Putin İrəvana niyə getmədi...

29 Sen 2018
191 baxış

“Coğrafiya taledir” deyiblər ağıllı insanlar. Elə ona görə də Dağlıq Qarabağ problemilə bağlı gözlənitləri kənara qoysaq belə, Rusiya prezidentinin bu günlərdə Bakıya baş tutmuş səfəri yenə də maraq doğurmaya bilməz, ən azı ona görə ki, iki dövlət arasındakı münasibətlərin xarakteri və strukturu da ciddi müşahidə predmeti kimi qalmaqdadır.

İlk öncə səfərin düz iki gün davam edəcəyi və sentyabrın 25-dən başlanacağı deyilsə də, gözləmək lazım gəldi və yalnız ayın 27-də Rusiya prezidenti Bakıya təşrif buyurdu.

Əvvəlcə Vladimir Putinin İrəvana da səfər edəcəyi deyilsə də artıq sentyabrın 27-də aydın idi ki, o, reallaşmayacaq, çünki ertəsi gün Tacikstanda MDB dövlətlərinin sammiti işinə başlamalı idi və dərhal ehtimal edildi ki, Ermənistan baş nazirilə təmas yalnız sammit çərçivəsində baş tuta bilər.

Prinsipcə, bu detaldan da iki nəticə hasil etmək olar. Birincisi, budur ki, Rusiya prezidenti İrəvana tələsmir, hətta ola bilsin ki, öz diqqətsizliyi ilə bir qədər Ermənistanı cırnatmaq da istəyir.

İkincisi, Putin iki münaqişə ölkəsindən yalnız birilə kontakt qurdusa, deməli onun yaxın vaxt üçün, xüsusən də artıq reallaşmış səfər çərçivəsində Dağlıq Qarabağ problemilə bağlı hansısa bir planı yox idi.

Təbii ki, bu, bizi narahat etməyə bilməz, ona görə ki, Bakı Rusiyadan bu müstəvidə müəyyən cəhdlər və eləcə də cavablar gözləyir.

Amma duyulanı budur ki, Kreml tələsmir və ola bilsin ki, növbədənkənar seçkini, öz forpostunda yeni parlamentin formalaşmasını gözləyir, halbuki yaxın vaxtlarda İrəvanda mer seçkilərini Ayk Marutyanın udması o deməkdir ki, Nikol Paşinyan hakimiyyətdə bir azca da möhkəmlənə bildi və əgər parlament seçkiləri də yaxın aylarda keçirilərsə “məxməri inqilab” tərəfdarlarının onu udmaq şansları böyük olacaqdır.

Əslində bizə Putinin və ya Lavrovun Bakı ilə İrəvan arasında vurnuxması lazım deyil. Birincisi, o həll variantını ki, bizə Kreml təklif edəcək, onun içində mütləq Azərbaycanın maraqlarına zidd və yaxud da Moskvanın öz maraqlarını daha çox nəzərə alacaq detallar olacaq.

Bizim Kremldən umacağımız tamam başqadır: Dağlıq Qarabağ problemini öz bildiyimiz kimi bizə həll etməyə mane olmasın və yaxud da bizim əlimizlə Ermənistanı cəzalandırmaq fikrinə düşsün– bu fikir ola bilsin, bir azca qeyri-standart görünsün, amma əvvəllər də daim yazırdıq ki, gec-tez Moskva ilə İrəvan arasında “çat” yaranacaqdır və biz bundan dərhal faydalanmağa çalışmalıyıq.

İndi bunun ən real məqamıdır. Amma burada ciddi bir nüans var. Ehtimal edilirdi ki, Rusiyan prezidenti səfər zamanı KTMT və Avrasiya Birliyilə bağlı da Bakının nəbzini yoxlamağı düşünür. Bunun olub-olmamasını bilmək elə də asan deyil, çünki bu cür məsələlər rəsmi səfər proqramında təəssüf ki, qeyd olunmur.

Amma Bakının mümkün cavab reaksiyası ilə bağlı iki əsas ehtimal mövcuddur. Kimi deyir ki, Azərbaycanın bir tələbi var: Əvvəlcə Dağlıq Qarabağ, yəni, torpaqlarımız!..

Kimisi də ərz edir ki, məsələ, ümumiyyətlə, müzakirə predmeti ola bilməz, çünki Bakını özünün indiki hərbi–siyasi statusu, Rusiya və digər MDB ölkələrilə iqtisadi əlaqələrinin səviyyəsi tamamilə qane edir.

Etiraf edirik ki, biz də ikinci yanaşmanın tərəfdarıyıq. Düşünürük ki, ölkənin bir hissəsini geri qaytarmaq üçün onun böyük hissəsindən, hətta bütün hissəsindən keçmək qətiyyən düzgün qərar olmazdı, xüsusən də nəzərə alanda ki, Kreml həmişə “Doveryay, no proveryay!” prinispilə hərəkət edir və Dağlıq Qarabağı Azərbaycana “qaytarmaq” fikrinə düşərsə onu elə şərtlə, elə mexanizm çərçivəsində qaytaracaq ki, Bakının daha ora-bura çabalamaq imkanları olmasın, daim Moskvanın ovcunda qalsın...

Beləcə, Soçidən sonra daha bir görüş baş tutdu. Həmişəki kimi bu dəfə də müəyyən ümidlər vardı - əlbəttə ki, ilk növbədə Qarabağ məsələsində. Amma diqqət çəkən bir element olmadı, üstəlik, xarici işlər nazirlərinin də görüşündən hansısa nəticənin hasil olacağına ümid yox idi.

Mümkündür ki, bu həm də Ermənistandakı proseslərlə bağlıdı, çünki bu ölkədə hərə bir şeydən danışır: N.Paşinyanın özü gündə üç dəfə fikrini dəyişir, xanımı sülhdən dəm vurur, xarici işlər naziri Mnatsakanyan isə azərbaycanlı həmkarı ilə danışıqlar aparır.

Amma bunlar Rusiyanın məsuliyyətini azaltmır, çünki Rusiyanın münaqişədəki rolunu heç bir şəkildə ört-basdır etmək mümkün deyil və bu haqda artıq A.Merkel də danışmağa başlayıb. Fəqət, Putin özünü elə aparır ki, guya biz onu Bakıya təkcə cüdo yarışlarına tamaşa etmək üçün çağırmışdıq. Mümkündür ki, o da bizim haqqımızda eyni cür düşünür və “Mən bura cüdoya tamaşa etmək üçün yox, KTMT və Avrasiya Birliyilə bağlı fikrinizi bilməyə gəlmişdim” deyirdi.

Nə demək olar? Bircə onu deyə bilərik ki, Vladimir Vladimiroviç hələ çox gəlib gedəcəkdir – idman yarışları çox olacaq...
Lap əvvəldə dedik ki, coğrafiya da taledir. Amma o da var ki, C.Əfqanidən başlayaraq müsəlman teoloq və filosofları tale və qismət anlayışları üzərində çox baş sındırıblar ki, onlara fərqli məzmun versinlər ki, müsəlmanlar hər şeyi mütləq determinizm kimi yozmasın. 
Bunu Rusiya ilə münasibətlərə də şamil etmək olar; daim Moskvadan qorunmağa, müdafiə olunmağa yox, həm də ona təzyiq etməyə çalışmaq lazımdır. İndiki halda bu ssenari də çox real görünür. Ona görə ki, Kreml növbəti məngənədədir və üstəlik Cənubi Qarfqazdakı əsas dayağı da heç də sarsılmaz görünmür...

(Musavat.com)

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq