Ermənistanın yeni prezidentinin bizə ən yaxın müsəlman ölkələrindəki böyük biznesinin taleyi...

12 Apr 2018
74 baxış

“Həmin dövlətlər Armen Sarkisyandan biznesini ölkələrindən çıxarmağı tələb etməlidirlər”

 

 

Samir Adıgözəlli: “Müsəlman və türkdilli ölkələr Ermənistanla bütün diplomatik əlaqələri kəsməlidirlər”

 

Məlum olduğu kimi, Ermənistan yeni idarəetmə metoduna keçib. Artıq prezident idarəetmə  üsulundan parlament tipli ölkə modelinə keçən Ermənistanda yeni seçilən prezident Armen Sarkisyan öz səlahiyyətlərinin icrasına başlayıb. A.Sarkisyan Ermənistanın İngiltərədə səfiri işləyib. Daha sonra biznes fəaliyyəti ilə məşğul olub.

İngiltərə vətəndaşlığı var, amma özünün dediyinə görə, daha sonra İngiltərə vətəndaşlığından imtina edib. Son konstitusiya islahatına görə, səlahiyyətləri çox azdır və simvolik xarakter daşıyır. Hətta Milli Təhlükəsizlik Şurasının iclasında iştirak etmək hüququ yoxdur.

Yeri gəlmişkən, A.Sarkisyan Ermənistan doğumlu ilk prezident olacaq. Digərləri diaspor nümayəndələri olub. İlk üç prezidentdən birincisi - Ter-Petrosyan Hələbdə, digər ikisi isə (Robert Koçaryan, Serj Sarkisyan) Azərbaycanda doğulublar. Yeni prezidentlə bağlı, həmçinin, bildirilir ki, onun Özbəkistan, Qazaxıstan, Türkmənistan kimi müsəlman ölkələrində biznesi var.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə müsəlman ölkələrinə müraciət edərək bildirib ki, onlar Ermənistanla əlaqələri birdəfəlik kəssinlər. Sitat: "Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz".

Prezident qeyd edib ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla, 20 faiz torpaqlarını işğal altında saxlayır: "1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilib. Ermənistan məscidlər və islam abidələri daxil olmaqla, bütün mədəni abidələri məhv edib. Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu ən böyük riyakarlıqdır.

Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişə yalnız və yalnız Azərbaycanın tanınmış beynəlxalq sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

Belə olan təqdirdə, ərazilərində Ermənistan prezidentinin geniş biznesi olan müsəlman ölkələri hansı addımları atmalıdırlar?

Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə bildirdi ki, hakimiyyətə gələn ikinci Sarkisyanın müsəlman ölkələrində geniş biznes şəbəkəsinə malik olması olduqca üzücü xəbərdir: “Bəli, ölkə başçımız çox ciddi əsaslara söykənərək müsəlman ölkələrinin nəzərinə çatdırıb ki, onların Ermənistanla əlaqələr qurmağa haqqı çatmır. Adlarını çəkdiyiniz ölkələr isə tək müsəlman ölkəsi deyil. Onlar həm də bizimlə eyni soya mənsub olan türkdilli dövlətlərdir. Belə ölkələr heç bir tərəddüd etmədən bizimlə eyni səngərdə çiyin-çiyinə durmalıdırlar. Çox təəssüf edirik ki, buna riayət etməyən qardaş ölkələrimiz var. Mən istərdim ki, onlar Türkiyədən, Pakistandan örnək götürsünlər. Bu məsələyə heç də diplomatik, dövlətlərarası münasibətlər kontekstindən baxmaq lazım deyil. Həmin ölkələrin Ermənistanla münasibətlərdən imtina etmək üçün əllərində kifayət qədər ciddi əsasları var. Mən başa düşə bilmirəm, Ermənistan həmin ölkələrin nəyinə lazımdır? Bu ölkələri heç bir dini, mədəni əlaqələr bir-birilə bağlamır. Yeni prezidentin biznesi ilə bağlı isə deyə bilərlər ki, ölkələrinə investisiya qoyubsa, bunun nəyi pisdir? Pis burasıdır ki, həmin adam türkləri, müsəlmanları qətlə yetirən, ərazilərini işğal edən, ortaq sayılan dini, milli abidələrimizi məhz edən mənfur bir ölkənin başında durur. Hesab edirəm ki, bu detalları əsas götürərək, həmin dövlətlər Armen Sarkisyandan biznesini ölkələrindən çıxarmağı tələb etməlidirlər. Çox təəssüflər olsun ki, bu gün Ermənistana nəfəslik verən də qonşumuzda olan müsəlman ölkəsidir. Müsəlman və türkdilli ölkələr Ermənistanla bütün diplomatik əlaqələri kəsməlidirlər”.

(Məhəmmədəli QƏRİBLİ, "Baki Xəbər")

 
Bu xəbərə səs ver
(0 səslər)

Reytinq