“Məhərrəmlikdə toya dəvət alsam gedərəm, niyə ağlayıb özümü öldürüm ki” – Flora Kərimova

19 Sen 2018
18 baxış

Artıq 6 gündür ki, Məhərrəm ayı başlayıb.

shoupress.com kommersant.az-a istinadla xəbər verir ki, Məhərrəmlik müsəlman aləmində matəm ayı hesab olunduğu üçün, əksər insanlar toyu bu aydan sonrakı təqvimlərə keçirirlər. Bu isə çörəyi toydan çıxan müğənnilərin büdcəsinə əlbəttə ki, təsirsiz ötüşmür.

Bəs Azərbaycan mədəniyyətinə töhvəsini vermiş müğənnilər Məhərrəmlikdə nə edirlər?

Xalq artisti Flora Kərimova redaksiyamıza açıqlamasında bildirib ki, Məhərrəm ayında heç vaxt toya getməyib:

“Torpağımda olmayan bir hadisəyə görə ağlayım, özümü öldürüm? 40 günü matəmdə keçirəsən, nəyin xatirinə? 40 gün ağlasığmazdır. Məhərrəmliyi elə günə salıblar ki, əndazəni keçiblər. 14 əsr bundan əvvəl hakimiyyətə gəlmək üçün törədilən qırğına dindarlar insanları istismar etmək üçün din forması veriblər. Dinlə insanın şüurunu istismar etmək çox asandır. Mollalar məsciddə həyat yoldaşı olmayan qadınlara halaldı deyə təcavüz edirlər. Məhərrəmlikdə toya dəvət alsam, gedərəm. Çünki o ənənəni qırmaq lazımdır. Türkiyədə 7 gün Məhərrəmliyə hörmət edirlər. Qətl günündən başqa, digər günlərdə müğənnilər toya getsinlər. Xocalı faciəsi ərəfəsində getsə idilər, mən inciyərdim. Mənə maddi dəstəyi qızım və oğlum göstərir. Mən toylardan asılı deyiləm. Toylardan asılı olan müğənniləri isə başa düşürəm. Həyat bitməyib”.

Xalq artisti Alim Qasımov isə toylara onsuz da çox getmədiyini bildirib:

“Yalnız dost-tanışların toyuna gedirəm. Məhərrəmlikdə heç vaxt toya getməmişəm. Allah ruzini yetirir”.

Xalq artisti Faiq Ağayev 30 ilə yaxındır ki, Məhərrəm ayını studiya işlərinə həsr edir:

“Məhərrəm ayında əksər bölgələrdə toy keçirilmədiyi üçün təkliflər də olmur. Oxumaqdan əlavə qazancım yoxdur. Bu müddət ərzində səhnə ilə bağlı (dövlət tədbirləri, şirkətlərin təşkil etdiyi tədbirlər) çox az təkliflər olur. Həmin tədbirlərdə iştirak edirəm”.

Əməkdar artist Baloğlan Əşrəfov isə “Kommersant.az”a açıqlamasında bildirib ki, Məhərrəmlikdə toya dəvət edilsə, getməz:

“1971-ci ildən etibarən toylara gedirəm. Cənub bölgəsində Məhərrəmlikdə toy keçirilmir. Digər yerlərdə keçirilsə də, qəbul etməmişik. Ramazan və Məhərrəm aylarında hökumətdən qonarar alırıq. 40 ildən çoxdur ki, özümü təmin edirəm. Sentyabrın 18-də kəndə gedib, ehsan verəcəm”.

Əməkdar artist Tünzalə Ağayevanın meneceri, Yalçın Cabbarov isə bildirib ki, Tünzalə xanım hazırda bəstələri ilə məşğuldur, əsərləri üzərində işləyir:

“Tünzalə xanım dinimizə hörmət əlaməti olaraq Məhərrəmlikdə toya getmir. Onun çevrəsi bu ayda məclis keçirmir, biz toya dəvət də almamışıq. Ruzi Allahdandır, ruzini 1 günə də qazanmaq olar. Tünzalə Ağayeva “Menar Azərbaycan” Uşaqların İnkişaf Mərkəzinin sahibidir. Biz onu kiçik biznes hesab edirik”.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq