Seçki bitdi - Azərbaycanda nələr dəyişəcək...

13 Apr 2018
82 baxış

Fəzail Ağamalı: “Başlanmış olan və davam edən proses özünün yeni mərhələsinə qədəm qoyacaq”

11 aprel tarixində Azərbaycanda prezident seçkisi keçirildi. Seçki ərəfəsində bir qrup mühacirlər yüksək vəzifəli hakimiyyət nümayəndələrinin ünvanına təhqirlər, söyüşlü ifadələr işlədirdilər. Hakimiyyət nümayəndələrinin sözlərinə görə, həmin mühacirlər Azərbaycana qarşı olan bəzi qrupların məkrli siyasətlərinin bir parçasıdır. Ölkə ictimaiyyətinin və müvafiq qurumların sayıqlığı nəticəsində seçkiyə qədər ölkədə sabitlik qorunub saxlandı.

 Bəs 11 apreldən sonra ölkədə nə dəyişəcək?

 “Yeni Müsavat”a danışan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, seçkidən sonra gözlənilən budur ki, İlham Əliyev yenidən prezident seçiləcək və növbəti illər üçün Azərbaycanın dövlət başçısı kimi fəaliyyətini quracaq: “Başlanmış olan və davam edən proses özünün yeni mərhələsinə qədəm qoyacaq. Ölkə prezidentinin söylədiyi kimi, əgər indiyə qədər  regionlarda infrastrukturların qurulması, oranın elektrik enerjisi, təbii qazla təminatı və təchizatı, yolların çəkilməsi, su və kanalizasiya xətlərinin yenidən bərpası ilə bağlı layihələr həyata keçirilib. Nəticədə faktiki olaraq Azərbaycanda regionlar yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bütün bunlara söykənərək ölkəni daha da inkişaf mərhələsinə çıxarmağa ehtiyac var. Bunu da ölkə prezidenti Nazirlər Kabinetinin 2018-ci il 3 aylıq yekunlarına həsr olunan müşavirəsində söylədi. Azərbaycan artıq islahatların keçirildiyi mərhələyə qədəm qoyur. Aqrar sektorun və regionlarda sənayenin inkişafına ciddi fikir veriləcək.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ile ilgili görsel sonucu

Bununla bağlı artıq konkret təcrübələr var. Sənayelərin salınması regionların aqrar bölgədən sənaye-aqrar bölgəyə çevrilməsinə səbəb olur ki, bu da Azərbaycan kimi müstəqilliyini quran ölkə üçün bir örnəkdir. Azərbaycan özünün regionda liderliyini qoruyub saxlayacaq. Şübhəsiz ki, milli ordumuzun güclənməsi də diqqət mərkəzində olacaq. Çünki işğal olunmuş torpaqlarımızın azad edilməsində, fikrimcə, son sözü qəhrəman ordumuz deyəcək. Ona görə də həmin sahədə ordumuzun daha müasir hərbi texnika ilə təchizatını görəcəyik, eyni zamanda ordunun döyüş qabiliyyəti də gücləndiriləcək. Beynəlxalq səviyyəli transmilli layihələrin reallaşması da daha sürətlə gedəcək. Söhbət xüsusi olaraq Şimal-Cənub və eyni zamanda Cənub-Qərb nəqliyyat dəhlizlərinin inşası və başa çatdırılmasından gedir. Bu, Azərbaycana xüsusi imkanlar gətirəcək. Əlbəttə ki, Azərbaycanın karbohidrogen ehtiyatlarının bazara çıxarılması ilə bağlı başlamış layihələr də davam etdiriləcək. Söhbət Cənub-Qaz Dəhlizinin reallaşmasından gedir ki, orada da işlər uğurla davam edir”.

Ağamalı bildirib ki, xarici siyasətdə Azərbaycanın balanslı siyasəti əsas götürüləcək: “Məncə, bu ənənə davam etdiriləcək, ikitərəfli münasibətlərə üstünlük veriləcək. Beynəlxalq təşkilatlarla münasibətlərimizdə hansısa xoşagəlməz hadisələrin baş verəcəyini gözləmirəm. Çünki beynəlxalq təşkilatlarda nümayəndələrimizin fəaliyyəti kifayət qədər yüksəkdir. Azərbaycan həm də işğal altında olan torpaqlarımızın qaytarılması səylərini artıracaq. Bu baxımdan ölkə prezidentinin qətiyyətli mövqeyinin şahidi olacağıq. İstisna etmirəm ki, seçkidən sonra Ermənistan tərəfindən konstruktiv addımlar atılmasa, ordumuz öz sözünü deyəcək”.

Ağ Partiya lideri Tural Abbaslı ile ilgili görsel sonucu

Ağ Partiya lideri Tural Abbaslı da bildirib ki, bir çox siyasi gedişlər davam edəcək:

“Əvvəla deyim ki, seçki sonrası çox güman ki, İlham Əliyev prezident olacaq. Xarici siyasətdə, özlərinin də dediyi kimi, balanslaşdırılmış siyasət davam edəcək. İnanmıram ki, Azərbaycan bu gün dünya siyasətində qarşı-qarşıya gələn güclərin hansınınsa yanında açıq şəkildə yer alsın. Yenə də həmin qüvvələr arasında manevr edəcək. Bu isə hakimiyyətlərini qorumaq üçün atdıqları addımdır. Getdikcə bu manevrlərin edilməsi də çətinləşir. Çünki dünya gücləri qütbləşdikcə, qütblərarası münasibətlər kəskinləşdikcə, orbitlərində olan dövlətlərdən konkret mövqelər tələb edirlər. Odur ki, İlham Əliyev hakimiyyətinin bu istiqamətdə fəaliyyəti əvvəlki dövrlə müqayisədə ağır olacaq. Ağıllı hərəkətlərdən biri bu olardı ki, Türkiyə ilə münasibətlər ən yüksək səviyyəyə çatdırılsın. Çünki belə bir qarışıq dönəmdə Azərbaycan kimi xırda və geosiyasi baxımdan önəmli yerdə yerləşən ölkələr təkbaşına siyasət yürüdə bilməzlər. Ona görə də hakimiyyət Türkiyə ilə əməkdaşlığa məcburdur və güman edirəm ki, bunu edəcək. Daxili siyasətdə isə bəzi dəyişikliklər gözləyirəm. Hadisələri analiz etdikdə görürük ki, hakimiyyətdaxili qruplar arasındakı savaş ən pik həddə çatıb. Artıq bu savaşın konturları hakimiyyət nümayəndələrinin müxtəlif vəzifədə duran adamları tərəfindən dilə də gətirilir.

Güman edirəm ki, bu seçkilərdən sonra İlham Əliyev köhnə qvardiyada təmizləmə işləri aparacaq və yeni simalar gələcək. Yeni metodların Azərbaycan üçün faydalı olub-olmayacağını da indidən söyləmək olmaz. Çünki bu dəyişikliklərin miqyasından, səmimiliyindən  və keyfiyyətindən çox şey asılı olacaq. Sabitliyi qorumaq üçün ağıllı xarici siyasət və daxildə milli barışığa nail olmağa çalışmaq lazımdır. Xarici siyasəti nə qədər mükəmməl təşkil etsək, daxildə xalq, müxalifət, iqtidar arasında körpü olmadıqda istənilən xarici provokasiyaya dövlət açıq olur. Bu isə stabilliyin pozulmasına birbaşa təhddidir. Bunu Yaxın Şərq dövlətlərində gördük. Odur ki, hakimiyyət təcili sürətdə milli barışıq mühiti yaratmalıdır. Ən azından ilk olaraq böyük əfv fərmanı imzalayıb siyasi məhbusları azad etməlidir. Bundan əlavə, siyasi müxalifətlə artıq sivil, hüquqi, siyasi baxımdan əməkdaşlıq qurulmalıdır. Partiyalara siyasi fəaliyyət imkanları yaradılmalı, qeyri-hökumət təşkilatlarının fəaliyyəti daha demokratik şərtlərlə tənzimlənməlidir. Bu addımlar atılarsa, daxili stabilliyin qorunacağına əminəm. Əks təqdirdə isə stabillik dağıla bilər”.  

Abbaslı bildirib ki, söyüş leksikonunun siyasətə gətirilməsində də hər iki tərəfin günahı var:

“Söyüş leksikonundan istifadə yanlışdır. Bunun aradan qaldırılması üçün ilk addımı, təbii ki, hakimiyyət atmalıdır. Hakimiyyət buradan Avropaya kimlərisə göndərməmələdir ki, orada gedib kimisə söysünlər. Bunun axırı yaxşı nəticələnməyəcək. Söyüşə səbəb olan hallar aradan qaldırılmalıdır. Güc məsuliyyət yaradır. Bu gün güc hakimiyyətin əlində olduğu üçün ilk addımı da onlar atmalıdır. Belə olarsa, ölkədə stabillik davam edib, inkişaf sürətlənər”.

(Əli RAİS, “Yeni Müsavat”)

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq