Trampdan körfəz ərəblərinə “Petriot” sürprizi

29 Sen 2018
171 baxış

“Pentaqon” İranla müharibə vəziyyətində olan körfəz ölkələrindən hava hücumundan müdafiə sistemlərini niyə çıxarır?

ABŞ Müdafiə Nazirliyi Küveyt, Bəhreyn və İordaniyadakı hava hücumundan müdafiə sistemlərinin “(“Petriot” zenit batareyaları – K.R.) sayını azaldır. Bu sürpriz qərarı ABŞ müdafiə naziri Ceyms Mattis bu həftə regiona səfəri zamanı açıqlayıb, “Pentaqon” Küveytdən 2, Bəhreyn və İordaniyadan isə hər ölkədən 1 “Petriot” batareyasını çıxaracaq.

Bu qərar indi Yaxın Şərqdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Çünki birincisi, bu qərar ABŞ-ın İranı müharibə ilə hədələdiyi bir vaxtda baş verir, ikincisi isə batareyalar körfəzin məhz anti-İran cəbhəsində yer alan, Səudiyyə Ərəbistanının əsas hərbi-siyasi tərəfdaşı olan ölkələrdən çıxarılacaq.

ABŞ-ın nüfuzlu “Wall Street Journal” nəşri “Pentaqon”dakı mənbələrə istinadən bu qərarın Rusiya və Çindən artan təhlükə ilə izah edib. Belə ki, Vaşinqton Çin və Rusiyanın təhdidləri qarşısında müdafiəni möhkəmləndirmək üçün ərəb ölkələrindəki sistemləri çıxarmaq qərarına gəlib. Ancaq məsələ ondadır ki, bu qərar Yaxın Şərqdə vəziyyətin günü-gündən gərginləşdiyi, müharibə riskinin artdığı bir zamanda verilir, ABŞ müttəfiqlərinin müdafiəsini zəiflədir. Üstəlik, bu addımı məhz indi atır. Bu isə ilk olaraq ağıllara belə bir şübhə salır: ABŞ Yaxın Şərqdən çəkilməyə hazırlaşır?

Doğrudur, hələlik ABŞ tərəfi, eləcə də iki “Petriot” batareyasının çıxarıldığı Küveyt sakit reaksiya verib. Küveyt Müdafiə Nazirliyi ABŞ HHM-lərinin çıxarıldığını təsdiqləyib. Eyni zamanda Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, çıxarılan “Petriot”lar Qətərdəki Yaxın Şərqdə ən böyük ABŞ hərbi bazasını hava hücumundan qoruyan sistemlər olub, Küveytin müdafiəsi ilə əlaqəsi olmayıb. Mənbə həmçinin Küveytdəki “Petriot” sistemlərinin ölkənin hava sahəsini bütünlüklə mühafizə etməyə qadir olduğunu bildirib. Eləcə də ABŞ ordu nümayəndələri “Pentaqon”un hələ də körfəzdə yetərli qədər hava və hava hücumundan müdafiə qüvvələrinə malik olduğunu, İranın mümkün hücum potensialından üstün olduğunu bildirib. 
Lakin indi bölgə ekspertləri qeyd edir ki, İrandan körfəz üçün təhlükə yalnız 40 il əvvəl alınmış F-5 qırıcılarından gəlmir. İran son illərdə yeni-yeni raketlər kəşf edib və bu silahların qarşısını almaq o qədər də asan deyil. Əgər elə olsaydı. Daha əvvəl bu “petriot”lar burada yerləşdirilməzdi. Deməli, ortada başqa səbəb var.

Müşahidəçilər bu qərarın arxasında Trampın qazanmaq həvəsinin yatdığını düşünür. Bu barədə Londonda nəşr olunan “Rəy əl-Yaum” qəzetində dərc olunan məqalədə qeyd olunur. Qəzet ehtimal edir ki, Tramp administrasiyasının qərarı ərəbləri ABŞ-dan yeni hava hücumundan müdafiə sistemləri almağa məcbur etmək məqsədi daşıyır. Məsələ ondadır ki, ABŞ prezidenti son bir ildə bir neçə dəfə açıq şəkildə bəyan edib ki, ABŞ ordusunun ərəbləri qoruması qarşılığında xərc çəkməlidirlər. Yəni ABŞ zəngin ərəb ölkələrini qoruyursa, buna görə əvəz ödənməlidir. Ya da ərəblər özləri özlərini qorumalıdır.

Aydın məsələdir ki, körfəz ölkələri İranı özlərinə qarşı əsas təhdid olaraq görürlər və ciddi müdafiə dəstəyinə ehtiyacları var. Vaşinqtonun “Petriot”ların bir qismini çəkməsi kərfəz ölkələri üçün bir siqnaldır. İndi onlar ya gərək özləri Amerikadan hava hücumundan müdafiə sistemləri alsınlar, ya da Vaşinqtonla yeni anlaşmalar imzalamaqla müdafiə xərclərini artırıb “Pentaqon”dan müdafiə təminatı almalı olacaqlar. Oxşar vəziyyət 2017-ci ilin yayında Qətər böhranı zamanı yaşanmışdı. Həmin vaxt 4 ərəb ölkəsi tərəfindən təhdid olunan Qətər hakimiyyəti tez-tələsik Vaşinqtona heyət göndərərək “köhnə əlaqələr” hesabına ABŞ-dan 12 milyard dollar dəyərində hərbi təyyarə alınması ilə bağlı müqavilə imzalamışdılar.

İndi isə növbə körfəzin digər ölkələrinindir. Trampın “sağmal inək” bənzətməsi etdiyi ərəb ölklələri artan neft qiymətləri fonunda Vaşinqtona daha artıq xərac ödəməyə məhkumdur. Əks təqdirdə Vaşinqton onları “Qəzəbli İranla” üz-üzə, köməksiz qoya bilər. Körfəz ölkələrinin isə alternativi yoxdur, Vaşinqtonla bir şəkildə anlaşmağa məhkumdurlar. Bu siyahıdakı nisbətən kasıb və borc içində üzən İordaniya isə görünür ki, Trampın Fələstin münaqişəsi ilə bağlı yeni həll planında ona verilmiş rolu oynamağa məcbur olacaq.

Yəqin ki, yaxın günlərdə körfəz ölkələrinin ABŞ-la yeni silah anlaşmalarının şahidi olacağıq. Çünki ərəblər üçün başqa seçim demək olar ki, yoxdur.

(Musavat.com)

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq