ABŞ İranla əməkdaşlıq edən ölkələri hədələyir

28 Sen 2018
36 baxış

Ekspert: “Azərbaycan İrana nə dəstək verə bilər ki...”

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İrana çox sərt xəbərdarlıq edib. O, Tehran rəhbərliyinə ABŞ-a, vətəndaşlarına və ya müttəfiqlərinə bir zərər gələcəyi təqdirdə qiyamətin qopacağını deyib.

Bolton bildirib ki, İran yalana, hiyləyə və aldatmağa davam etsə, bunun nəticəsini ciddi şəkildə görəcək: “Əgər ABŞ-a, müttəfiqlərimizə və tərəfdaşlarımıza problem yaratsanız, qiyamət qopar. Açıq bir mesaj verirəm. Sizi izləyirik!”

Qeyd edək ki, Amerika tərəfindən cənub qonşumuza qarşı belə hədələr ilk deyil. Son aylarda tez-tez prezident Donald Tramp səviyyəsində ABŞ rəsmiləri İranı bu cür hədələrə vaxtaşırı “qonaq edirlər”. Məlumdur ki, noyabrın 4-də rəsmi Tehrana qarşı Birləşmiş Ştatların tətbiq etdiyi sanksiyaların ikinci mərhələsi qüvvəyə minəcək.

İran ətrafında həlqələrin daralması Azərbaycanı da narahat etməyə bilməz. Əvvəla, bu ölkə regionun əsas aparıcı dövlətlərindən biridir. Digər tərəfdən, Azərbaycan siyasi və iqtisadi yöndə İranla yaxın əlaqələr qurub. ABŞ isə müttəfiqlərini qorumaqla yanaşı, İranla əməkdaşlığı davam etdirəcək, yaxud bu dövlətə dəstək verəcək ölkələri də hədələyir. Ekspertlərin İran ətrafında cərəyan edən proseslərdə Azərbaycanın hansı siyasəti yürüdəcəyi, yaxud yürütməli olduğu xətt barədə fikirləri müxtəlifdir.

Fikrət Yusifov ile ilgili görsel sonucu

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov bu gərginliyin yaxşı heç nə vəd etmədiyini bildirdi: “Bu hədələrin İranda son terror aktından sonra bir qədər də sərtləşəcəyi gözlənilən idi. Hesab edirəm ki, İran tərəf buna hər hansı bir cavab vermək yolunu tutsa (artıq bu yol tutulub) bunun nəticələri çox pis olacaq. ABŞ rəhbərliyi belə addımın bağışlanılmayacağını artıq bəyan edib. Ortada bölgədə ciddi bir toqquşma ocağı yarada biləcək durum formalaşır. Bu durumun kökündə isə hər iki tərəfin rəhbərliyinin hikkəsi dayanır. İki tərəf arasında münasibətlər davamlı olaraq münaqişənin genişləndirilməsi istiqamətində davam edəndə, adətən bunun sonu hərbi toqquşma ilə bitir”.

İqtisadçı dedi ki, Azərbaycan iqtisadi əlaqələr qurduğu bu ölkə ilə əlaqələrini kəsə bilməz: “O zaman rəsmi Bakı siyasətini necə qurmalıdır? Baxın, əsas sual budur. Hədə-qorxu gəlmək tarix boyu müharibə vəziyyətində olan ölkələrin istifadə etdikləri və daha çox yerli auditoriyanı sakitləşdirmək üçün istifadə edilən bəlli taktikadır. Heç şübhəsiz Birləşmiş Ştatlar İrana hərbi güc tətbiq etmək qərarı versə, o, başlanğıcda havadan zərbələr endirməklə İranın strateji hədəflərini məhv etməyə çalışacaq. İranın isə bunun qarşılığında edəcəyi heç nə yoxdur. Hadisələrin inkişafı hərbi toqquşmaya aparır. Hərbi toqquşma nəticəsində regionda ciddi bir müharibə ocağının yaranması isə İranla qonşu olan ölkələrə nə iqtisadi baxımdan, nə siyasi baxımdan, nə də humanitar baxımdan yaxşı heç nə vəd etmir”.

Politoloq Əhəd Məmmədli ile ilgili görsel sonucu

Politoloq Əhəd Məmmədli bunları düşünür: “Amerika 1979-cu ildən İranı, İran da həmin vaxtdan İsraili hədələyir. İndiyə qədər nə Amerika İran tərəfə, nə də İran İsrail tərəfə bir dənə də güllə atmayıb. Əksinə, Amerika Əfqanıstan və İraq tərəfə güllə atanda İranla anlaşdı. Amerika İraqı işğal edəndən sonra iranyönümlü qüvvələr Bağdadda iqtidara gəldilər. Yəni dəyişən heç nə yoxdur. Bolton Tehrana tərəfdaşlarımıza problem yaratsanız  deyəndə, ilk növbədə İsraili nəzərdə tutur. Bu o deməkdir ki, ABŞ birinci İrana hücum edən deyil.  Azərbaycan bu məsələdə istəsə də, heç nə edə bilməz. Azərbaycan çox kiçik və böyük problemləri olan ölkədir. Azərbaycan İrana nə dəstək verə bilər ki? Amerika İrana dəstək verən ölkələri təhdid edəndə bu təhdidin Azərbaycana aidiyyəti yoxdur. Əksinə, Azərbaycan regionda Amerika üçün vacib tranzit ölkədir. Amerikan təyyarələri Əfqanıstana uçuş edəndə Azərbaycan ərazisindən istifadə edirlər. İraq, Əfqanıstanda Azərbaycan sülhməramlıları da yer alırlar. Azərbaycan Qərb üçün vacib partnyordur. Üstəlik, Azərbaycanın neft, qaz ehtiyatları, eyni zamanda bura illərdir qoyulan milyardlıq yatırımların önəmi də Qərb üçün böyükdür. Azərbaycan-İsrail münasibətlərinin də önəmini unutmamalıyıq. Bunlar hamısı Azərbaycanı Qərbin gözündə əhəmiyyətli tərəfdaş edir. İranda çaxnaşma, müharibə, inqilab, qeyri-sabitlik olduğu təqdirdə Azərbaycan üçün ən təhlükəli qaçqın axınıdır. Azərbaycan bu məsələdə İranla da, Amerika ilə də isti münasibətlərini qoruyub saxlamalıdır. Balanslaşdırılmış siyasət davam etməlidir”.

(Yeni Müsavat)

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq