Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə Axşamı, 08 May 2018
Çərşənbə Axşamı, 08 May 2018 14:59

Sabahın hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterpress.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-18, gündüz 25-30, Bakıda gecə 15-17, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 750 civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mayın 9-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) hava şəraitinin günün birinci yarısında günəşli, günün ikinci yarısında isə dəyişkən buludlu olacağı gözlənilir. Cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 14-16 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) hava şəraitinin günün birinci yarısında günəşli, günün ikinci yarısında isə dəyişkən buludlu olacağı gözlənilir. Zəif cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal, şimal-şərq ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 9-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı qərb rayonlarında intensiv olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, mayın 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir. Havada olan durğunluq qaz qarışıqlarının səpələnməsi üçün əlverişsizdir. Bu da bəzi insanlarda narahatlıq yarada bilər.

Nəşr olunub CƏMİYYƏT
Çərşənbə Axşamı, 08 May 2018 14:58

Şuşanın işğalından 26 il ötür

1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni hərbi birləşmələri 11 min nəfərlik qoşunla üç istiqamətdən Şuşa şəhərinə hücum edib və Şuşa talan olunub.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 195-dən çox azərbaycanlı şəhid, 102 nəfər əlil olub, 165 nəfər isə itkin düşüb.

İşğal nəticəsində 289 kvadratkilometrlik ərazi zəbt olunub. Düşmən bir sıra tarixi-mədəniyyət abidələrini talan edib. 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılıb, 20 kitabxana yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib, müqəddəs məbəd və məscidlər təhqir edilib. Bu siyahıya dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

Nəşr olunub SİYASƏT
Çərşənbə Axşamı, 08 May 2018 14:57

Erməni ilə ailə qurmağa qanun və din nə deyir...

Əsabəli Mustafayev: “Qanunun tətbiqində dini, irqi, milli, etnik ayrı-seçkilik qadağan olunub”; Samir Ağayev: “Dinimiz birmənalı şəkildə qeyri-müsəlmana qız verməyi qadağan edir”

Ötən həftənin gündəm mövzularından biri də Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsi sədrinin qızının erməni oğlanla ailə həyatı qurması oldu. Moskvada yerləşən erməni iş adamlarına məxsus restoranların birində baş tutan nikah mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak etmişdi. Həyat yoldaşı da erməni olan Ağakişi Kərimov adlı diaspora nümayəndəsinin ailəsində baş verənlər Moskvada yaşayan azərbaycanlılar, o cümlədən ölkə ictimaiyyəti tərəfindən qəzəblə qarşılandı.

Bəs görəsən, cəmiyyətin bu cür kəskin reaksiya verdiyi faktla bağlı qanunvericilik nə deyir? Qanunlarımız erməni ilə ailə qurmağı qadağan edirmi?

Əsabəli Mustafayev ile ilgili görsel sonucu

“Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran hüquqşünas Əsabəli Mustafayev bildirdi ki, əksinə, qanunvericilikdə nikahın dövlət tərəfindən qeydə alınması ilə bağlı irqi, milli, dini və etnik ayrı-seçkiliyə yol verilməsi qadağandır: “Qanunlarımızda erməni ilə ailə qurmağı qadağan edən hər hansı maddə yoxdur. Hazırda da ölkəmizdə 30 min nəfər erməni gəlin var. Qanun icazə verir. Əksinə, qanunun tətbiqində dini , irqi, milli, etnik ayrı-seçkilik qadağan olunub. Kim kiminlə istəsə ailə qura bilər. Nikahın qeydə alınmasından imtina olunması məsuliyyət yaradır”.

Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsini və onların millətimizə qarşı törətdikləri soyqırımları nəzərə alaraq, ermənilərlə ailə qurmağı qadağan edən qanunun qəbul olunmasına gəlincə, Ə.Mustafayev bunun mümkün olmadığını bildirdi: “Çox güman  ki, heç zaman buna gedilməyəcək. Bu, açıq-aşkar etnik ayrı-seçkilik deməkdir və beynəlxalq aləmdə çox böyük qınaq yarada bilər. Ona görə də bu məsələni qaldırmaq belə düzgün deyil.  Bu hər insanın öz mənəvi məsələsidir, onun xalqına, tarixinə nə qədər bağlı olması məsələsidir. Onu da nəzərə almaq lazımdır ki, Rusiyada vəziyyət bir qədər fərqlidir. Orada yaşayan ermənilər və azərbaycanlılar bu konfliktdən müəyyən qədər uzaqdırlar. Uzun müddətdir Rusiyada yaşayanlar özlərini bu münaqişədən kənarda hiss edirlər. Orada bu cür hadisələr tez-tez baş verir. Görünür, sonuncu hadisədə ailə başçısı diaspor rəhbəri olduğu üçün  məsələ belə ictimai rəng aldı. Bu cür məsələlərin ciddi şəkildə qaldırılması ölkənin nüfuzunu yüksəldən amillərdən deyil”.

Bəs qeyri-din və qeyri-millətdən olan şəxslərlə ailə qurmağı İslam dini qadağan edirmi?

ilahiyyatçı Samir Ağayev ile ilgili görsel sonucu

 “Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran ilahiyyatçı Samir Ağayev bildirdi ki, İslam dini qeyri-müsəlmanlara qız verməyi qadağan edir: “Dinimiz birmənalı şəkildə qeyri-müsəlmana qız verməyi qadağan edir. Şəxsin xristian və ya yəhudi olmasının, hansı millətdən olmasının fərqi yoxdur. Əsas amil onun müsəlman olub-olmamasıdır. Qurani-Kərimdə də buna işarə edən ayələr var. Həzrəti Məhəmməd peyğəmbərin sünnəsində də bunu qadağan edən kəlamlar var. Müsəlman aləminin tarixi  ənənəsi də göstərir ki, buna heç zaman  yol verilməyib. Qeyri-müsəlmanlardan qız almağa isə dində icazə var".

Nəşr olunub CƏMİYYƏT

Səlim Müslümovun, Heydər Əsədovun və Əli Həsənovun rəhbərlik etdikləri qurumlarda total araşdırmalar başlayıb; dövlətin milyardlarla manatını oğurlamış sabiq nazirlər təlaşda

Prezident seçkilərindən sonra hökumətdə baş verən dəyişikliklərin dəyişiklik olaraq qalmayacağı, bir sıra qurumlarda yol verilən qanunsuzluqlara görə ciddi cəzalanmaların olacağı barədə məlumat vermişdik.

Gələn xəbərlər göstərir ki, bununla bağlı redaksiyamıza verilən məlumatlar həqiqəti əks etdirir. Belə ki, son günlər yayılan xəbərlərə görə, hazırda Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ciddi araşdırmalar aparılır. Araşdırmaların gedişində ciddi faktların aşkarlandığı, hər üç qurumun rəhbər şəxsləri arasında həbslərin olacağı qeyd edilir (modern.az).

Onu da qeyd edək ki, seçkilərdən sonra rəhbərləri dəyişən 2 qurumda - Dövlət Miqrasiya Xidməti və Diasporla İş üzrə Dövlət Komitəsində yol verilən qanunsuzluqlar barədə birbaşa Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev məlumat verib. O, yeni rəhbərlərin kollektivə təqdimatı zamanı çıxışında Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində ciddi qüsurların olduğunu, ayrılan vəsaitlərin təyinatından yayındırıldığını qeyd edib. Bundan əlavə, miqrasiya orqanlarında da korrupsiyanın olduğunu bildirib.

Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsindəki problemlər barədə rəsmi açıqlamalar olmasa da, yoxlamaların başladılması xəbərlərinin yayılması, bir sıra istiqamətlərdə artıq üzə çıxarılan faktların ictimailəşdirilməsi bu qurumlarla bağlı daha ciddi ölçülərin götürüləcəyindən xəbər verir.

Onu da qeyd edək ki, bir neçə gün öncə mötəbər mənbələrdən aldığımız məlumat əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan 2-2,5 milyard manatın yoxa çıxması barədə material dərc etmişik. Həmin məlumatda fondda uzun illərdən bəri işləyən və vəsaitlərin uçotdan yayınmasını təmin edən  mexanizmin üstünün açıldığı qeyd olunur. Hansı ki, həmin mexanizm sayəsində uzun illər boyu milyardlarla manat vəsaitin büdcəyə ödənişinin qarşısı alınıb. Fond rəhbərliyinin bu mexanizmdən xəbərsiz qalması qeyri-mümkün olduğuna görə böyük ehtimalla, quruma uzun illər rəhbərlik etmiş, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da araşdırmalara cəlb olunacaq.

Səlim Müslümovun, ile ilgili görsel sonucu

Bundan əlavə, uzun illər boyudur Azərbaycanda əlillik təyinatı, ünvanlı sosial yardıma çıxışla bağlı çox ciddi problemlər davam edir. Bu iki sahədə korrupsiya imkanları nəinki aradan qaldırılmır, əksinə, rüşvətin məbləği ildən-ilə artır. Təsadüfi deyil ki, yeni gələn nazirin qurumun rəhbər heyəti ilə keçirdiyi ilk görüşləri məhz bu iki sahəyə həsr olunmuşdu. Nazir Sahil Babayev hər iki sahədə şəffaflığın təmin olunacağını vurğulamaqla, əslində bunun indiyədək olmadığını söyləmiş oldu. Bu baxımdan, yoxlamaların bir istiqamətinin də əlilliyin və ünvanlı sosial yardımın təyinatı sistemini əhatə edəcəyi şübhə doğurmur.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də fəaliyyəti cəmiyyətdə ən çox narazılıq doğuran qurumlardan biridir. Qarabağ müharibəsində atəşkəs elan olunandan bəri keçən 24 ilin 20-də bu quruma Əli Həsənov rəhbərlik edib. Onun özünün verdiyi statistikaya inansaq, bu illər ərzində bütün mənbələr hesabına Azərbaycanda qaçqın və məcburi köçkünlərə 6 milyard manatdan yuxarı vəsait sərf olunub. Bu vəsaitin böyük bir hissəsini Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrılan pullar təşkil edir. Hansı ki, uzun illərdir bu sahədə ciddi mənimsəmələrin olduğu, qiymətlərin şişirdildiyinə dair müxtəlif araşdırmalar açıqlanır, faktlar ortaya qoyulur. Həmin faktlar bu istiqamətə ayrılan pulların xeyli hissəsinin mənimsənildiyindən xəbər verir. Qaçqınlara ayrılan yardımlardan, yemək və kommunal xərclərdən mənimsənilən yüz milyonlarla manatı da nəzərə alsaq, başladılan yoxlamaların heç də nəticəsiz qalmayacağını söyləyə bilərik.

Heydər Əsədov ile ilgili görsel sonucu

Kənd Təsərrüfatı Nazirliyinə gəlincə, son illərdə büdcədən ən çox vəsait alan qurumlardan biri də məhz bu nazirlikdir. Kənd təsərrüfatının prioritet elan olunduğu, aqrar istehsalçılara ildə yüz milyonlarla manat subsidiyanın ayrıldığı bir dövrdə quruma rəhbərlik edən Heydər Əsədov oradakı mənimsəmə mexanizmlərindən əvvəlcədən məlumatlı idi. Belə ki, Hesablama Palatasının sədri olanda H.Əsədov Kənd Təsərrüfatı Nazirliyinin özünü, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, Dövlət Baytarlıq Nəzarəti Xidməti, Fitosanitar Nəzarəti Xidməti kimi qurumlarını yoxlamışdı. Bu yoxlamalar zamanı aşkarlanan korrupsiya mexanizmləri H.Əsədova yaxşı tanış idi. Buna görə də nazir olan kimi adları çəkilən qurumların rəhbərlərini, hətta regional və rayon şöbələrinin rəislərini də dəyişib öz komandasını formalaşdırdı. Nəticədə, komanda dəyişsə də, mənimsəmə mexanizmi olduğu kimi qaldı. Sahəyə yönəldilən vəsaitlərin həcmini təsəvvür etmək üçün qeyd edək ki, yalnız “Aqrolizinq” ASC-nin ötən ilki büdcəsi 350 milyon manata yaxın olub. Digər qurumların büdcələrini, üstəlik, aqrar istehsalçılara ayrılan subsidiyaları da əlavə etdikdə illik 1 milyard manata yaxın vəsait alınır. Bu vəsaitlərin isə xeyli hissəsi təyinat nöqtəsinə çatmır...

Yoxlamaların nəticəsi olaraq Səlim Müslümovla Heydər Əsədovun ciddi cəzalandırılacağı tamamilə mümkün görünür. Üstəlik, onları müdafiə edən “zireh” - vəzifə əllərindən alınıb.

Əli Həsənov ile ilgili görsel sonucu

Əli Həsənova gəlincə... Onun vaxtilə rəhbərlik etdiyi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi indiyədək ən çox korrupsiyaya bulaşmış qrumlardan biri kimi təqdim edilir. Onun hazırda baş nazirin müavini postunda qalması cənab Həsənovu ciddi cəzalanmadan sığortalayır. Amma araşdırmalar nəticəsində ortaya ciddi yeyinti faktları çıxarsa (bəlkə də artıq çıxıb-red.), Ə.Həsənovun qeyri-rəsmi formada cəzalandırılacağı, daha doğrusu, dövlətdən oğurladıqlarının əlindən alınacağı istisna edilmir.   


“Yeni Müsavat”

Nəşr olunub CƏMİYYƏT

“AF holdinq” və “Uğur 97” şirkətlərinin sahibi olan Azay Möhnətov millət vəkilinin adından spekulyasiyalar etməklə təkcə vergidən yayınmayıb, daha böyük dələduzluq əməlləri törədibmiş; onun biznesini böyütmək, torpaq sahələri əldə etmək üçün QHT Şurasının sədrini adından spekulyasiyalar etməsi faktlarının sayı-hesabı yoxdur

Ötən həftə Azay Möhnətov adlı iş adamının ağlasığmaz variantlarla vergidən yayınması haqda yazı dərc etmişdik. Bildirmişdik ki, Azay Möhnətov vergidən yayınmaq üçün nüfuzlu şəxslərin adından istifadə edib və bu fakt ifşa olunub. Onun adından istifadə etdiyi şəxsin adını isə açıqlamamışdıq. Bu yazıdan sonra ortaya daha biabırçı faktlar çıxıb. Qəzetçilik təcrübəmizdə belə hallarla çox qarşılaşmışıq. Yüzlərlə belə dələduzluq hadisələri olub. Həmişə onun tərəfdarı olmuşam ki, belə halların, onun detallarının açıqlanması vacibdir. Ona görə ki, bu cür adamlar belə qanunsuzluqlarını, spekulyasiyalarını davam etdirə bilməsin.

Ötən yazıdan sonra redaksiyamıza bu mövzuyla bağlı xeyli zənglər daxil oldu, daha ciddi qanunsuzluqlar barədə məlumatlar ortaya çıxdı. Sən demə, Azay Möhnətov dövlət qurumlarında imtiyazlar əldə etmək, torpaq sahələrinə sahiblənmək, müəssisə açmaq və biznesini böyütmək, qorumaq üçün özünü deputat kimi təqdim edirmiş. O, çoxsaylı obyektlərinə vergi yoxlaması gələndə, yaxud haradasa müəssisə açmaq üçün səlahiyyətli şəxslərə müraciət edəndə özünü "deputat Azay müəllim" kimi təqdim edib! "Ustalıqla" hamıda belə rəy yaradıb ki, guya o, hamının tanıdığı deputat, QHT Şurasının sədri Azay Quliyevdir. O, daim soyadını gizli tutmağa çalışıb. Nəhayətdə, Azay Möhnətov belə rəy yaradıb ki, guya bu obyektlər və şirkətlər deputat Azay Quliyevə məxsusdur. Hətta təəssüflər olsun ki, çoxları, xüsusilə bir sıra vəzifəli şəxslər onun bu yalanına inanıb.

Ancaq hamı bilir ki, belə işlərin ömrü 40 gündür... Azay Möhnətovun bu yalanı növbəti saxtakarlıq edən zaman müvafiq qurumların ayıqlığı sayəsində aşkarlanıb. Belə ki, onun illərdir ödəmədiyi vergi borclarının ödənilməsi tələb olunub. Müvafiq qurumlar bir neçə gün öncə verginin ödənməsi üçün müraciət edəndə, Azay Möhnətovun adamları yenə də Azay Quliyevin adından spekulyasiyalar edib, bu obyektlərin deputat Azay Quliyevə məxsus olduğunu bildirərək, müəyyən dividentlər və güzəştlər əldə etməyə çalışıblar. Ancaq bu dəfə məsələ sona kimi araşdırılıb və bu obyektlərin deputat Azay Quliyevə deyil, böyük maliyyə və biznes imkanlarına malik olan iş adamı Azay Möhnətova məxsus olduğu müəyyən edilib. Beləliklə, uzun müddət davam edən saxtakarlıq və spekulyasiya faktı ifşa edilib.


Bu haqda "Yeni Müsavat" da aşağıdakı linkdəki “Məşhur iş adamının ağlasığmaz vergidən yayınma variantı” sərlövhəli yazı (http://musavat.com/news/vergiden-yayinmagin-azay-mohnetov-varianti-ilginc-faktlar_524170.html) dərc olunandan sonra müxtəlif şəxslərdən də məlumatlar daxil olub ki, Azay Möhnətov (və adamları) özünü "deputat Azay müəllim" kimi təqdim etməklə və ya Azay Quliyevin adını məqsədyönlü şəkildə hallandırmaqla aşkar sui-istifadələrə yol verib və "deputat" adı altında bir sıra qanunsuz hərəkətlərini ört-basdır etməyə çalışıblar. Qurduğu mexanizm isə çox maraqlı olub - səlahiyyətli şəxslə heç zaman görüşə özü getməyib ki, xarici görünüşə görə həyata keçirdiyi fırıldaqlar ifşa oluna bilər. Xahişi dolayısı yolla, telefonla və adamları vasitəsi ilə edib. Araşdırmalarımız zamanı məlum oldu ki, o, sənədləşmə işlərini də öz adına deyil, ona yaxın olan şəxslərin adına edib ki, birdən soyadına baxanda ifşa olunar. Açıqca dələduzluq işidir! Azərbaycanın Cinayət Məcəlləsi bu kimi hallara görə ciddi hüquqi məsuliyyət nəzərdə tutur.


Bu hələ bizim bildiklərimizdir. Daha nə qədər vəzifəli şəxslərin adından dələduzluq məqsədi ilə istifadə etdiyini isə heç kim dəqiqi bilmir.

 

“Yeni Musavat”

Nəşr olunub HADİSƏ

"Azərbaycan" qəzetində daxili işlər naziri, general-polkovnik Ramil Usubovun mərhum prezident Heydər Əliyevlə bağlı xatirələrinin yer aldığı müsahibə dərc olunub. Musavat.com həmin müsahibəni təqdim edir.

***

 - Cənab nazir, ümummilli lider Heydər Əliyevin anım günləri xalqın böyük ehtiramı ilə qeyd edilir, onun cahanşümul fəaliyyətinin mahiyyəti bir daha yada salınır. Şübhəsiz, Azərbaycanın daxili işlər orqanlarının fəaliyyət salnaməsində də ulu öndərin silinməz izləri, böyük töhfələri var...

- Əslində, Heydər Əliyev kimi bir dühadan, qüdrətli dövlət xadimindən danışarkən onun fəaliyyət istiqamətlərini yalnız bir struktur çərçivəsində qiymətləndirmək düzgün olmaz. Nəzərə alaq ki, bir neçə həftədən sonra Xalq Cümhuriyyətinin, yəni dövlət müstəqillyimizin 100-cü ildönümünü qeyd edəcəyik. Bu dövrün isə, demək olar ki, tam yarısı Heydər Əliyev şəxsiyyətinin əbədiyaşar adı, möhtəşəm fəaliyyəti, tarixi töhfələri və ideyalarının həyata keçməsi ilə əlamətdardır.
Bu gün tarixin ən qüdrətli Azərbaycanının vətəndaşı olaraq hamımız dövlətimizin əldə etdiyi böyük nailiyyətlərlə, genişmiqyaslı yüksəliş dinamikası ilə qürur duyuruq. Bu uğurların təməli məhz 1969-cu ildən qoyulub. Bir məqama da toxunum ki, mən Azərbaycanın qurtuluş tarixinin yalnız 1993-cü ildən hesablanması fikri ilə bir o qədər də razılaşmıram. Hesab edirəm ki, 25 il öncə Azərbaycanın qurtuluş tarixinin sadəcə ikinci mərhələsi yaşandı. İlk mərhələ 49 il əvvəl böyük iqtisadi-sosial problemlər, ictimai-siyasi təlatümlər, mənəvi aşınma yaşayan Azərbaycanda hakimiyyətə Heydər Əliyevin gəlişi ilə başladı. Həmin dövrdən bu dahi şəxsiyyət dövlətinə, xalqına xilaskar missiya ilə rəhbərlik etdi və qısa müddətdə Azərbaycanın böyük intibahının müəllifinə çevrildi. 

Heydər Əliyev gənc yaşlarından vətəninə, xalqına xidmət etməyi öz həyatının əsas amalı seçmişdi, həm də fövqəladə təşkilatçılıq və idarəçilik qabiliyyətinə, böyük xarizmaya, sarsılmaz milli ruha və yenilməz iradəyə malik idi. Təsadüfi deyildi ki, o, Azərbaycan Xalq Daxili İşlər Komissarlığında sıravi əməkdaşdan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək yüksəlmiş və xüsusi xidmət orqanlarında ilk azərbaycanlı general olmuşdur. 46 yaşında Azərbaycana rəhbər seçilməsi Heydər Əliyevin məhz liderlik xüsusiyyətinin, dövlətçilik təcrübəsinin və təşkilatçılıq məharətinin növbəti etirafı və təsdiqi idi. Həmin dövrdə bu böyük siyasət dahisi özünü Azərbaycanın yüksəlişinə həsr edərək iqtisadiyyatın tərəqqisi, mədəniyyətin inkişafı, dövlət idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsi, xalqın tarixi yaddaşının yenilənməsi üçün böyük əhəmiyyətli işlər görmüşdür. 

1969-1982-ci illərdə respublikamızda milli gəlirin həcmi 2,5 dəfə artmışdı. Böyük quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır, şəhərlərdə yeni mikrorayonlar, park və xiyabanlar salınır, fabrik və zavodlar tikilirdi. Mədəniyyət tariximizdə iz qoyan onlarca görkəmli bəstəkar, rəssam, şair, yazıçı, heykəltəraş və başqa sənət xadimləri yetişirdi. Heydər Əliyevin müstəqil dövlətçilik ideyalarının güclənməsi və gələcəkdə reallaşması üçün etdiyi məharətli siyasi gedişlər nəticəsində Azərbaycan dili respublika konstitusiyasında dövlət dili kimi təsbit edildi. Onun gördüyü qətiyyətli tədbirlər və şəxsi qayğısı ilə ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında soydaşlarımızın sayı davamlı surətdə artmağa başladı, Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. 

Heydər Əliyevin ölkənin bütün sahələrini əhatə edən möhtəşəm fəaliyyəti, əlbəttə ki, daxili işlər orqanlarından da təsirsiz ötüşməmişdi. 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixində ən mühüm mərhələdir. Strukturumuzun bizim yaş nəslini təmsil edən heyəti Heydər Əliyev dühasının yetirmələridir və bununla hədsiz qürur duyuruq. Həmin dövrdə ümummilli liderimiz böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul etdi. Əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsi bu amillər sırasında xüsusilə aparıcı mövqeyə malik idi və tam qətiyyətlə söyləmək olar ki, Azərbaycanın daxili işlər orqanlarında mahiyyətcə milliləşmə prosesi məhz o illərdə başlanmışdı.

- Özünüzü Heydər Əliyev dühasının yetirməsi kimi dəyərləndirdiniz. Bu əlamətdar tarixdə Heydər Əliyevi yaxından tanıyanların, onun komandasında çalışanların bu böyük şəxsiyyətlə bağlı xatirələri xalqımız tərəfindən xüsusi maraqla qarşılanır. Uzun illər ulu öndərin rəhbərliyi altında çalışan bir insan kimi, şübhəsiz ki, Sizin də çoxlu xatirələriniz var...

- Heydər Əliyev barədə xatirələr saysız-hesabsızdır və onlar həyatımın ən parlaq səhifələrini təşkil edir. Fəaliyyətimin dahi şəxsiyyətlə bağlı olan, onun rəhbərliyi ilə keçən illərini böyük qürur, sonsuz ehtiramla yad edirəm. Ümummilli liderimiz barədə danışmaq isə həm şərəfli, həm də məsuliyyətlidir. 

Ozamankı Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olarkən - 1969-cu ilin iyul ayında belə bir məlumat eşitdim ki, Azərbaycana yeni rəhbər təyin olunub və bu insan əvvəlki dövrdə ölkə DTK-ya rəhbərlik etmiş general rütbəli Heydər Əliyevdir. Hərbi xidmətdən qayıtdıqdan sonra isə artıq hər yerdə Heydər Əliyev haqqında xoş sözlər eşidilir, onun əvvəlki rəhbərlərə bənzəməyən iş metodları barədə çoxsaylı xəbərlər dolaşırdı. Bir məqamı xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyevin qətiyyəti və prinsipiallığı barədə ən çox danışılan, daha doğrusu, bu əzmkarlığı daha çox hiss edən bölgələrdən biri də məhz ermənilərin kompakt şəkildə yaşadığı Dağlıq Qarabağ idi. 

Həmin dövrdə vilayətdə yaşayan bir vətəndaş kimi 60-cı illərdəki acınacaqlı vəziyyəti yaxşı xatırlayıram. Yerevandan idarə olunan məkrli qüvvələr millətlərarası münasibətləri kəskinləşdirir, bölgədə yaşayan azərbaycanlıların hüquqlarının pozulması günü-gündən daha geniş miqyas alır, onlar hətta öz doğma dillərində belə ehtiyatla danışırdılar. Yalnız Heydər Əliyevin qətiyyətli mövqeyi və məqsədyönlü siyasəti sayəsində Dağlıq Qarabağda əl-qol açmış erməni millətçiliyinə sipər çəkildi. Moskvadakı imperiyapərəst qüvvələrin təzyiqlərinə baxmayaraq, vilayət şovinist ünsürlərdən təmizləndi. Bölgənin dövlət qurumlarında, hüquq mühafizə və təhlükəsizlik orqanlarında azərbaycanlıların təmsil olunması xeyli artdı. 

Eyni zamanda, partiya-sovet orqanlarına, hüquq mühafizə strukturlarına məhz Heydər Əliyev siyasətinə tam sadiq olan, xalqlararası sağlam, mehriban əlaqələrin inkişaf etdirilməsinə çalışan, hər cür şovinizm meyillərinə qarşı çıxan erməni millətinə mənsub rəhbər şəxslər gətirildi. Vilayət partiya komiəsinin birinci katibi Boris Gevorkov və onunla birgə digər rəhbər şəxslər ulu öndərdən aldıqları təlimatlar, göstərişlər əsasında vilayətdə sabitliyi, ictimai asayişi yaratdılar, ən əsası isə, rəsmi Bakıya birmənalı tabeçilik inzibati mexanizmini bərpa etdilər. Bəli, Heydər Əliyevin dövlət idarəçiliyində bir misilsiz böyüklüyü də o idi ki, ədalətli, düzgün mövqeyə sahib, Azərbaycanı sevən erməni məmurlar vasitəsilə erməni şovinizmini məhv edirdi. 

Ötən əsrin 70-ci illərində Dağlıq Qarabağ Muxtar Vilayətində separatçı əhvali-ruhiyyə aradan qalxmaqla yanaşı, artıq sadə ermənilər də bədnam millətçi meyillərə qarşı açıq etirazlarını bildirir, Azərbaycan tərkibində təhlükəsiz, rifahlı və xoşbəxt yaşadıqlarını daim bəyan edirdilər. Heydər Əliyevin qətiyyətli, uzaqgörən tədbirləri nəticəsində Dağlıq Qarabağ tam olaraq respublikanın mərkəzi hakimiyyətinin təsir dairəsinə qaytarıldı, erməni və Azərbaycan xalqları arasında düşmənçilik toxumu səpənlər geri çəkildilər. 

Bir sözlə, Heydər Əliyev 70-ci illərdə artıq itirilməkdə olan Dağlıq Qarabağı Azərbaycana qaytardı və bu, orada yaşayan soydaşlarımız üçün yeni dövrün başlanğıcı oldu. 

Dağlıq Qarabağ azərbaycanlıları özlərini doğma yurdlarının əsl sahibləri kimi hiss etməyə başladılar. Əvvəlki dövrlərlə müqayisədə həmin illərdə vilayətdə yaşayanların demoqrafik tərkibində azərbaycanlıların artımı da müşahidə olundu. Bölgənin sosial-iqtisadi həyatında böyük uğurlar əldə edilir, mühüm infrastrukturlar istifadəyə verilirdi. 1978-ci ildə Xankəndini respublikanın paytaxtı ilə birləşdirən dəmir yolu xəttinin çəkilişində Heydər Əliyevin məqsədi həm də Dağlıq Qarabağın Azərbaycanın digər regionları ilə bağlılığını daha da möhkəmləndirmək idi. Vilayətin ən ucqar kəndlərinin də yolları abadlaşdırılır, yaşayış məntəqələrinin elektrik enerjisi və qazla təminatı yaxşılaşırdı. 

Ulu öndərimiz vilayətdə yaşayan azərbaycanlıların təhsil məsələlərinə də xüsusi önəm verirdi. 70-80-ci illərdə bölgədə onlarca müasir məktəb inşa edildi. 1973-cü ildə isə Xankəndidə Pedaqoji İnstitutun açılması ilə vilayətdə milli ziyalı kadrların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artdı və onun fəaliyyəti Dağlıq Qarabağda azərbaycanlı ziyalıların formalaşması prosesinə ciddi təsir göstərdi. Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə də böyük diqqət yetirirdi. Şuşada kurort kompleksinin inkişaf etdirilməsi və azərbaycanlı əhalinin kompakt yaşadığı bu şəhərin bölgənin mədəni, siyasi mərkəzinə çevrilməsi prosesi məhz ulu öndərimizin xeyir-duası ilə həyata keçirilirdi.

Ümummilli liderimizin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrün Dağlıq Qarabağla bağlı ən xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu müddətdə erməni millətçiləri torpaq iddialarını heç vaxt açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və onların iki xalq arasında münasibətləri gərginləşdirmək cəhdlərinə imkan verilmədi. Ermənistanın ölkəmizə təcavüzü, Dağlıq Qarabağda və onun ətrafında cərəyan edən neqativ hadisələr də məhz ulu öndərimizin Moskvada tutduğu yüksək dövlət vəzifələrindən uzaqlaşdırılmasından sonra baş verdi. 

Bu məqamda bir zəruri haşiyə çıxmaq istərdim. Ötən əsrin 80-ci illərinin sonlarında Dağlıq Qarabağda süni şəkildə qarşıdurma yaratmağa, xalqlar arasında ədavət toxumu səpməyə çalışan M.Qorbaçov komandası və ona bağlı qüvvələr Azərbaycanda rəhbərliyi dəyişərək Moskvanın əmrlərini icra edəcək, milli hisləri itirmiş şəxsləri vəzifəyə gətirdikləri kimi, eyni ssenarini muxtar vilayətdə də tətbiq etdilər. Kremldə anlayırdılar ki, Dağlıq Qarabağda vəzifədə olan ermənilərin mütləq əksəriyyəti Heydər Əliyev siyasətinə sadiqdir və heç vəchlə milli zəmində münaqişəyə rəvac verməyəcəklər. Ona görə də bu vəzifəli ermənilərə qarşı süni etiraz kampaniyaları təşkil edilir, onlar “Azərbaycanın və Heydər Əliyevin agentləri”, “erməni xalqının düşmənləri” adlandırılaraq təqib olunurdular. Nəticədə onların hamısı vəzifələrindən kənarlaşdırıldı və təəssüf ki, ozamankı Azərbaycan rəhbərliyi də bu şəxslərə sonadək sahib çıxmadı. Dağlıq Qarabağın yeni rəhbərləri Azərbaycandakı yeni hakimiyyətin səbatsızlığından, mütiliyindən istifadə edərək vaxtilə Heydər Əliyevin böyük fədakarlıqlar hesabına yaratdığı sabitliyi, sağlam ab-havanı qısa müddətdə darmadağın etdilər və artıq 30 ildir davam edən bu qanlı münaqişənin əsasını qoydular.

- Cənab nazir, ulu öndərlə ilk görüşünüz nə zaman olub? 

- Ümummilli liderimizlə ilk canlı təmasım da məhz Dağlıq Qarabağda olmuşdur. 1982-ci ilin yanvar ayında Heydər Əliyev Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində iştirak etmək üçün Şuşaya gəlmişdi. Mən o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışırdım və tədbirdə ictimai təhlükəsizliyin qorunmasına bilavasitə rəhbərlik edirdim. Qeyd edim ki, Dağlıq Qarabağda erməni şovinizmini susduran Heydər Əliyevə vətəndaşlarımızın ehtiramı, rəğbəti o qədər güclü idi ki, bu görüşə kütləvi axın vardı. Yeri gəlmişkən, sadə erməni əhalisi də ayrı-ayrı görüşlərdə vilayətdə erməni milliyyətçiliyini qızışdıranlara qarşı qətiyyətli mövqeyinə, bütövlükdə Dağlıq Qarabağın sosial-iqtisadi inkişafına göstərdiyi daimi diqqət və qayğıya görə cənab Heydər Əliyevə minnətdarlıqlarını bildirirdilər. 

Yaxşı xatirimdədir, həmin gün güclü qar yağmışdı. Heydər Əliyevi gətirən maşın Şuşanın girəcəyində, hərbi komissarlığın qarşısından qalxa bilmədi. Mən hüquq mühafizə orqanlarının bir qrup əməkdaşı və ətrafdakı cavanlarla köməkləşib maşını əllərimizdə yoxuşu qaldırıb düz yerdə qoyduq. Bununla, bir növ, qarabağlı gənclər qətiyyəti ilə erməni millətçilərinə sipər olan ölkə rəhbərinə öz ehtiramlarını bildirirdilər. Həmin tədbirdə Heydər Əliyevlə ünsiyyətimiz də oldu. Mən artıq Heydər Əliyev böyüklüyünü daha dərindən dərk edir, konkret faktların timsalında bu dahi şəxsiyyətin öz vətəninə, xalqına necə bağlı olduğunu görürdüm. 

- 1993-cü ildən etibarən Siz artıq Heydər Əliyevin komandasında təmsil olunmağa başladınız. O dövrü necə xatırlayırsınız?

- Bəli, tale bizi Heydər Əliyevlə bir də 11 il sonra görüşdürdü. AXC-Müsavat hakimiyyəti dövründə Daxili İşlər Nazirliyində idarə rəisi vəzifəsindən azad edilmişdim və bölmə rəisi işləyirdim. Ozamankı iqtidar mənsublarının özbaşınalıqları, haqsızlıqlar, DİN-dəki çəkişmələr, qanun pozuntuları məni hətta o vəziyyətə gətirmişdi ki, həmin ərəfədə daxili işlər orqanlarından tərxis olunmaq üçün yazdığım raportu nazirliyin rəhbərliyinə təqdim etmək istəyirdim. Lakin qəbula düşə bilmirdim, deyirdilər ki, nazir əvəzinin vaxtı olanda qəbul edəcək. 

Belə bir vaxtda, 1993-cü il iyulun 2-də DİN-in qərargah rəisi mənə dedi ki, Heydər Əliyev səni nazirin kabinetində telefona çağırır. Xatırladım ki, artıq ulu öndərimiz Prezident səlahiyyətlərini həyata keçirirdi. Bu xəbərdən çox həyəcanlandım. Telefonla danışdıq. Mənə dedi ki, Naxçıvanda vəziyyət olduqca gərginləşib. Sən orada daxili işlər naziri işləmisən, şəxsi heyət arasında nüfuzun var. Gedib vəziyyətə nəzarət edilməsi üçün tədbirlər gör. Heydər Əliyev kimi bir dühadan belə bir etimadı qazanmağın məsuliyyətini anlayaraq, təcili Naxçıvana getdim.

Əvvəlcə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri əvəzi, sonra isə nazir təyin olundum. Çox böyük çətinliklərlə, hətta sui-qəsdlə, terrorla üzləşdim. Lakin Heydər Əliyevin tapşırığını yerinə yetirmək üçün bütün qüvvələri səfərbər etdik və bir müddətdən sonra bölgədə kövrək də olsa, sabitliyi bərpa edə bildik. Naxçıvandakı durumla bağlı müntəzəm olaraq ulu öndərə məruzə edir, ondan müvafiq göstərişlər, məsləhətlər alırdım. 

- Bir müddət sonra isə respublikanın daxili işlər naziri vəzifəsinə təyin olundunuz... 

- Sözün düzü, bu təyinat da mənim üçün gözlənilməz oldu. 1994-cü il aprelin 29-da Prezident yanında DİN-in məsul işçilərinin müşavirəsi keçiriləcəkdi. İclasdan bir neçə saat əvvəl Prezident məni qəbul etdi, Naxçıvandakı vəziyyətlə, xidmət və həyat yolumla maraqlandı. İclasın gedişində isə nazirliyin ozamankı rəhbərliyinin işi kəskin tənqid olundu və daxili işlər orqanlarının fəaliyyətində ciddi dönüşün yaradılması tələb edildi. Sonda Heydər Əliyev gözləmədiyim halda bildirdi ki, məni ölkənin daxili işlər naziri təyin edir. Ümummilli liderimiz onu da qeyd etdi ki, Ramil Usubova tam inanıram, Prezident kimi ona etimad göstərirəm və bir də hamınızdan tələb edirəm ki, ona kömək göstərəsiniz. Bu sözlər mənim üçün ən böyük etimad və dəstək idi. 

Beləliklə, mən Heydər Əliyevlə birgə işləmək, onun rəhbərliyi altında dövlət quruculuğu prosesində iştirak etmək imkanı qazandım. Sonrakı 9 ildə də Heydər Əliyevin misilsiz fəaliyyətini, vətənə və xalqa həsr olunan fədakar missiyasını daha geniş miqyasda gördüm. Bütün dövrlər üçün ən ali örnək ünvanımız kimi qəbul ediləcək böyük vətəndaş, dahi şəxsiyyət, qüdrətli lider yalnız xalqın rifahı, dövlətin qüdrətlənməsi, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə yaşayırdı. Elə onun fəaliyyət fəlsəfəsi, həyat mənası da yalnız bu idi.

- Cənab nazir, Heydər Əliyevin ikinci hakimiyyət dövrü daxili işlər orqanlarının fəaliyyətində hansı uğurlu proseslərlə əlamətdar oldu? 

- Sualınıza cavabı qısa olaraq belə ümumiləşdirə bilərəm: Heydər Əliyev, demək olar ki, yenidən formalaşdırdığı, daxilən saflaşdırdığı daxili irşlər orqanlarının fəaliyyətini düzgün, müdrikcəsinə tənzimləyərək, ölkədə kriminogen durumun nəzarət altına alınması, cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili, ümumilikdə isə ictimai-siyasi sabitliyin təminatı kimi taleyüklü məsələlərin həllinə nail oldu. 

Ulu öndər hələ 1994-cü il aprel müşavirəsində xidməti fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqları açıq şəkildə qeyd edərək, onların tez bir zamanda aradan qaldırılması üçün dəyərli tapşırıq və tövsiyələrini vermişdi. Onun şəxsi nəzarəti ilə qısa müddətdə bu vəzifələr reallığa çevrildi. Ümummilli liderin 1994-cü ilin avqust ayında imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərman isə bu sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoydu. Eyni zamanda, mötəbər beynəlxalq təşkilatların, Avropa ekspertlərinin rəyləri nəzərə alınmaqla “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlar, “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” və “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” əsasnamələr qəbul edildi.

Məhz Heydər Əliyevin rəhbərliyi altında hüquq mühafizə orqanları respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə qarşı uğurlu mübarizəyə, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsinə başladılar. Vətəndaşlarımızın dinc, rahat yaşamaları üçün lazım olan şərait yarandı, onların dövlətə, hüquq mühafizə orqanlarına inamı daha da artdı, ictimai-siyasi, həmçinin kriminogen durum nəzarətə götürüldü. Sabitliyin bərqərar edilməsi isə öz növbəsində islahatların aparılmasına, iqtisadiyyatın bərpasına və inkişaf etdirilməsinə əlverişli zəmin yaratdı. Xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında respublikamızda iqtisadi tərəqqiyə yol açan “Əsrin müqaviləsi” imzalandı. 

Lakin həyat göstərdi ki, Heydər Əliyevin milli maraqlarımızın təmin edilməsindəki qətiyyətli mövqeyi və yorulmaz fəaliyyəti ölkənin xaricində və daxildə olan məlum qüvvələri olduqca narahat edir. Onlar necə olursa-olsun Azərbaycanı bu yoldan döndərmək üçün müxtəlif vasitələrə əl atmağa başladılar. Niyyət bəlli idi: respublikadakı mövcud ictimai-siyasi sabitliyi pozmaq, süni qarşıdurmalar yaratmaq və son nəticədə ölkəni müstəqil inkişaf yolundan döndərmək. Ancaq ümummilli liderimiz 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında baş verən dövlət çevrilişi cəhdlərinin qarşısını öz zəkasının, müdrikliyinin gücü, onu dəstəkləyən xalqının əzmi və iradəsi ilə aldı. Müstəqilliyimiz qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə birdəfəlik son qoyuldu. 

Xatırlatmaq yerinə düşər ki, hüquqda, o cümlədən bizim xidmətdə “Cinayət varsa, cəza labüddür” prinsipi daim fəaliyyət prioritetlərindən sayılıb. Bu baxımdan 1992-ci illə müqayisədə 2002-ci ildə ölkədə qeydə alınan cinayətlərin açılması 67 faizdən 94,8 faizə yüksəlmiş, ümumi cinayətlərin sayı 30,9 faiz, o cümlədən qəsdən adamöldürmələr 2,7 dəfə, quldurluq və soyğunçuluqlar 3,7 dəfə, oğurluqlar 5,2 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 7,2 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 25 dəfə, habelə bağlı qalmış cinayətlər 13 dəfə azalmışdı. 10 il ərzində daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz saxlanılan 30 mindən artıq silah yığılmışdı. Hər il orta hesabla qrup halında 1000-dən artıq cinayətkar dəstə zərərsizləşdirilmişdi. 

Ümummilli lider tərəfindən daxili işlər orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olan, o cümlədən insan hüquq və azadlıqlarının həyata keçirilməsi mexanizmlərini tənzimləyən 34 qanun, 100-dən çox fərman və sərəncam imzalandı. Nazirlik sistemində islahatlar aparılaraq yeni qurumlar yaradıldı. 

Hələ hadisələrin ən qaynar dövründə - 1994-cü il aprelin 29-da DİN-in rəhbər işçilərinin iştirakı ilə keçirilən müşavirədə Prezident Heydər Əliyev vurğulamışdı ki, “Daxili İşlər Nazirliyinin hər bir əməkdaşının sosial müdafiəsini təmin etməliyik. Bu əməkdaşlar ilk növbədə öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, ikinci növbədə isə onların mənafeyi müdafiə olunmalıdır”. 

Göründüyü kimi, ölkənin müqəddəratının həll olunduğu bir vaxtda belə Heydər Əliyev daxili işlər orqanları əməkdaşlarının qayğısına qalır və onların da himayədarı olduğunu konkret qərarları ilə sübut edirdi. Onun xüsusi qayğısı sayəsində 1993-cü illə müqayisədə 2003-cü ildə nazirliyin büdcəsi 6 dəfə artmış, bu dəyişikliyin əsas qayəsini əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin yaxşılaşdırılması, yeni informasiya texnologiyalarının tətbiqi və sair təşkil edirdi. Bundan başqa, Daxili İşlər Nazirliyinin 300-dən çox əməkdaşı və hərbi qulluqçusu ölkənin yüksək dövlət mükafatları ilə təltif edilmiş, o cümlədən Milli Qəhrəman adına, orden və medallara layiq görülmüşdür. 

Qısa müddətdə ölkəmizdə ictimai-siyasi, kriminogen durumun tam sabitləşməsi, sürətli inkişaf yoluna qədəm qoyulması, bütün istiqamətlərdə mütərəqqi islahatların başlanması yalnız Heydər Əliyevin polad iradəsi, fenomenal peşəkarlığı, qətiyyəti və yüksək idarəçilik bacarığı sayəsində mümkün olmuşdur. Daxili işlər orqanlarının fəaliyyətini düzgün istiqamətə yönəldən, onu xalqa və dövlətə xidmət üçün səfərbər edən ulu öndərimiz nəticədə istəyinə çatdı: daxildən saflaşan, təmizlənən daxili işlər orqanları və Daxili Qoşunlar Prezidentin inamını doğrultdu və ölkədə həyata keçirilən uğurlu islahatların təhlükəsizliyinin təminatçılarından birinə çevrildi.

Respublika daxili işlər orqanlarının əməyini daim yüksək qiymətləndirən ulu öndər 2002-ci ildə peşə bayramımızda şəxsən iştirak edərək bir daha xidməti fəaliyyətimizlə bağlı dəyərli fikirlər söylədi. Eyni zamanda, nöqsanlarımızı göstərib tövsiyələrini verdi, vəzifələrimizi müəyyənləşdirdi və nitqini bu sözlərlə bitirdi: “Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən Azərbaycanın Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram”.

- Heydər Əliyevin rəhbərliyi altında çalışan şəxs kimi ulu öndərin hansı xüsusiyyətini daha yüksək dəyərləndirirsiniz?

- Zənnimcə, Heydər Əliyev kimi nadir bir şəxsiyyətdən danışarkən onun xüsusiyyətlərini müqayisə etmək, hansınısa xüsusi qabartmaq düzgün deyil. Çünki bu dahi insanın malik olduğu bütün dəyərlər, xüsusiyyətlər ali səviyyədə idi, ən yüksək mənəvi həddə çatırdı. Heydər Əliyev bütün həyatını Azərbaycana həsr etmişdi və onun bütün xarakterik xüsusiyyətləri də bu missiyanın uğurla həyata keçirilməsini təmin edirdi. 

Məsələn, ulu öndər çox mərhəmətli idi, hətta ona xəyanət edənləri də bağışlamışdı. Fəaliyyət müddətində səhv edənlərə güzəşt edirdi, ancaq məsələ dövlət mənafeyi ilə bağlı idisə, ən sərt tədbirləri görməkdən çəkinməzdi. Yəni onun elə bu hisləri - mərhəmət və sərtlik xüsusiyyətləri, əslində, elə bir-birinə zidd deyildi, tam mənada bir-birini tamamlayırdı. 
Heydər Əliyev olduqca prinsipial rəhbər idi. İnandığı, düzgün saydığı mövqedən, Azərbaycanın maraqlarından zərrə qədər də geri çəkilməzdi. Mən bu məqamda 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrini xatırlayıram. Azərbaycana və şəxsən Heydər Əliyevin həyatına böyük təhlükə, qəsd var idi. Həm də həmin dövrlərdə hadisələrin nə ilə nəticələnəcəyi də, sözün düzü, bilinmirdi. Amma Heydər Əliyev şəxsən öz həyatını böyük risklər altına qoydu, təhlükəsizliyinin təminini əsla düşünmədi və bu barədə təkliflərimizə birmənalı etiraz etdi. Əsl sərkərdə kimi dövlətçiliyə qəsdin qarşısında mətin dayandı, əsl lider kimi xalqını səfərbər etdi, əsl vətənpərvər kimi də qalib gəldi.

Heydər Əliyev insanlara, o cümlədən komandasında çalışan məmurlara baxışını onların milli dəyərlərə bağlılığı, milli hisləri necə daşımaları ilə müəyyənləşdirirdi. Ulu öndər hər bir məmurdan peşəkarlıqla, qabiliyyətlə yanaşı, fəal vətəndaşlıq, yüksək vətənpərvərlik də tələb edirdi. Daim Azərbaycana bağlı olmaq, xalqın və dövlətin maraqlarını qorumaq liderimizin bizdən əsas istəyi idi.

Mən indi bu mövzuda danışarkən 20 il öncəki bir hadisəni xatırladım. Ötən əsrin 90-cı illərinin sonları idi. Ağır dövləti cinayətlərdə, o cümlədən Heydər Əliyevə qarşı sui-qəsddə ittiham olunan general Şahin Musayev Rusiya hüquq mühafizə orqanları ilə birgə apardığımız əməliyyat tədbirləri nəticəsində həbs olunmuş və Azərbaycanın tələbi ilə onun ekstradisiyası gündəmə gəlmişdi. Lakin Rusiyanın Baş Prokurorluğu bu haqlı tələbi qəbul etməmiş və Ş.Musayev həbsdən azad olunmuşdu. Bir müddət sonra Rusiyadakı səfirimiz Ramiz Rizayev məlumat verdi ki, Şahin Musayev hakimiyyətdən bir təmsilçi ilə görüşmək istəyir və onun arzusu odur ki, görüşdə məhz mən olum. Heydər Əliyevin tapşırığı ilə Moskvada Ş.Musayevlə görüşdüm. Ona hakimiyyətin tələblərini çatdırdım və Bakıya dönməsini tövsiyə etdim. Lakin Ş.Musayev birmənalı bildirdi ki, “mən Bakıya dönməyəcəyəm. Heç sizlər də məni ekstradisiya edə bilməyəcəksiniz. Çünki mən Baş Kəşfiyyat İdarəsinin əməkdaşıyam. Onlar məni sizə təhvil verməzlər”.

Bakıya dönərək söhbət barədə ulu öndərə məruzə etdim. Mən Heydər Əliyevə müraciətlə bəlkə mövzunu Prezident Boris Yeltsinlə müzakirə edəsiniz?! O, yəqin, ekstradisiya məsələsinə kömək edər dedim. Heydər Əliyev bir qədər düşündükdən sonra, hətta bir anlıq tərəddüdlə rusiyalı həmkarına zəng etdi. Boris Yeltsinə mövzu barədə geniş məlumat verdi, Şahin Musayevin dövləti cinayətlərdə və şəxsən ona qarşı sui-qəsddə iştirakının məhkəmədə tam təsdiq olunduğunu söylədi. Boris Yeltsinin cavabı isə əslində elə Heydər Əliyevin gözlədiyi kimi oldu: “Heydər Əliyeviç, məsələdən xəbərdaram. Mənə Şahin Musayev barədə məlumat veriblər. O, bizim mühüm dövlət sirlərimizin daşıyıcısıdır. Bağışlayın, bu səbəbdən onu sizə ekstradisiya edə bilmərik”. 

Heydər Əliyev dəstəyi yerinə qoyandan sonra acı-acı gülərək “Ramil, görürsən ovaxtkı rəhbərlik necə agentləri, kəşfiyyatçıları ordumuzun başına qoymuşdu?! Onlar bizim Qarabağdakı uğursuzluqlarımızın əsas səbəbkarlarıdır. Bu agentlər Azərbaycandan başqa hər qüvvəyə, hər kəsə xidmət etdilər” dedi. 

Bəli, Heydər Əliyev, həmişəki kimi, tam haqlı idi. Təsəvvür edin, Şahin Musayev kimi xarici ölkə kəşfiyyatına xidmət etməsi məlum olan birisi Azərbaycanın müdafiə naziri səlahiyyətlərini icra etmiş, nazirliyin Baş Qərargah rəisi təyin olunmuşdu. Azərbaycan Ordusunun bütün taleyi milli hislərdən, azərbaycançılıqdan uzaq olan adama tapşırılmışdı. Özü də bu fakt tək deyildi, belə hallar onlarla idi. 

Heydər Əliyev bütün müqayisələrin fövqündə durur və onu heç vaxt kiminləsə, o da ola tarixmizə adı qara ləkə kimi düşmüş insanlarla müqayisə etməmişəm. Amma həqiqət müqayisədə üzə çıxdığından bu açıq və səmimi söhbətimizdə hökmən bir məqama nəzər salmalıyam: Heydər Əliyev 1988-1993-cü illərdə ölkəyə rəhbərlik etsəydi, belə agentlər, xainlər vəzifə tuta bilərdilərmi? Yaxud, ümumiyyətlə o dövrdə rəhbərlikdə məhz Heydər Əliyev olsaydı, həmin illərin təlatümləri, tənəzzülləri, Qarabağ münaqişəsi yaranardımı?..

Biz Azərbaycan xalqı olaraq Heydər Əliyevli illərimizin qürurunu yaşadığımız kimi, Heydər Əliyevsiz keçən 1988-1993-cü illərin məşəqqətlərini, faciələrini də unutmuruq və bunları yeni nəslə daim təlqin etməliyik.

Heydər Əliyevi hər zaman özümə müəllim, həyat məktəbi kimi qəbul etmişəm, daim ondan öyrənmişəm. Əslində, ulu öndərin irsi elə bir mükəmməl idarəçilik, qüdrətli liderlik və böyük vətəndaşlıq məktəbidir ki, milyonlarla həmvətənimiz də onu özünə örnək, nümunə seçib. Yəni Heydər Əliyevin malik olduğu xüsusiyyətlər, daşıdığı dəyərlər onun dünyanın ən böyük azərbaycanlısı statasuna yüksəlməsini şərtləndirməklə yanaşı, Azərbaycanın da qüdrətlənməsini, müstəqilliyinin daimi, dönməz hal almasını təmin edib. Sanki elə Heydər Əliyevin timsalında deyiblər: liderin xarakteri onun millətinin və dövlətinin taleyini müəyyənləşdirir. Bu baxımdan bugünkü tarixin ən qüdrətli Azərbaycanı da məhz ulu öndərin və Prezident İlham Əliyevin xarakterik xüsusiyyətlərinin məntiqi nəticəsidir. 

- Cənab nazir, Heydər Əliyevlə bağlı son görüşünüzü necə xatırlayırsınız?

- Söhbətimizin əvvəlində də qeyd etdim ki, Heydər Əliyevlə bağlı xatirələrim saysız-hesabsızdır. Onunla hər görüş, verdiyi tövsiyə və tapşırıqlar yaddaşıma işıqlı bir xatirə kimi həkk olunub. Ancaq ümummilli liderimizlə son görüşümüzü - 2003-cü ilin 8 iyulunda keçirilən Təhlükəsizlik Şurasının iclasında aldığım təəssüratı indi də həyəcanla xatırlayıram. 

Müalicə üçün Türkiyəyə gedəcək Prezident bizə məsləhətlərini, göstərişlərini verdi. O, Azərbaycan dövlətini, müstəqilliyimizi göz bəbəyi kimi qorumağı, xalq qarşısında daşıdığımız məsuliyyətə, öhdəliyə sadiq olmağı, vətəndaşlarımızın qeydinə qalınmasını, ən nəhayət, Heydər Əliyev komandasının hər bir üzvünün bundan sonra da daim dövlətçilik mövqeyində, bir cəbhədə, monolit siyasi platformada olmasını tövsiyə etdi. Həmin anda da onun daxili əzəməti, qətiyyəti, müdrikliyi, yenə də öz sağlamlığını yox, məhz həyatından çox sevdiyi xalqını düşünmək hissi, hətta yumor duyumu belə əvvəlki kimi güclü idi. 

2003-cü il aprelin 21-də Respublika sarayında keçirilən tədbirdə çıxış edərkən aldığı xəsarətdən yaranan ağrılara baxmayaraq, yenə də tribunaya qayıdıb, öz yenilməzliyini, qətiyyətli, dönməz sərkərdə qüdrətini bütün dünyaya nümayiş etdirən Heydər Əliyev mənim nəzərimdə daim zirvələrdə olan və bu yüksəklikdən heç zaman enməyəcək dahi İnsan obrazını qətiləşdirdi. Budur mənim tanıdığım və həyat örnəyi kimi qəbul etdiyim ulu öndər!

- Heydər Əliyev ideyaları bəs bu gün necə reallaşır və milli inkişaf strategiyasında hansı əhəmiyyət daşıyır?

- Prezident İlham Əliyevin liderliyində Azərbaycanın tarixinin ən qüdrətli dövrünü yaşaması, qazandığı mühüm nailiyyətlər, qlobal miqyasda əldə etdiyi böyük nüfuz, bölgənin lider dövlətinə çevrilməsi və saysız-hesabsız digər uğurlar məhz Heydər Əliyev ideyalarının uğurla həyata keçirilməsinin nəticəsi və təntənəsidir. Heydər Əliyev ideyaları Azərbaycanın müstəqillik kursunun, hərbi strategiyasının, sosial-iqtisadi inkişaf konsepsiyasının və digər zəruri dövlətçilik istiqamətlərinin əsas xəttidir. 

Respublikamız məhz Heydər Əliyev ideyalarının işığında, qüdrətli liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə inamla irəliləyir. Ulu öndərimizin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyərək əmanət etdiyi şah əsərini - müstəqil Azərbaycanı bu gün Prezidentimiz böyük qətiyyət, yüksək təşkilatçılıq istedadı və fədakarlıqla qoruyur, inkişaf etdirir. 

Prezident İlham Əliyev Azərbaycanı Avropanın əsas enerji təminatçılarından birinə, qitələrarası ən səmərəli logistik məkana, kosmik dövlətə, BMT Təhlükəsizlik Şurasının üzvünə, dünyanın ən mükəmməl sülh və əməkdaşlıq platformasına çevirib. Qlobal böhran şəraitində milli inkişafı qoruyub və daha da sürətləndirib, əhalinin rifahının dəfələrlə yüksəlməsini təmin edib. 
Ali Baş Komandanımızın rəhbərliyi altında Silahlı Qüvvələrimiz Aprel zəfərini qazanıblar və Böyük Qayıdışın ilk ünvanı olan Cocuq Mərcanlı qısa müddətdə Cənubi Qafqazın ən abad, ən müasir kəndinə çevrilib. 

Dünya çox çətin dövrdə yaşayır. Son iyirmi ildə onlarla ölkə bir anın içində vətəndaş müharibəsinə sürüklənib, dövlətçiliyini, müstəqillyini itirib, milyonlarla əhali qaçqına çevrilib. Yaşadığımız bölgənin də daxil olduğu coğrafi ərazidə terror, siyasi xaos, dini radikalizm yönündə çoxsaylı müharibələr yaşanır. Bu bəlalar Azərbaycanın sərhədinə doğru irəliləyir və onu ölkəmizə keçirmək istəyən məlum qüvvələr uzun illərdir ki, dayanmadan fəaliyyətdədirlər. Lakin Prezident İlham Əliyevin düzgün siyasəti, müdrik qərarları nəticəsində Azərbaycan bu problemlərdən uğurla qorunur, ictimai sabitlik, kriminogen durum ciddi nəzarət altında saxlanılır. 

Daxili işlər orqanlarına Prezident İlham Əliyevin böyük dəstəyi, himayədarlığı bizə xidməti fəaliyyətimizdə əsaslı dəstək, yüksək mənəvi stimul verir. Son 15 ildə bəzilərinin təməlqoyma və ya açılış mərasimlərində cənab Prezidentin şəxsən iştirak etdiyi yüzlərlə obyektin tikintisi və ya yenidən qurulması başa çatdırılıb, minlərlə nəqliyyat vasitəsi, xüsusi texnika alınıb. Sahə polis məntəqələrindən baş idarələrədək bütün inzibati xidmət müəssisələri yenilənib, maddi-texniki təminatı yüksəldilib, informasiya texnologiyaları ilə təchizatı yüksək səviyyəyə çatıb. Bu müddətdə vəzifə və rütbəyə görə maaşların artırılması ilə bağlı 14 sərəncam imzalanıb və nəticədə əməkhaqları orta hesabla 16 dəfə artıb. Şəxsi heyətin gərgin əməyi və fədakar xidməti dövlət başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək, ötən 15 ildə 626 əməkdaş dövlət mükafatları ilə təltif olunub, 44 rəhbər vəzifəli şəxs ali xüsusi rütbələrə layiq görülüb.

Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik zati-aliləri Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın genişmiqyaslı inkişafının və müstəqillik kursunun əsas təminatçı amillərindəndir. 

- Cənab nazir, bəs ictimai-siyasi sabitliyi formalaşdıran əsas amil nədir?

- İstisnasız olaraq xalq-iqtidar birliyi! Vətəndaşlarımızın cənab İlham Əliyevə və onun hakimiyyətinə olan inamı ölkədə güclü həmrəylik və monolit ictimai birlik yaradıb. Son prezident seçkiləri də göstərdi ki, Azərbaycan xalqı cənab İlham Əliyevə alternativ görmür, onun siyasi kursunu birmənalı dəstəkləyir. Qeyd edim ki, ötən ay keçirilən prezident seçkilərinin nəticələri həm də Heydər Əliyev ideyalarının növbəti qələbəsi idi.

Ümummilli liderimizin yubileyinə ən böyük töhfə məhz zati-aliləri İlham Əliyevin liderliyindəki güclü, qüdrətli Azərbaycandır! Heydər Əliyev ideyaları Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın xoşbəxtliyini təmin edəcəkdir! Bu müqəddəs vəzifənin həyata keçməsində Azərbaycanın daxili işlər orqanlarının və onun ayrılmaz hissəsi olan Daxili Qoşunların şəxsi heyəti öz Prezidentinin, Ali Baş Komandanının ən sadiq silahdaşlarından olacaq, ulu öndərimizin bizlərə əmanət etdiyi müstəqil Azərbaycanın daha da çiçəklənməsi və qüdrətlənməsi üçün üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəkdir.

“Azərbaycan” qəzeti

Nəşr olunub CƏMİYYƏT

Reytinq