Burda göstərilən tarixə olan xəbərlər: Cümə, 05 Aprel 2019

Ağdam rayonunda 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun və Sərvan Mehralıyevin xatirəsi anılıb.

Boyukmillet.com xəbər verir ki, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, keçmiş döyüşçülər və məktəblilər əvvəlcə şəhid Sərvan Mehralıyevin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov şəhidlik zirvəsinin müqəddəsliyindən danışıb, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğulların xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu diqqətə çatdırıb. Bildirib ki, şəhidlərin müqəddəs əməllərini layiqincə qiymətləndirmək və bunu gələcək nəsillərə çatdırmaq bizim ümdə vəzifəmizdir.

Sonra Bənövşələr qəsəbə tam orta məktəbində Aprel döyüşlərində böyük şücaətlər göstərmiş şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş “Səni unutmadıq komandir, sizi unutmadıq şəhidlər” adlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhidlərə həsr edilmiş guşə ilə tanış olublar. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Tünzalə Vəliməmmədova çıxış edərək, Raquf Orucovun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıb. Bildirib ki, Raquf İbrahim oğlu Orucov 1972-ci ildə Ağdam rayonunun Cinli kəndində anadan olub. İbtidai təhsilini doğma kəndində, orta təhsilini isə Xaçındərbənd kənd tam orta məktəbində alıb. 1990-cı ildə sovet qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılıb və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşulub. Qazançı, Fərrux, Naxçıvani, Aranzəmin, Dəhraz, Ağbulaq kəndlərinin erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü il iyunun 12-də ermənilər Raqufun doğulduğu Cinli kəndini artilleriya atəşinə tutaraq işğal ediblər. Raqufun anası Raya xanım da qəlpə yarasından həlak olub. Bu hadisə Raquf Orucovun düşmənə nifrətini daha da artırıb. Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə qəbul olan R.Orucov 1996-cı ildə zabit kimi Azərbaycan Ordusunda xidmətə başlayıb. 2016-cı il aprelin əvvəllərində düşmənin cəbhədə yaratdığı təxribatların qarşısının alınmasında, Talış yüksəkliyinin azad edilməsində fədakarlıq göstərərək şəhid olub. Hələ sağlığında ikən onu əfsanəvi qəhrəman, “Murov qartalı” hesab edirdilər. Kəşfiyyatçı zabit şəhid olduğu günədək bir çox mükafatlara, ölümündən sonra isə “İgidliyə görə” medalına layiq görülüb.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Baxşeyiş Hətəmli, “Qarabağ qaziləri” İctimai Birliyinin Ağdam rayon şöbəsinin sədri Şamil Əbilov və Raquf Orucovun müəllimləri çıxış edərək, cəsur döyüşçünün mübariz və qorxmaz keyfiyyətləri barədə danışıblar.

Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov 2016-cı ilin Aprel döyüşlərinin əhəmiyyətindən, igidlərimizin qanı bahasına azad edilən Vətən torpaqlarının müqəddəsliyindən danışıb. “Raquf Orucov Ağdam rayonunun kiçik bir kəndində doğulsa da, Vətən sevgisi, fədakarlığı və şəhadəti ilə sevgimizi qazandı. Raquf Orucov və digər şəhidlər öz fədakarlıqları ilə bir daha göstərdilər ki, xalqımız torpaqlarımızın işğalı ilə heç zaman barışmayacaq”, - deyə Vaqif Həsənov bildirib.

Tədbirdə məktəblilər şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Nəşr olunub CƏMİYYƏT

Related image

Avropada özünü Azərbaycan iqtidarına müxalifət adlandıran 5-10 nəfərin prezident seçkisi öncəsi sosial şəbəkələrdə əxlaqdan, tərbiyədən uzaq, söyüş dolu ifadələrlə çıxışları nəzərə çarpmağa başladı. Belə fəaliyyət ölkəmizə qarşı açıq düşmənçilik demək idi. Bu, ilk növbədə, həmin insanların mahiyyətini və hansı mənəviyyata sahib olduqlarını ortaya qoyur.

Söyüş ritorikasından yararlanaraq insanları ləkələmək, onlara hər cür böhtanlar atmaqla aşağılamağa çalışmaq, əslində, mənəviyyatsızlıq və siyasi yoxsulluq əlaməti sayılır. Bu gün Avropadan Bakıya ultimatum yağdıran dırnaqarası soydaşlarımızın kiçik bir qrupu məhz bu pozucu yolu tutublar. Avropada oturub heç bir “qırmızı xətt” gözləmədən, özlərini “azad adam” adlandıran, mahiyyətcə ölkəmizin milli maraqları əleyhinə sifariş yerinə yetirən bir qrup adamın çıxışları xəstə təxəyyülün məhsulu olmaqla yanaşı, həm də hüquqi nihilizmin real göstəricisidir. Çünki bu şəxslərin ifadələrindən belə anlaşılır ki, onlar ölkə hüdudlarını tərk etdikdən sonra Azərbaycan əleyhinə istənilən təxribat və öz millətinə nifrət, kin üzərində qurulan çıxışlarında tam azad olduqları düşüncəsindədirlər. Məhz bu üzdən etika, əxlaq, milli ruh hissi olmadan Azərbaycana qarşı düşmənçilik, böhtançılıq, təxribat elementləri bu qədər qabarıq nəzərə çarpır. Ən  təəssüfedici hal budur ki, həmin adamlar əsasən Azərbaycan simvollarını hədəfə alırlar.  Təəssüflər olsun ki, onların gizləndiyi Avropa ölkələri Azərbaycanın qanuni tələblərinə baxmayaraq, həmin adamlar barədə heç bir ölçü götürmürlər.

Maraqlıdır ki, son vaxtlar belə meyllər artıq Rusiyadan da qaynaqlanmağa başlayıb. Sosial şəbəkələrin imkanlarından istifadə edən Rusiyada yaşayan bəzi soydaşlarımız Avropadakı Orduxanın, Turalın, Mirzəlinin yolunu getmək istəyirlər. Özlərini talış millətinin nümayəndəsi kimi təqdim edən bir dayı-bacıoğlu tandemi ortaya çıxıb. Paylaşımlarında qeyd edirlər ki, onlar Rusiyada biznes fəaliyyəti ilə məşğul olurlar, maddi vəziyyətləri də pis deyil. Buna baxmayaraq, ölkə rəhbərliyinin ünvanına təhqiredici fikirlər yağdırırlar. Belə hadisənin Azərbaycanla yaxın münasibətlərə malik olan Rusiyada baş verməsi maraqlıdır. Söyüşcül dəstənin etnik kartla Rusiyadan efirə çıxmasının arxasında hansı amillər dura bilər?

Beynəlxalq Diaspor Mərkəzinin aparat rəhbəri Samir Adıgözəlli Boyukmillet.com-a açıqlamasında bildirdi ki, praktikaya əsaslanaraq bəzi mülahizələrin üzərində xüsusi dayanmaq olar: “Bəzi söyüş makinalarının indi də Rusiyadan görünməyə başlaması təəccüblüdür. Dediyiniz adamları mən də izləmişəm. Avropadakılardan heç nəyi ilə fərqlənmirlər. Əksinə, bir az da təhlükəlidirlər. Çünki etnik kartdan istifadə etməklə Azərbaycanda separatizm toxumlarını səpmək istəyirlər.  Çıxışlarında tez-tez milli amili qabardırlar. Fikir versəniz görərsiniz ki, bu amildən ermənilər də məharətlə istifadə edirlər. Hətta öz ərazilərində guya talış millətinin səsi olan  televiziya yayımları da edirlər. Rusiyada istər biznes, istərsə də hakim dairələrə erməni lobbisinin güclü təsir imkanları var. Şübhə yoxdur ki, həmin adamları o dairələr fəallaşdırıb. Bununla Azərbaycan dövlətinə qarşı təzyiq üsullarını əllərində saxlamaq istəyirlər. Yeni cücərmək istəyən bu amili yerindəcə zərərsizləşdirmək lazımdır. Ola bilər ki, hakim dairələr bunu ciddiyə almır. Amma pis presedentin əsası qoyula bilər. Rusiyanın müvafiq qurumlarına bununla bağlı müraciət edilməlidir. Sual oluna bilər: Rusiyada 2 milyon soydaşımız yaşayırsa, niyə bu missiyanı üzərinə məhz etnik azlığın nümayəndələri götürür? Deməli, ortada şübhəli məqamlar var”.

Məhəmmədəli QƏRİBLİ

 
Nəşr olunub SİYASƏT

Reytinq