Dağıstanda “təmizləmə” əməliyyatı - Azərbaycanlılar vəzifəyə qayıdır?

11 Fev 2018
233 baxış

Fevralın 5-də Dağıstanda ölkə tarixində ən irimiqyaslı antikorrupsiya əməliyyatı keçirildi. Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev hökuməti istefaya göndərdi. Vasilyev həmçinin hökumət başçısının müavini Anatoli Karibovun müvəqqəti (yeni hökumət formalaşanadək) olaraq baş nazir vəzifəsinə təyin edilməsi ilə bağlı sərəncam verdi.

Federal Təhlükəsizlik Xidməti isə həbslərə başladı. Baş nazir Abdusəməd Həmidov, onun müavinləri Şamil İsayev və Rayudin Yusufov, Dağıstanın sabiq Təhsil naziri Şahabbas Şaxov və digər yüksək vəzifəli məmurlar korrupsiyada, büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunaraq saxlanıldılar. Yeri gəlmişkən, Mahaçqala meri Musa Musayev isə daha əvvəl - yanvarın 21-də vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs olunmuşdu.

Dağıstanda hakimiyyət ənənəvi olaraq etnik klanlar arasında razılaşma əsasında qurulur. Hər bölgəyə fərqli klanın təmsilçisi nəzarət edir. Lakin bu dəfə həbslər konkret klan üzrə gerçəkləşmədi. Məsələn, Abdusəməd Həmidov dargindir və Dağıstanın Levanşinski rayonunun Mekegi kəndindəndir. İsayev avardır və Həmidovla münasibətləri heç vaxt yaxşı deyildi. Yusufov isə ümumiyyətlə, tabasaranlıdır.

Bu məsələ istər-istəməz ölkədə yeni bir başlanğıcın əsasını qoydu. Həbs olunan yüksək çinli məmurların yerinə gələcək şəxslərin kimliyi indidən böyük maraq doğurur. Çünki Vasilyevə qədər çoxmillətli ölkə olan Dağıstanda rəhbər şəxslər bölgənin milli tərkibinə uyğun təyin olunmurdu. O cümlədən azərbaycanlıların kompakt şəkildə yaşadığı Dərbənd bölgəsinin də taleyi bizim üçün maraqlıdır. Əhalisinin 54 faizini azərbaycanlıların təşkil etdiyi Dərbənd şəhərinə 1994-cü ildən bəri azərbaycanlı mer təyin olunmayıb. Yeni sistemdə bu ədalətsizliyə son qoyulması ehtimallar arasındadır.

“Hakimiyyətin mafyoz qüvvələrin təmizlənməsi azərbaycanlılar üçün yol aça bilər”

Qafqaz üzrə politoloq, Bakı Multikulturalizm Mərkəzinin nümayəndəsi Tofiq Abbasovun fikrincə, azərbaycanlıların Dağıstanda hakim vəzifələrə cəlb olunması onların yeni sistemə inteqrasiyasından asılı olacaq:

“Dağıstanda inteqrasiyanı yaxşı bacaran avarlar, darginlər, ləzgilər və s. daha mütəşəkkil yaşayırlar və buna görə hakimiyyət orqanlarında daha çox təmsil olunurlar. Azərbaycanlılar isə son illərdə özlərinə qapılıblar. Bunun da bir neçə səbəbi var. Məshəb zəminində olan çəkişmələr bu işdə böyük rol oynadı. Məsələn, ləzgi icması orada həmyerlilərimizi sıxışdırırdı. Odur ki, say etibarilə də Dağıstanda azərbaycanlılar azalmağa başlayıb. Onların bəziləri Azərbaycana gəlib, bəziləri Rusiyanın başqa bölgələrinə köçüblər. Hazırda Dağıstanda daha çox inanclı azərbaycanlılar yaşamaqdadır.

Dağıstanda “təmizləmə” əməliyyatı - Azərbaycanlılar vəzifəyə qayıdır?



Dağıstan özünəməxsus bir ölkədir. Hakimiyyət orqanlarında bəzi mütəşəkkil qruplaşmalar var. Onların ortaq nöqtəsi isə ekstremizmdir. Odur ki, Dağıstan Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarəti altındadır. Zaman-zaman burada atışmalar və qarşıdurmaların şahidi olmaq mümkündür. Bu tipli qarşıdurmalara isə azərbaycanlıların qatılmaması müsbət haldır. Çünki hakimiyyətin mafyoz qüvvələrin təmizlənməsi azərbaycanlılar üçün yol aça bilər. Daha təmkinli və təxribatlardan uzaq duran bir xalq kimi azərbaycanlılar Dağıstanda yüksək vəzifələrə gətirilə bilər. Lakin ən yaxşı halda mümkün təyinatlar Vasilyevin hakimiyyətdəki “təmizləmə” işlərindən sonra baş tutacaq”.


Dərbənd Rusiya Federasiyasında şəhər statusuna malik olan ən cənub şəhəridir. 25 ilə yaxındır ki, əhalisinin yarıdan çoxu azərbaycanlılar olan bir bölgədə meriyada və digər idarəetmə orqanlarında azərbaycanlıların olmaması ilk növbədə narahatlıq, ikinci növbədə müəmma doğurur. “Təmizləmə” əməliyyatından sonra qurulacaq yeni sistemdə ədalət prinsipi mütləq gözlənilməlidir. Bunun üçün ilk növbədə azərbaycanlıların özünün ictimai-siyasi fəallığı vacibdir. Onlar əlini əlinin üstünə qoyub gözləməməlidir ki, gətirib bizə vəzifə verəcəklər. Tədbirlər keçirmək, ortaya mövqe qoymaq lazımdır. Dərbəndin inkişafı ilə bağlı proqamlar, konsepsiyalar təqdim etmək olar.

Tofiq Abbasov aktivlik üçün ilk növbədə informasiya işi qurmağın vacibliyini qeyd edir:

“Əgər azərbaycanlılar hakimiyyət orqanlarından normal təmsil oluna bilmirsə, heç olmasa, Ağsaqqallar şurası olmalıdır. İnformasiya işini yaxşı təşkil etmək lazımdır. İnformasiya işi nədir? Dağıstanın ictimaiyyəti, o cümlədən hakimiyyəti bilməlidir ki, azərbaycanlılar bu ölkənin cənubunda çoxluq təşkil edən millətdir. Onların arxasında müstəqil Azərbaycan Respublikası dayanır. Azərbaycan Dağıstanın cənub bölgəsinə investisiya qoyur. Hətta Ramazan Abdultalipovun dövründə bəzi ortaq layihələr var idi. Odur ki, orada azərbaycanlılar fəallaşmalı və məlumatlandırma işini qurmalıdır”.


“Dərbənddə milli tərkibə uyğun rəhbər seçilməsi…”

Təbii ki, Dağıstanda yaşanan problemlər Azərbaycanın bu ölkə il sərhəd bölgəsində yerləşən əhali üçün də aktualdır. Çünki bu ərazilərdə yaşan insanlar arasında çoxlu qohumluq və biznes əlaqələri var. Qusar rayonundan olan millət vəkili, Milli Məclisin regional məsələlər üzrə komitəsinin üzvü Azər Badamov Femida.az-a məsələni şərh edib:

“Dağıstanda baş verən həbslər birbaşa iqtisadi cinayətkarlığa qarşı mübarizədir. Çünki həbslərin kökündə dövlət büdcəsindən ayrılan vəsaitlərin düzgün xərclənməməsi və yeyintilər dayanır. Bundan əvvəl Dağıstanda hakimiyyət bir qrup şəxsin əlində cəmləşmişdi. Vasilyeviç hakimiyyətə gələndən sonra bu cür qruplaşmaya qarşı mübarizə başladı. Onun siyasi prinsiplərindən biri də Dağıstanı idarə edən şəxslərin ölkənin milli tərkibinə uyğun şəxslər olmasıdır. Məncə bu həbslərdən sonra Dağıstanda mühit şəffaflaşacaq.

Dağıstanda “təmizləmə” əməliyyatı - Azərbaycanlılar vəzifəyə qayıdır?



Düşünürəm ki, hakimiyyətin yuxarı zümrəsindəki bir qrup insan postundan uzaqlaşandan sonra hər şəhərdə əhalinin milli tərkibinə uyğun rəhbərlər təyin olunacaq. İstər Dərbənddə, istərsə, azərbaycanlıların yaşadığı digər bölgələrdə hakimiyyət strukturlarında müvafiq rəhbərlərin seçilməsi gözləniləndir”.


Nizami parkı, yoxsa xarabalıq?

Dərbənd şəhəri uzun illərdir ki, yerli hakimiyyətin özbaşınalığına məruz qalır. Şəhərdəki problemlər təkcə kadr təyinatında deyil, həm də abadlaşma işində də özünü göstərir. Buna misal olaraq vaxtilə orada Azərbaycanın pulu hesabına salınmış Nizami abidəsi və parkın yararsız hala düşməsini göstərmək olar.

Politoloq Qabil Hüseynli Femida.az-a bildirib ki, şəhər meriyası bu əraziyə sanki qəsdən diqqət ayırmır:

“Sanki onlar belə edir ki, abidəni gözdən salsınlar. Azərbaycanın bir əli həmişə Dərbəndin üzərində olub. Həmişə tədbirlərin keçirilməsində Dağıstan hakimiyyət orqanlarına kömək etmişik. Dərbəndin Azərbaycan şəhəri kimi abadlaşdırılması istiqamətində dövlətimizin təklifləri var. Lakin indiyə kimi bu təkliflərə baxılmayıb və təkliflərin reallaşmasına icazə verilməyib. Orada Abbas Abbasovun sabiq rəhbərliklə əlaqələri sayəsində tikinti işləri aparılırdı. Halbuki bu tikinti işlərinin oradakı azərbaycanlılara heç bir aidiyyatı yox idi. Sadəcə olaraq biznes xarakterli işlər idi. Həm Rusiya tərəfindən, həm Azərbaycan tərəfindən Dərbəndin tarixi simasının qorunması, orada yaşayan azərbaycanlıların vəziyyətinin normallaşdırılması, xüsusən milli ayrı seçkiliyə son qoyulması istiqamətində tədbirlər görməlidirlər”.

Dağıstanda “təmizləmə” əməliyyatı - Azərbaycanlılar vəzifəyə qayıdır?



Deputat Azər Badamov Vasilyeviçin islahatlarından sonra Dağıstanda yaşayan bütün xalqların adına salınmış parkların, abidələrin dövlət tərəfindən yenidən qurulacağını bildirir:

“Çünki orada büdcədən mədəniyyət obyektlərinə ayrılan vəsaitlərdə böyük yeyintilər olub. Düşünürəm ki, bu vəsait ünvanına çatarsa, təkcə Azərbaycanın yox, digər xalqların mədəniyyət ocaqlarının yenidən qurulmasına və təhsil müəssisələrinin inkişafına xeyli təsir göstərəcək”.

Dağıstanda “təmizləmə” əməliyyatı - Azərbaycanlılar vəzifəyə qayıdır?



Politoloq Tofiq Abbasov isə abidənin bu hala düşməsi də Dağıstanda yaşayan azərbaycanlıların hərkətsizliyinin nəticəsi kimi qiymətləndirir:

“Bu insan Azərbaycanın dahi mütəfəkkiridirsə, bu abidə üçün azərbaycanlılardan başqa can yandıran olmayacaq. İlk növbədə təşəbbüs lazımdır. Ən azından Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmək, kömək istəmək olar. Ortada təxribat varsa, şikayət olunmalıdır, səbəbkar ifşa olunmalıdır. Elə belə heç nə başa gəlmir axı!”.

Dərbəndin azərbaycanlısı: “Təhsil problemimiz var”

Dərbənddə yaşayan jurnalist Telman Tahirli ilə əlaqə yaratdıq. “Dərbənd” qəzetinin müxbiri, eyni zamanda deputat köməkçisi olan Telman bəy bildirdi ki, orada rəhbər vəzifələrə təyin olunmaq üçün kifayət qədər potensiallı azərbaycanlılar var:

Dağıstanda “təmizləmə” əməliyyatı - Azərbaycanlılar vəzifəyə qayıdır?



“Vasilyev çox təcrübəli adamdır. Azərbaycanlılar da onu dəstəkləyir. Vasilyevin təcrübəsi Dağıstan xalqı üçün önəmli olacaq. O, Dağıstanı Rusiyada birinci sıraya gətirmək üçün çalışır. Onun üçün millət fərqi yoxdur. Əsas prinsipi təcrübəli və idarəçiliyi bacaran insan olmaqdır. Dərbənddə çox millət yaşayır. Əlbəttə hamı istəyir ki, öz millətinin nümayəndəsi rəhbər olsun. Lakin camaat rifah içində yaşamaq istəyir. Buna görə də fərqi yoxdur, rəhbər rus, azərbaycanlı və ya qeyrisi olacağının fərqi yoxdur. Əsas təhsilli, təcrübəli və istedadlı olsun. 

Düşünürəm ki, azərbaycanlılar rəhbər vəzifələrə təyin oluna bilər. Çünki Dərbənddə təhsilli, savadlı azərbaycanlılar heç də az deyil. Burada azərbaycanlıların bir problemi var. Bu da gənclər üçün əsasən, təhsil məsələsidir. Belə olduqda, biz digər millətlərə öz mədəniyyətimizi, adət-ənənəmizi çatdıra bilmirik. Odur ki, Dağıstan və Azərbaycan arasında həm mədəni, həm iqtisadi əlaqələr genişləndirilməlidir”.

Son olaraq…

Kreml artıq Dağıstana Milli Qvardiyanı yeridib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Dağıstanın demək olar ki, bütün hökumət strukturlarında axtarışlara başlayıblar. Daha çox maliyyə, səhiyyə, təhsil nazirlikləri, məhkəmələr və bütün regional administrasiyalar FTX-nın hədəfindədir. Həbslərin davam edəcəyi gözlənilir. Odur ki, istənilən halda Dərbənddə yaşayan azərbaycanlıların taleyi Vasilyevin “təmizləmə” əmliyyatından sonra aydınlığa qovuşacaq. ( femida )

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq