“Nizami Gəncəvinin milli mənsubiyyəti ilə bağlı yalanlar dövriyyəyə buraxılır”

07 Fev 2018
249 baxış

"Bu yaxınlarda Parisin Sarbonna universitetinin bir professoru mənim ünvanıma Nizami Gəncəvinin milli mənsubiyyəti ilə bağlı məktub yollayıb. O məktubda yazır ki, siz yalan və təbliğatla tarixi saxtalaşdırmaq istəyirisiniz. Nizami fars şairidir, atası da İranın Qum şəhərindədir".

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bugünkü iclasında Akademiyanın Humanitar Elmlər Bölməsinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqda bölmənin akademik-katibi, akademik Teymur Kərimli məruzə ilə çıxış edərkən deyib.

"Ha deyirsən ki, XII əsrdə Gəncə türk şəhəri olub. Nizaminin əsərlərində türklərə məhəbbət var. Nizami türkləri müsbət obraz kimi təqdim edib. Bizi eşitmək istəmirlər. Tutaq ki, XIV əsrdə bir alman latın dilində yazıb yaradıbsa, deməli o italiyalıdır? Nizami Gəncəvinin milli mənsubiyyəti ilə bağlı yalanlar daha çox müstəqillik dövründə dövriyyəyə buraxılıb. Bu da təsadüfi deyil", - akademik qeyd edib.

T. Kərimlinin sözlərinə görə, ötən il bölmə üzrə 33 problemin 83 mövzusu, 363 işin 186 mərhələsi üzrə tədqiqat işləri aparılıb: "7-si xaricdə olmaqla 129 kitab, 8-i xaricdə olmaqla 101 monoqrafiya, 234-ü xaricdə olmaqla 2108 məqalə və 35-i xaricdə olmaqla 168 tezis çap edilib. Hesabat ilində fəlsəfə doktorluğu üzrə 38, elmlər doktorluğu üzrə isə 7 nəfər müdafiə edib".

O bildirib ki, gənclər fundamental elmlərə maraq göstərmirlər.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb və hesabat təsdiq olunub.

Bölmə üzrə mühüm elmi nəticələr Akademiyanın illik hesabatına daxil edilib.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq