Prezidentliyə namizəd Sarkisyanın erməni diasporu ilə şübhəli görüşlərinin pərdəarxası…

06 Fev 2018
258 baxış

“Xüsusilə də o faktor qabardılır ki, hakimiyyətə İrəvan klanı gəlir”

Samir Adıgözəlli: “Bununla yeni seçiləcək prezident yenidən diaspor ianələrini ölkəsinə cəlb etmək istəyir”

 

Ermənistan Respublikaçılar Partiyasının prezidentliyə namizəd irəli sürdüyü Armen Sarkisyanın xarici səfərləri davam edir. Etdiyi xarici səfərlər zamanı o, siyasi qüvvələr, təşkilatlar və cəmiyyətin müxtəlif təbəqələri ilə görüşlər keçirir. Yeni namizədin keçirdiyi görüşlərdə əsas ağırlıq erməni diaspor nümayəndələri ilə təmaslara verilir.

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan yanvarın 19-da başçılıq etdiyi partiyanın bu posta namizədinin səfir Armen Sarkisyan olduğunu bildirib.

A.Sarkisyan 1953-cü ildə İrəvanda anadan olub. İrəvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirib. O, 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri postunu tutub. Ölkəsinin Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri, 1995-1996-cı illərdə isə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində işləyib. 2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir. Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda energetika sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət “Knightsbridge Group” holdinqinin sahibidir. 64 yaşlı Sarkisyanın Türkmənistan və Özbəkistanda da biznesi var. Onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu barədə məlumat yayılıb.

2015-ci il dekabrın 6-da qəbul edilən yeni konstitusiyaya əsasən, Ermənistan 2018-ci ildən parlamentli respublika idarəetmə sisteminə keçəcək. Yeni prezident parlamentdə 7 il müddətinə seçiləcək. Bir şəxs ard-arda iki dəfə dövlət başçısı ola bilməz. Namizədlər parlamentdə fevralın 19-dan irəli sürüləcək. Martın 2-də parlamentdə prezident seçkisi keçiriləcək.

İndiki prezident Serj Sarkisyanın səlahiyyət müddəti aprelin 9-da başa çatır. 

Məlumdur ki, Ermənistanda avtoritar bir idarəetmə mövcuddur. Həmin ölkədə baş tutan seçkilərdə xalqın rəyi əsas sayılmır. Belə olan təqdirdə, yeni namizədin seçki öncəsi dünyadakı erməni diaspor nümayəndələrilə görüşməsi hansı məqsədlər üçün hesablana bilər?

Beynəlxalq Diaspor Mərkəzinin funksioneri Samir Adıgözəlli "Bakı Xəbər" qəzetinə açıqlamasında bildirdi ki, doğrudan da bu məsələdə qəribə paradoks yaranır: “Ermənistandakı seçkilərdə daxili faktor önəmli deyil. Yəni xalqın seçiminə fikir verilmir. Dünyada güclü erməni diasporunun olduğu da bir faktdır. Sarkisyanın prezidentliyə namizədliyi hakim partiya tərəfindən elan olunubsa, onda onun seçiləcəyinə də şübhə ola bilməz. Onun seçki öncəsi erməni diaspor təşkilatlarının liderlərilə görüşməsi çox maraqlıdır. Zənnimcə, burada bəzi məqamlar var. Erməni diasporu çətin vəziyyətə düşmüş rəsmi İrəvandakı hakimiyyətə uzun müddət maliyyə yardımı göstərib. Lakin sonrakı davranışlardan göründü ki, onlar mövcud hakimiyyətdən çox narahatdırlar. Hətta bir neçə nüfuzlu erməni diaspor liderinin müraciəti də oldu ki, nə vaxtadək bu hakimiyyət durur, ora maliyyə yardımı edilməsin və investisiya qoyulmasın. Ermənistanda hakimiyyət dəyişikliyi kosmetik məna daşıyacaq. Bilirlər ki, diasporun münasibəti olduğu kimi qalacaq. Ona görə də indiki namizəd diasporda fərqli bir rəy formalaşdırmağa çalışır. Xüsusilə də o faktor qabardılır ki, hakimiyyətə İrəvan klanı gəlir. Çünki diaspor nümayəndələrini başlıca narahat edən mövzulardan biri də Qarabağ klanının hakimiyyəti əldə saxlaması idi. Bununla yeni seçiləcək prezident yenidən diaspor ianələrini ölkəsinə cəlb etmək istəyir”. ("Bakı Xəbər")

Məhəmmədəli QƏRİBLİ

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq