İlham Əliyevi ilin dövlət adamı seçənlər nəyə əsaslandı…

25 Dek 2018
135 baxış

“Bu həm də cənab Prezidentin şöhrətinin Azərbaycan hüdudlarını çoxdan aşdığından xəbər verir”

img

Samir Adıgözəlli: “İlham Əliyevin Türkiyəni öz ölkəmiz qədər sevməsi və bunu əməli fəaliyyətində sübut etməsi belə gözəl nəticənin əldə olunmasına səbəb olub”

 

Prezident İlham Əliyev Türkiyədə səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə "İlin dövlət başçısı" seçilib. Bildirilir kimüvafiq seçim 16 bölgədə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasına bağlı olan dərnəklər və 145 vətəndaş cəmiyyəti təşkilatı tərəfindən aparılıb. "İlin dövlət başçısı" mükafatının Prezident İlham Əliyevə 2019-cu ilin yanvar ayında təqdim olunacağı bildirilir. Türkiyədə əldə olunan bu nəticəni necə dəyərləndirmək olar?

Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə bildirdi ki,  cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin bütün aspektləri təqdirəlayiqdir: “Belə bir sorğunun məhz Türkiyədə keçirilməsi və dediyiniz nəticənin alınması məni təəccübləndirmədi. Çünki İlham Əliyev Türkiyə ilə münasibətlərin inkişafı istiqamətində əlindən gələn nə varsa, onu əsirgəməyib. Layiqli davamçısı olduğu Heydər Əliyev siyasi kursunda strategiya kimi müəyyənləşən “Bir millət, iki dövlət” prinsipinə tam əməl etməklə bu nəticəyə imza atıb. Türkiyədə İlham Əliyevə belə bir dəyərin verilməsi həm də cənab Prezidentin şöhrətinin Azərbaycan hüdudlarını çoxdan aşdığından xəbər verir. Sorğuda diqqətçəkən vacib bir məqam ondan ibarətdir ki, rəyi soruşulanlar yalnız bir arealı əhatə etməyib. Türkiyənin müxtəlif bölgələrindəki vətəndaşlar İlham Əliyevin şəxsiyyəti barədə belə yüksək düşüncədə olduqlarını ortaya qoyurlarsa, bu, cənab Prezidentin gördüyü işlərlə qonşu ölkənin hər bir yerində yaxından maraqlandıqlarını sübut edir. Türkiyə ilə Azərbaycanın münasibətlərinin iki dövlət arasında olan əməkdaşlıq çərçivəsindən çıxaraq, qardaşlıq münasibətləri səviyyəsinə yüksəlməsində cənab Prezidentin rolu və əməyi danılmazdır. Təbii ki, biz qarşılıqlı diqqəti Türkiyədəki rəhbərlərdən də görmüşük. İlham Əliyevin 15 illik prezidentliyi dönəmində biz bu istiqamətdəki fəaliyyətdə azalan deyil, artan dinamikanı müşahidə etmişik. İlham Əliyev öz fəaliyyətilə sübut edib ki, yalnız xoş günündə deyil, həm də dar, çətin məqamlarında da qardaş ölkənin yanındadır. Biz bunu Türkiyədə hərbi çevrilişə cəhd zamanı aydın şəkildə gördük. Təbii ki, bu cür prinsipial və heç bir təmannaya hesablanmayan saf siyasətin yürüdülməsi sadə türk vətəndaşlarının da diqqətindən yayınmır. Məhz bu amillərə görə də onlar İlham Əliyevi “İlin dövlət başçısı" nominasiyasına layiq görüblər”.

Samir Adıgözəllinin sözlərinə görə, məhz ölkə başçılarının şəxsi səyləri, şəxsi münasibətlərindən doğan qarşılıqlı hörmət fonunda, ölkələrimiz arasındakı əlaqələr dərinləşir və bundan sonra daha da  inkişaf edəcək: “İlham Əliyevin səyləri yalnız iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırmasını əhatə etmir. Biz dəfələrlə görmüşük ki, Türkiyənin üzləşdiyi bəzi problemlərdə İlham Əliyev öz nüfuzundan istifadə edərək, vasitəçilik missiyalarını da uğurla həyata keçirib.  Suriyadakı konflikt səbəbindən Rusiya ilə Türkiyə arasında təyyarə qalmaqalı yaşandı. Həmin vaxt Azərbaycanın etdiyi vasitəçilik cəhdləri iki ölkə arasındakı münasibətlərin yaxşılaşması ilə nəticələndi. Bu məlumatlar bütün dünya mətbuatında öz əksini tapıb. Bir sözlə, İlham Əliyevin Türkiyəni öz ölkəmiz qədər sevməsi və bunu əməli fəaliyyətində sübut etməsi belə gözəl nəticənin əldə olunmasına səbəb olub”.

Məhəmmədəli QƏRİBLİ

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq