Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə, 04 Aprel 2018

ABŞ Türkiyənin Adana bölgəsindəki İncirlik hərbi hava bazasında yerləşdirdiyi “Armag” mobil silah deposunu başqa yerə köçürüb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, buna səbəb olaraq, deponun İncirlikdə qalmasına ehtiyac olmadığı göstərilib.

Məlumata görə, depo müharibə əməliyyatlarının həyata keçirildiyi başqa bir bazaya aparılıb. Amma həmin bazanın hansı ölkədə yerləşdiyi açıqlanmayıb.

Bununla da ABŞ bu bazadan köçürdüyü silah deposunun sayı 3-ə çatıb. Deponun birinin ağırlığı 40 ton, uzunluğu 15 metrdir. Depo İncirlik ərazisindəki Travis hərbi hava bazasından gələn 22-ci Hava Nəqilyyat Donanmasına aid “C-5M Super Galaxy” yük təyyarəsi ilə yeni ünvana daşınıb.

ABŞ Hərbi Hava Qüvvələri uzun illərdir Adanadakı İncirlik bazasında “Armag” mobil silah deposu yerləşdirib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ hərbçilərini Türkiyə və Qətərdən çıxararaq, İordaniya və Küveyt ərazisindək bazaya köçürəcəyi barədə məlumat yayılmışdı. Bu xəbər yayıldıqdan sonra ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Amerika hərbçilərinin Türkiyədəki "İncirlik" və Qətərdəki "Əl-Udeyd" hərbi bazalarının tərk edilməsi barədə KİV-də yayılan məlumatları təkzib edib.

Xatırladaq ki, Travis hərbi hava bazası ABŞ-ın Kaliforniya ştatında yerləşir.

 
Nəşr olunub DÜNYA

Aprel döyüşlərindən 2 il ötür.

Ermənistanla Azərbaycan arasında atəşkəsin olmasına baxmayaraq, silahlar demək olar ki, heç zaman susmayıb. Kiçik toqquşmalar dəfələrlə olub. Lakin 2016-cı ilin aprel ayında baş verənlər qısa müddətli bir müharibə idi. Həmin günlərdə cəbhənin Füzuli istiqamətində Lələ təpə və ətraf ərazilər, Tərtər istiqamətində isə Talış yüksəkliyi düşmən işğalından azad edildi.

Aprel döyüşlərində digər ordu birləşmələri ilə yanaşı xüsusi təyinatlı qüvvələrin əməyi danılmazdır. Dəfələrlə düşmən arxasına keçib, xüsusi əməliyyatlar edən həmin dəstə aprel döyüşləri zamanı ordumuzun önündə olub.

Yenicag.az həmin döyüşlərin iştirakçısı, kapitan Əliağa Zeynalovun müsahibəsini təqdim edir:

Qısa arayış:

Əliağa Əsgər oğlu Zeynalov – 1986-cı il sentyabrın 18-də Səlyan rayonunda anadan olub. 2001-2004-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib. 2004-2008-ci illərdə Azərbaycan ali hərbi məktəbini bitirdikdən sonra leytenant hərbi rütbəsi alaraq, ordu sıralarına göndərilib. Müəyyən bir vaxtdan sonra “Xüsusi təyinatlı qüvvələr” kursunu bitirərək, həmin qüvvələrdə qrup komandiri vəzifəsinə təyin olunub. Dəfələrlə tapşırıqlarda iştirak edib. Bunun son nəticəsi olaraq, 2016-cı il aprel ayının 1-də erməni silahlı qüvvələrinin Azərbaycana hücumunun qarşısını almaq üçün keçirilən əməliyyatlarda iştirak edib. Talış kəndindəki yüksəklikdə yaralanıb. 2016-cı il aprel döyüşlərindən sonra kapitan rütbəsində ordu sıralarından ehtiyata buraxılıb.

– Döyüş əməliyyatı necə başladı ?

– Düşmən qüvvələrinin bizim mövqelərimizi ələ keçirəcəkləri ilə bağlı kəşfiyyat məlumatı əldə etmişdik. Bunun qarşısını almaq üçün əməliyyata hazırlaşdıq. Aprel ayının 1-i gecə saat 23.00 radələrində düşmən postlarına yaxınlaşdıqda pusquya düşdük. 2 saata qədər döyüşdükdən sonra düşmən mövqeyini yarıb, onun arxasına keçdik. Saat 05:00-da Talış kəndi yüksəkliyini, Talış kəndini tam olaraq nəzarətə götürdük. Saat 06:00 radələrində Talış kəndində olan vacib obyektlər şəxsən mənim verdiyim koordinatlar vasitəsi ilə artilleriyadan açılan dəqiq yaylım atəşi ilə məhv edildi. Düşmənin xeyli sayda əsgərini döyüş yoldaşlarımla birgə məhv etdik.

– Məlumat var ki, hətta düşmən sizi öz əsgərləri ilə səhv salıb.

– Onlar elə bilirdi ki, biz pusquda məhv olmuşuq. Ancaq biz tam heyətlə Talış kəndində idik. Ona görə də Talış kəndində və onun ətrafında olan bizi öz əsgərləri hesab edirdilər. Düşmənin canlı qüvvəsi barədə məlumatları artilleriyaya çatdırırdım, onlar da dəqiq atəşlərlə onları məhv edirdilər. Bizə əmr gəldi ki, tutduğumuz mövqelərdə möhkəmlənək. Bir qrupumuz 4 dəqiqə ərzində 8 erməni əsgəri öldürdü və 22-ci postu tutdu. Şəhidlərimiz Elmidar Səfərov, Ravil Novruzov da o qrupda idi. Həmin postlar bir gün bizdə oldu.

– Geri çəkilmənin səbəbi nə oldu?

– Döyüşlərdə yaralılar və şəhidlərimiz vardı. Ona görə də bizə komanda verildi ki, yaralı və şəhidləri götürüb, Talış kəndindən geri çəkilin. Artıq düşmən bilirdi ki, Azərbaycan ordusu Talış kəndindədir. Onların xeyli sayda zirehli texnikası, topları, ordusu Talış kəndinə istiqamətlənmişdi. Çünki Talış kəndi yüksəkliyi çox strateji bir mövqedir. Talış kəndi yüksəkliyi Laçına qədər tam əhatəli müşahidəyə icazə verir. Necə ki, oradan Yevlaxa kimi görünürdü. Ermənilər o istiqamətdə olan bütün qüvvəni bizim üzərimizə yönəltdi. Ancaq Talış yüksəkliyində möhkəmləndik. Onlar canlı qüvvə ilə bizə cavab verə bilmədikləri üçün tanklardan istifadə etdilər. Murad Mirzəyev və digərləri mövqeyindən çıxmadı. Onları tankla vurdular. Döyüş yoldaşlarımızın əzmkarlığı onda göründü ki, avtomatla tanka heç nə edə bilməyəcəklərini bildikləri halda postu tərk etmədilər. O postlar bizdə qaldı.

– Siz yüksəklikdə olmusunuz, müşahidələrinizdən danışardınız.

– Elə bir yüksəklikdə idim ki, erməni postlarındakı əsgərlərin necə qaçdığını görürdüm. Bizə lazım olan yerə qədər yaxınlaşdıqdan sonra onları snayperlə bir-bir məhv etdik.

– Aprel döyüşləri ilə Birinci Qarabağ müharibəsi arasındakı fərq nədə idi?

– Birinci Qarabağ müharibəsi zamanı artilleriyamızda o qədər də dəqiqlik olmayıb. Bu döyüşlərdə isə yüksəklikdə dayanmışdım, hər yeri əlimin içi kimi görürdüm. Hansı koordinatı deyirdim, oranı dəqiqliklə vururdular. Qürur duyurdum. O, səhnəni izləmək ayrı hiss idi.

Şəxsən özüm 5-10 metrdən erməni əsgərlərini öldürmüşəm, ancaq yuxarıdan durub, dediyim nöqtələrin dəqiq vurulmasını izləmək ayrı hiss idi.

(Səxavət Məmməd, Yenicag.az)

Nəşr olunub SİYASƏT

- Bu yaxınlarda bir sıra dünya liderləri və tanınmış siyasətçilərin iştirakı ilə keçirilmiş VI Qlobal Bakı Forumu kifayət qədər gündəmi məşğul etdi. Forumdan belə bir gözlənti vardı ki, tədbir Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq, xüsusilə də bəzi anti-Azərbaycan dairələrin təbliğatına layiqli cavab olacaq. Bu gözləntilər nə dərəcədə özünü doğrultdu?

 

- Ümumiyyətlə, bu forumun altıncı dəfə və daha geniş tərkibdə Bakıda keçirilməsinin özü göstərdi ki, Azərbaycanın nüfuzu artıb, ölkəmiz qlobal siyasi məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib. Bakıda artıq bütün dünyanı narahat edən qlobal əhəmiyyətli məsələlər, tolerantlıq, dini və milli dözümlülük mövzuları, humanitar problemlər müzakirə olunur. Əlbəttə ki, bu məsələlərin müzakirəsi zamanı Azərbaycanın mövqeyi ifadə edildi, ölkə siyasi elitasının mövqeyi, dövlətin bütün beynəlxalq məsələlərə baxışları ortaya qoyuldu. Gələn yüksək statuslu çoxsaylı qonaqlar da Azərbaycan həqiqətlərini daha dərindən öyrənərək buradan ayrıldılar. İndiyə qədər bədnam düşmənlərimizin bizə qarşı apardığı təbliğatın qarşısını almaq üçün bu, yeni bir platformadır. Forumda iştirak edən nüfuzlu siyasət adamları, sabiq və indiki dövlət və hökumət başçıları ölkədə vətəndaş cəmiyyətinin mövcudluğunu, mətbuat azadlığını, siyasi dialoqun inkişafını öz gözləri ilə gördülər. Bu cür tədbirlər Azərbaycan həqiqətlərinin yayılmasında mühüm rol oynayır, dünyada Azərbaycanın siyasi nüfuzunu artırır, ciddi siyasi oyunçu kimi mövqeyinin möhkəmlənməsinə öz töhfəsini verir, ən ağrılı yerimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, işğal altındakı torpaqlarımızla bağlı daha düzgün məlumatların yayılmasına gətirib çıxarır. Bu mənada keçirilən forumlar ildən-ilə Azərbaycan üçün daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Bütün bunlar təbii ki, Azərbaycan prezidentinin apardığı uğurlu və uzaqgörən siyasətin Azərbaycan xalqının mənafelərinə xidmət etdiyini bir daha nümayiş etdirir.

 
 

- Azərbaycan illərdir Qərbin ikili standartlarından əziyyət çəkdiyini dəfələrlə dilə gətirir. Bu halın aradan qaldırılması, o cümlədən bəzi dairələr tərəfindən aparılan əks təbliğata qarşı hansısa tutarlı qlobal cavabın verilməsi baxımından bu forumun nəticəsi olacaqmı?

 

- Bu məsələlərə daha çox praktik yanaşmaq lazımdır. Yəni nə qədər ki, Azərbaycan öz dövlət müstəqilliyinin qorunması üçün ardıcıl addımlar atır, nə qədər ki, dövlətimizin başçısı cənab prezident İlham Əliyev dünya arenasında öz sözünü qətiyyətlə deyir, dünya ölkələri arasında ölkəmiz öz yerini daha möhkəm qoruyub saxlayır. Təbii ki, bizə münasibətdə ikili standartlar olacaq. Dünyada müəyyən qüvvələr tapılacaq ki, ən azı maraqları bədxah düşmənimiz Ermənistanın, onun lobbisinin maraqları ilə üst-üstə düşsün. Biz buradan ikili standartları görüb haqq-ədaləti tələb etdiyimiz halda, o qüvvələr yenə erməni lobbisinin təsiri ilə ikili standartlarını davam etdirəcəklər. Belə deyək ki, biz daha çox uğur qazandıqca, gücümüz və nüfuzumuz artdıqca, dünyada söz sahibi olduqca, sayıldıqca bizə qarşı təxribatlar da olacaq. Buna baxmayaraq, bura gələn yüksək statuslu, çoxsaylı qonaqların geri qayıdarkən artıq kimlərinsə dediyini yox, özlərinin düşüncələrini bölüşməsi təbii ki, ən azı bəzi dairələrin anti-Azərbaycan təbliğatının nəticə verməsinə imkan yaratmayacaq. Əsas odur ki, onlar gördülər ki, Azərbaycan prezidentinin auditoriyaya söylədiyi fikirlər xalq tərəfindən qəbul edilir, Azərbaycan vətəndaşları öz prezidentinə inanır, güvənir və onun ətrafında sıx birləşib.  Bu forumda iştirak edən yüksək səviyyəli qonaqlar, siyasət və dövlət adamlarının öz ölkələrində Azərbaycan haqqında söyləyəcəyi fikir, bizim ölkəmiz haqqında təəssüratı ictimai rəyə ciddi təsir göstərir. Çünki bu adamlar öz ölkələrində böyük nüfuza və ictimai rəyə təsir imkanlarına malik təcrübəli siyasət adamlardır, onların sözünə cəmiyyətdə etimad var.

 

- Azərbaycan Avropanın təbliğat-informasiya kanallarında nə qədər yer ala biləcək ki, məsələn, siyasi mübarizələrini hətta təhqirlə, söyüşlə aparan bəzi şəxslərin bu kampaniyası ciddi görünməsin?

 

- Çox maraqlı məqama toxundunuz. Əlbəttə, son zamanlar sosial media insanların həyatında çox böyük yer tutmağa başlayıb. Bu yeni platformadan istifadə edən iki-üç yaramaz, ailə tərbiyəsi görməyən, vətən, dövlət sevgisinin nə olduğunu anlamayan, kimlərinsə beş-üç qəpiyinə uyaraq mənsub olduğu ölkə əleyhinə iş aparan sosial media qəhrəmanları üzə çıxıb. Azərbaycan, dövlət başçısı, ailə üzvləri, ölkənin siyasi elitası, prezidentin komandası, bir sözlə, dövlət haqqında olduqca yaramaz, tərbiyəsiz bir kampaniya aparırlar. Bu kampaniya əslində Azərbaycanın daxili auditoriyasına, insanları çaşdırmağa hesablanıb. Bilirsiniz, bayaq dediyim kimi, dövlətimiz inkişaf etdikcə, siyasətimiz daha da qətiyyətli olduqca bundan narahat olan dairələr bütün üsullara əl atırlar və bu da onlardan biridir. Məqsəd də Azərbaycanı içəridən çalxalamaq, xaos yaratmaq və gələcəkdə Azərbaycanda Suriya, Liviya kimi ölkələrin düşdüyü vəziyyəti yaratmaqdır. Burada xalq nə dərəcədə zərbələr alacaq, nə günə düşəcək, artıq o dairələri maraqlandırmır. Buna görə də həmin dairələrə alət olan, içimizdən çıxıb xaricdə məskunlaşan bir-iki tərbiyəsiz anlamalıdır ki, apardıqları bu əxlaqsız şou onların da ailələrinin, qohumlarının yaşadığı ölkəyə fəlakət vəd edir. Çünki istənilən halda Azərbaycanı sevməyən qüvvələr burada xaos yaratmaq məqsədinə nail olsalar, bundan siyasi baxışından, sosial statusundan, əqidəsindən asılı olmayaraq, bütün vətəndaşlar zərər görəcək. Biz belə nümunələri başqa ölkələrin timsalında görmüşük. Bizim çox humanist dövlət başçımız var. Məhz bu səbəbdən həmin insanların bu qədər tərbiyəsizlik etməsinə baxmayaraq, Azərbaycan dövləti, prezidenti sevən insanlar tərəfindən hər hansı bir şəkildə kobud müdaxilə edilmir. Buna izn də verilmir. Çalışılır ki, hər şey qanunlar çərçivəsində olsun. Ancaq təəssüf ki, o insanlar hazırda yaşadıqları ölkələrin qanunlarını da kobud şəkildə pozurlar. Portretlər yapışdırılması, sosial şəbəkələrdə dövlət başçısını təhqir etmələri bu adamların yaşadıqları ölkələrin qanunlarının da kobud şəkildə tapdalanmasıdır. Onlar törətdiyi əməllərə görə yaşadıqları ölkələrin hüquq-mühafizə orqanları tərəfindən həbs də oluna bilər. İndi görünür, bu təxribatçı qrupun belə çirkin metod istifadə etməsi hansısa dairələrin marağındadır. Hər şey ona hesablanıb ki, Azərbaycan dövləti müəyyən addımlar atsın, bu insanlara qarşı hansısa sərt tədbirlər görsün və sonra da bundan dövlətimizə qarşı istifadə etsinlər. Dediyim kimi, Azərbaycan dövlətinin, onun başçısının apardığı uğurlu siyasət çoxlarının gözlərini çıxardır, nəfəslərini boğur və çox çalışırlar ki, bu siyasətə bütün vasitələrlə əngəl olsunlar. Ancaq bacarmayacaqlar, çünki dövlətimiz onların təsəvvür etdiyindən daha güclüdür. Azərbaycanda xalq hakimiyyətidir və bütün Azərbaycan xalqı da dövlət başçısının ətrafında sıx birləşib.

 

- Azərbaycan diasporunun baş verənlərə münasibəti necədir?

 

- Bilirsiniz, Avropada bu gün yüz minlərlə azərbaycanlı yaşayır, onların mütləq əksəriyyəti Azərbaycan dövlətinin və prezidentinin ətrafında sıx birləşib, söyüş söyən tərbiyəsizlər isə barmaqla sayılacaq qədərdir. Yəni bu gün söyüş və təhqir metodu ilə guya siyasi mübarizə apardıqlarını zənn edənlərin sayı 4-5 nəfərdir, onların da ətrafında birləşənlərin sayı bütün Avropa üzrə maksimum 30-40 nəfər olar ya olmaz. Hər yerdə də eyni adamlardır. Biz araşdırmışıq ki, bunların əksəriyyəti heç yerdə işləmir, demək ki, haradansa maliyyələşirlər. Əlbəttə ki, havadarları var, onlara vəsait verən konkret qruplar var, yəni onları Azərbaycan dövlətini sevməyən dairələr maliyyələşdirir. Eyni zamanda, müəyyən aldanmış insanlar da var. Məsələn, dünən bir videoda baxıram ki, İsveçdə 10 yaşlı bir uşaq aparıb portret yapışdırır, heç özü də bilmir niyə yapışdırır. Bu, çox iyrənc haldır. Özləri qorxub geriyə çəkilib, 10 yaşlı uşağı aldadaraq bu işlərə cəlb edirlər. Bu, həmin adamların bütün mahiyyətini əks etdirir. Bunlar hamısı sosial media qəhrəmanlarıdır. 31 martda deputat Adil Əliyevin Kölndə keçirdiyi tədbirdə də diqqət etsəniz, gərərsiniz ki, bunlar ancaq sosial media üzərindən özlərini "qəhrəman" kimi təqdim etməyi bacarırlar. Yəni gücləri çatıb orada tədbir keçirilən zala da girməyiblər, kənarda durub, yalnız polis gələndən sonra hay-küy salmaları da göstərir ki, mahiyyətcə qorxaq adamlardır. Düşünürəm ki, bütün Azərbaycan xalqı, o cümlədən Avropada yaşayan azərbaycanlılar artıq anlayırlar ki, bunlar kimdir və nə baş verir? Hər kəs çox aydın başa düşür ki, bunlar kiminsə muzdlu söyüşçüləridir. Ən pisi də odur ki, Azərbaycanın işğal olunmuş ərazilərində mövcud olan separatçı rejimlə bağlı ermənilərin başladıqları bir kampaniya çərçivəsində rejimin üzdəniraq başçısının səfərləri, onların keçirdikləri tədbirlər bu yaramazların aksiyaları ilə üst-üstə düşür. Ermənilər harada separatçı rejimlə bağlı bir tədbir keçirirsə, bu yaramazlar da dərhal səfirliyimizin qarşısında guya aksiya keçirirlər. Bunu idarə edən məkrli qüvvələrin niyyəti odur ki, belə yaramazların vasitəsilə Azərbaycan səfirliklərinin diqqətini yayındırsınlar. İndi bütün bu məsələlər araşdırılır və mən əminəm ki, zaman gələcək, bu yaramazların maliyyə mənbəyinin məhz o ölkələrdəki erməni lobbiləri olduğu aydınlaşacaq.

 

- Azərbaycan hüquqi müstəvidə həmin şəxslərə qarşı hər hansı iddia irəli sürə bilərmi? Söhbət o ölkələrin məhkəmələrinə müraciətdən gedir. 

 

- Burada da ikili yanaşma özünü göstərir. Bu adamların etdiyi tərbiyəsizliklər fəaliyyət göstərdikləri, yaşadıqları ölkələrin qanunlarının kobud şəkildə pozulmasıdır. Məsələn, reklamla bağlı qanunlarını pozduğuna görə bu yaxınlarda o yaramazlardan birini Niderland məhkəməsi 350 avro miqdarında cərimələyib. Hüquqi iddialarla bağlı çox müzakirələr aparılıb. Avropa ölkələrinin hüquq sistemini bilən mütəxəssislər də qeyd edirlər ki, orada məhkəmə sistemi də bəzən ikili standartların təsirinə məruz qalır. O qüvvələr, hansı ki, bunları maliyyələşdirir, məhkəmələrə də təsir göstərə bilirlər. Mənə elə gəlir ki, bu gün o tipli məhkəmə proseslərindənsə Azərbaycan ictimaiyyətinə biz hər şeyi açıq göstərməliyik, bilsinlər ki, bu yaramazların istəyi nədir. Onların istəyi Azərbaycanı indiki Suriyaya döndərməkdir. Amma anlamırlar ki, bura Suriyaya dönsə, onlar nə qazanacaqlar? Onların yaxınları, ailələri də bu xalqın nümayəndələridir, bu ölkədə yaşayırlar, yəni onların əzizləri də əziyyət çəkəcək axı... Buna görə də, ictimaiyyət, o cümlədən onların yaxınları bu adamların iç üzünü tanımalıdırlar. Bilməlidirlər ki, bu tərbiyəsiz ifadələrin sahiblərinin tutduğu yol hara və nəyə xidmət edir. Hesab edirəm ki, tanımağa başlayıblar da. Artıq aydın görünür ki, ictimaiyyət nəinki onlara inanmır, hətta ciddi qəbul etmir. Bu insanlar işlətdikləri təhqirlərlə, əxlaqsız, tərbiyəsiz addımlarıyla əslində həm də bizim milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizə xəyanət ediblər. Ümumiyyətlə, söyüş arqumentlərin bitdiyi yerdə başlayır. Bu adamlar üç-dörd nəfərdir və sona qədər də meydanda beləcə, tək qalacaqlar. Heç kəs onlar kimi namus və şərəf hissini itirməyib. Onlar artıq bütün azərbaycanlıları da bezdirib, səbrini daşırırlar. Çünki Azərbaycan dövlətini təhqir etməklə, bütün azərbaycanlıların heysiyyətinə toxunurlar. Avropada yaşayan azərbaycanlılar da qanunlar çərçivəsində öz sözlərini deyirlər və deyəcəklər.

 

- Dediyiniz o havadarlarla bağlı ehtimalları dəqiqləşdirmək olarmı? Kimdir o havadarlar ki, onları bu qədər asan idarə edə bilirlər?

 

- Əvvəla, onu deyim ki, görünür, burada bizim də müəyyən mənada səhvimiz var. Çünki bəlkə də biz ərəb ölkələrində hazırda baş verən proseslərin məğzini ictimaiyyətə kifayət qədər düzgün çatdıra bilməmişik. “Ərəb baharı”ndan əvvəlki və sonrakı prosesləri düzgün izah edə bilməmişik. Bütün bunları Azərbaycan ictimaiyyətinə tam açıb göstərmək lazımdır ki, görsünlər bu ölkələrdə hadisələri kimlər başlatdı, nələr oldu və bu gün nə baş verir. İndi ad çəkməyəcəyəm. Amma burda onlara mesajımızı çatdıracağam. Azərbaycanın daxilində və xaricində kim onlara havadarlıq edirsə, Suriyanı və Liviyanı görüb xalq qarşısında məsuliyyətlərini dərk etsinlər. Əgər, Allah eləməsin, sabah Azərbaycanda həmən ölkələrdəki vəziyyət təkrarlanarsa, bu, heç kimdən yan keçməyəcək. Belə bir söz var ki, inqilab birinci öz uşaqlarını yeyir. Allah bunu bizə göstərməsin, əgər bu ölkədə xaos yaranarsa, bəlkə də birinci zərbəsi elə onlara dəstək verənlərə dəyəcək. Mən indi bu qrupun havadarlarının adını çəkmirəm, ancaq bilsinlər ki, kim olduqlarını bilirik. Artıq yavaş-yavaş konturları bəlli olur. Qulaqlarını açıb eşitsinlər ki, Azərbaycanın prezidenti çox güclüdür, güclü komandası var və ölkənin idarəetmə sükanı çox möhkəm əllərdədir. Cənab prezident dövlətin, xalqın mənafeyini yüksək səviyyədə özündə ehtiva edən siyasət aparır. Onun komandası da ətrafında sıx birləşib. İndiyə qədər də müxtəlif dairələrin min cür oyunu olub, heç nə edə bilməyiblər. İndi də edə bilməyəcəklər. Onlara alət olan qorxaq yaramazlar da heç nə edə bilməyəcəklər. Aprel ayında bizim Avropadakı diaspor təşkilatlarının müxtəlif tədbirləri olacaq. Gücləri çatırsa, gəlsinlər. Gələ bilərlər? Əlbəttə ki, yox. Çünki onlar mahiyyətcə səbatsız, cəsarətsiz, kamera qarşısında bağırıb söyüş söyməkdən başqa heç nə bacarmayan qorxaqlardır. Hesab edirəm, gəlsələr də paylarını alacaqlar. Qanunlar çərçivəsində biz də gücümüzü ortaya qoymağa hazırıq. Elə burdan da bəyan edirəm ki, bizim diasporumuz Avropada çox böyük tədbirlər keçirir, hünərləri varsa gəlsinlər. Həqiqi vətənpərvərlər, əsl azərbaycanlılar öz sözlərini deyəcəklər. İmkan verməzlər ki, üç-beş tərbiyəsiz dövlətimizə hörmətsizlik etsin.

 

- Artıq prezident seçkilərinə sayılı günlər qalıb. Dünyadakı azərbaycanlılar bu seçkilərə necə hazırlaşır?

 

- Necə ölkə daxilindəki sorğularda cənab prezidentin reytinqinin 84 faizdən çox olduğu bəlli oldusa, bəlkə də xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında bu reytinq daha da yüksəkdir. Bu, artıq real faktdır. Çünki kənardan Azərbaycanın hansı inkişaf yolu keçdiyi daha aydın görünür və hiss olunur. Buna görə də xaricdə yaşayan azərbaycanlılar cənab prezidentin fəaliyyətini yüksək qiymətləndirərək qarşıdan gələn seçkilərə böyük həvəslə hazırlaşırlar. Bütün dünyanın gözü qarşısında çox mürəkkəb geosiyasi məkanda yerləşən, son dərəcə ziddiyyətli proseslərin getdiyi bu illər ərzində Azərbaycan inkişaf edərək qüdrətli dövlətə, söz sahibinə çevrilib və bizim soydaşlarımız qürbətdə yaşasalar da bunu görürlər, öz tarixi vətənləri ilə fəxr edirlər. 

(Mübariz Aslanov, APA)

 
 
Nəşr olunub CƏMİYYƏT

Ramiz Məmmədov: "Mümkündür ki, fikrim əsəbi vəziyyətdə olduğum üçün kəskin alınıb"

 

Azərbaycan jurnalistlərinin ünvanına "küçük" deyərək, onları təhqir etməsi ilə gündəmə gələn akademik Ramiz Məmmədov mətbuat üçün açıqlama yayıb.

 

Musavat.com bildirir ki, "üzrü günahından betər" janrında olan açıqlama aşağıdakı kimidir:

 

"Hörmətli ictimaiyyət nümayəndələri və media mənsubları, hamınızı salamlayır, ehtiramımı bildirirəm. Mən elm adamıyam. Təbiət və ətraf mühitin aktual problemləri ilə məşğulam və biz Azərbaycanın milli maraqlarına uyğun gələn layihələrin elmi-nəzəri əsaslarını hazırlayırıq. Əsas tədqiqat sahəm Xəzər dənizidir, bu sahədə Avropa İttifaqının Çərçivə Proqramlarının, NATO-nun Elm Sülh Naminə və ABŞ-ın Mülki Tədqiqatlar Fondlarının və bir sıra digər beynəlxalq təşkilatların qrantlarına layiq görülmüşəm, 20-yə qədər beynəlxalq layihənin rəhbəri olmuşam və bununla da fəxr edirəm. Ona görə ki, bu layihələrə nail omaq üçün mən dünyanın bu sahədə işləyən görkəmli alimləri ilə yarışmışam və qalib çıxmışam, bu təşkilatların saytlarında bir azərbaycanlı kimi mənim də adım var.

 

Son vaxtlar ayrı-ayrı sayt və mətbuat orqanlaırda bir qeyri profesional jurnalistin məsuliyyətsizliyi ucbatından işgüzar nüfuzuma xələl gətirən, olmayan açıqlamamın getməsindən müəyyən qədər emosional vəziyyətdə ifadə etdiyim fikir müzakirə olunmaqdadır. Mümkündür ki, fikrim əsəbi vəziyyətdə olduğum üçün kəskin alınıb. Fikrim profesional, öz işini bilən, qələminə ehtiramlı jurnalistikaya yönəlməyib. Bu bir nəfərin qeyri obyektivliyinə yönələn ifadə olmaqla hesab edirəm ki, doğru deyil. Görünür daha dözümlü olmalı idim. Ancaq, bununla birlikdə yenə də təssüflə təsdiq edirəm ki, bizim jurnalistlərin içərisində professional olmayan, öz işinə məsuliyyətsiz yanaşanlar da vardır. Bu səbəbdən beynəlxalq səviyyəyə çıxa bilmirlər və bir azərbaycanlı kimi bu məni narahat edir.

 

Əlbəttə, hər sahədə olduğu kimi Azərbaycanda jurnalistika sahəsində də müəyyən inkişaf var, anacaq hələ bu azdır. Hər sahədə olduğu kimi bu sahədə də qeyri profesionallar, saxtakarlığa meylli olanlar, qələminə hörmət etməyənlər ola bilər. Mən öz işinə yüksək profesionallıqla yanaşan qələm əhlinə hər zaman ehtiramlı olmuşam, nə qədər işim çox olsa da onları qəbul etmişəm, suallarına açıqlamalar vermişəm və bu mövqeyimi bir epizod dəyişə bilməz. Bu kateqoriya jurnalistlərə peşəkarlıq səviyyələrini artırmaq sahəsində fədakarlıqlar arzulayıram. Bildirirəm ki, məşğul olduğum sahə ilə bağlı hər zaman qapımız peşəkar jurnalistlərin üzünə açıqdır. Hesab edirəm ki, bu xoşagəlməyən məqamı unudaraq, gələcək əməkdaşlığımız haqqında düşünməli, bu əməkdaşlığın Azərbaycanımızın xeyrinə olmasına çalışmalıyıq.

Hörmətlə

Ramiz Məmmədov"

 

(Musavat.com)

Nəşr olunub CƏMİYYƏT

Kənardan baxanda ilk baxışdan 9 yaşlı Jalənin heç nəyi dərk etmədiyini düşünürsən. Özü üçün qaçır, hoppanır, tullanırdı… Ancaq heç də belə deyildi. Xalası Tünzalə xanım söhbət əsnasında dedi ki, Jaləni anasının məzarından qoparmaq olmurdu. Pambıq kimi əlləri ilə torpağı cırmaqlayıb, “ana, mən pis övladam. Sən ölmüsən, mən isə burda atılıb-düşürəm”, deyirdi…

Soruşduq: “Jalə, gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən?” Bir qədər düşündükdən sonra “deputat” cavabını verdi. Deyəsən, bu, taleyin ironiyası idi. Amma əmin olun ki, Jalə deputat olsa, Allah uzaq eləsin, bir də iş başında süpürgəçi ölümü qeydə alınsa, o, millət vəkili Musa Quliyev kimi “onu işləməyə nə məcbur edirdi?” sualı ilə çıxış etməyəcək.

Çünki o, çətinliyin nə olduğunu hələ uşaq yaşlarında görüb. Ən azından süpürgəçi qadının alın təri ilə qazandığı halal çörəyi yeyib. Dərslərini də yaxşı oxuyur, dediyini görə, “5+” alır.

Mərhumənin bacısı Tünzalə xanım da süpürgəçidir. Deyir, süpürgəçi həyatı cəhənnəmdir. Təhlükəli iş görmələrinə baxmayaraq, aldıqları maaş 250 manat civarındadır.

Mərhumə Cəmilə Salahovanın böyük qızı Zümrüdün isə 13 yaşı var. Dediyinə görə, atası anasından ayrıldığı vaxtdan indiyədək onlarla maraqlanmayıb. Cəmilə-Tünzalə bacıları kirayədə yaşaya-yaşaya qızlarını böyüdürdülər. Mərhumənin arzusu pul yığıb, heç olmasa birotaqlı da olsa, ev almaqdı. Amma süpürgəçi maaşı ilə bu arzunu reallaşdırmaq ucu-bucağı görünməyən səhrada su axtarmaq kimi bir şey idi…

Tale Cəmilə xanıma son mənzili qismət elədi. Bəs atası yox kimi olan bu uşaqların taleyi necə olacaq? İnanın ki, Milli Məclisdə maaş davası edən deputat Musa Quliyev də bu sualın cavabını bilmir…

(EMİN SƏFƏROV, Yenicag.az)

Nəşr olunub CƏMİYYƏT
"Məmurların, icra başçılarının şəhid ailələrinə, Qarabağ qazilərinə qarşı xoşagəlməz münasibəti insanların, xüsusilə gənclərin vətənpərvərlik ruhunu aşağı salır”.
 
Bu barədə "Sherg.az”a xüsusi təyinatlı hərbiçi, Qarabağ qazisi Natiq Mehdiyev bildirib. O söyləyib ki, bu hadisələrin tək elektron mediada, qəzet və jurnallarda dərc olunması kifayət etmir:
 
"Şəhid ailələrinə, qazilərə qarşı hərəkətləri televiziyalarda daha geniş tənqid olunmalıdır. Bu özbaşınalıqlara qarşı xüsusi mərkəz olmalıdır ki, insanlar məmurlardan şikayətlərini bura ünvanlasın. Şəhid ailələri, qazilər yalnız media vasitəsi ilə müraciət edə bilir, halbuki özümüz deyir, özümüz də eşidirik. Sırf bu şikayətlərə baxacaq orqan yaradılmalıdır. Hər kəs yaxşı bilir ki, şəhidlərin, qazilərin sayəsində belə rahat yaşaya bilirik. Onlar öz canından keçməsə idi, ermənilər bəlkə də çox ərazilərimizi işğal edərdi. Şəhid ailələrini, qaziləri incidən məmurlar bunu anlamır. Ona görə, bu qədər əziyyət çəkməli oluruq”.
 
Zərdab rayonunun icra başçısının şəhid ailəsinə verilən qanpulunu mənimsəməsinə toxunan Qarabağ qazisi bunun araşdırılmasını tövsiyə edir:
 
"Həmin pulun ailəyə çatıb, çatmaması sübut olunmalıdır. Ümumiyyətlə, məmurların belə özbaşınalığı ilə əlaqədar tədbir görülməlidir. Bir müddət əvvəl xəbər yayılmışdı ki, Daşkəsən rayon icra başçısı Qarabağ qazisi Arzu Məmmədovun 20 min manat pulunu mənimsəyib. Həmin məsələ də mübahisəli olaraq qaldı. Hansı tərəfin haqlı olduğu üzə çıxarılmadır. Ortada olan isə, belə hadisənin insanlarda yaratdığı ruh düşkünlüyüdür”.
 
Qeyd edək ki, aprel şəhidi Nurlan Abdullayevin atası Rasim Abdullayev mətbuata müraciətində ailəsinin yaşayışının yaxşı olmadığını, kiçik daxmada yaşadıqlarını məsələ ilə bağlı rayon icra başçısına müraciətlərinin cavabsız qaldığını və Böyükdəkkə kənd orta məktəbinə şəhidinin adının verilməsi məsələsinə müsbət yanaşılmadığını və məzarın üzərindəki bayrağın götürülməsinə etiraz etdiyini vurğulayıb.
 
Zərdab rayonunun icra başçısı Lütvəli Babayev isə şəhid atasının ittihamlarına cavab verib. Onun sözlərinə görə, Rasim Abdullayevin müraciətində qeyd edilən fikirlərin heç bir əsası yoxdur, şantaj və böhtan xarakterlidir. Belə ki, şəhid ailəsi kimi Rasim Abdullayevin etdiyi bütün müraciətlərə Rayon İcra Hakimiyyəti tərəfindən diqqətlə yanaşılıb və qaldırdığı məsələlərin həlli üçün zəruri olan bütün tədbirlər görülüb.
 
 
Xatırladaq ki, 2012-ci ildən Naxçıvanda əsgəri xidmət keçən, xidməti başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq hərbi xidmət edən Zərdab rayonunun Böyük Dəkkə kənd sakini, 1994-cü il təvəllüdlü, gizir Abdullazadə Nurlan Rasim oğlu 2016-cı ilin aprel ayında Tərtər bölgəsində gedən döyüşlərdə şəhid olub.
 
(Aysel Aslan, sherq.az)
Nəşr olunub CƏMİYYƏT

Xəbər verildiyi kimi, bazar günü rusiyalı milyarder Ziyavudin Maqomedov özünün şəxsi təyyarəsində ailəsi ilə birlikdə Mayamiyə istirahət etmək üçün hərəkət edərkən həbs olunub. Hüquq-mühafizə orqanları onu mütəşəkkil cinayətkar dəstə qurmaqda və külli miqdarda maliyyə vəsaitini (2,5 milyard rubl) talan etməkdə təqsirləndirirlər.

“Maqomedova yaxın 3 şəxs onun hakimiyyətin yuxarı çevrələrində gedən müharibələrin qurbanı olduğunu söyləyirlər”, - “Financial Times” qəzetindən Maks Seddon və Katrin Hille yazır.

Belə ki, Z.Maqomedov və onunla birlikdə həbs olunan qardaşı Rusiyanın baş naziri Dmitri Medvedevə, xüsusilə də onun müavini və sağ əli sayılan Arkadi Dvorkoviçə yaxın isimlər hesab olunurdular.

Картинки по запросу зиявудин магомедов dmitriy medvedev

“Maqomedovun həbsinə qədər Medvedevin baş nazir vəzifəsində qalma ehtimalı olduqca yüksək sayılırdı. Indi şərtlər tamamilə dəyişib”, - Siyasi texnologiyalar mərkəzinin prezidenti İqor Bunin yazı müəlliflərinə bildirib.

Yazıda Maqomedovun bir sonrakı taleyinin Medvedevin aqibətini müəyyənləşdirə biləcəyi qeyd olunur: “2012-ci ildə Putin prezident postunu D.Medvedevdən təhvil aldıqdan sonra bir çox dövlət müəssisələri Z.Maqomedovun böyük gəlir əldə etdiyi müqavilələri məhkəmə yolu ilə mübahisələndirməyə başlayıblar. Bu layihələrin bir çoxu əslində Dvorkoviç tərəfindən himayə olunurdu”.

Yeri gəlmişkən, Arkadi Dvorkoviç Z.Maqomedovla birlikdə Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisadiyyat fakulətsində oxuyub. 
Dmitri Medvedev öz prezidentliyi dövründə onu hətta “Şöhrət” ordeni və “Dostluq” medalı ilə təltif edib.

Картинки по запросу зиявудин магомедов arkadiy dvorkovich

Dağıstanlı maqnatın dostları isə alternativ versiyalar da irəli sürürlər. Onların fikrincə, milyarderin həbsi gördüyü işlərin yarıtmazığı və hədsiz tamahkarlığı ilə bağlı olub.

“Ziya hamını boğaza yığmışdı. Tikdiyi yollar hamısı dağılıb. Çəkdiyi borular isə çürüyüb”, - onlardan biri FT müxbirlərinə söyləyib.

Bir sıra analitiklər Maqomedovun həbsindən sonra baş nazirlik vəzifəsinə İqor Seçinin namizədliyinin önə çıxdığını düşünür.

“Doğrudur, Putin rejimində baş nazir vəzifəsi elə də qüdrətli məqam sayılmır. Amma nəzərə almaq laımdır ki, əgər prezidentin başına bir iş gəlsə, o, avtomatik olaraq onun səlahiyyətlərini öz əlinə alacaq”, - məqalədə qeyd olunub.

Картинки по запросу зиявудин магомедов igor sechin

Yazıda prosesin “Dmitri Medvedevin pul kisələri”nə yönəlik ova çevrildiyi bildirilir.

“Bu, adi siyasi oyundur. Əslində Maqomedov hamının etdiyi hoqqaları çıxarıb”, - milyarderə yaxın isimlərdən biri qəzetə söyləyib.

Məqalədə İqor Seçinin 2012-ci ildə “Rosneft”lə bağlı planlarında Ziya Maqomedovla toqquşduğu qeyd olunur. Belə ki, İ.Seçin dağıstanlı maqnata məxsus “Summa” şirkətinin “Transneft”lə birlikdə nəzarət etdiyi Novorossiysk dəniz limanının 25%-ni almaq istəyib.

Hökumət sonradan həmin sazişdən imtina edib, Transneft isə Maqomedovun əlindəki payı almağa çalışır. O vaxtdan bu yana Ziya Maqomedov İ.Seçinin onu gözünə düşmən kəsdirdiyini fikirləşir.

Картинки по запросу ziyavuddin magomedov

“İ.Seçin uzun müddətdir ki, Novorossiysk limanı məsələsini birdəfəlik həll etmək istəyir. O, Maqomedovun aktivlərini ələ keçirməklə buna nail ola bilər. İndi onun əlinə yaxşı fürsət düşüb”, - yazıda qeyd olunur.

(Musavat.com)

Nəşr olunub DÜNYA

Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatı PKK-dan təmizləndiyi Afrinə əsgərlər xalqa çörək paylayır.

“Zeytun budağı” əməliyyatı çərçivəsində terrorçulardan təmizlənən Afrində yerli sakinlərə yardımlar edilir.

TSQ-nın bölgədə mina təmizləmə işləri də davam edir.

 (Avropa.info)
Nəşr olunub DÜNYA

Reytinq