Prezident Azərbaycan Ordusunun xüsusi təyinatlılarını xalqa və dünyaya belə tanıtdı – “Siz ən ağır döyüşlərdə iştirak etmisiniz”

02 Apr 2019
67 baxış
 
 
 
 
img

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Ali Baş Komandan İlham Əliyevə raport veriblər.

Müdafiə naziri Ali Baş Komandana hərbi hissədə aparılan yenidənqurma işləri barədə məlumat verib.

Bildirilib ki, bu hərbi hissənin ərazisində qərargah binası, yeməkxana, əsgər yataqxanası yenidən qurulub, müasir təlim mərkəzləri yaradılıb. Hərbi hissənin ərazisində, eyni zamanda, burada xidmət edən ailəli hərbi qulluqçular üçün yeni yaşayış binaları, subay hərbçilər üçün isə müasir tələblərə cavab verən yataqxanalar inşa olunub. Dövlət başçısına məlumat verilib ki, burada yeni binaların da tikintisi nəzərdə tutulur.

Prezident İlham Əliyev hərbi hissənin xüsusi hazırlıq təlim meydanında xüsusi təyinatlıların döyüş hazırlığını izləyib, sonra hərbi qulluqçularla görüşüb.

Ali Baş Komandan görüşdə çıxış edərək deyib:

-Bu gün hərbi hissə ilə tanışlıq mənə çox xoş təəssürat bağışladı. Son illərdə hərbi hissə əsaslı şəkildə yenidən quruldu, təlim prosesi üçün bütün lazımi şərait yaradıldı...

Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Aprel döyüşlərindən 3 il keçir. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Yaxşı bilirsiniz ki, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi. Döyüşlər nəticəsində Cocuq Mərcanlı kəndinə yeni həyat verildi.

Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində bizim torpaqlarımız işğal altına düşmüşdür. Bunun səbəbi də odur ki, o vaxt hakimiyyətdə olan qüvvələr öz yarıtmaz fəaliyyəti ilə imkan verdilər ki, Ermənistan torpaqlarımızı zəbt etsin. AXC-Müsavat cütlüyünün xəyanətkar fəaliyyəti nəticəsində işğal edilmiş torpaqlarda Ermənistan silahlı qüvvələri möhkəmləndi, Ermənistanla Dağlıq Qarabağ arasında canlı bağlantı yaradıldı və düşmənə imkan verdi ki, öz işğalçılıq siyasətini davam etdirsin. ... Qeyd etdiyim kimi, sonuncu reytinqə əsasən Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Ötən il uğurlu Naxçıvan əməliyyatı keçirilmişdir. Bu əməliyyat nəticəsində biz strateji yüksəkliklərə sahib olmuşuq.

Keçən ilin sonunda 300-dən çox hərbçiyə yeni mənzillər verildi. Bu günə qədər yüzlərlə hərbçi dövlət tərəfindən mənzillərlə təmin edilib. Bizim hərbi hissələrimizdə mülki işlərdə mülki vətəndaşlar çalışır, bu da yenilikdir. Beləliklə, biz hərbçiləri, onların fəaliyyətini əsas vəzifə borcuna yönəltmişik, eyni zamanda, 20 minə yaxın mülki şəxs işlə təmin edilmişdir.

O ki qaldı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, burada bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur.

Ona görə danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır. Son Vyana görüşü, o cümlədən ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi. Biz hər dəfə bu münaqişə ilə bağlı sözümüzü deyəndə bu münaqişəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi.

Siz - burada xidmət göstərən hərbçilər öz vəzifə borcunuzu çox yaxşı bilirsiniz, yaxşı başa düşürsünüz. Siz ən ağır döyüşlərdə iştirak etmisiniz, qəhrəmanlıq, şücaət göstərmisiniz. Dövlət sizin fəaliyyətinizi yüksək qiymətləndirir.

 
Bu xəbərə səs ver
(0 səslər)

Reytinq