Ermənistan ordusunda ölüm faktlarının gizlədilməsi gündəmə bomba kimi düşdü...

06 Mar 2019
48 baxış

img

Ermənistan ordusunda baş verən olaylar düşmən silahlı qüvvələrinin hələ də böyük xaos içində olduğunu göstərir. Ölkədə hakimiyyət dəyişikliyinə rəğmən yaşananlar erməni ordusunun tənəzzülünün daha da dərinləşdiyini üzə çıxarır. Məhz belə bir vaxtda ordu ilə bağlı daha bir qalmaqal üzə çıxıb. Bəlli olub ki, yenə əvvəlki kimi,Ermənistan ordusundakı ölüm faktları gizlədilir.

Məlumatlara görə, Ermənistan ordusunda 2019-cu il ərzində baş verən 4 ölüm faktı barədə məlumat gizlədilib.  Əldə edilən məlumatlarla bağlı rəsmi mövqe öyrənmək üçün cari ilin 1 yanvar-20 fevral tarixləri arasında Ermənistan ordusunda neçə itki olduğu barədə İstintaq Komitəsinə yazılı müraciət edilib. Müraciətə cavab olaraq, İstintaq Komitəsindən bildirilib ki, qeyd olunan müddət ərzində hərbi xidmətlə bağlı 3, hərbi xidmətlə bağlı olmayan isə 4 ölüm faktı qeydə alınıb. Beləliklə, 1 ay 21 gün müddətində Ermənistan ordusunda 7 hərbi qulluqçu ölüb. Amma bu ölüm faktları üzrə Ermənistan Müdafiə Nazirliyi rəsmi məlumat verməyib. Ermənistan Müdafiə Nazirliyi hərbi xidmətlə əlaqəsi olmayan ölüm halları barədə məlumatları gizlətsə də, bunu mediada yayılan məlumatlardan sonra təsdiqləməyə vadar olub. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovhannisyan 7 erməni hərbçinin ölüm faktına dair məlumatın gizlədilməsi barədə açıqlama verməyə məcbur olub: "Bu, məlumat verməmək mənası daşımır. Kim deyir ki, bunu ilk növbədə bizim saytda yerləşdirmək lazımdır? Mənim elə bir öhdəliyim yoxdur".

Amma parlamentin müdafiə məsələləri üzrə komitəsinin sədri Andranik Köçəryan nazirlik təmsilçisinin belə bir açıqlama verməsinin qəbuledilməz olduğunu vurğulayıb. O bildirib ki, Müdafiə Nazirliyinin məsul əməkdaşları il ərzində ölən əsgərlərin sayını düzgün qeydə almır: "Ümumiyyətlə, son vaxtlar orduda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayında artım müşahidə olunur. Bunun səbəbləri kökündən araşdırılmalıdır. Günahı olan istənilən şəxs - istər general, istər zabit və digər hərbçi öz layiqli cəzasını almalıdır”. Onun sözlərinə görə, “bu ənənənin əsası Serj Sarkisyanın hakimiyyəti dövründə qoyulub və hələ də davam etdirilir".

Hüquq müdafiəçisi Janna Aleksanyan son bir ildə orduda baş verən neqativ halları şərh edərkən maraqlı faktlar açıqlayıb. O qeyd edib ki, 2018-ci ildə Ermənistan ordusunda özünə qəsd hallarının sayı 21 olub: "Ümumilikdə isə orduda ölən əsgərlərin sayı 71-dir. Bir əsgər öz canına qıyırsa, demək bunun arxasında kifayət qədər müəmmalı, şübhəli hallar var. Eyni zamanda əsgər-komandir inamsızlığı, etimadsızlığı mövcuddur və nizamnamədənkənar hallar baş verir. Bir hüquqi məsul şəxs kimi deyə bilərəm ki, valideynlər tərəfindən daxil olan şikayətlərin əksəriyyətini komandirlərin sıravi heyət üzərində zorakılıq hallarının olması təşkil edir. Yəni əsgərlər alçaldılır və döyülürlər".

Digər bir məlumata görə isə, işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələri hərbçilərinin acınacaqlı vəziyyətdə xidmət etmələri ilə yanaşı, hər hansı bir xəstəliyə düçar olduqda müalicə məntəqələrinə göndərilmələri də onlar üçün bir bəlaya çevrilib.  Xəstələnən əsgərlərin müalicəyə göndərilməsinə nail olmaq üçün valideynlər dəridən-qabıqdan çıxır. Rüşvət vermədikdə, şikayət etmədikdə, hansısa bir vəzifəli şəxs tərəfindən tapşırılmadıqda xəstə hərbi qulluqçunun müalicəyə göndərilməsi müşkül məsələdir. Məlumatda deyilir ki, bu günlərdə möhkəm soyuqlayan və 39 dərəcə yüksək hərarətlə müalicəyə göndərilməyən Ardak Harutyan, eləcə də həkim tərəfindən vəziyyəti “kafi” qiymətləndirilən Movses Balayan adlı hərbçinin valideynləri övladlarının hospitala göndərməsi üçün bütün imkanlarını səfərbər ediblər. Uzun süründürməçilikdən sonra yüksək vəzifəli bir məmurun “xahişi” ilə hər iki hərbi qulluqçu, nəhayət ki, müalicəyə göndərilib. Bunu üçün valideynlər müəyyən qədər rüşvət də verməli olublar və belə halalrın sayının yüzlərlə olduğu vurğulanır.

Bütün bunlar fonunda orduda fərarilik hallarının sayının artması təbii sayılır. Belələrinin sayı artıq minlərlə ölçülür. Vəziyyətdən çıxış yolu kimi isə Ermənistan parlamentinin ixtisaslaşmış komissiyası erməni ordusunda hərbi xidmətdən yayınmış və 27 yaşı tamam olan şəxslərin pul müqabilində cinayət təqibindən azad edilməsi haqqında müddətin uzadılmasının tənzimlənməsi sənədinə müsbət rəy verib. Parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasının üzvü Armen Xaçatryan qeyd edib ki, hazırkı vəziyyətə olan məlumatlara əsasən, məcburi hərbi xidmətdən yayınan 10 min erməni gəncin axtarışda olması barədə faktlar mövcuddur. Bunlardan 3200 nəfər 27-35 yaş arasında olanlardır. Xaçatryan deputatları bu layihənin lehinə səs verməyə çağırmaqla, qısa xülasə təqdim edib: "2016-2017-ci illər ərzində bu kateqoriyadan olan 625 şəxs Ermənistana qayıdıb və müvafiq qaydada təyin olunan 795 milyon dram vəsait ödənişi həyata keçirilib. Lakin bu layihə problemi tamamilə həll etmir. Daha geniş hərtərəfli həll sistemi tapılmalıdır. Elə bir həll sistemi lazımdır ki, bu kimi cinayətlərin qarşısını alsın və Ermənistana geri dönüşü təşviq etsin". Lakin erməni mediası yazır ki, orduda xaos davam etdikcə, ölkədən daha çox sayda gəncin qaçışını gözləmək mümkündür. Hökumətin isə pul qarşılığında onları cinayət məsuliyyətindən azad etmək niyyəti hansısa nəticə verməyəcək.

 

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq