Burda göstərilən tarixə olan xəbərlər: Şənbə, 06 Aprel 2019

Aprelin 6-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi hissələrə səfərlərini və aprel döyüşlərinin nəticələri ilə bağlı səsləndirdiyi fikirləri xatırladan müdafiə naziri ordu qarşısında qoyulan son tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Müdafiə naziri döyüş hazırlığı planına uyğun olaraq, xüsusilə gecə vaxtı, döyüş şəraitinə, real əraziyə uyğun keçirilən təlim və məşqlərin intensivliyinin artırılması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin, bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsi, birlik və birləşmələrin silah, döyüş və xüsusi texnikasının yay mövsümündə istismar rejiminə keçidinə hazırlığın təşkili, eləcə də, hərbi xidməti başa vurmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması və hərbi xidmətə çağırılmış gənc əsgərlərin qəbulunun mütəşəkkil qaydada həyata keçirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin son zamanlar səsləndirdiyi məsuliyyətsiz çıxışlarına toxunan general-polkovnik Zakir Həsənov bunun cəbhə xəttində gərginliyin artmasına səbəb olacağını qeyd edib. Müdafiə naziri plana uyğun olaraq keçirilən bütün təlimlərin genişmiqyaslı hücum əməliyyatlarının aparılması məqsədinə xidmət etdiyini bildirib.

Nazir bütün səviyyələrdən olan komandir və rəis heyətinə düşmənin fəaliyyətinin daim müşahidə edilməsi, hərəkətinin nəzarətdə saxlanılması, onun törədə biləcəyi istənilən təxribata qətiyyətli cavab vermələri və hər an aktiv döyüş əməliyyatlarının başlanmasına hazır olmaları barədə konkret göstərişlər verib.

Nəşr olunub CƏMİYYƏT

Image result for naxcivan foto

Azərbaycan  barədə bələdçi kitabının müəllifi Mark Elliott Böyük Britaniyada nəşr olunan “Wanderlust” jurnalında Azərbaycanın turizm potensialını təbliğ edən “Bakıdan kənara səfər etmək üçün ən yaxşı yerlər” sərlövhəli məqalə yerləşdirib. Məqalədə Azərbaycan Respublikasının ərazisində olan 6 mühüm ərazi haqqında məlumat verilir ki, həmin ərazilərdən də 3-ü Naxçıvan Muxtar Respublikasındadır. Məqalədən həmin hissələri təqdim edirik.

Naxçıvan Muxtar Respublikası

Azərbaycan  Respublikasından ayrı düşmüş Naxçıvanda çoxlu sayda görməli maraqlı yerlər var. Tarixi 1186-cı ilə aid olan və oyulmuş daşlardan tikilən qüllə tipli Möminə xatın türbəsi çox gözəldir.  Həmçinin Naxçıvanda içərisində gecələməklə asma xəstəliyinin müalicəsi üçün istifadə olunan duz mədəni var. Ordubadın gözəl və yaşıl kəndlərində  yerli əhali bahalı, həddindən artıq az şirinli və ləzzətli limonlar yetişdirirlər.

 

Nuh Peyğəmbərin türbəsi

Fərz edək ki, biz “İncil”də bəhs olunan Dünya Tufanını tarixi hadisə olaraq qəbul edirik. Deyə bilərsinizmi gəmi yerə toxunduqdan sonra Nuh peyğəmbər öz ailəsi ilə harada məskən salıb və yaşayıbdır?  Azərbaycanlıların fikrincə bu yer Naxçıvandır. Bunu sübut etmək üçün Nuh peyğəmbərin qəbrüstü türbəsinə baxa bilərsiniz. Burada havanın aydın olduğu günlər Şərqdən baxdıqda uzaq səmada üzən Fuji dağı kimi Ağrı dağının qarla örtülmüş konusvari zirvəsini görmək mümkündür. Nuh peyğəmbərin qəbri başdan-başa mavi rəngli kaşı ilə bəzədilmiş və üst hissəsi  konusvari formada əhatələnmiş türbədən ibarətdir.

 

Azərbaycanın Maçu Piçusu olan Əlincəqalası

Naxçıvanda dağın zirvəsində yerləşən Əlincəqala möhtəşəmdir. Sonu bitməyən pilləkənlərlə qalxaraq Əlincəqalanın tarixi qalıqlarına  baxmaq olar. Bu qala Azərbaycanın Maçu Piçusu adlanır. Bu qaladan Haçadağın  qeyri-adi dişəbənzər zirvəsini və Araz çayı boyunca  İran ərazisində yerləşən dağ silsilələrini  görmək olar. 

 

Nəşr olunub CƏMİYYƏT

 

Nazirliyin Aqrar Tədqiqatlar Mərkəzinin müşavirinin izahı...

img

Son günlər Azərbaycan əhalisinin ən çox tələbatı olan kənd təsərrüfatı məhsulları soğan və kartofun qiymətinin kəskin bahalaşmasının səbəbləri daha aktiv müzakirə edilən mövzular sırasındadır. Bazarlarda deyilən məhsulların qiymətində yarıbayarı bahalaşma müşahidə olunur.

Dünəndən isə bahalaşan məhsulların sırasına kələm də daxil olub. Kənd təsərrüfatı məhsullarının satıldığı bazar və mağazalarda apardığımız araşdırma zamanı bizə dedilər ki, bir müddət əvvəl 1 kiloqramı 70-80 qəpiyə satılan kələmin qiyməti indi 1 manat 40 qəpiklə 2 manat arasında dəyişir. Satıcılar qiymətlərin kəskin artmasını bir sıra səbəblərlə izah edirlər. Əsas səbəb bölgələrdə, xüsusən də Bərdədə kələmin azalmasıdır.

Azərbaycan kənd təsərrüfatı ölkəsidir. Vaxtilə bütün SSRİ məkanını meyvə-tərəvəzlə təmin edən ölkənin hazırda deyilən məhsullar sarıdan qıtlıq çəkməsi təəccüblü görünür. İlk olaraq bizi bu sual maraqlandırır ki, öz gücümüzə niyə daxili bazarın tələbatını qarşılaya bilmirik? Çünki bir çox məhsulun qiymətinin qalxmasına səbəb kimi Azərbaycana deyilən məhsulların idxalına qoyulan qadağa göstərilir. Deməli, bu nəticəyə gəlinir ki, bu məhsullarla bağlı biz idxaldan asılıyıq. Başqa bir səbəb kimi isə soğanın qiymətinin Türkiyədə baha olması səbəbindən kütləvi şəkildə ora daşınması göstərilir. İran rəsmiləri isə bəzi məhsullara qoyduqları qadağanın səbəbinin heç də sırf Azərbaycanla bağlı olmadığını deyirlər. Onların sözlərinə görə, İranda çox ucuz olan həmin məhsullar İraq və digər Yaxın Şərq ölkələrinə daşındığı üçün, daxili bazarı qorumaq məqsədilə belə addım atmağa məcbur olublar. İstənilən halda, əhalinin böyük hissəsi bu məsələdə günahı Kənd Təsərrüfatı Nazirliyində görür. Bu yöndə sosial şəbəkələrdə gedən müzakirələrdən görünür ki, kəndli və fermerlərə hansı məhsulun az və ya çox əkilməsi ilə bağlı tövsiyələr verilmir, həmin istiqamətdə maarifləndirmə aparılmır. Məsələn, kəndlilər və fermerlər qeyd edirlər ki, ötən il sarımsaq və noxud sarıdan ölkədə qıtlıq vardı. Həmin məhsulların qiyməti baha olduğundan, hamı sarımsaq və noxud əkməyə üstünlük verdi. Nəticəsi isə ağır oldu. Həmin məhsullar qalıb fermerlərin əlində.

Cəlilabad rayonundan olan fermer Elbruz Mirzəyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda 15 tona yaxın noxudu sata bilmir: “Keçən il yerində 3 manata satılan noxudun kilosunu mən hazırda bir manata sata bilmirəm. Hətta bir manata satsam belə, maya dəyərini çıxarmayacaq”. Belə vəziyyətə düşən kəndli və fermerlər həddən artıq çoxdur. Çox güman ki,  soğan və kələmin qıtlığını görən kəndlilər kütləvi şəkildə həmin məhsulları əkməyə maraqlı olacaqlar. Əslində, daxili bazarda bunun nəticəsində yaranacaq bolluq bizi sevindirəcək, amma biz digər məhsulların qiymətində bahalaşmanı müşahidə edəcəyik. Təbii ki, bunun üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən düzgün planlama və proqnozlaşma işi aparılmalıdır. Real mənzərə isə onu deməyə əsas verir ki, məhz proqnozlaşdırma və planlama işinin zəif olması belə xaotiklik yaratmış olur.

Ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən belə proqnozlaşdırma və planlaşma aparılırmı?

Qurumun İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, bazardakı qiymətlərə nəzarət Prezidentin ötən il imzaladığı 1 iyul tarixli Fərmanla onlardan alınib: “Bizim Aqrar Tədqiqatlar Mərkəzi bu istiqamətdə layihə həyata keçirir. Rayonların ixtisaslaşmasını nəzərdə tutan həmin layihə çərçivəsində ilkin pilot bölgə olaraq Dağlıq-Şirvan iqtisadi zonası seçilib. Artıq bununla bağlı ilkin araşdırmanın nəticəsini Nazirlər Kabinetinə təqdim etdik. Bunun da nəticəsində müəyyən tövsiyələr ortaya çıxmış oldu. Amma nəzərə almalıyıq ki, bu, planlı iqtisadiyyat deyil. Yəni biz kəndlini və ya fermeri direktiv şəklində məcbur edə bilmərik ki, onu yox, bunu ək. Liberal bazar üçün biz ancaq maarifləndirmə ilə buna nail ola bilərik. Yəni tövsiyə edə bilərik ki, xiyar əvəzinə badımcan ək və s. Sizin dediyiniz istiqamət üzrə Aqrar Tədqiqatlar Mərkəzi araşdırmalar aparır”.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu istiqamətdə işlərin sürətləndirilməsi üçün onlar  elektron məlumat bazası yaradır: “Bununda köməkliyi ilə biz hansı fermerin, hansı rayonda nə əkməsini biləcəyik. Əldə edəcəyimiz informasiyanın əsasında biz təhlillər aparacağıq. Həmin təhlillərin əsasında Strateji Yol Xəritəsində nəzərdə tutulduğu kimi, bazara tədarük intervensiyası edə biləcəyik. Bu praktika dünyanın bir çox aparıcı ölkəsi tərəfindən həyata keçirilir. Bizdə yeni ərsəyə gələn Strateji Yol Xəritəsində bu tələb var. Artıq bu istiqamətdə müzakirələr gedir ki, biz hansı formada bazara müdaxilə edə bilərik. Bunun da nəticəsində biz həm fermerlər, həm də əhali üçün stabil bazar yarada bilərik. İşimiz tam yekunlaşandan sonra bəzi qeyri-müəyyənliklər aradan qaldırılacaq”.

Göründüyü kimi, Kənd Təsərrüfatı Nazirliyi bizim qeyd etdiyimiz işi hələ yenicə görməyə başlayıb. Hər halda, məhz bu cür gecikmənin nəticəsidir ki, bazarda xaotiklik müşahidə olunur.

Məhəmmədəli QƏRİBLİ

 

Nəşr olunub İQTİSADİYYAT

Millət vəkili Mirzəcan Xəlilov aprelin 19-da Bakıdakı dəbdəbəli “Bağçalı Saray” şadlıq sarayında oğlu Vüqar Xəlilova toy edəcək.

Məlumata görə, Vüqar bəy Əsli adlı xanımla ailə həyatı qurur. Millət vəkili Mirzəcan Xəlilov baş tutacaq toy mərasimi ilə bağlı yayılan məlumatın doğru olduğunu təsdiqləyib.

“Bəli, inşaAllah bu ayın 19-u oğlumun toy mərasimini edəcəyəm. Bildiyiniz kimi, toy “Bağçalı Saray”da baş tutacaq”, – deyə deputat əlavə edib.

“Bağçalı Saray” şadlıq sarayının direktoru Fərid adlı şəxs də aprel ayının 19-da toy mərasimi olacağını bildirib: “Bu ayın 19-na artıq mühüm toy sifarişimiz var. Toyun vaxtını dəyişdirmək mümkünsüzdür. Masanın qiymətlərinə gəldikdə isə, qiymətlər fərqlidir. Bir nəfərlik masanın qiyməti 220 manatdan başlayır, 300 manata qədər dəyişir”.

Qeyd edək ki, Vüqar Xəlilov Azərbaycan Futnet Assosiasiyasının rəhbəridir.

Nəşr olunub CƏMİYYƏT

Reytinq