Burda göstərilən tarixə olan xəbərlər: Cümə, 07 İyun 2019

Yücel Laçın: “Sultan bəyin Azərbaycandan olan bütün yaxın qohumları həmin məzarı ziyarət edib, onun başında şəkil də çəkdiriblərsə, burada əlavə söz-söhbətə nə ehtiyac var?”

img

Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun qardaşı, erməni generalı Andranik Ozanyanın qoşununu darmadağın edən, hətta bəzi bilgilərə görə, onun qulağını kəsən Sultan bəy Sultanovun məzarının Türkiyənin Qars vilayətinin Koçköy kəndində olması ilə bağlı məlumatlar yayılıb.

Qeyd edək ki, həmin məzarın Sultan bəyə aid olması ilə bağlı məlumatı Azərbaycan cəmiyyətinə ilk dəfə Beynəlxalq Diaspor Mərkəzi verib. Qurumun sədri İsmayıl Ağayev həmin məzarın abadlaşdırılması istiqamətində bəzi işlərin görüldüyünü, hətta məzara Sultan bəyin böyük portret şəklinin vurulduğunu bildirib.

BDM sədri İsmayıl Ağayevin rəhbərliyi ilə 2 il öncə Koçköy kəndində Sultan bəyin məzarı önündə Qarsdakı baş konsulun iştirakı ilə tədbir keçirilib.

Müstəqil araşdırmaçı Orxan Cəbrayıl Sultan bəy Sultanovun məzarının Qarsda deyil, Bursa şəhərində olması ilə bağlı məlumatların olduğunu deyir: "Belə bir versiya var ki, Sultan bəy Türkiyədə mühacirətdə olduğu dönəmdə Qarsın Koçköy kəndində yaşamış və orada vəfat etmişdir. Lakin həmin məzarın üzərində Sultan bəyə aid olması ilə bağlı heç bir yazı yoxdur. Ümumiyyətlə, Sultan bəyin Qarsda yaşaması, orada vəfat etməsi və məzarı haqqında bilgilər heç bir sənədə, tarixi mənbəyə əsaslanmadan bir fərziyyə olaraq irəli sürülüb. Kənd camaatı məzar sahibinin 1935-ci ildə vəfat etdiyini bildirir. Lakin Sultan bəy 1942-ci ildə vəfat edib. Sultan bəyin qohumları olduğunu iddia edən adamlar Xosrov bəy haqqında heç bir məlumata sahib deyillər. Hansı ki, həmin vaxtlar Xosrov bəylə Sultan bəyin əlaqələri olub və təsadüfi deyil ki, Xosrov bəy qardaşının vəfat etməsi ilə bağlı “Cümhuriyyət” qəzetinin 15 aprel 1942-ci il sayında məlumat verib. Məlumat üçün bildirim ki, həm Sultan bəy, həm Xosrov bəylə bağlı bütün işlər millət vəkili Mahir Abbaszadənin nəzərindədir. Bir dəfə nümayəndə heyəti göndərib, bir dəfə də bilavasitə özü Qarsda Koçköy kəndində gedərək, həmin naməlum məzara baş çəkib. Məzarın abadlaşdırılması ilə bağlı yetkililərlə də görüşüb. Mən özüm də məzarın Sultan bəyə aid olması ilə bağlı şübhələrimi ona çatdırmışam. Çünki həm ora gedən nümayəndə heyətinin, həm də mənim o kənddən olan insanlarla ünsiyyətim zamanı belə bir qənaətə gəldik ki, həmin məzar Sultan bəyə aid deyil. Sonralar Türkiyə Cümhuriyyəti Dövlət Arxivindən Xosrov bəylə bağlı əldə olunan bəzi sənədlərdə onun tez-tez Bursaya səfər etməsi ilə bağlı bilgilər əldə etdik. Bu işlə əlaqədar olaraq mən 1 il əvvəl Bursada oldum, ancaq ciddi bir məlumat əldə edə bilmədim. Amma bu yöndə axtarışlar davam edir. Abidə ucaltmaq, məzarı abadlaşdırmaq fərziyyələr üzərindən hərəkət etməklə mümkün olacaq bir iş deyil. Düşünürəm ki, bu axtarışların nəticəsi bəlli olduqdan sonra məzarın abadlaşdırılması istiqamətində işlərin görülməsi daha məqsədəuyğun olar. Azərbaycanın istiqlalı və torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə misilsiz xidmətləri olmuş, öz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazmış Xosrov bəy və Sultan bəy Sultanov qardaşlarının adları əbədiləşdirilməli, layiq olduqları qiymətin verilməsi böyük mənəvi əhəmiyyət kəsb edir".

Bütün bu iradlara aydınlıq gətirmək üçün Sultan bəyin məzarının Qarsda olduğunu ilk iddia edən və həmin məzarı abadlaşdıran BDM sədri İsmayıl Ağayevlə əlaqə saxladıq. O, qəzetimizə açıqlamasında bildirdi ki, Sultan bəyin məzarı ətrafında açılan bu cür yersiz polemikaları təqdir etmir: “Həmin şəxsiyyətin Azərbaycan tarixindəki rolu bizi onunla bağlı araşdırma aparmağa vadar etdi. İlk dəfə bu barədə məlumatı Sultan bəyin qardaşı oğlu, metropolitenin sabiq rəis müavini Elbrus Əliyev verdi. O, Türkiyədə bu istiqamətdə araşdırma aparıb və ona həmin qəbri göstəriblər. Onunla söhbətdən sonra biz gedib həmin kəndi ziyarət etdik. Apardığımız bütün araşdırmalar həmin məzarın məhz Sultan bəyə məxsus olduğuna qəti şübhə yeri qoymadı. Onun nəvəsi Yücel Laçın var. Türkiyədə tanınmış şəxslərdəndir. Onda Xosrov bəyin silahı və xəncəri də qalıb. Nəvəsi onun silahlarını saxlayır. Biz həmin məzarı tapanda bu gün məzar ətrafında polemikaları qızışdıran millət vəkili təklif etdi ki, bu işləri birlikdə görək. Biz razı olmadıq. İndi deyirlər həmin məzar başqa adama məxsusdur. Görünür, bundan da dividend götürmək istəyən adamlar var. Bir daha xatırladıram ki, Soltan bəyin iki yaxın qan qohumu - Elbrus və Yücel bəy həmin məzarın həqiqətən Xosrov bəyə aid olduğunu təsdiqləyir. Başqa nə cür polemika istəyirlərsə, mən hazıram. Qəbrin niyə indiyə kimi abadlaşdırılmaması iddiası ortaya qoyulur. Gedin, həmin kəndin məzarlığına baxın. Orada bütün məzarlar eyni ölçüdədir. Yəni heç bir dəbdəbə görməzsiniz. Sultan bəy təqib olunduğu üçün həmin kənddə əsl kimliyini gizlətməyə məcbur olub. Çünki bilirdi ki, rus casusları və erməni daşnakları onu izləyirlər. Mən bildirilən iradların hamısını əsassız sayıram”.

  • “... əlimizdə dəlillər, təkzibedilməz sübutlar olmasaydı...”

