AŞPA-dan skandal qərar - Səməd Seyidova sanksiya tətbiq edildi

17 May 2018
120 baxış

Deputat: “Heç kim Azərbaycanı və onun üzvlərini AŞ-dan kənarlaşdıra bilməz, sanksiyalar nə söz deməyimizə və sənəd qəbuluna əngəl yarada bilər”

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞ PA üzvlərinə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar Pedro Aqramunta 10 il, digər üzvlər Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı 2 il ərzində qüvvədə olacaq. Qurumun mayın 16-da yaydığı rəsmi məlumatda adı sadalanan bu dörd deputatın davranış kodeksini ciddi şəkildə pozduğu, onların müvəqqəti olaraq assambleyanın mandatından məhrum edildiyi bildirilir. Onlar təyin olunma və ya məruzəçi kimi çıxış etmək, bir sıra əsas vəzifələrə qoşulmaq və ya seçkiləri müşahidə etmək kimi səlahiyyətlərindən məhrum ediliblər.

Sadalanan dörd AŞ PA üzvü bu müddət ərzində seçki müşahidəçisi kimi iştirak edə, heç bir komitənin, ya alt komitənin sədri ya sədr müavini ola, AŞ PA-nın prezidenti olmaq üçün seçkilərdə namizədliyini irəli sürə bilməyəcək. Onlar həmçinin, Assambleyanı və ya öz komitələrini təmsil etmək, Avropa Şurasının icra orqanına-Nazirlər Komitəsinə suallar vermək hüququndan da məhrum ediliblər.

S.Seyidov Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəridir.

səməd seyidov mətbuat konfransı ile ilgili görsel sonucu

Mayın 16-da günün sonuna yaxın Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov AŞ PA tərəfindən ona sanksiya tətbiq edilməsi ilə bağlı mətbuat konfransı keçirib. Konfransda çıxış edən S.Seyidov qeyd edib ki, bu məsələ ilə bağlı onu 3 saata istintaqa çəkiblər: “Dedilər, siz, sadəcə, etiraf edin ki, burada qeyri-qanuni işlərlə məşğul olmusunuz. Təbii ki, belə şey olmayıb. Azərbaycan öz doğru qanuni yolu ilə gedib. Mənim nümayəndə heyətindən çıxarılmağımla bağlı yayılanlar yanlışdır. Mən bu sanksiyaları yerinə yetirməyə məcburam. Ancaq orada təmsilçiliklə bağlı kimin olmasını partiyamız müəyyən edəcək. Bu məsələ müzakirə əsasında məlum olacaq. Bu mən, yaxud  başqaları da ola bilər”.

“Heç kim Azərbaycanı və onun üzvlərini Avropa Şurasından kənarlaşdıra bilməz, sanksiyalar nə söz deməyimizə, nə də sənəd qəbuluna əngəl yarada bilər”

S.Seyidov deyib ki, Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə konstruktiv əməkdaşlıq edir və bundan sonra da davam edəcək: “Ancaq dünənki qərar növbəti ikili standartlarla dolu yanaşmadır. Dünən həmin komitədə bir neçə üzv və mən sanksiyalarla üzləşmişik. Bu birinci dəfə deyil. Bu sanksiyaların tətbiqinə yazılı məktubumda qiymət vermişəm. Məktubda da qeyd etmişəm ki, bunun heç bir əsası yoxdur və Azərbaycana qarşı olan qərəzli münasibətdir”.

səməd seyidov mətbuat konfransı ile ilgili görsel sonucu

S.Seyidov vurğulayıb ki, bu sanksiya nümayəndə heyətinə heç bir mənfi təsir göstərməyəcək. Bu, Avropa Şurasının özünə mənfi təsir göstərəcək: “Heç kimi məhkəmə olmadan, hüquqi prosedur olmadan ittiham etmək olmaz. Bizim fikrimiz özünü doğrultdu, həmin komitənin böyük hesabatı Azərbaycana qarşı yönəlmişdi. AŞ PA-nın fəaliyyəti şəffaf deyil. Azərbaycanla bağlı qəbul olunmuş qərarların əksəriyyəti mənfidir. Guya beş il bundan öncə kimsə kiməsə deyib ki, monitorinq komitəsinin rəyi Səməd Seyidova əvvəlcədən bəlli idi. Dünən qəbul olunmuş sənəd düzgün qiymətləndirilməlidir. Heç kim Azərbaycanı və onun üzvlərini Avropa Şurasından kənarlaşdıra bilməz. Sanksiyalar nə söz deməyimizə, nə də sənəd qəbuluna əngəl yarada bilər. Bu, hansısa seçki prosesində müşahidəçi qismində iştirak etməyə və hansısa ölkə ilə bağlı rəylə çıxış etməyə imkan vermir.

Avropa Şurası dəyişməlidir. Bu cür Avropa Şurası ola bilməz, bu qurum krizis yaşayır. Lakin Avropa Şurası hazırkı vəziyyətdədirsə, bu o demək deyil ki, biz bu meydanı tərk edəcəyik. Bizim bayrağımız ulu öndərimiz tərəfindən Avropa Şurasının binası qarşısında yüksəldilib. Orada olmaq bizim üçün bir meydandır, imkandır. Heç kim düşünməsin ki, biz bu imkandan, meydandan imtina edəcəyik".

səməd seyidov mətbuat konfransı ile ilgili görsel sonucu

S.Seyidov bildirib ki, AŞ PA-da sanksiyaya məruz qalan şəxslər Ermənistanın işğalına münasibətdə Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyən şəxslərdir: “Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində fəaliyyət göstərən insanlar daim qurumda sanksiyaya məruz qalıb. Ən əsası da bir neçə komitədə, bir neçə iclasda Dağlıq Qarabağ və ətraf rayonların azad olunması ilə bağlı məsələlər qaldıran insanlar bu gün sanksiyaya məruz qalıb.

Əsas hədəf hansısa şəxs deyil. Nümayəndə heyətimizin rəhbəri bu gün bir şəxsdir, sabah başqa şəxs ola bilər. Əsas məsələ Azərbaycanın milli maraqlarıdır. Biz buna müdaxiləyə imkan verməyəcəyik. Azərbaycanın AŞ PA-da fəaliyyətini daha da yüksək formada təşkil edəcəyik. Bu sanksiya Azərbaycana deyil, AŞ PA-nın öz nüfuzuna mənfi təsir göstərəcək. Biz növbəti sessiyada iki nəfərlə də olsa, təmsil olunacağıq, boş qalan yerlərə də şəxslər seçiləcək.

Azərbaycan nümayəndə heyətini heç kim Avropa Şurası Parlament Assambleyasından uzaqlaşdıra bilməz. Çünki qurumda nümayəndə heyətini Azərbaycan özü müəyyən edir.

Bir daha deyirəm ki, sanksiya qərarı Azərbaycana qarşı ikili standartların təzahürüdür. Dəfələrlə o qurumda Azərbaycana qarşı ikili standartların şahidi olmuşuq. Ona görə də sanksiya qərarının heç bir əsası yoxdur, başdan-ayağa qərəzlidir. AŞ PA-da Ermənistana qarşı fərqli münasibət var. Ermənistanda keçmiş hakim rejimlə bağlı daim müsbət fikir ifadə edirdilər. Halbuki həmin rejim öz vətəndaşlarını küçədən gülləbaran etmişdi. Belə bir koorupsioner, qəddar rejimli Ermənistanla bağlı məruzələrdə AŞ PA-da həmişə müsbət fikir ifadə olunur. Amma nə oldu? Ermənilər özləri həmin rejimi tarixin zibilliyinə atdı. Əlbəttə, AŞ PA içində sağlam qüvvələr var, amma bəzi şəxslər qərəzli çıxış edirlər. Onlar Azərbaycanı AŞ PA-dan uzaqlaşdırmaq istəyirlər. Bu sanksiya da buna xidmət edir. Bu hadisənin baş verməsi heç də təsadüfi deyil. Burada erməni əli olmaqla yanaşı, Azərbaycanı Avropa istiqamətindən yayındırmaq istəyən qüvvələrin əli var. Onlar Azərbaycanı Avropadan uzaqlaşdırıb zəif duruma salmaq istəyirlər".

Məsələ ilə bağlı Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Asim Mollazadə modern.az-a açıqlama verib.

Nümyəndə heyətinin üzvü bildirib ki, bu qərarı ədalətsiz və Azərbaycana qarşı qərəzli mövqe kimi qiymətləndirir:“Əslində məsələni araşdırsaq görərik ki, korrupsiya faktı başqa ölkə tərəfdən, başqa məsələlərlə bağlı olub. Mən bunu Azərbaycana qarşı aparılan informasiya müharibəsinin tərkib hissəsi hesab edirəm. Səməd Seyidovla bağlı qərara gəldikdə isə bu, onun 2 il müddətində məruzəçi və müşahidə missiyalarını məhdudlaşdıran qərardır. Bu da ədalətsiz qərardır”.

Deputat bildirib ki, AŞ PA-nın qərarının nümayəndə heyətinin rəhbərliyinə heç bir aidiyyəti yoxdur: “Yəni Səməd Seyidov yenə də  Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edəcək”.

Ä°lgili resim

Müxalifət düşərgəsindən isə hadisəyə fərqli münasibət ifadə olunub. VİP sədri Əli Əliyev hadisəyə münasibət bildirib:“Səməd Seyidovun sanksiyaya məruz qoyulması, nəhayət ki, beynəlxalq ictimaiyyətin iqtidarın siyasi davranışına verdiyi rəsmi qiymətdir. Beləliklə, rəsmən sübuta yetirildi ki, Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri korrupsionerdir, onun Avropa məkanına yaya biləcəyi ziyanlı vərdişindən qorunmağın yolu izolyasiya, karantindir. Xub. Bunu bildik, zatən də bilirdik. Səməd Seyidov bu halda fərd deyil. Deməli, onun təmsil etdiyi nümayəndə heyətinə vurulan damğadır bu qərar. Nümayəndə heyəti də bütövlükdə Azərbaycan Respublikası Parlamentini təmsil etdiyindən, korrupsiyaya hakimiyyət qollarından biri bulaşmış kimi görünür”.

Müstəqil siyasi ekspert Şahin Cəfərli ile ilgili görsel sonucu

Müstəqil siyasi ekspert Şahin Cəfərli isə bildirib ki, Səməd Seyidova qarşı tətbiq olunan sanksiyalardan çox, faktın özü önəmlidir: “Kimsə sanksiyaları sərt, kimsə əhəmiyyətsiz və qeyri-ciddi hesab edə bilər. Amma fakt budur ki, Azərbaycan nümayəndə heyətinin rəhbərinə beynəlxalq təşkilat tərəfindən məlum ittihamlarla sanksiya tətbiq olunub. Bu, ölkə üçün ayıblı və utandırıcı haldır.

Bu faktın beynəlxalq səviyyədə təsirlərini biz bəlkə də Bakıdan baxmaqla görməyəcəyik. Amma Azərbaycan təmsilçilərinin beynəlxalq təşkilatlarda dili qısa olacaq. Məsələn, ermənilərin bizim nümayəndələrin çıxışlarına hansı reaksiyaları verəcəklərini yəqin ki, təxmin edirsiniz...

İndiki Milli Məclis buraxılmalıdır. Seçki islahatı həyata keçirilərək heç olmasa, qismən demokratik seçki yolu ilə səviyyəli, xalqdan mandat almış parlament formalaşdırılmalıdır. Bunun edilməməsi, yaxud köhnə, ənənəvi üsullarla yeni seçki tamaşasının səhnələşdirilməsi ölkə üçün ağır nəticələrə səbəb ola bilər".

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı isə bildirib ki, yəhudi lobbisi ona görə güclüdür ki, çoxlu pul xərcləyir. Dövlət maraqları üçün pul xərcləmək ayıb deyil. Bunu edən tərəfə sanksiya tətbiq etmək isə qərəzdir.


“Yeni Müsavat”

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq