energetika sahəsində İranla əməkdaşlıq etməyəcək: “Söhbət İran qazının Ermənistan ərazisindən Gürcüstana nəqlindən gedir və bu məsələ ətrafında tezliklə hər hansı razılaşma əldə ediləcəyi gözlənilmir”.

Digər politoloq Vahe Davtyan da “Lragir.am” saytına müsahibəsində İran qazının Ermənistan ərazisindən Gürcüstana və Avropaya nəqli haqda Ermənistanda baş alıb gedən eyforiyanın reallıqdan çox uzaq olduğunu vurğulayır: “Bu layihənin, prinsipcə, Ermənistan-İran gündəliyinə çıxdığı birinci dəfə deyil. Bu haqda Ermənistan-İran qaz kəməri layihəsinin təzəcə hazırlandığı 1990-cı illərdə danışılıb, amma bu, tətbiqi məkana 2015-2016-cı illərdə daxil edilib – Rusiya hökumətinin təşəbbüsü ilə Ermənistan, İran və Gürcüstran hökumətləri arasında qaz mübadiləsi haqda saziş imzalananda. Niyə mübadilə? Çünki mövcud infrastruktur – İran-Ermənistan qaz kəməri və Ermənistanın paylama şəbəkəsi tranziti təmin edə bilmir və İrandan qazı Ermənistan üzərindən Gürcüstan və üçüncü bazara nəql etmək mümkün deyil. Layihə, hər şeydən əvvəl, ona görə həyata keçirilməyib ki, sazişə baxmayaraq, rəsmi Tiflis, o cümlədən Azərbaycan lobbiçiliyinin təsiri altında bəyanatla çıxış etdi ki, Azərbaycandan Gürcüstana ixrac edilən qaz Gürcüstanda daxili tələbatı bağlamağa bəs edir və Gürcüstanın alternativ qaynaqlara hələlik ehtiyacı yoxdur.

Qeyd etmək gərəkdir ki, son illərdə qazı Gürcüstana Azərbaycanın Gürcüstan üçün sosial və kommersiya tarifləri müəyyən edərək yetərincə çevik siyasət aparan SOCAR tədarük edir. Bu, Gürcüstan bazarında müəyyən manevrlər üçün imkanlar yaradır. Daha bir mühüm məqam – Ermənistandakı paylama şəbəkəsi və xüsusilə Ermənistan-İran qaz kəməri Rusiyanın “Qazprom”unun balansındadır və Moskva ilə məsləhətləşmələr gərəkdir”. Ekspert xatırladır ki, ABŞ 2018-in payızında İranın nüvə proqramı üzrə sazişdən çıxdı və sanksiyaları sərtləşdirdi: “Sanksiyalar zərfi İranın energetika layihələrini məhdudlaşdırır. Gürcüstan ABŞ-ın bölgədəki geopolitik satelliti və maraqlarının provayderi kimi çıxış edir, belə ki, sanksiyalar məqamı burada öz təsirini göstərə və Gürcüstanın inteqrasiya niyyətlərini qabaqlaya bilər. Digər tərəfdən, SOCAR-ın planlarında hətta azacıq dəyişikliklər Gürcüstan iqtisadiyyatını ciddi sarsıntılara gətirə bilər. Tiflis bunları nəzərə alır. Bu səbəbdəndir ki, Ermənistanda tranzitlə məşğul olmalı olan dövlət səhmdar cəmiyyətinin yaradılmasına baxmayaraq, prosesi Gürcüstan dayandırdı. Hələ o zaman Gürcüstanın energetika naziri Kaxa Kaladze son anda bildirdi ki, onlara Azərbaycan qazı bəs edir. Görünür, Azərbaycanın tarif siyasəti Gürcüstan üçün rahatlığın təməl səbəbi olub. Qaldı ki Avropanın energetik təhlükəsizliyinə, hər şeydən öncə, Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa “Cənub Qaz Dəhlizi”nə Rusiya qazına alternativ kimi baxılır. Yəni burada yenə Azərbaycanın mövqeyi mühüm rol oynayır və Bakının bizə münasibəti də bəllidir. Bundan başqa, güman etmirəm ki, beynəlxalq sanksiyalar Avropanın böyük şirkətlərinə İranla sövdələşməyə girmək imkanı versin. Eyni zamanda, hətta bu rəsmən səsləndirilməsə də, pərdəarxası söhbətlər hökmən olacaq – özəlliklə də Fransa, Almaniya, Böyük Britaniya antiiran sanksiyalarından yan keçmək mexanizmi hazırladığı üçün”.

Tahir TAĞIYEV

 

Nəşr olunub SİYASƏT

Prezident İlham Əliyev xalq artisti Rasim Balayevlə telefonla danışıb.
Bu barədə “Ölkə.Az”a Rasim Balayev özü məlumat verib. “Təxminən on dəqiqə əvvəl cənab Prezident mənimlə telefonla danışdı. Bildirdi ki, bu, bizim sənə münasibətimiz deyil, siyahını hazırlayanların günahıdır. Mən də təşəkkürümü bidirdim. Bildirdi ki, bu il kino sahəsinə 5 milyon ayrıldı. Növbəti ildən kinoya vəsait ayrılması büdcəyə salınacaq. Məndən soruşdu ki,  görüşdə iştirak etsəydin, nə təklifin olacaqdı? Bildirdim ki, mənim təkliflərim Mehriban Zəkinin fikirləri ilə üst -üstə düşür”.
Qeyd edək ki, R,Balayev  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə dəvət edilmədiyi üçün narazılığını bildirmişdi.

Nəşr olunub CƏMİYYƏT

Nazir Rasim Balayevin prezidentlə görüşə çağırılmaması haqda: “Üzr istəyirəm”

“Mən Rasim Balayevə çox yaxşı münasibət bəsləyirəm. Hesab edirəm ki, biz kifayət qədər dost münasibətində olmuşuq”.

Bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, Azərbaycanda 270-dən çox xalq artistləri, 1300-dən çox əməkdar incəsənət xadimləri var.

“Onların hamısını bir yerə toplasaq Heydər Əliyev sarayında da yerləşdirmək olmazdı. Həmçinin orada açıq söhbət aparmağa imkan olmayacaqdı. Gələn dəfə digər formatda bizim nüfuzlu, hörmətli aktyorlarımız, rəssamlarımız, bəstəkarlarımız və yazıçılarımız da iştirak edə biləcək. Bu formatda kimsə kənarda qaldı. Üzr istəyirəm. Gələn dəfə bunu nəzərə alarıq”.

Nəşr olunub CƏMİYYƏT
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə konsert olub
 
Bakı Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyası kollektivlərinin konserti olub.

Boyukmillet.com xəbər verir ki, xarici ölkələrin Azərbaycandakı səfirləri, diplomatik korpus nümayəndələri, deputatlar, ölkəmizin incəsənət xadimləri və ictimaiyyət nümayəndələri konsertdə iştirak ediblər.
Konsertdən əvvəl Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək deyib ki, ötən 95 ildə Naxçıvan Muxtar Respublikası böyük bir inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyevin quruculuq yolunu davam etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun səyi ilə bu gün Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi sahədə böyük inkişafa nail olub. Əhalinin həyat şəraiti və güzəranı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Artan imkanlar sosial-iqtisadi səviyyəyə də öz təsirini göstərib, muxtar respublikada elm, təhsil, səhiyyə, mədəniyyət, idman və gənclər siyasəti yeni inkişaf müstəvisinə çıxıb.
“Bu gün Naxçıvan Muxtar Respublikası enerji, informasiya, ərzaq və müdafiə təhlükəsizliyi yüksək səviyyədə təmin olunan çiçəklənən diyardır”, - deyən Bəxtiyar Əsgərov çıxışını ümummilli liderimiz Heydər Əliyevin fikirləri ilə yekunlaşdırıb: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq".
Sonra konsert olub. Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının, filarmoniyanın solistlərinin, aşıqlarının və Naxçıvan Uşaq Filarmoniyası üzvlərinin ifasında səslənən xalq və bəstəkar mahnıları, muğamlar və aşıq havaları alqışlarla qarşılanıb.
Nəşr olunub CƏMİYYƏT

 

Bir qrup sahibkar “Xırdalan Xəz” ASC-nin əsas rəhbərlərindən olan və həmin zavodda aparılan kompleks təmir-tikinti işlərinə rəhbərlik etmiş Rəhimov Akif Şəmiddin oğluna qarşı  məhkəmə iddası qaldırıb. İş hazırda Abşeron Rayon Məhkəməsinin  hakimi Elman Məmmədovun icraatındadır. Məhkəmənin son iclası mart ayının 1-də olub. Növbəti məhkəmə prosesi isə martın 14-ü saat 11.10-na təyin edilib. Məhkəmədə iddia qaldıran şikayətçilər Azinforum.az İnformasiya Portalına açıqlamalarında bildiriblər ki, onlar gördükləri işin müqabilində işin sifarişçisi olan Akif Rəhimovdan qabaqcadan razılaşdıqları məbləği ala bilmirlər. Onların sözlərinə görə,  2016-cı ildə başlayan təmir 2017-ci ilin ortasında başa çatıb. Elə həmin vaxtdan da onlar gördüklərin işin müqabilində pullarını tam ala bilmədiklərini deyillər. Məmmədov Zamiq İnqlab oğlu  bizimlə söhbətində bildirdi ki, həmin zavodda -fasad, yerə tametin döşənməsi, suvaq, hörgü işini görüb: “Məhkəməyə şikayətimdə bildirmişəm ki, gördüyüm 228 minlik işin müqabilində cəmi 108 min pul ala bilmişəm. Dəfələrlə Akif müəllimə müraciət etsəm də, pulumun qalığını ala bilməmişəm. Sonda məcbur qalıb, məhkəməyə müraciət etməli oldum”.

Bağırov Hikmət bizimlə söhbətində bildirdi ki, həmin tikintidə- məhəccər, mərmər və digər aksesuar işlərini o görüb: ” Gördüyüm işin dəyəri 150 min manat olub. Bu məbləğdən 83 mini almışam, 67 min isə qalıb. Həmin borcu almaq üçün məhkəməyə şikayət etmişəm”.

Aslanov Xalıqverdi Tumas oğlu isə bildirir ki, məhkəməyə müraciətinə səbəb  həmin zavodun kanalizasiya və santexnik işlərini görməsi müqabilində 35 manatdan cəmi 20 min 500 manat  ala bilməsidir.

Nağıyev Miradəm Qubad oğlu isə deyir ki, zavodda plastik və alimunium qapı-pəncərə işlərini görüb: “Gördüyüm işin müqabilində 90 min ala bilmişəm, 54 minim isə qalıb”.

Digər iş icraçısı Hətəmov Oqtay isə bildirir ki, məkəmə ərizəsində  dam örtüyü işlərini gördüyü  və həmin işin müqabilində almalı olduğu məbləğdən  cəmi 28 mini əldə etdiyini , sifarişçinin ona  21.500 manat borcu qaldığını göstərib.

Məhkəməyə müraciət edən sahibkarlar bildirdilər ki, həmin tikintidən pulunu tam ala bilməyənlərın sayı yalnız onlarla bitmir.  Zavodun Süleymanov Azər Məmməd oğlu və başqa iş icraaçılarına da külli miqdarda borcunun qaldığı deyilir. Həmin şəxslərin də məhkəməyə şikayətlə müraciət edəcəkləri bildirilir.

Səslənən ittihamlarla bağlı qarşı tərəf kimi  sahibkar Akif Rəhimovla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onun da mövqeyini dinləməyə hazırıq.


Nəşr olunub CƏMİYYƏT

https://www.facebook.com/groups/1110444829106515/

 

Gördünüz, yenə də necə sinxron işlədilər? Azərbaycan vətəndaşı, Rusiyada gizlənib ermənilərlə açıq işbirliyində olan, guya Azərbaycanda sıxışdırıldığını iddia edən Fəxrəddin Abbaszadə əməllərinə görə saxlanıldı. Əslində, dünyanın diqqətini cəlb edəcək heç nə yox idi burada. Bu adam öz ölkəsinə qarşı xəyanət yolu tutmuş, Azərbaycanı parçalamaq, xalqımızı milli-etnik mənsubiyyətinə görə bölmək üçün çalışırdı. Özü də bu əməlini ermənilərlə açıq işbirliyi şəraitində həyata keçirirdi. Təbii ki, Azərbaycan dövləti özünün milli təhlükəsizliyini kiminsə şıltaqlıqlarına güzəştə gedə bilməz və ona görə də bu Abbaszadəni uyğun şəkildə – qanunlar və bütün beynəlxalq normalar çərçivəsində saxladı.

 

Abbaszadə saxlanıldıqdan sonra nə baş verdi? Bəzi dairələr onu dünyaya bir ziyalı kimi təqdim edib müdafiəsini təşkil etməyə çalışdı. Guya bu adam Azərbaycan hakimiyyətinə müxalif olduğu üçün tutulubmuş. Təbii ki, belə bir yalan ayaq tutmadı və fürsətkən bu adamın işbirliyi etdiyi ermənilər də hərəkətə keçdi. İddia edildi ki, Azərbaycan, örnək üçün, erməni millətinə qarşı dözümsüzdür, erməni mirasını davamlı şəkildə məhv edir.

 

Yenə də məlum və məşhur “The Guardian” qəzeti kampaniyada rol aldı. Bu dəfə bir qədər gendən gələrək. Həm də iz azdırmaq üçün heç dəxli olmayan bir məsələdən hərəkət edərək.

“The Guardian” “Monumental itki: Azərbaycan və 21-ci yüzilin ən pis mədəni soyqırımı” (Monumental loss: Azerbaijan and ‘the worst cultural genocide of the 21st century’) adlı bir məqalə yayımladı. Məqalənin mənbəyi kimi bir erməni mavi cütlüyünün (Hrag Vartanyan və Veken Geyikyan) qurduğu saytda fevralın 19-da yayımlanmış “hesabat” göstərilir. Biz də hesabatı arayıb tapdıq, gözdən keçirdik.

Müəlliflərindən birinin erməni Simon Mağakyan, digərinin gənc erməni dostu Sara Pikmən olduğu “Bir rejim yerli erməni mədəniyyətinin silinməsini gizlədir” adlı “hesabat”da iddia edilir ki, Azərbaycan hakimiyyəti Naxçıvandakı “erməni xaçkarları”nı kütləvi şəkildə məhv edib. Bunu sübut etmək üçün “dəlillər” də təqdim edilir. Özü də işin içində bir az da İran var. Yəni şahidlik məsələsində. İddia edilir ki, İranın bir erməni din xadimi Arazın o tayından bu tayda Azərbaycan dövlətinin xaçkarları yox etməsini lentə alıbmış. Bəs o, bundan necə xəbər tutub? “Hesabata” görə, İran sərhəd xidməti baş verənləri görüb və ona bu haqda xəbər verib. Erməni din xadimi də sərhədə gəlib, olanları göz yaşları içində izləyib, öz şəklini çəkdirib, hadisəni lentə alıb.

 

“Hesabat”a video da əlavə edilib. İngilis dilində olan bu 5 dəqiqəlik videoda səsli olaraq iddia edilir ki, Azərbaycan dövləti xaçkarları dağıdır. Culfadan olduğu deyilən görüntülərdə bunun təsdiqi yoxdur. Sadəcə keyfiyyətsiz və uzaqdan aparılmış çəkilişə görə, kimliyi sezilməyən insanlar daşları sındırırlar, maşına yükləyib daşıyırlar. Ermənilərin səsli iddiası olmasa baxan düşünər ki, hansısa daş karxanasıdır, insanlar daş istehsalıyla məşğuldur. Belə anlaşılır ki, əslində, bir ərazi daşlardan təmizlənir.

 

Lakin bu “hesabat”da bizim üçün daha maraqlı bir məqam var. İddianı irəli sürən erməni “araşdırmaçı” və onun tərəfdaşı “şahid ifadələri”nə də yer verir.

 

Kimmiş bu “şahid”? Təxmin edin. Edə bilməyənlər üçünsə mən yardımçı olum: Əkrəm Əylisli! Bəli, erməni “araşdırmaçı” özünün yalanlar üzərində qurulmuş “hesabat”ında məlum və məşhur Əkrəm Əylislinin yenə də məlum və məşhur “Daş yuxular” romanını tutarqa kimi göstərib müəllifi də “şahid” qismində təqdim edir!

 

Gördünüz, haradan haraya gəlindi? Fəxrəddin Abbaszadə üzərindən hücum etmək istədilər, qanunsuz bir şey tapa bilmədilər. Amma onun müdafiəsi üçün erməni kartını dövriyəyə buraxdılar. Lakin hiyləgərcəsinə! İlk baxışda dəxli olmayan bir mövzuyla!

 

Fəxrəddin Abbaszadə saxlanılan kimi Ermənistan mediası bir komanda ilə hərəkətə keçdi, Azərbaycan dövlətini bir ziyalını həbs etməkdə qınadı. Əlbəttə, bunu müxtəlif dillərdə bütün dünyaya yaydı. Ardınca da “The Guardian”ın məlum “hesabat” əsasında hazırladığı məqalə eyni qaydada ermənilər tərəfindən sürətlə tirajlandı. Necə də sinxron işləyirlər, deyilmi?

 

İndi bir suala cavab tapmağa çalışaq: əgər Fəxrəddin Abbaszadə öz dövlətinə düşmən, Ermənistana dost olmasaydı ermənilər onun üçün bu qədər canfəşanlıq edərdilərmi? Etməzdilər!

Bəs Əkrəm Əylisli özünün yuxuda görüb romana çevirdiyi yalanlarla erməni dəyirmanına su tökməsəydi necə, onu ermənilər müdafiə edərdimi? Təbii ki, yox!

Bəs Vartanyan-Geyikyan mavi cütlüyü necə, Əkrəm Əylislinin “şahid” kimi təqdim edildiyi “hesabatı” 113 min abunəçiyə göndərərdimi? Göndərməzdi! Əgər bu Əylisli erməni dəyirmanına su tökməsəydi! Əgər bu Əylisli ermənilərin əlinə oynamasaydı!

 

Belədir durum! Abbaszadə, Vartanyan, Geyikyan və Əylisli eyni cəbhədə yer almaqla Azərbaycan dövlətinə qarşı savaş içindədir. İkinci ilə üçüncünü anlayırıq, adamlar doğuşdan türk düşmənidir və Azərbaycan da bir türk dövləti olduğu üçün bizi düşmən kimi görürlər. Bəs, Azərbaycan vətəndaşı olan Abbaszadə və Əylisliyə nə düşüb ki, onlar da özlərinin – bizim olan dövlətə qarşı ermənilərlə eyni cəbhədə yer alır?

 

Bunun adını biz demirik, oxucuların öhdəsinə buraxırıq. Sadəcə bizi bu Əylisli və Abbaszadəyə görə bir zamanlar tənqid edənlərə bir daha səslənirik: görün, bilin, tanıyın! Qəflət yuxusundan ayılın, dost kim, düşmən kim deyə ayırd etməyi nəhayət ki, öyrənin! 

Nəşr olunub CƏMİYYƏT

Reytinq