Sultan bəyin nəvəsi kimi təqdim olunan Y.Laçın da qəzetimizə bu məsələ ilə bağlı münasibət bildirməyə hazır olduğunu bildirdi. Türkiyədə nüfuzlu iş adamı olan Y.Laçın Azərbaycanda onun babası ilə bağlı belə yersiz söhbətlərin aparılmasından ciddi narahatlıq keçirdiyini bildirdi: “Mən Azərbaycanda olan qohumlarımıza da bu barədə məlumat verdim. Onlar da lazım gəlsə mövqelərini bildirəcəklər. Biz bilirik ki, Xosrov bəyin məzarı İstanbuldadır. Onun qardaşı olan, yəni bizim babamız Sultan bəyin isə məzarı Kocköydədir. Ora bizim kəndimizdir. Sultan bəyin Azərbaycandan olan bütün yaxın qohumları həmin məzarı ziyarət edib, onun başında şəkil də çəkdiriblərsə, burada əlavə söz-söhbətə nə ehtiyac var? Sultan bəyin məzarının Qarsın Koçköy kəndində olmasına dair heç bir şübhələr ola bilməz. Biz onun Azərbaycanda olan hansısa malına, mülkünə iddialı deyilik. Başa düşə bilmirəm, niyə bəzi insanlar belə narahatlıq keçirirlər? Bizim Türkiyədə işimiz-gücümüz, özümüzə görə imkanımız var. Məzarın əbədiləşməsinə Azərbaycan kömək edəcəksə, buyursunlar, etməsələr belə sağ olsunlar, özümüz orada nə lazımdır inşa edərik. Ancaq biz kimlərəsə imkana vermərik ki, bizim tariximizi, soykökümüzü saxtalaşdırmağa cəhd etsinlər. Yaxşı, Sultan bəyin məzarı o deyilsə, bəs hansıdır? Qoy bunu iddia edənlər gəlib mənə Türkiyədə onun yerini göstərsinlər. Biz, sadəcə, söz olaraq bunu demirik, əlimizdə dəlillər, təkzibedilməz sübutlar olmasaydı, belə iddianı irəli sürməzdik”.

Məhəmmədəli QƏRİBLİ

Nəşr olunub SİYASƏT

İsmayıllı rayonunun Quşencə kəndində qəribə hadisə baş verib. 
boyukmillet.com -un əldə etdiyi məlumata görə, bir ilə yaxındır ki, əmisi oğlu ilə nişanlı olan 25 yaşlı qız başqa oğlana qoşularaq qaçıb. Məlum olub ki, onun evlənmək məqsədilə qaçdığı şəxs doğma dayısı oğludur.

Sakinlərin bildirdiyinə görə, həmin qızın bu yaxınlarda əmisi oğlu ilə toyu olacaqdı. Hətta ailələr toy tarixini də müəyyən ediblərmiş. 

Quşencə bələdiyyəsinin sədri Ramiz Ağayev faktı Azvision.az -a təsdiqləyib. Onun sözlərinə görə, hadisə ötən gün baş verib. 

“Dəqiq deyə bilmərəm ki, qız əmisi oğluna məcburi verilmişdi, ya yox. Ancaq dayısı oğlunu sevdiyi bəlli oldu. Buna görə də iyunun 6-da dayısı oğlu ilə birgə qaçıb. Qızın ailəsi çox normal ailədir. Bütün kənd baş verən hadisədən şoka düşüb”. 
Nəşr olunub CƏMİYYƏT

Əlahiddə Ümumqoşun Ordunun məbuat xidmətindən boyukmillet.com-a verilən məlumata görə, Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb.

Təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Təlimə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunub. Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır. “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi iyunun 11-dək davam edəcək.

Nəşr olunub CƏMİYYƏT

Hacı Təyyar Hüseynli: “Hesab edirəm ki, bayram günlərində insanların 25 manat həcmində fitrə, zəkat verməli olduğunu iddia edən adamlar bu bayramdan sui-istifadə edənlərdir”

img

“Ailədə 4 nəfər varsa, o ailə 6 manat həcmində fitrə, zəkat verməlidir”

 

Ölkəmizdə yüksək səviyyədə keçirilən müqəddəs Ramazan bayramında hər bir ailə yetim-yesirə, kasıb-kusuba, əlsiz-ayaqsıza, bir sözlə, ehtiyacı olanlara fitrə-zəkat verdi. Ümumiyyətlə, Ramazan bayramının özəlliklərindən biri insanların yardımlaşması, qazancını paylaşmasıdır.

Əlbəttə, hər kəs öz büdcəsinə uyğun olaraq ehtiyacı olanlara fitrə, zəkat verdi. Bayram günlərində sosial şəbəkələrdə bəzi tanınmış din xadimlərinə istinadən məlumatlar yayıldı ki, hər ailə adambaşına 25 manat həcmində fitrə, zəkat verməlidir. Sosial şəbəkələrdə yayılan bu məlumat sözsüz ki, cəmiyyətdə böyük narazılıq yaratdı. Belə çıxdı ki, ailədə 5 nəfər varsa, o ailə 125 manat fitrə, zəkat verməlidir. Ümumiyyətlə, indiyə qədər belə bir tələbin olmadığı məlumdur. Birdən-birə adambaşına 25 manat fitrə, zəkatın verilməsi tələbinin gündəmə gəlməsi böyük ajiotaj yaratdı.  

Hətta bəzi dindarlar bildirdilər ki, adambaşına 25 manat fitrə, zəkatın müəyyən edilməsi məsələsi insanların inancından, Ramazan ayına bağlılığından sui-istifadədir. Dindarlar qeyd etdilər ki, hər bir ailə üzvünə görə 25 manatın müəyyən edilməsi düzgün deyil. Onların bildirdiyinə görə, fitrə, zəkat hər ailə üzvünə görə 1 manat 50 qəpikdir. 25 manat məsələsinə qarşı çıxan dindarların bildirdiyinə görə, hətta ən varlı adam belə 1 manat 50 qəpik həcmində fitrə, zakat verməlidir.

  • “... Ramazanın mahiyyətinə uyğun deyil”

Bu kimi söhbətləri meydana atmaqla bəzi dindarların çaşqınlıq yaratdığını deyən ilahiyyatçı Hacı Təyyar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, insanların inancından sui-istifadə etmək olmaz. “Əvvəlcədən onu deyim ki, fitrə, zəkatın verilməsi məcburi deyil, bu, ixtiyari məsələdir. Yəni heç kəsi məcbur etmək olmaz ki, sən mütləq fitrə, zəkat verməlisən. Ancaq bilirsiniz ki, Ramazan bayramı yardımlaşma, bölüşmə bayramı olduğu üçün, insanlar bir-birinə dayaq olur, dəstək göstərirlər. O ki, qaldı veriləcək fitrə, zəkatın məbləğinə, bu, ölkələrin, cəmiyyətlərin vəziyyətinə görə dəyişir. Yəni hansı ölkədə hansı məhsullara tələbat daha çoxdursa, həmin məhsulun 3 kiloqramının dəyəri qədər fitrə, zəkat verilməlidir. Məsələn, bizdə çörəyə tələbat çoxdur və biz üç kilo unun, yaxud çörəyin qiymətinə uyğun fitrə, zəkat verməliyik. Bu da edir 1 manat, 1 manat 50 qəpik. Əgər ailədə 4 nəfər varsa, o ailə 6 manat həcmində fitrə, zəkat verməlidir. Elə ölkələr var ki, orada xurmanın, yaxud qarabaşaqın və digər məhsulların 1 kiloqramının qiymətinə görə fitrə, zəkat müəyyən edilir. Mən də eşitdim ki, bəziləri camaatın 25 manat həcmində fitrə, zəkat verməli olduğunu deyir. Onlar bunu nəyə əsasən deyirlər, bilmirəm, amma fakt budur ki, dövriyyəyə buraxılan həmin 25 manat söhbəti heç bir tələbə uyğun deyil. Bu yanlış məsələdir. Ümumiyyətlə, fitrə, zəkat məsələsində varlı ilə kasıbın, orta səviyyədə dolanan insanın heç bir fərqli yoxdur. Hamı eyni məbləğdə fitrə, zəkat verməlidir. Kimsə varlıdırsa, o daha artıq pul verməlidir və sair, belə məsələ yoxdur. Hesab edirəm ki, bayram günlərində insanların 25 manat həcmində fitrə, zəkat verməli olduğunu iddia edən adamlar bu bayramdan sui-istifadə edənlərdir. İnsanların inancından, bayrama münasibətindən bu cür istifadə edilməsi doğru deyil. Adambaşına 25 manat pulu yığıb hara, kimə verirlər, burada şəffaflıq nə dərəcədə təmin olunur? Deyə bilmərəm. Onu bilirəm ki, kimlərinsə camaatın adambaşına 25 manat fitrə, zəkat verməli olduğunu tələb kimi irəli sürməsi Ramazanın mahiyyətinə uyğun deyil. Onsuz da imkanı olan xeyirsevər insanlar yardımlaşdılar, ehtiyacı olanları sevindirdilər” - deyə H.T.Hüseynli qeyd etdi.

Nəşr olunub CƏMİYYƏT

Qarşıdan isti yay günləri gəlir. Yay aylarının qızmar günlərində zirvəsi qarla örtülən dağlar, dərələrdən şırıl-şırıl axan çaylar, al-əlvan çiçəklərlə bəzənmiş yamyaşıl yamaclar, qoynunda minlərlə növbənöv ağaca, müxtəlif canlılara yer vermiş meşələr. Yay turizmi üçün ideal məkan olan Naxçıvan Muxtar Respublikasına səyahətə gələn hər bir qonaq bütün bunları öz gözləri ilə görə bilər.

boyukmillet.com xəbər verir ki, vaxtilə ərazisinin yalnız 0,6 faizi yaşıllıq olan, bu gün isə artıq 20 faizi yaşıllığa bürünən Naxçıvanın füsunkar təbiətini fərqləndirən əsas xüsusiyyətlərdən biri də onun monoton olmamasıdır. Burada təbiət dəyişkən, canlı, dinamikdir, hər addımda yeni mənzərə ilə qarşılaşırsan. Yaxın məsafədə uca dağları, bir az sonra yamaclara sərilmiş meşələri, kükrəyən dağ çaylarını, yaşıl çəmənləri, qısa müddət sonra düzənlikləri, abadlaşmış elləri-obaları görmək mümkündür.

Yayda insanların kütləvi şəkildə üz tutduqları füsunkar təbiətə malik olan Şahbuz rayonun incisi olan Batabatın meşələrinə, meyvə bağlarının diyarı Ordubadın, barlı-bərəkətli torpaqları, zəhmətkeş, qonaqpərvər insanları ilə seçilən Şərurun yaylalarına yaxınlaşdıqca oksigen dolu təmiz havanın sərinliyi şəhərin 40 dərəcə istisindən yenicə xilas olmuş insanı məst edir. Dağların əzəmətli mənzərəsini tamamlayan yamyaşıl xalının sehrli naxışları bu gözəlliyə biganə qalmayan hər kəsi özünə heyran buraxır.

Alınmaz qala bürcləri kimi yalçın qayaları, yol üstündə qaynayan buz bulaqları, əzəmətli Haçadağı, Xan Arazı, Arpaçayı, insanı valeh edən “Üzən adası”, Zor bulağı, Pəzməri şəlaləsi, Göy gölü muxtar respublikanın təbiət gözəlliyinin simvolları sırasındadır. Bəlkə də buna görə muxtar respublikaya səyahət edən turistlər qədim yurdumuzu təbiət möcüzəsi adlandırırlar. Yaşayış məntəqələri başdan-başa abadlaşan, yolları göz oxşayan bu diyara gələn hər bir qonaq burada gözəl istirahət edir, xoş xatirələrlə geri qayıdır. Dincəlmək üçün xarici ölkələrə deyil, onlardan qat-qat gözəl və daha sərfəli olan ölkəmizin turizm məkanlarına, o cümlədən qədimliyi, müasirliyi və zəngin təbiəti ilə hər kəsi heyran edən Naxçıvana üz tutmağınızı tövsiyə edirik.

Nəşr olunub CƏMİYYƏT

Reytinq