Amerika-İran münasibətlərinin gərginləşməsi Bakıya ciddi sınaq olacaq, ancaq...

03 Fev 2018
97 baxış

12 il əvvəllə müqayisədə indi Bakının daha çox üstünlükləri var

 

ABŞ yenidən İranı əsas hədəf olaraq göstərməyə başlayır. Son olaraq Tramp vəzifəsinin icrasına başlamasının 1 illiyi ilə bağlı Ağ Evdə çıxışı zamanı növbəti dəfə İranı “qaralayıb”. Tramp deyib ki, İran xalqı sərt diktaturanın cinayətlərinə qarşı üsyan etdikdə səssiz qalmayıb. O, ABŞ-ın azadlıq mübarizəsində İran xalqının yanında olacağını qeyd edib. Həmçinin Tramp Konqresdən İranla əldə edilən nüvə anlaşmasının çərçivəsi ilə bağlı məsələlərə yenidən baxmasını istədiyini deyib.
Amerika prezidentinin bu fikirləri son aylarda sürətlə yüksələn İranla düşmənçilik ritorikasını daha da yüksəldəcək. O da aydın olur ki, qarşıdakı illərdə bölgədə İran-ABŞ qarşıdurması ən yüksək həddə qədər çatacaq. Hansı ki, 10 il əvvələ qədər oxşar situasiya mövcud idi. Hər iki ölkə siyasətçiləri qarşılıqlı olaraq bir-birini ittiham edir, regionda kəşfiyyat müharibələri, sui-qəsdlər ən yüksək həddə çatmışdı.

Artıq İrandan da ABŞ prezidentinə cavab verilib. İran ali dini liderinin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti Amerikanı “Yeni Yaxın Şərq yaratmaqda” ittiham edib. Vilayəti deyib ki, hazırda Liviya, Yəmən, İraq və Suriyada yaşananlar məhz Vaşinqtonun siyasətinin nəticələridir. Vilayəti Amerika rəhbərliyinə mesaj da göndərib: “ABŞ Fəratın şərqindən (Suriyada K.R.) ya özü çıxar, ya da biz onları oradan qovarıq”.

“Fars” Agentliyinin xəbərinə görə, Vilayəti deyib ki, İran regionda təsirli oyunçu olmaqda davam edəcək, əzilən ölkələri müdafiə edəcək. Məlum olduğu kimi. Hazırda faktiki olaraq İran Livanda, Fələstində, Suriyada, İraqda və Yəməndə birbaşa (Suriyada – K.R.) və ya dəstəklədiyi qruplar vasitəsilə ABŞ-la savaşır. Görünən odur ki, Vaşinqton-Tehran qarşıdurması bundan sonra daha da şiddətlənəcək.

Əlbəttə, indi 10-12 il əvvəl olduğu kimi, İrana birbaşa hərbi müdaxilədən çox söz edilmir. İraq, Əfqanıstanın işğalı, o cümlədən Suriya, Yəmən, Liviyadakı müharibələr bölgəni onsuz da viran qoyub, total xaos hökm sürür. İndi hər kəs anlayır ki, daha bir ölkədə müharibə Yaxın Şərqdə daha böyük fəlakətlərə səbəb olacaq. Ancaq bu o demək deyil ki, qarşıdurma və gizli savaşlar olmayacaq. Son İran hadisələrində xarici ölkə izləri haqda bəyanatlar, həmçinin bəzi xarici ölkələrin açıq şəkildə İranda aksiyalara dəstək verməsi onu göstərdi ki, İslam Respublikası ilə gizli savaş gedir.

Təbii ki, İran-ABŞ qarşıdurması gündəmə gələndə hər zaman ilk olaraq Azərbaycan yada düşür. Çünki birincisi Azərbaycan İranla ən böyük quru və dəniz sərhədlərinə malik ölkələrdən biridir. İkincisi, iki ölkəni bir-birinə bağlayan etnik tellər var. İranda ən böyük ikinci etnik qrup azərbaycanlılardır, iki ölkədə qohumluq əlaqələri vardır. Bu səbəbdən də bir qayda olaraq ABŞ-İran münasibətlərinin gərginləşməsi zamanı Azərbaycan yada düşür.

Qeyd edək ki, məhz 12 il əvvəl – 2006-cə ildə ABŞ-İran münasibətlərinin ən gərgin dönəmləri Azərbaycan dövləti üçün ciddi sınağa çevrilib. Bir tərəfdən Azərbaycanın mümkün ABŞ-İran müharibəsi zamanı ərazisindən istifadəyə icazə verəcəyi ilə bağlı Qərb mediasının iddiaları, digər tərəfdən İranın radikal dairələrinin ittihamları Bakı üçün ciddi sınaqlara çevrilib. Azərbaycan hakimiyyəti həmin vaxt hər iki tərəfdən təzyiqlərə baxmayaraq tərəfsizliyini qoruyub saxlayıb. Eyni zamanda Azərbaycan prezidenti Fransa televiziyasına bildirib ki, ölkə ərazisi üçüncü dövlətin hərbi əməliyyatları üçün istifadəyə verilməyəcək.

Bu mənada Trampın tutduğu xətt Azərbaycan üçün yenidən çətin sınaqlar dövrünü xatırladır. Ancaq indi bir məsələ var ki, Ruhani kabineti ilə Azərbaycan hakimiyyəti arasında isti münasibətlər mövcuddur və Bakının indi iki tərəfdən basqılara məruz qalması mümkün deyil. (Kənan Rövşənoğlu, “Yeni Müsavat”)

Boyukmillet.com

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq