Xaçmazda Aşıq Ələsgərin büstü ucaldılıb

31 Okt 2017
221 baxış

Xaçmaz şəhərindəki Şəxsiyyətlər muzeyinin önündəki parkda Aşıq Ələsgərin büstünün açılışı olub. 

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, icra başçısının müavini İlhamə Nəzərova, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev və başqaları çıxış ediblər.

Qeyd olunub ki, Xaçmaz şəhərində 2006-cı ildə yaradılmış Şəxsiyyətlər muzeyinin parkında Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, ictimai-siyasi fikir tarixinin görkəmli nümayəndələrinin, məşhur hərbçilərin büstləri ucaldılıb. 
Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı belə bir muzeyin yaradılmasını Azərbaycan mədəniyyətinə, incəsənətinə və tarixinə göstərilən böyük ehtiram və qədirşünaslıq kimi dəyərləndirib. Bildirib ki, burada ucaldılan 50-dək büst sırasında ustad aşıqlara da yer ayrılması xalqımızın milli-mənəvi dəyərləri sırasında mühüm yeri olan aşıq sənətinə qayğı və diqqətin təzahürüdür. Bu ilin əvvəlində parkda XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin büstü ucaldılıb. 
Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli büstün ucaldılmasında zəhməti keçənlərin hamısına və tədbirin təşkilatçılarına Dədə Ələsgər ocağı adından minnətdarlıq edib. 
Tədbirdə aşıqlar Haşım Qubalı, Altay Məmmədli, Bəhmən Göyçəli, Gözəl Kəlbəcərli və Nazim Quliyevin çıxışları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. (medeniyyet.az)

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq