“Azərbaycan müharibə şəraitində olduğundan...” - Gürcüstanın kredit borclarını silmə qərarına bizim deputatın reaksiyası

20 Noy 2018
25 baxış

Samir Əliyev: ”İqtisadçılar Azərbaycanda əhalinin borcunun üç hissəyə bölünməsini təklif etmişdi”

Gürcüstanın 600 mindən çox vətəndaşının banklar, onlayn kredit verən maliyyə təşkilatları və digər maliyyə qurumlarına olan borcları silinəcək.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə bildirib.

O deyib ki, borcların sıfırlanması prosesinə dekabrın 15-də başlanılacaq və dekabrın 31-dək başa çatdırılacaq:
“Qara siyahı”da göstərilmiş borcların, təxminən, 95 faizini kreditlər təşkil edir ki, onların da hər şəxs üçün məbləği 2 min laridən azdır. Söhbət 600 mindən çox vətəndaşın banklar, onlayn kredit verən maliyyə təşkilatları və müxtəlif maliyyə qurumları qarşısındakı təxminən yarım milyard lari (təqribi 188 milyon dollar) təşkil edən maliyyə öhdəliklərindən gedir. Bugünkü qərarla vətəndaşlarımızın bu borcları sıfırlanır. Qeyd etmək lazımdır ki, bu kateqoriyaya sosial təminatsız və məhdud imkanları olan vətəndaşlarımız daxildir”.
M.Baxtadze qeyd edib ki, borcların silinməsi prosesi “Kartu” Fondunun dəstəyi ilə həyata keçiriləcək.
Azərbaycanda vətəndaşların banklara olan borcu məsələsi 2015-ci ildə baş verən iki devalvasiyadan sonra aktuallaşdı. Devalvasiya nəticəsində dollarla kredit götürən insanların banka olan borcu valyuta kursunun dəyişməsi nəticəsində manat ekvivalentində daha da böyüdü və bir çox kreditlər problemli kreditlərə çevrildi.
Bu problemin həlli üçün iqtisadçılar müxtəlif təkliflər verdilər.

İqtisadçı Samir Əliyev Meydan TV-ə deyib ki, oktyabrın 1-nə olan məlumata görə problemli kreditlərin həcmi təxminən 1,8 milyard manatdır.
“Əgər bağışlanmaqdan söhbət gedəcəksə, bu rəqəm gündəmə gələ bilər. 1,8 milyard manatın əhəmiyyətli hissəsi 2015-ci ilin devalvasiya qərarları nəticəsində ortalığa çıxıb. Qalan hissəsi borc qaytarılmadığına görə cərimə hesablanıb”.

İqtisadçı bildirib ki, 2015-ci ilin devalvasiya qərarından sonra iqtisadçılar ortaq mövqe nümayiş etdirdi.

“Bu, ondan ibarət idi ki, borcların qaytarılması məsuliyyəti 3 hissəyə bölünsün, bank, hökumət və əhali. 0,78 manatla götürülən kreditlər məzənnə 1,50 manata qalxdıqdan sonra bunların arasındakı fərq 3 yerə bölünə bilərdi, hökumətin üzərinə daha çox yüklənərdi. Amma bu təklif o zaman qəbul olunmadı. Əgər təklif qəbul edilsəydi, bank sektorunda böhran yaranmazdı. Bankların bağlanmasının daha da sürətlənməsinin səbəbi əhalinin borclarının vaxtında qarşısının alınmaması oldu. Beynəlxalq Bankın problemi vaxtında həllini tapsaydı, büdcədən vəsait ayrılmazdı”.

Milli Məclisin deputatı Jalə Əliyeva isə deyib ki, bu məsələ davamlı olaraq gündəmə gəlir, indiyə qədər bununla bağlı müxtəlif işlər görülür.

“Bank kreditlərinin qaytarılması hər zaman gündəlikdədir. Sadəcə, Azərbaycan müharibə şəraitində olduğundan müəyyən strateji və siyasi məsələlər var ki, həllini tapmasa, mümkün deyil”.

“Gürcüstan da müharibə şəraitindədir və üstəlik Azərbaycan kimi neft vəsaitlərinə malik deyil. Belə olduğu şəraitdə Gürcüstan problemi həll etdisə, Azərbaycan hökuməti oxşar addım ata bilməzmi” sualına Jalə xanım belə cavab verdi:
“Bizim ölkəmizdə də bir çox addımlar atılır ki, digər qonşularımızda atılmır. Məsələn, vətəndaşın sosial müdafiəsi ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Ona görə belə qiymətləndirməyək ki, orda oldu, burda niyə olmadı. Ancaq bank borcları davamlı olaraq gündəliyə çıxarılır və hər birimizin arzusu odur ki, məsələ öz həllini tapsın”.

İqtisadçı Azər Mehtiyev isə düşünür ki, Gürcüstan hökumətinin qərarı 28 noyabr prezident seçkisi ilə əlaqədardır.
“Ancaq bunun necə əsaslandırılmasını kənara qoyaq, onsuz da Gürcüstan hökuməti bu cür addımlar atır”.

O deyib ki, əslində, bu borcların silinməsi məsələsində fikir ayrılığı olmamalıydı, çünki borclar əhalinin işi zəif bilməsindən və ya biznes risklərindən yaranmamışdı.
“Problem Mərkəzi Bankın qərarından ortalığa çıxdı. Birinci devalvasiyadan sonra banklar kütləvi şəkildə manatla olan kreditləri dollara keçirdilər və nəticədə əhali çox böyük ziyan çəkdi. Ona görə hökumət yaranan əlavə yükü öz üzərinə götürməlidi, bunun üçün mənbə var idi”.

İqtisadçının sözlərinə görə, Mərkəzi Bank dollar satışından mənfəət əldə etmişdi, bu mənbə də dollar kreditlərindən yaranan yükü aradan qaldıra bilərdi.

“Mərkəzi Bank təxminən 4 milyard manat yaxın vəsait əldə etmişdi. Əhalinin də əksər hissəsinin dollar kreditlərinə görə məzənnə dəyişikliyinə görə əlavə yaranan borcu təqribən 4-5 milyard civarında idi. Bu baxımdan əhalinin banklara borcunu Mərkəzi Bank banklara ödəsəydi bu sektordakı böhranın qarşısını alardı və əhali də, bank sektoru da yükdən azad olardı. İkinci variant neft gəlirləri idi. Hökumət Beynəlxalq Bankın böyük miqdarda kreditlərini dövlət büdcəsi hesabına qapatdı. Eyni zamanda, SOCAR ayrı-ayrı şirkətlərin borclara görə yaranan öhdəliklərinin qapanması üçün büdcədə vəsait ayırır. O zaman hökumətin bu prosesdə əhalini dəstəkməməsi başa düşülən deyil”.

 

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq