Rusiya-Azərbaycan strateji tərəfdaşlığının dərinləşməsi ilə uyuşmaz fakt – Azərbaycanlılar Konqresi hələ “havadadır”...

24 Sen 2018
49 baxış

İsmayıl Ağayev: “Rusiya-Azərbaycan münasibətlərinin indiki səmimi vəziyyətində bu olduqca pis hal kimi nəzərə çarpır”

 Son vaxtlar Azərbaycan-Rusiya münasibətlərində ciddi irəliləyiş və istiləşmə hiss edilir. Ölkə başçılarının bu il ərzində bir neçə dəfə şəxsi təmaslar qurması da bunun göstəricisi sayıla bilər. Amma təəssüflər olsun ki, bu isti münasibətlərin fonunda elə amillər var ki, iki ölkənin dostluğuna kölgə sala bilir və əlavə mülahizələrin ortaya çıxmasına şərait yaratmış olur.

Söhbət bu il qeydiyyatı Rusiya məhkəmələri tərəfindən ləğv olunan Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) taleyindən gedir. Bu yöndə apardığımız bütün araşdırmalar zamanı məlum oldu ki, Rusiyada yaşayan azərbaycanlıların ən böyük diaspor təşkilatı ÜAK-ın bağlanmasında elə bil ciddi səbəb olmayıb. Yəni qurum Rusiyanın dövlətçiliyi və milli maraqları üçün təhlükə sayıla biləcək hər hansı bir fəaliyyət ortaya qoymayıb. Sadəcə, Rusiyada məkrli erməni diasporu və anti-Azərbaycan dairələri birləşərək bu ölkədə yaşayan azərbaycanlıların ən böyük təşkilatının bağlanmasına nail olublar. Etiraf edək ki, indiki Rusiya-Azərbaycan münasibətlərinin səmimiliyi fonunda ÜAK-ın ləğvi heç də yaxşı palitra yaratmış olmur.

Bu istiqamətdə Rusiya hansı addımları atmalıdır ki, dostluq əlaqələrindəki səmimiyyətə xələl gəlməsin?

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev qəzetimizə açıqlamasında bildirdi ki,Azərbaycanla Rusiya arasında tarixi dostluq və əməkdaşlıq əlaqələr var. Bu əlaqələr hər iki dövlətin başçıları səviyyəsində bu gün daha da inkişaf etməkdədir: “Amma bütün bunlara rəğmən, Ümumrusiya Azərbaycanlıları Konqresinin Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin təqdimatı ilə ləğv edilməsi ciddi təəssüf hissi yaradır. Qeyd edim ki, Azərbaycan diasporunun  daha çox cəmləşdiyi ölkə Rusiyadır və həmin ölkədə bizim ən böyük diaspor qurumumuz məhz ÜAK olub. Təbii ki, belə bir qurumun fəaliyyətinin dayandırılması üzücü və narahatedicidir. Deyilən ərəfələrdə biz bu məsələni dərindən araşdırdıq və məlum oldu ki, ÜAK-ın bağlanmasında məkrli erməni barmağı var. Buna qətiyyən şübhə ola bilməz. Xatırladım ki, ÜAK mərhum dövlət başçısı Heydər Əliyevin təşəbbüsü ilə təsis olunub. Təsis  konfransında Rusiya Prezidenti Vladimir Putin da iştirak edib. Bundan başqa, Azərbaycan və Rusiya prezidentləri ÜAK-ın bütün qurultaylarına təbrik məktubları göndəriblər, qurumun fəaliyyətini yüksək qiymətləndiriblər. Həmin qurumda çox nüfuzlu azərbaycanlılar yer alırdı. Məsələn, Mixail Qusman, dünyada tanınmış iş adamları Qod Nisanov, İsgəndər Xəlilov və dünya şöhrətli rəssam Tahir Salahovun adını çəkmək kifayətdir.

Qeyd etmək lazımdır ki, Azərbaycanı Rusiya ilə təkcə dostluq və 200 illik tarix bağlamır, ölkəmiz şimal qonşumuzla strateji tərəfdaşdır. Diplomatik anlamda ittifaqdan sonra strateji tərəfdaşlıq dövlətlər arasında ən yüksək səviyyəli əməkdaşlıq hesab olunur. Buraya təkcə Rusiya ilə imzalanmış milyardlıq silah müqavilələrini də əlavə etsək, Kremlin belə bir addıma gedə bilməsi artıq sual yox, təəccüb doğurur”.

İsmayıl Ağayevin sözlərinə görə, Rusiyada azərbaycanlıların mütəşəkkil və güclü təşkilatının fəaliyyət göstərməsi ilk növbədə bu ölkədəki erməni diasporunun maraqlarına cavab vermir: “Artıq uzun illər idi ki, Rusiyadakı erməni lobbisi və onun təsiri altında olan müəyyən dairələr  ÜAK-ın fəaliyyətinin dayandırılması ilə bağlı müxtəlif təklif və təşəbbüslər irəli sürürdülər. Görünür, ÜAK-ın ardıcıl və məqsədyönlü fəaliyyəti, xüsusilə sonuncu qurultaydan sonra təşkilatın fəaliyyətinin əsaslı şəkildə güclənməsi bu dairələri ciddi narahat etməyə başlayıb. Belə görünür ki, həm Rusiyadakı məkrli erməni diasporu, həm də bu ölkənin anti-Azərbaycan dairələri birləşərək orada yaşayan azərbaycanlıların təşkilatlarını qadağan etmək üçün fəaliyyətləri uğurlu alınıb. Ancaq etiraf edək ki, Rusiya-Azərbaycan münasibətlərinin indiki səmimi vəziyyətində bu olduqca pis hal kimi nəzərə çarpır”.

Məhəmmədəli QƏRİBLİ

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq