Azərbaycan Gimnastika Federasiyasının 15 illik yubileyinə həsr olunmuş Ümumi Yığıncaq keçirilib

28 Dek 2017
235 baxış

Azərbaycan Gimnastika Federasiyasının (AGF) 15 illik yubileyinə həsr olunmuş Ümumi Yığıncaq keçirilib.

Trend-in məlumatına görə, iclasın əvvəlində AGF-nin maliyyə hesabatları dinlənilib, bir sıra məsələlər müzakirə olunub.

Sonra Federasiyanın 15 illik yubileyinə həsr olunmuş 8-ci Ümumi Yığıncaqda AGF-nin vitse-prezidenti Altay Həsənov 2017-ci il üzrə hesabatı, о cümlədən yubileylə əlaqədar 15 il üzrə hesabatı təqdim edib.

Hesabatdan sonra AGF-nin İcra Komitəsinin qərarına əsasən gimnastika sahəsində müəyyən nailiyyət və ya xidmətlərinə görə fərqlənmiş şəxslərə xatirə medalları təqdim olunub.

Həmçinin, 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında nəticə göstərmiş idmançı və məşqçilər bürünc medallarla təltif olunub:

- Murad Ağarzayev (idman gimnastı) - sərbəst hərəkətlərdə qızıl, komanda hesabında gümüş medal əldə etdiyinə görə;
- Rza Əliyev (kişi idman gimnastikası üzrə baş məşqçi) - yetirmələri (Murad Ağarzayev, Timur Bayramov və Bence Talas) 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə etdiyinə görə;
- Nina Pravdina (qadın idman gimnastikası üzrə baş məşqçi) - yetirmələri (Marina Nekrasova, Yuliya İnşına və Yekaterina Tişkova) 2 qızıl, 3 gümüş və 1 bürünc medal əldə etdiyinə görə.

Bundan başqa, İslam Həmrəyliyi Oyunlarında əldə etdikləri nəticəyə görə bir sıra digər idmançı və məşqçilər - gimnast Zöhrə Ağamirova, məşqçisi Yasena Stoyneva, gimnastlar Bense Talas, Timur Bayramov, Marina Nekrasova, Yuliya İnşina, Yekaterina Tişkova, məşqçi Gennadi Xorpyakov bürünc dəyərli xatirə medalları ilə təltif olunublar.

Bu il Ümumdünya Oyunlarında sinxron proqramda gümüş medal əldə etdiklərinə görə Svetlana Makştarova və Veronika Zemlyanaya da bürünc dəyərli xatirə medalları ilə təltif olunublar.

Bürünc dəyərli xatirə medallarını İcraiyyə Komitəsinin üzvləri Mariana Vasileva, Rafiq Behbudov və Rauf Əliyev təqdim edib. Qızıl medal isə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov tərəfindən təqdim edilib.

Mükafatlandırma mərasimindən sonra məhz gimnastika növləri üzrə yığma komandaların üzvlərinin yeni geyim dəstlərini xüsusi dizayn etmiş Mənzər Hacıyeva həmin geyim dəstləri ilə bağlı təqdimat edib.

İclasın sonunda çıxış üçün söz AGF-nin İcraiyyə Komitəsinin üzvləri Elşad Nəhmanov və Rauf Əliyevə verilib.

R.Əliyev çıxışında deyib ki, 15 il ərzində görülən işləri 3 istiqamət üzrə bölsək, ilk görülən işlərin özü olacaq, ikinci - nailiyyətlər, üçüncü isə perspektiv plan olacaq: “15 il üzrə hesabatda idmançıların, məşqçilərin, hakimlərin hazırlığı üzrə görülən işlər barədə məlumat verildi. İnkişaf yalnız Bakıda deyil, ölkənin 16 bölgəsində gedir - bu, böyük nailiyyətdir. Digər nailiyyətlərə gəldikdə, maddi-texniki baza yaradılıb. İndi Azərbaycana dünyanın digər ölkələrindən gimnastlar yalnız yarışlara deyil, həm də öz ustalığını artırmaq üçün təlim-məşq toplanışına gəlirlər. Daha bir nailiyyət idmançılarımızın müxtəlif yarışlarda medal qazanmasıdır və biz buna görə onlara təşəkkür edirik. Bu proses davam edir. Ən böyük nailiyyət isə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban Əliyevanın fəaliyyəti belə şəkildə qurmasıdır, beynəlxalq arenada aparılan işlər də bunu göstərib. Və bu fəaliyyət əsasında bu gün Avropada UEG prezidenti seçkilərində Fərid Qayıbov qalib gəlib. Baxmayaraq ki, onun rəqibi Avropada tanınmış Sloveniya nümayəndəsi idi. Bu, Azərbaycan Gimnastika Federasiyasının beynəlxalq arenada böyük nüfuzundan xəbər verir”.

O qeyd edib ki, 15 il ərzində bütün nailiyyətləri birləşdirərək, gimnastika ailəsinin adından ən böyük minnətdarlıq Mehriban Əliyevaya aiddir: “Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan idman ölkəsidir. Bu, həqiqətən belədir. 2000-ci ildə Avstraliyada, 2004-cü ildə Yunanıstanda, 2008-ci ildə Pekində Olimpiya Oyunlarına gedəndə özümüzə sual verirdik ki, nə vaxtsa Azərbaycandada belə stadionlar, belə olimpiya kəndləri tikiləcəkmi, belə açılış və bağlanış mərasimləri təşkil olunacaqmı? Bir neçə il keçdi və Azərbaycanda Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, Avropa və dünya çempionatları keçirildi. Azərbaycan bütün bunlara nail olub və bu, artıq reallıqdır. Bu reallığı davam etdirmək üçün gələn il bizdə seçkilər ilidir və biz Prezidentimiz İlham Əliyevə səs verməliyik. Əgər biz Azərbaycanın tərəqqi və inkişafını istəyiriksə, bu yolla getməliyik. Başqa yol yoxdur. Bu, işıqlı yoldur. Bu gün ölkənin 16 regionunda gimnastikanın inkişafı ən çox kimləri sevindirir? Gəncləri və onların valideynlərini. Bundan vacib heç nə ola bilməz”.

Daha sonra Azərbaycan Gimnastika Federasiyasının İntizam Komitəsinin rəhbəri Elşad Nərimanov çıxış edib. O qeyd edib ki, idman veteranları olaraq, onlar həmişə yarışların yüksək səviyyədə keçirilməsinə çalışıblar: “Təəssüf ki, əvvəllər birincilik yarışları indiki səviyyədə keçirilməyib. Mən Federasiya rəhbərliyinə, Azərbaycanın bədii gimnastika üzrə yığmasının baş məşqçisinə görülən işlərə görə təşəkkürümü bildirmək istəyirəm. İndi bizim Bakı və Azərbaycan birinciliklərimiz təşkilatçılıq baxımından Avropa çempionatlarından geri qalmır. Əvvəllər bizdə gimnastikanın müxtəlif növləri üzrə beynəlxalq dərəcəli hakimlərin sayı çox az idi, lakin indi onların sayı çoxdur və hamısı gəncdir. Azərbaycan qısa müddət ərzində çox yüksək səviyyədə beynəlxalq yarışlar keçirməyə başladı və bu işdə xüsusi rol Mehriban Əliyevaya məxsusdur. Biz çox şadıq ki, bizim Federasiyanın prezidenti Azərbaycanın Birinci vitse-prezidentidir”.

 

Boyukmillet.com

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq