Paşinyan erməni diasporunun Ermənistana bağlı “təşkilat əlini” niyə kəsir…

27 Dek 2018
46 baxış

 

“Onların diasporla koordinasiyası başqa tellərlə qurulub”

İsmayıl Ağayev: “Paşinyan erməni diasporundan daha böyük dəstək almağı hədəflədiyi üçün, belə bir çaşdırıcı metoddan istifadə edir”

Ermənistandakı 9 dekabr növbədənkənar parlament seçkilərindən sonra Paşinyan hökumətin strukturunda dəyişiklik edilməsinə dair qərar qəbul edib. Bu qərara əsasən, Ermənistanda nazirliklərin sayı 17-dən 12-yə endiriləcək. İxtisara düşənlərin sırasında Diaspor Nazirliyi də var. Paşinyan hökumətinin verdiyi bu qərar birmənalı qarşılanmayıb. Ermənistanda yaşayan İraq və Suriya erməniləri, eləcə də digər ölkələrdən repatriasiya edilən ermənilər İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçiriblər.

Erməni KİV-lərinin verdiyi xəbərə görə, aksiya iştirakçıları Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın Diaspor Nazirliyinin bağlanması haqqında qərarına etirazlarını bildiriblər. Nümayişçilər öz tələb və təkliflərinin əks olunduğu məktubu Paşinyana verməyə və onu nazirliyin fəaliyyətinin dayandırılması fikrindən daşındırmağa cəhd ediblər. Qeyd edək ki, Amerika və Avropadakı diaspor təşkilatları da Paşinyanın bu qərarına etiraz ediblər. Argentinadakı erməni cəmiyyətinin üzvləri rəsmi bəyanat yayaraq bildiriblər: “Baxmayaraq ki, bizim dövlət işlərinə qarışmaq hüququmuz yoxdur, Argentinadakı erməni cəmiyyəti nazirliyin taleyinə biganə qala bilməz. Çünki son 10 il ərzində Diaspor Nazirliyi Ermənistanla xaricdəki diaspor təşkilatları arasındakı münasibətləri tənzimləyən yeganə rəsmi uzlaşdırıcı qurum olub. Onun fəaliyyəti barədə əsaslı və əsassız tənqidlərdən asılı olmayaraq, dəyişikliklər nazirliyin qəfil ləğvinə yox, onun işinin gücləndirilməsinə xidmət etməlidir. Heç bir məsləhətləşmələr aparmadan hökumətin birtərəfli qaydada belə bir qərar qəbul etməsi bizi olduqca narahat edir”.

Paşinyanın ixtisara salınan qurumların sırasında Diaspor Nazirliyini də əlavə etməsi nəyin göstəricisi sayıla bilər?

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev qəzetimizə açıqlamasında bildirdi ki, burada müxtəlif məqsədlər güdülə bilər:“Bilirsiniz ki, xaricdə çox güclü erməni diasporu var. Hətta Ermənistan hökumətinin idarə olunması və dəyişdirilməsində, həmin ölkənin adından həyata keçirilən bütün mühüm beynəlxalq layihələrdə erməni diasporunun dəstəyindən ciddi şəkildə istifadə edilir. Dünyadakı erməni diasporu Ermənistan dövləti üçün yardımçı deyil, əsas faktor rolunu oynayır. Dünyada çox az ölkə var ki, diaspor fəaliyyətinə dövlət səviyyəsində dəstək verir. Dəstək verənlərdən biri də Azərbaycan hökumətidir. Bizim ölkənin yürütdüyü diaspor siyasətində onlardan heç bir umacaq yoxdur. Dövlətimiz hətta xaricdəki diasporumuzun fəaliyyətinə, inkişafına ciddi şəkildə maliyyə dəstəyi verir. Bizim dövlətin onlardan istəyi yalnız Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Amma Ermənistanda vəziyyət fərqlidir. Onların dövləti daim xaricdəki erməni diasporunun ianəsi hesabına yaşayıb. Hətta ən böyük infrastruktur layihələri belə Ermənistanın xaricdəki diaspor təşkilatlarının maliyyə dəstəyilə həyata keçirilib. Bir sözlə, dilənçi vəziyyətində olan Ermənistan heç vaxt diasporla əlaqələrini birdəfəlik kəsməkdə maraqlı olmaz. Qeyd edim ki, xaricdəki erməni diaspor təşkilatları bildiriblər ki, “məxməri inqilab”dan sonra Ermənistanın yeni rəhbərliyinin sıx əməkdaşlıqla bağlı səsləndirdiyi bəyanatların səmimiliyinə inanırdılar. Lakin indi reallıqda tamam başqa münasibətlə üzləşiblər”.

İsmayıl Ağayevin sözlərinə görə, Paşinyan bu addımı ilə diaspora mesaj verib ki, dövlətin vəziyyəti görün nə gündədir: “Hesab edirəm ki, bununla Paşinyan dünyadakı erməni diasporundan daha çox pul qoparmaq istəyir. Onların diasporla koordinasiyası başqa tellərlə qurulub. Bunu kilsə və başqa vasitələrlə də həyata keçirirlər. Sadəcə, Paşinyan erməni diasporundan daha böyük dəstək almağı hədəflədiyi üçün, belə bir çaşdırıcı metoddan istifadə  edir”.

Məhəmmədəli QƏRİBLİ

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq