Rusiya XİN Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında Düşənbədə baş tutmuş söhbəti şərh etdi (ÖZƏL)

02 Okt 2018
40 baxış

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutmuş söhbət Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək.

Bu barədə Trend-ə Rusiya Federasiyası Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

Qeyd olunub ki, Rusiya Dağlıq Qarabağ məsələsinin həllinə yönəlmiş bütün razılaşmaları alqışlayır: “Ümid edirik ki, Düşənbədə baş tutmuş söhbət bu məqsədə çatmağa kömək edəcək”.

RF XİN-dən bildiriblər ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiya öz növbəsində Azərbaycan və Ermənistana zəruri vasitəçilik yardımı göstərməyə hazırdır.

Xatırladaq ki, sentyabrın 28-də Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Həmçinin tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

(Trend.az)

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq