Şahid: “Saakaşvilini saçlarından tutub yerə uzatdılar və...”

19 Fev 2018
182 baxış

Eks-prezidentin Ukraynada son anını görən azərbaycanlı Ağa Zeynalovdan “Yeni Müsavat”a maraqlı açıqlamalar

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Ağa Zeynalov hazırda Ukraynadadır. O, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Kiyevin “Suluquni” restoranında həbsinin və döyülməsinin təsadüfən şahidi olub. Daha sonra hava limanına gedərək deportasiya prosesini də izləyib, bu zaman təhlükəsizlik xidmətinin əməkdaşları onun telefonunu da sındırıblar. Ağa Zeynalov Kiyevdən sonra Odessada, Moldovanın paytaxtı Kişinyovda və Qaqauziyada olub. Ağa Zeynalov müşahidələrini “Yeni Müsavat”la bölüşüb:

Картинки по запросу Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Ağa Zeynalov

- Ağa bəy, Kiyevdə Mixail Saakaşvilini deportasiyası zamanı nələri müşahidə etdiniz? 

- Fevral ayının 12-i Kiyevdə, dostlarımla “Suluquni” restoranında oturmuşduq və birdən zala silahlı əsgərlər daxil oldular. Biz restoranın ikinci mərtəbəsində oturmuşduq, Sən demə həmin vaxt Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili də bura imiş. Gözümün qarşısında onu saçlarından tutub yerə uzandırdılar və axtarış keçirtdilər. Bu zaman mən telefonu götürərək bütün bu olanları kameraya çəkirdim ki, təhlükəsizlik xidmətinin silahlı əməkdaşı mənə yaxınlaşaraq silahının qundağı ilə telefonumu vurub sındırdı. Bu vaxt xüsusi xidmət orqanlarının əməkdaşlarına əmr verildi ki, Saakaşvilini götürüb restoranı tərk etsinlər. Gözümüzün önündə Saakaşvilinin üzünə 2 yumruq zərbəsi endirən xüsusi təyinatlı onun saçlarından tutub digər əsgərlər ilə birlikdə zaldan çıxararaq, Volkswagen markalı mirko avtobusa salaraq yerə uzandırıb götürdülər.

- Kiyevdə indi ümumi vəziyyət necədir? Saakaşvilinin haqsız yerə deportasiya edildiyini düşünənlər çoxdumu?

- Dostlarımla birgə restorandan çıxaraq hadisələrin sonrakı gedişatını izləməyə qərar verdik. Biz düşündük ki, Saakaşvilini deportasiya etmək istəyirlər. Ona görə Kiyevin hava limanına gedib hadisələri yerindəcə izləməyə qərar verdik. Hava limanında gərginliyin şahidi olduq. İnsanlara yanlış informasiya verilmişdi ki, guya Saakaşvili mikroavtobusun içindədir, onun tərəfdarları təhlükəsizlik xidmətinin əməkdaşları ilə qarşıdurmaya girdilər, təhlükəsizlik orqanına məxsus mikroavtobusu aşırtdılar. Ancaq maşının içində heç kəs yox idi. Bu zaman informasiya gəldi ki Saakaşvili artıq təyyarəyə mindirilib və təyyarə havadadır. Bu zaman qəzəblənən Saakaşvilinin tərəfdarları küçələrə dağılaraq, öncə Prezident Administrasiyasının önündə, sonra isə prezident Pyotr Poroşenkonun evinin önündə kütləvi şəkildə mitinqlərə başladılar. Hazırda Kiyevdə vəziyyət gərgin olaraq qalır. Saakaşvilinin deportasiyası Ukrayna hakimiyyətinin problemlərini azaltmayacaq. Bu günlərdə Ukraynada prezidentə qarşı impiçment marşı keçiriləcək. Saakaşvilinin tərəfdarları ilə yanaşı digər müxalifətçilər də aktivləşərək insanları çölə çıxmağa səsləyəcəklər. 

- Odessada da olmusunuz. Mixail Saakaşvili orada qubernator olduğu illərdə islahatlara başlamışdı. Amma işi yarımçıq qaldı. Hazırda Odessada iqtisadi vəziyyət necədir? Çünki bu şəhər həm də hər zaman kriminogen vəziyyəti ilə məşhur olub... 

- Bəli, Odessada da oldum. Doğrudur, ora kriminogen durumu ilə seçilən bir şəhərdir. Təbii, Saakaşvili Odessaya mer təyin olunduqdan sonra dərhal iş başına keçdi və şəhərdə kriminal və korrupsiya ilə mübarizəyə başladı və demək olar ki uğurlu mübarizə apardı, ancaq bunu görən qüvvələr, - hansı ki, Odessanın bu kriminal durumundan pul qazanırdı, - gördülər ki gəlirləri xeyli düşüb. Təbii olaraq bu qüvvələr Saakaşvilinin bu postu tərk etməsi üçün əllərindən gələni etdilər və uğur qazandılar. Hazırda Odessada durum əvvəlkindən də bərbaddır. Kriminal baş alıb gedir. 

- Moldovada prezidentlə baş nazir arasında qovğa davam edirmi? Moldova sakinləri Rusiyaya, yoxsa Avropaya yaxın olmaq istəyirlər? 

- Moldovada olarkən yerli siyasətçilərlə görüşüb fikir mübadiləsi aparmaq imkanım oldu. Ölkədəki durumu müşahidə etdim. Moldova prezidenti İqor Dodon demək olar ki, ölkədə heç nəyi həll etmir, rus yönümlü siyasətinə görə ölkədə sevilmir. Baş nazir qərbpərəstdir və demək olar ki, o da heç nəyi həll etmir, ölkənin bir sahibi var – iş adamı Ploxatnyuk. Bu insan ölkənin sahibidir və istədiyi hər şeyi edir. Təbii olaraq Moldova Avropaya daha yaxındır və cəmiyyətin əksər hissəsi İqor Dodonu rus meylli siyasətini qəbul etmir. Ploxatnyuk isə Qərbə meyllidir və o prezidentin Rusiyaya yaxınlaşmaq siyasətində başlıca maneədir. 

- Qaqauziyada separatizmi qızışdırmaq istəyən qüvvələr var. Sən bu bölgədə də oldun. Nələri müşahidə etdin?

- Bəli, vəziyyətdən istifadə edərək Qaqauziyanın Kamrat və Çadrlunga şəhərlərində də oldum və bu regionda insanlar ilə söhbət etdim. Burada rus və türk maraqları var və təbii olaraq ərazidə yaşayan qaqauzlar özlərini türklərə və Türkiyəyə daha yaxın hiss edirlər. Bildiyiniz kimi Moldovada rusdilli kanalların qadağan olunması ilə Qaqauziya razılaşmayıb. Gəldiyim nəticə budur ki, bu məsələdə Rusiyanın əli var. Bu problem Moldova ərazisində yeni bir separatçı bölgənin yaradılmasına gətirib çıxara bilərdi. Ancaq eşitdiyimə görə, Türkiyənin Moldovadakı səfiri bu bölgəyə dəfələrlə səfər edərək Qaqauziya rəhbəri ilə görüşüb və bu vəziyyəti yatızdıra bilib. Onun şahidi oldum ki, Qaqauziya insanı Türkiyəyə yaxındır və Türkiyənin də bu bölgədə maraqları az deyil. Bu, əslində Moldovanın xeyrinədir. Onu da qeyd edim ki, Saakaşvilinin hava limanından deportasiyası zamanı Türkiyənin Ukraynadakı səfiri də hava limanında idi. Bu fakt da mənə maraqlı gəldi. Sanki səfir hadisələri yerində izləmək üçün hava limanına gəlmişdi. Bunu isə Türkiyənin Saakaşvilinin taleyinə biganə olmadığı kimi də izah etmək olar. (Cavanşir Abbaslı, “Yeni Müsavat”)

Boyukmillet.com

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq