2019-cu il Türkiyə iqtisadiyyatı üçün asan olmayacaq

22 Yan 2019
43 baxış

Təxminən, 3 aydır ki, Türkiyədə ABŞ dollarının qiyməti 5 - 5,5 lirə arasında qərarlaşıb. Bu, qonşu ölkənin milli valyutasının məzənnəsinin müəyyən qədər sabitləşməsi demək olsa da, Türkiyənin ötən il üzləşdiyi iqtisadi problemlərin artıq arxada qaldığını demək olmaz.

2019-cu il Türkiyə iqtisadiyyatı üçün asan il olmayacaq. Bunun isə bir sıra səbəbləri var.

İlk növbədə, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faiz artımı siyasətini bu il də davam etdirəcəyi və azı 2mərhələdə uçot dərəcəsini artıracağı gözlənilir. Bu, bütün dünyada olduğu kimi, Türkiyədə də dolların bahalaşması ilə nəticələnəcək və Amerika valyutasında olan xarici borcların məbləğini lirə ifadəsində artıracaq.

Bundan başqa, faiz artımı investorların inkişaf etməkdə olan ölkələrin, o cümlədən Türkiyənin iqtisadiyyatına, qiymətli kağızlar bazarına marağını azaldacaq, pul axını daha çox okeanın o tayına istiqamətlənəcək. Başqa sözlə, investorlar sərbəst dönərli valyutada buraxılmış istiqrazlara daha çox meyllənəcəklər, lirədə illik 15-20% gəlir vəd edən borc maliyyə alətləri onları elə də maraqlandırmayacaq.

Daha bir səbəb isə Türkiyə əhalisinin dollar şokundan hələ ayılmamasıdır. Lirənin məzənnəsinin qismən sabitləşməsi özünü ölkə iqtisadiyyatında elə də göstərmir. Başqa sözlə, sadə vətəndaşlar və biznes strukturları xarici valyutada saxladıqları pulları lirəyə çevirib biznesə yatırmaqda maraqlı görünmürlər. Banklardan biznes məqsədi ilə kredit götürənlər də azdır. Bu isə həm də yerli maliyyə qurumlarına problem yaradır. Onlar cəlb etdikləri vəsaitlərə görə faiz ödədikləri halda, həmin pulları “sata bilmirlər”.

Bundan başqa, Türkiyədə inflyasiyanı nəzarət altına almaq hələ də mümkün olmayıb. Mərkəzi Bank bunun üçün uçot dərəcəsini bir neçə aydır ki, 24% səviyyəsində saxlayır. Sərt monetar siyasət istər-istəməz iqtisadi inkişafa mane olur.

Ötən il iyun ayında Türkiyənin 2019-cu il üçün iqtisadi artım proqnozunu 4,7%-dən 3,6%-ə endirmiş “Fitch” beynəlxalq reytinq agentliyi fikrinə yenidən düzəliş edib. Qurum bu il Türkiyə iqtisadiyyatının cəmi 1,2% böyüyəcəyini proqnozlaşdırır. “Fitch”in 2020-ci il üçün proqnozu isə 3,9%-dir.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq