Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə, 07 Fevral 2018

Kriminal aləmdə “Gəncəli Firdovsi” kimi tanınan Firdovsi Mustafayevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

Boyukmillet.com-un Lent.az-a istinadən məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Firdovsi Mustafayev 17 il müddətinə azadlıqdan məhrum edilib.  Hökmlə razılaşmayan “Gəncəli Firdovsi” apellyasiya şikayəti verib.
 
Bir neçə gün əvvəl isə Firdovsi Mustafayev Gəncədə yerləşən Penitensiar Xidmətin İstintaq Təcridxanasından Bakıda yerləşən vərəmli məhkumların saxlandığı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə gətirilib.
 
Xatırladaq ki, bir müddət əvvəl “Gəncəli Firdovsi” ilə Şəmkir rayonundan olan “Yetim Sabir” kimi tanınan avtoritet arasında həbsxanada vəziyyətə nəzarət etmək üstündə mübahisə yarandığı haqda məlumatlar yayılmışdı. Firdovsi  “Yetim Sabir”ə hazırda Türkiyədə olduğu qeyd edilən “Lotu Quli”kimi tanınan Nadir Səlifovu oğru kimi tanımadığını bildirmişdi. Bundan sonra tərəflər arasında ciddi mübahisə yaranmışdı. Daha sonra mətbuatda “Yetim Sabir”in bıçaqlandığı haqda məlumatlar getmişdi. Bu əməlin Firdovsi Mustafayev tərəfdən törədildiyi bildirilmişdi.
 
Qeyd edək ki, “Gəncəli Firdovsi” ötən il Sankt- Peterburqda həbs edilərək, Azərbaycana ekstradisiya olunub. O, 2015-ci il avqustun 3-də Gəncə şəhəri Nizami küçəsində 3 şəriki ilə birlikdə kütləvi davada iştirakda günahlandırılır. Dava nəticəsində Gəncə sakini,1985-ci il təvəllüdlü Niyaməddin Zeynalov bıçaqla qətlə yetirilib, 1986-cı il təvəllüdlü Cəlal Abdullayev isə qarın nahiyəsindən bıçaq yarası alıb.
 
Hadisədən bir müddət sonra isə Firdovsi Mustafayev Rusiyaya qaçmağı bacarmışdı.
 
Xatırladaq ki, Firdovsi Mustafayev ömürlük həbs cəzası almış Elşad Mustafayevin oğludur. Eyni zamanda, onun əmisi Mustafayev Məqsəd Teyyub oğlu da ömürlük həbs  cəzasına məhkum olunub. Onların hər ikisi hazırda Qobustan qapalı həbsxanasında saxlanılırlar.
 
Mustafayevlər sabiq baş nazir Surət Hüseynovun işi üzrə, həmçinin 1993-cü il Gəncə hadisələri zamanı Samux rayon prokuroru Şəmşir Əliyevin qətlində günahlandırılaraq həbs ediliblər.
 
Həmin iş üzrə ittihama görə, 1993-cü ilin iyununda “surətçilər” dəstəsi Əliyevi öz kabinetindən çıxararaq, qonşuluqdakı məktəbin həyətində güllələyiblər.
 
Samux rayonunun sabiq icra başçısı Vaqif Mustafayev də həmin işlə bağlı həbs olunmuşdu. O, həbsxanada tutulduğu xəstəlikdən ölüb.
Nəşr olunub CƏMİYYƏT

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rəsmi şəkildə və yazılı formada Türkiyədən üzr istəyib. Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazirin sözlərinə görə, bir neçə il əvvəl ABŞ-ın keçmiş dövlət katibi Con Kerri bildirmişdi ki, MKİ Türkiyənin İŞİD-dən neft almasını təsdiq edən kəşfiyyat məlumatlarına malikdir. Bu məlumatı təkzib edən Türkiyə XİN sübut tələb etmişdi: “Ankaranın bütün tələblərinə baxmayaraq, MKİ Türkiyənin İŞİD-dən neft almasını təsdiq edən heç bir sübut təqdim edə bilmədi. Bundan sonra Türkiyə XİN Mərkəzi Kəşfiyyat İdarəsindən rəsmi üzrxahlıq tələb etmişdi”.

Nəşr olunub DÜNYA

"Bu yaxınlarda Parisin Sarbonna universitetinin bir professoru mənim ünvanıma Nizami Gəncəvinin milli mənsubiyyəti ilə bağlı məktub yollayıb. O məktubda yazır ki, siz yalan və təbliğatla tarixi saxtalaşdırmaq istəyirisiniz. Nizami fars şairidir, atası da İranın Qum şəhərindədir".

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bugünkü iclasında Akademiyanın Humanitar Elmlər Bölməsinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqda bölmənin akademik-katibi, akademik Teymur Kərimli məruzə ilə çıxış edərkən deyib.

"Ha deyirsən ki, XII əsrdə Gəncə türk şəhəri olub. Nizaminin əsərlərində türklərə məhəbbət var. Nizami türkləri müsbət obraz kimi təqdim edib. Bizi eşitmək istəmirlər. Tutaq ki, XIV əsrdə bir alman latın dilində yazıb yaradıbsa, deməli o italiyalıdır? Nizami Gəncəvinin milli mənsubiyyəti ilə bağlı yalanlar daha çox müstəqillik dövründə dövriyyəyə buraxılıb. Bu da təsadüfi deyil", - akademik qeyd edib.

T. Kərimlinin sözlərinə görə, ötən il bölmə üzrə 33 problemin 83 mövzusu, 363 işin 186 mərhələsi üzrə tədqiqat işləri aparılıb: "7-si xaricdə olmaqla 129 kitab, 8-i xaricdə olmaqla 101 monoqrafiya, 234-ü xaricdə olmaqla 2108 məqalə və 35-i xaricdə olmaqla 168 tezis çap edilib. Hesabat ilində fəlsəfə doktorluğu üzrə 38, elmlər doktorluğu üzrə isə 7 nəfər müdafiə edib".

O bildirib ki, gənclər fundamental elmlərə maraq göstərmirlər.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb və hesabat təsdiq olunub.

Bölmə üzrə mühüm elmi nəticələr Akademiyanın illik hesabatına daxil edilib.

Nəşr olunub MƏDƏNİYYƏT

Fevralın 26-28-də Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin xarici işlər komissiyalarının üçtərəfli toplantısı keçiriləcək. Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komissiyasının rəhbəri Volkan Bozkır bildirib.

V.Bozkır qeyd edib ki, toplantı zamanı Xocalı faciəsinin 26-ci ildönümü ilə əlaqədar bəyanat qəbul ediləcək və bir sıra məsələlərlə bağlı müzakirələr aparılacaq.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Nəşr olunub DÜNYA

"Seçkilərlə bağlı Azərbaycana tövsiyəmiz ondan ibarətdir ki, seçkilər ölkə Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq azad və ədalətli keçirilsin".

Bunu Bakıda ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brink Azərbaycanda təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlı deyib.

"ABŞ demokratik prosesləri, insanların sərbəst toplaşması, fikirlərini azad ifadə edə biləcəyi, azad medianın olduğu mühiti dəstəkləyir", - deyə B. Brink qeyd edib. (apa)

Boyukmillet.com
Nəşr olunub DÜNYA

İsveçrənin qısa adı FİNMA olan Mailiyyə Bazarlarının Nizamlama İdarəsi Rusiya prezidentinə təhqiramiz siqnal göndərib”.

 

Boyukmillet.com Musavat.com-a istinadən xəbər verir ki, belə bir iddia ilə ölkənin “Tages-Anzeiger” qəzetindən Oliver Silman çıxış edib.
Müəllif 2016-cı ilin aprelində dünyanın yüzdən çox mətbuat orqanının “Panama sənədləri” adlı qalmaqallı dosyeni dərc etdiyini xatırladır. Bəhs edilən iş bu günə qədər qara pulların yuylması ilə bağlı üzə çıxarılan ən böyük sənəd hesab olunur.

 

panama sənədləri ile ilgili görsel sonucu

 

Yeni təhqiqatlarda Rusiya prezidenti Vladimir Putinin yaxın dostu, violonçel çalan Sergey Rolduginin iki offşor şirkətinin köməyi ilə Rusiyanın müdafə sənayesində mühüm bir paya sahib olduğu ortaya çıxarılıb. Yüz milyonlarla frankla ölçülən hesablar “Qazprombank”ın Sürixdəki filiallarına yerləşdirilib. “Qazprombank”da əsas söz sahibi isə Putinin kürəkəni (Kiril Şamalov) hesab olunur.

 

roldugin.jpg (78 KB)

 

İsveçrənin Mailiyyə Bazarlarının Nizamlama İdarəsi (FİNMA) iki ildən çoxdur Kremlin sahibinin ətrafı və yaxın adamları ilə bağlı iş aparır. Bu yaxınlarda FİNMA mətbuatda belə bir quru elan da verib- “FİNMA Panama sənədləri ilə bağlı öz təhiqatını sona çatdırıb”.

 

default-1dc2.jpg (48 KB)

 

Müəllif Oliver Silmanın fikrincə, FİNMA-nın yəni, “Qazprombank”ın üzərində nəzarət həyata keçirən orqanın bu qərarı Rusiya üçün təhdiddoğurucu xarakter daşıya bilər. Belə ki, araşdırmada 10 il ərzində qeyri-leqal gəlirlərin yuyulması ilə bağlı ciddi faktlar ortaya çıxarılıb. Banka artıq xüsusi müştərilərədən pul almaq qadağan edilib. Bundan başqa, FİNMA “Qazprombank” üçün xüsusi müfəttiş də təyin edib.

Məqalədə bütün bunların İsveçrənin Kremlə və şəxsən Putinin özünə ən ciddi xəbərdarlığı olaraq baxılmalı olduğu qeyd edilib.

Nəşr olunub DÜNYA

Sabir RÜSTƏMXANLI,

Vətəndaş Həmrəyliyi Partiyasının sədri

 

İctimai Televiziyada Anar Yusifoğlunun apardığı verilişə yarımçıq baxdım. Tanışlardan biri zəng vurdu, televizoru açdım. Bir dəstə tanınan, təcrübəli adam, millət vəkili dəvət olunmuşdu. Ölkə normal həyatını yaşayır, seçki də yoxdur, nə fövqəladə hadisə baş verib ki, bu adamlar belə təntənəylə bir araya gəliblər?

Baxdım ki, hamı təlaş içində azərbaycançılıqdan danışır. Çox gözəl! Azərbaycançılıq ölkənin əsas ideoloji xəttidir, ona sayğı hər bir vətəndaşın borcudur və bu gün bu ideologiyanı təhlükə altına alan heç bir olay, hərəkət yoxdur. Onda bəs bu adamları çilədən çıxaran nədir?

Əsas mətləb budur! Son vaxtlar bəzi siyasi xadimlər durub-durduqları yerdə tez-tez qaşınmayan yerdən qan çıxarmağa çalışırlar. Biri deyir, "biz türk deyilik, hind-avropa irqiyik” (sanki ondan kimliyini soruşan var və ya hamı intizarla onun kimin törəməsi olduğu ilə maraqlanır); biri deyir, "dilimiz türk dili deyil”; biri deyir, "türk mahnıları bizim "bülbül cəh-cəhlərimizi" yarımçıq qoydu”; biri deyir, "türklər bizim düşmənimizdir”; biri deyir, "türk deyənlərin anasını ağladıb hamısını məhv etmək lazımdır”; biri deyir, "Xətainin qanı xristian qanıdır” və s. Yəni ölkədə faşizm səviyyəsində bir türk düşmənçiliyi və açıq-gizli rus heyranlığı baş alıb gedir. Birisi dönüb bunlara cavab verəndə ki, ay balam, mənim atam-babam türk olub, pasportunda milliyyəti türk yazılıb, mən də türkəm, o dəqiqə şivən qopur ki, sizin nə haqqınız var türk sözünü dilinizə alırsınız. Hətta bəzilərinin qudurğanlıqları və nadanlıqları o yerə çatır ki, 1937-ci ilin havasına girir, "bəsdir, türk sözü qadağan edilməlidir, özünü türk sayanlar məhv edilməlidir" və s.

Görəsən, bunlar kimdir? Xocalı soyqırımı kimi etnik təmizləmə aparıb, Azərbaycan Respublikasının 9 milyon türk kökənli əhalisini – Azərbaycan vətəndaşını bütövlüklə yer üzündən siləcəklər? Onlar bu məhkəməlik cəsarəti hardan alırlar? Yaxşı, deyək ki, bizi qırıb qurtardılar, burda türk sözünü qadağan elədilər, bəs 35 milyonluq Güney Azərbaycan türkləri necə olacaq? Axı etnik və mənəvi qohumları olan farsların məhvetmə siyasəti heç bir nəticə verməyib və verməyəcək. Deməli, Azərbaycan türkünün taleyi tək burdakı avantürist və azərbaycanlı adı altında gizlənməyə çalışan etnik separatçılardan asılı deyil və şükür ki, belədir…

Kim nə deyir-desin, məncə, bunlar öz ağıllarıyla danışmırlar. Bunların çoxunun köhnə partiya namenklaturasından qopduqlarını, hələ də köhnə SSRİ xiffətiylə yaşadıqlarını nəzərə alsaq, xoruzun quyruğu görünəcək. Bəli, Azərbaycanda son dövrlərdə rus məktəblərinin artması, rusiyapərəstliyin açıq təbliğ edilməsi, milli dövlətçiliyimizə inamı azaldan yazıların, dedi-qoduların çoxalması və sair bir çox dilə gətirmədiyim əlamətlər hardansa düymənin basıldığını, gizli bir mexanizmin işə düşdüyünü və xəyanətkar bir dəstənin sürətlə aranı qarışdırmaq, "beşinci kolon”un ölkədə münaqişə ocaqları yaratmaq istədiyini göstərir. Yoxsa kiminsə özünə türk deməsi nə böyük hadisədir ki, bunların canına vic-vicə sala! Azərbaycanın çeşidli guşələrində hər gün minlərlə adam "rusam”, "ləzgiyəm”, "avaram”, "talışam”, "kürdəm” deyir. Çox gözəl. Ölkənin multikulturalizm siyasəti bu şəraiti yaradıb. Bunun nəyi pisdir ki? Müxtəlif köklərdən gəlib bir gül dəstəsinə, bir göy qurşağına, sarsılmaz birliyə çevrilmişik…

Dünyanın hər yerində belədir. Etnik kimliyin bilinməsi normal cəmiyyətdə problem yaratmaz, əksinə, bunu gizlədib özünü səndən birisi kimi göstərib, ölkənin maraqlarını satanlar təhlükəlidir. Mən bu müxtəlifliyi Azərbaycanın sərvəti sayıram, bununla qürur duyuram və Vətəndaş Həmrəyliyi Partiyasını da bu birliyi daha da möhkəmləndirmək üçün yaratmışam. Bu xalqların hər birinin onlarla nümayəndəsi var dostlarım arasında. Bütün bunlar bəsit, hər kəsin bilməli olduğu həqiqətikən, mənim özümü öz əsl kimliyimlə türk saymağımda nə qəbahət var ki, ağzımı açan kimi qarğa-quzğun dəstəsi qırıldaşmağa başlayır? Siz kimsiniz ki, müasir bir dövlətdə mənə milli mənsubiyyətini dilə gətirməyi yasaqlayasınz? Bunu Stalin bacarmadı, beriyalar, mikoyanlar bacarmadı, siz bacaracaqsınız? Və ümumiyyətlə, bu yeni stalinçilik səlahiyyətini kim verib sizə? Bəyəm sizin əslinizi-nəslinizi tanımırıq?

Heç olmasa, böyüklərimizi yada salın! Səməd Vurğun Moskvada Stalinə "Rəhbərə salam" şerini oxumuşdu: "Salam gətirmişəm hüzuruna mən, …çadrasız, boyasız TÜRK qızlarından"; Heydər Əliyev Türkiyəyə xitabən "biz bir millət, iki dövlətik" demişdi; ədəbiyyatımızın və tarıxımızın bütün keçmiş böyükləri özünü türk adlandırırdı… Bunu yaddaşlardan necə silmək istəyirsiniz?

Bəli, "azərbaycanlı” sözündə bir birləşdiricilik var və biz bu sözü sevə-sevə deyirik. "Azərbaycan” sözünün yer və dövlət anlamında neçə minillik yaşı var və istədilər-istəmədilər, əsrlər boyu buranın əsas əhalisi Azərbaycan türkləri olub və adlarını çəkdiyim xalqlarla tarixi bir qardaşlıq ailəsi qurub.

Ensiklopediya Azərbaycan dövlətinin rəsmi mövqeyini ifadə edir. Azərbaycan Milli Ensiklopediyasının "Azərbaycan" adlı xüsusi cildində oxuyuruq: "Azərbaycan Respublikasının əhalisi mürəkkəb etnik tərkibə malikdir… Ölkənin əsas əhalisini (90 faizindən çox) azərbaycanlılar təşkil edir". Sonra digər xalqların adı və sayı göstərilir, həmin xalqlar haqqında məlumat verilir: talışlar, tatlar, kürdlər, yəhudilər, ləzgilər, avarlar, udinlər, Axıska türkləri, ruslar, ermənilər və b.

Milli Ensiklopediyanın 2-ci cildində isə qısaca, lakin yenə eyni məlumat təkrar edilir: "Əhalinin 90 faizini azərbaycanlılar, 2,2 faizini ləzgilər, 1,8 faizini ruslar, 1,5 faizini ermənilər, 1 faizini talışlar və s. təşkil edir”.

Çox bəsit bir sual çıxır ortaya: əgər azərbaycanlı birləşdirici bir kəlmədirsə, onda bəs bu xalqlar niyə özlərini azərbaycanlı yazdırmayıblar? Əgər onlar Azərbaycan vətəndaşı ola-ola öz etnik kimliklərini gizlətmirlərsə və bundan dünya dağılmırsa, onda yerdə qalan 9 milyonun öz milli və ya etnik kimliyini söyləməsində nə qəbahət var? Azərbaycanlı, yəni Azərbaycanda yaşayan! Biz Azərbaycanda yaşamaqla yanaşı, həm də öz adımız var: Türk! Türk kimliyimiz və Azərbaycan vətəndaşlığımız cahillərin müzakirə mövzusuna çevrilməməlidir!

Bu, o qədər aydın olan bir məsələdir ki, müharibə şəraitində, bu qədər ayrı problemimiz ola-ola bu mübahisələri ortaya atmaq özümüzü gülüş hədəfinə çevirməkdir. Kim özünü türk saymır, saymasın, gözümüz üstə yeri var, amma bütöv bir milləti də yox saya bilməz…

Əslində bu mübahisələr adamların savadsızlığını göstərir, bəlli olur ki, bunlar elə bilirlər, yeni nə isə icad ediblər. Halbuki, böyüklərimiz, o cümlədən M.Ə.Rəsulzadə ötən əsrin otuzuncu illərində azərbaycançılığın əhəmiyyətini geniş təhlil eləmişdi, lakin onlar azərbaycançılığı türkçülüyə qarşı qoymur, bunu vəhdətdə götürürdülər.

Düzü, bu boyda yazı-pozu içində məni ən çox heyrətləndirən akademik Çingiz Qacarın qeydləri oldu. Və millət vəkili Fazil Mustafa onun layiqli cavabını verib, lakin məsələ təkcə bir akademikin savadsız müsahibəsində deyil. Əsas məsələ bu yaşda adamın öz xalqına belə vəhşi nifrətində, məsuliyyətsizliyi və belə açıq böhtan atmaq cəsarətindədir. Hörmətli alimimiz məni bağışlasın, onun sözləri yuxu sayıqlamarına bənzəyir, heç bir ciddi adam belə sərsəm söz söyləməz. Başa düşmürəm, bunların qəsdi nədir? Siz nə haqla Azərbaycanı dünyadakı yeganə etibarlı və sadiq dostundan, qardaşından məhrum etmək, araya düşmənçilik salmaq istəyirsiniz? Axı siz uşaq deyilsiniz və məncə, tarixi də pis bilmirsiniz. Bu barədə xeyli əsəriniz var. Lakin bu sizə haqq vermir ki, erməni mövqeyindən fərqli olmayan bir mövqedən, belə türk düşmənçiliyi üfunəti yayasınız!

Ay hörmətli Qacar nəslinin nümayəndəsi, Türkiyə bizə heç bir yardım eləməsə də, yanaşı olmağımız yetərlidir. Mən hələ 1918-ci ildə Türk-İslam Ordusunun Azərbaycanın yardımına gəlməsə, Bakının taleyinin necə olacağını demirəm. Bunu siz də çox gözəl bilirsiniz! Türklər gəldi, bizi xilas elədi, ardınca Qızıl Ordu gələndə nə oldu? Şuşada təkcə sizin nəsildən üç general öldürüldü. Yox, güllələrinə qənaət məqsədilə onları güllələmədilər, tikə-tikə doğradılar. Nə yaxşı yenə onların ayağından öpməyə hazırsınız?

Bu gün Azərbaycanda 1920-ci ilin 28 aprelinin, 1990-cı ilin Qanlı Yanvarının təkrarlanmasını istəyənlərin sayı artır. Buyursunlar. Biz türk olaraq hədəfinizdəyik. Ancaq şükür ki, tarix və millət öz hökmünü verib. Bu gün bütün sizin kimi seperatizm yavrularının, azərbaycançılıq adı altında etnik türkü yox sayanların, Rusiya və İran gizli agenturasının tula payı ilə yaşayanların avantürist yazılarına, xalqı aşagılamaq cəhdlərinə baxmayaraq, xalq öz dövlətinin arxasındadır! Müstəqil dövlət onlara istədikləri şəkildə gün ağlaya bilməsə də, onlar bəzi akademiklər və millət vəkilləri kimi gözlərini yumub ağızlarını açmırlar, dövlət üçün hansı sözün və mövqeyin təhlükə yarada biləcəyini sizdən daha yaxşı bilir və bu məsələlərə daha məsuliyyətlə yanaşırlar…(strateq.az)

Boyukmillet.com

Nəşr olunub CƏMİYYƏT

Suriyada minomyot atəşi nəticəsində yaralanan iki türk əsgərinin görüntüsü görənlərin göz yaşlarına səbəb olub.

Boyukmillet.com-in məlumatına görə, ağır vəziyyətdə olan əsgərlərin xəstəxanada müalicə olunduqları vaxt yaralarını unudub bir-birlərinə ürək-dirək vermələri diqqət çəkib.

Həmin anın fotosunu sosial şəbəkədə Milliyətçi Hərəkat Pariyasından olan millət vəkili Ruhi Ersoy bu şərhi yazıb:

“Dünən gecə Afrində minomyot atəşi nəticəsində yaralanan iki əsgərimizi qarşıladıq. Canları çox ağrıyırdı, yaraları çox idi, amma “vətən sağ olsun” deyə sayıqlayırdılar. Bir-birlərinin əllərini buraxmırdılar. Bax bu əllər milli birliyin simvoludur”.

Nəşr olunub DÜNYA

Reytinq