“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının ilk turunun qalibləri müəyyənləşib

02 May 2019
37 baxış

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının ilk turu yekunlaşıb və nəticələr məlum olub.

Boyukmillet.com xəbər verir ki, turnirin ən yüksək reytinqli şahmatçısı, belaruslu qrossmeyster Vladislav Kovalyev (2678 - beynəlxalq əmsal), rusiyalı FIDE ustası Aleksandr Demyanjukla (2338) qarşılaşıb və görüş birincinin qələbəsi ilə başa çatıb.

Azərbaycanlı qrossmeyster, turnirin ən reytinqli ikinci şahmatçısı Nicat Abasov (2633) ilk turda azərbaycanlı FIDE ustası Aydın Süleymanlını (2334) sınağa çəkib. Gərgin keçən görüş Nicat Abasovun üstünlüyü ilə yekunlaşıb.

Digər azərbaycanlılar - qrossmeyster Eltac Səfərli (2624) və beynəlxalq usta Nail Bəşirli (2333) arasında keçən görüşdə isə Eltac Səfərli qələbə qazanıb.

Belaruslu qrossmeyster Aleksey Aleksandrov (2603) hindistanlı FIDE ustası Mithil Ajqaonkaru (2332), latviyalı qrossmeyster Nikita Meşkovsla (2574) isə azərbaycanlı qrossmeyster Sərhan Quliyevi (2330) məğlub etməyi bacarıb.

Turnirin ən reytinqli 10-cu şahmatçısı, ukraynalı qrossmeyster Eldar Qasanov (2506) türkiyəli FIDE ustası Əmirxan Tarlabaşı (2323) ilə “sülh” bağlayıb.

Yunanıstanlı qrossmeyster Vasilios Kotronias (2474) isə hindistanlı FIDE ustası Nixil Dixit (2302) üzərində qələbə qazanıb.

“A” qrupunda Naxçıvan Muxtar Respublikasını 5 zəka sahibi təmsil edir. Qrossmeyster Urfan Sevdimalıyev (2352) ustalığa namizəd Ayan Allahverdiyevadan (2076) üstün olub. Beynəlxalq usta Toğrul Həsənzadə (2323) ilk turda belaruslu qrossmeyster Vadim Malaxatkoya (2508), digər beynəlxalq usta Talıb Babayev (2329) isə turnirdə çıxış edən ABŞ-lı qrossmeyster Timur Qarayevə (2560) məğlub olublar. FIDE ustalarımızdan Sadiq Məmmədov (2205) azərbaycanlı beynəlxalq usta Kənan Qarayevi (2368) məğlub etməyi bacarıb. Pərviz Qasımov (2328) isə azərbaycanlı qrossmeyster Fərid Abbasovla (2534) xalları yarı bölüb.

İlk turdan sonra 20 şahmatçının aktivində bir xal var.

Əmsalı nisbətən aşağı olan şahmatçıların mübarizə apardığı “B” qrupunda isə ölkənin müxtəlif regionlarından 104 zəka sahibi qüvvəsini sınayır. İlk turdan sonra 50 şahmatçı maksimum xal toplayaraq turnir cədvəlinə liderlik edir.

Cari ildə “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının “C” qrupunda rekord sayda – 186 şahmatçı qüvvəsini sınayır ki, onların da 67-nin beynəlxalq əmsalı 1000-dən çoxdur. İlk turdan sonra 84 şahmatçı maksimum xal toplamağa nail olub.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq