Burda göstərilən tarixə olan xəbərlər: Bazar, 11 Fevral 2018

Fevralın 5-də Dağıstanda ölkə tarixində ən irimiqyaslı antikorrupsiya əməliyyatı keçirildi. Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev hökuməti istefaya göndərdi. Vasilyev həmçinin hökumət başçısının müavini Anatoli Karibovun müvəqqəti (yeni hökumət formalaşanadək) olaraq baş nazir vəzifəsinə təyin edilməsi ilə bağlı sərəncam verdi.

Federal Təhlükəsizlik Xidməti isə həbslərə başladı. Baş nazir Abdusəməd Həmidov, onun müavinləri Şamil İsayev və Rayudin Yusufov, Dağıstanın sabiq Təhsil naziri Şahabbas Şaxov və digər yüksək vəzifəli məmurlar korrupsiyada, büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunaraq saxlanıldılar. Yeri gəlmişkən, Mahaçqala meri Musa Musayev isə daha əvvəl - yanvarın 21-də vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs olunmuşdu.

Dağıstanda hakimiyyət ənənəvi olaraq etnik klanlar arasında razılaşma əsasında qurulur. Hər bölgəyə fərqli klanın təmsilçisi nəzarət edir. Lakin bu dəfə həbslər konkret klan üzrə gerçəkləşmədi. Məsələn, Abdusəməd Həmidov dargindir və Dağıstanın Levanşinski rayonunun Mekegi kəndindəndir. İsayev avardır və Həmidovla münasibətləri heç vaxt yaxşı deyildi. Yusufov isə ümumiyyətlə, tabasaranlıdır.

Bu məsələ istər-istəməz ölkədə yeni bir başlanğıcın əsasını qoydu. Həbs olunan yüksək çinli məmurların yerinə gələcək şəxslərin kimliyi indidən böyük maraq doğurur. Çünki Vasilyevə qədər çoxmillətli ölkə olan Dağıstanda rəhbər şəxslər bölgənin milli tərkibinə uyğun təyin olunmurdu. O cümlədən azərbaycanlıların kompakt şəkildə yaşadığı Dərbənd bölgəsinin də taleyi bizim üçün maraqlıdır. Əhalisinin 54 faizini azərbaycanlıların təşkil etdiyi Dərbənd şəhərinə 1994-cü ildən bəri azərbaycanlı mer təyin olunmayıb. Yeni sistemdə bu ədalətsizliyə son qoyulması ehtimallar arasındadır.

“Hakimiyyətin mafyoz qüvvələrin təmizlənməsi azərbaycanlılar üçün yol aça bilər”

Qafqaz üzrə politoloq, Bakı Multikulturalizm Mərkəzinin nümayəndəsi Tofiq Abbasovun fikrincə, azərbaycanlıların Dağıstanda hakim vəzifələrə cəlb olunması onların yeni sistemə inteqrasiyasından asılı olacaq:

“Dağıstanda inteqrasiyanı yaxşı bacaran avarlar, darginlər, ləzgilər və s. daha mütəşəkkil yaşayırlar və buna görə hakimiyyət orqanlarında daha çox təmsil olunurlar. Azərbaycanlılar isə son illərdə özlərinə qapılıblar. Bunun da bir neçə səbəbi var. Məshəb zəminində olan çəkişmələr bu işdə böyük rol oynadı. Məsələn, ləzgi icması orada həmyerlilərimizi sıxışdırırdı. Odur ki, say etibarilə də Dağıstanda azərbaycanlılar azalmağa başlayıb. Onların bəziləri Azərbaycana gəlib, bəziləri Rusiyanın başqa bölgələrinə köçüblər. Hazırda Dağıstanda daha çox inanclı azərbaycanlılar yaşamaqdadır.

Dağıstanda “təmizləmə” əməliyyatı - Azərbaycanlılar vəzifəyə qayıdır?



Dağıstan özünəməxsus bir ölkədir. Hakimiyyət orqanlarında bəzi mütəşəkkil qruplaşmalar var. Onların ortaq nöqtəsi isə ekstremizmdir. Odur ki, Dağıstan Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarəti altındadır. Zaman-zaman burada atışmalar və qarşıdurmaların şahidi olmaq mümkündür. Bu tipli qarşıdurmalara isə azərbaycanlıların qatılmaması müsbət haldır. Çünki hakimiyyətin mafyoz qüvvələrin təmizlənməsi azərbaycanlılar üçün yol aça bilər. Daha təmkinli və təxribatlardan uzaq duran bir xalq kimi azərbaycanlılar Dağıstanda yüksək vəzifələrə gətirilə bilər. Lakin ən yaxşı halda mümkün təyinatlar Vasilyevin hakimiyyətdəki “təmizləmə” işlərindən sonra baş tutacaq”.


Dərbənd Rusiya Federasiyasında şəhər statusuna malik olan ən cənub şəhəridir. 25 ilə yaxındır ki, əhalisinin yarıdan çoxu azərbaycanlılar olan bir bölgədə meriyada və digər idarəetmə orqanlarında azərbaycanlıların olmaması ilk növbədə narahatlıq, ikinci növbədə müəmma doğurur. “Təmizləmə” əməliyyatından sonra qurulacaq yeni sistemdə ədalət prinsipi mütləq gözlənilməlidir. Bunun üçün ilk növbədə azərbaycanlıların özünün ictimai-siyasi fəallığı vacibdir. Onlar əlini əlinin üstünə qoyub gözləməməlidir ki, gətirib bizə vəzifə verəcəklər. Tədbirlər keçirmək, ortaya mövqe qoymaq lazımdır. Dərbəndin inkişafı ilə bağlı proqamlar, konsepsiyalar təqdim etmək olar.

Tofiq Abbasov aktivlik üçün ilk növbədə informasiya işi qurmağın vacibliyini qeyd edir:

“Əgər azərbaycanlılar hakimiyyət orqanlarından normal təmsil oluna bilmirsə, heç olmasa, Ağsaqqallar şurası olmalıdır. İnformasiya işini yaxşı təşkil etmək lazımdır. İnformasiya işi nədir? Dağıstanın ictimaiyyəti, o cümlədən hakimiyyəti bilməlidir ki, azərbaycanlılar bu ölkənin cənubunda çoxluq təşkil edən millətdir. Onların arxasında müstəqil Azərbaycan Respublikası dayanır. Azərbaycan Dağıstanın cənub bölgəsinə investisiya qoyur. Hətta Ramazan Abdultalipovun dövründə bəzi ortaq layihələr var idi. Odur ki, orada azərbaycanlılar fəallaşmalı və məlumatlandırma işini qurmalıdır”.


“Dərbənddə milli tərkibə uyğun rəhbər seçilməsi…”

Təbii ki, Dağıstanda yaşanan problemlər Azərbaycanın bu ölkə il sərhəd bölgəsində yerləşən əhali üçün də aktualdır. Çünki bu ərazilərdə yaşan insanlar arasında çoxlu qohumluq və biznes əlaqələri var. Qusar rayonundan olan millət vəkili, Milli Məclisin regional məsələlər üzrə komitəsinin üzvü Azər Badamov Femida.az-a məsələni şərh edib:

“Dağıstanda baş verən həbslər birbaşa iqtisadi cinayətkarlığa qarşı mübarizədir. Çünki həbslərin kökündə dövlət büdcəsindən ayrılan vəsaitlərin düzgün xərclənməməsi və yeyintilər dayanır. Bundan əvvəl Dağıstanda hakimiyyət bir qrup şəxsin əlində cəmləşmişdi. Vasilyeviç hakimiyyətə gələndən sonra bu cür qruplaşmaya qarşı mübarizə başladı. Onun siyasi prinsiplərindən biri də Dağıstanı idarə edən şəxslərin ölkənin milli tərkibinə uyğun şəxslər olmasıdır. Məncə bu həbslərdən sonra Dağıstanda mühit şəffaflaşacaq.

Dağıstanda “təmizləmə” əməliyyatı - Azərbaycanlılar vəzifəyə qayıdır?



Düşünürəm ki, hakimiyyətin yuxarı zümrəsindəki bir qrup insan postundan uzaqlaşandan sonra hər şəhərdə əhalinin milli tərkibinə uyğun rəhbərlər təyin olunacaq. İstər Dərbənddə, istərsə, azərbaycanlıların yaşadığı digər bölgələrdə hakimiyyət strukturlarında müvafiq rəhbərlərin seçilməsi gözləniləndir”.


Nizami parkı, yoxsa xarabalıq?

Dərbənd şəhəri uzun illərdir ki, yerli hakimiyyətin özbaşınalığına məruz qalır. Şəhərdəki problemlər təkcə kadr təyinatında deyil, həm də abadlaşma işində də özünü göstərir. Buna misal olaraq vaxtilə orada Azərbaycanın pulu hesabına salınmış Nizami abidəsi və parkın yararsız hala düşməsini göstərmək olar.

Politoloq Qabil Hüseynli Femida.az-a bildirib ki, şəhər meriyası bu əraziyə sanki qəsdən diqqət ayırmır:

“Sanki onlar belə edir ki, abidəni gözdən salsınlar. Azərbaycanın bir əli həmişə Dərbəndin üzərində olub. Həmişə tədbirlərin keçirilməsində Dağıstan hakimiyyət orqanlarına kömək etmişik. Dərbəndin Azərbaycan şəhəri kimi abadlaşdırılması istiqamətində dövlətimizin təklifləri var. Lakin indiyə kimi bu təkliflərə baxılmayıb və təkliflərin reallaşmasına icazə verilməyib. Orada Abbas Abbasovun sabiq rəhbərliklə əlaqələri sayəsində tikinti işləri aparılırdı. Halbuki bu tikinti işlərinin oradakı azərbaycanlılara heç bir aidiyyatı yox idi. Sadəcə olaraq biznes xarakterli işlər idi. Həm Rusiya tərəfindən, həm Azərbaycan tərəfindən Dərbəndin tarixi simasının qorunması, orada yaşayan azərbaycanlıların vəziyyətinin normallaşdırılması, xüsusən milli ayrı seçkiliyə son qoyulması istiqamətində tədbirlər görməlidirlər”.

Dağıstanda “təmizləmə” əməliyyatı - Azərbaycanlılar vəzifəyə qayıdır?



Deputat Azər Badamov Vasilyeviçin islahatlarından sonra Dağıstanda yaşayan bütün xalqların adına salınmış parkların, abidələrin dövlət tərəfindən yenidən qurulacağını bildirir:

“Çünki orada büdcədən mədəniyyət obyektlərinə ayrılan vəsaitlərdə böyük yeyintilər olub. Düşünürəm ki, bu vəsait ünvanına çatarsa, təkcə Azərbaycanın yox, digər xalqların mədəniyyət ocaqlarının yenidən qurulmasına və təhsil müəssisələrinin inkişafına xeyli təsir göstərəcək”.

Dağıstanda “təmizləmə” əməliyyatı - Azərbaycanlılar vəzifəyə qayıdır?



Politoloq Tofiq Abbasov isə abidənin bu hala düşməsi də Dağıstanda yaşayan azərbaycanlıların hərkətsizliyinin nəticəsi kimi qiymətləndirir:

“Bu insan Azərbaycanın dahi mütəfəkkiridirsə, bu abidə üçün azərbaycanlılardan başqa can yandıran olmayacaq. İlk növbədə təşəbbüs lazımdır. Ən azından Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmək, kömək istəmək olar. Ortada təxribat varsa, şikayət olunmalıdır, səbəbkar ifşa olunmalıdır. Elə belə heç nə başa gəlmir axı!”.

Dərbəndin azərbaycanlısı: “Təhsil problemimiz var”

Dərbənddə yaşayan jurnalist Telman Tahirli ilə əlaqə yaratdıq. “Dərbənd” qəzetinin müxbiri, eyni zamanda deputat köməkçisi olan Telman bəy bildirdi ki, orada rəhbər vəzifələrə təyin olunmaq üçün kifayət qədər potensiallı azərbaycanlılar var:

Dağıstanda “təmizləmə” əməliyyatı - Azərbaycanlılar vəzifəyə qayıdır?



“Vasilyev çox təcrübəli adamdır. Azərbaycanlılar da onu dəstəkləyir. Vasilyevin təcrübəsi Dağıstan xalqı üçün önəmli olacaq. O, Dağıstanı Rusiyada birinci sıraya gətirmək üçün çalışır. Onun üçün millət fərqi yoxdur. Əsas prinsipi təcrübəli və idarəçiliyi bacaran insan olmaqdır. Dərbənddə çox millət yaşayır. Əlbəttə hamı istəyir ki, öz millətinin nümayəndəsi rəhbər olsun. Lakin camaat rifah içində yaşamaq istəyir. Buna görə də fərqi yoxdur, rəhbər rus, azərbaycanlı və ya qeyrisi olacağının fərqi yoxdur. Əsas təhsilli, təcrübəli və istedadlı olsun. 

Düşünürəm ki, azərbaycanlılar rəhbər vəzifələrə təyin oluna bilər. Çünki Dərbənddə təhsilli, savadlı azərbaycanlılar heç də az deyil. Burada azərbaycanlıların bir problemi var. Bu da gənclər üçün əsasən, təhsil məsələsidir. Belə olduqda, biz digər millətlərə öz mədəniyyətimizi, adət-ənənəmizi çatdıra bilmirik. Odur ki, Dağıstan və Azərbaycan arasında həm mədəni, həm iqtisadi əlaqələr genişləndirilməlidir”.

Son olaraq…

Kreml artıq Dağıstana Milli Qvardiyanı yeridib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Dağıstanın demək olar ki, bütün hökumət strukturlarında axtarışlara başlayıblar. Daha çox maliyyə, səhiyyə, təhsil nazirlikləri, məhkəmələr və bütün regional administrasiyalar FTX-nın hədəfindədir. Həbslərin davam edəcəyi gözlənilir. Odur ki, istənilən halda Dərbənddə yaşayan azərbaycanlıların taleyi Vasilyevin “təmizləmə” əmliyyatından sonra aydınlığa qovuşacaq. ( femida )

Nəşr olunub SİYASƏT

Paytaxtdakı 132-134 saylı Təhsil Kompleksində 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən 11-ci sinif şagirdi Azərbaycanın sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsidir.

Boyukmillet.com xəbər verir ki, bu barədə virtualaz.org saytı məlumat yayıb.

Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb və barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Nəşr olunub HADİSƏ

Naxçıvan qarnizonu qoşunlarında yanvar ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Əlahiddə Ümumqoşun Orduda keçirilən hərbi andiçmə mərasimində gənc əsgərlər təntənəli surətdə vətənə sədaqət andı içərək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına tam hüquqlu həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi daxil olublar.

Tədbirdə zabitlər, əsgərlər, valideynlər və digər çıxış edənlər hərbi andı qəbul edən əsgərləri təbrik edərək xidmətlərində uğurlar arzulayıblar.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb. Bildirilib ki, geridə qoyduğumuz 2017-ci tədris ilində Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti üzərinə düşən vəzifələri uğurla icra edib, hazırlıq planında göstərilmiş tədbirlər tam yerinə yetirilib və Silahlı Qüvvələrdə döyüş hazırlığı, intizamın nəticələrinə görə Əlahiddə Ümumqoşun Ordu birinci yeri tutub. Həmçinin idman yarışlarında qazanılan nailiyyətlərin nəticəsidir ki, Naxçıvan Ordu İdman Klubu da yaradılıb. Ordumuzun silah arsenalında ən müasir, dağıdıcıgücə, yüksəkdəqiqliyəmaliksilahvətexnikalarmövcuddur. Bunun üçün də hərbi andı yenicə qəbul etmiş əsgərlərimiz çalışmalıdırlar ki, komandirlər tərəfindən öyrədilənləri, silah və texnikanın sirlərini dərindən mənimsəsinlər.

Təbrik oxunduqdan sonra şəxsi heyətin tribunanın önündən təntənəli keçidi olub.

Xüsusi təyinatlı bölmənin nümunəvi çıxışları hərbi andiçmə mərasimini daha maraqlı edib.

Nəşr olunub SİYASƏT

Bayıl yamacında baş verən sürüşmə nəticəsində 4 ev tamamilə dağılıb.

APA-nın xəbərinə gərə, bunu Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Abid Əliyev deyib.

O bildirib ki, dağıntılar yola tökülüb: “Hadisə nəticəsində xəsarət alan yoxdur. Çünki 15 gün əvvəl bütün evlər boşladılmışdı. Ərazidə yaşayış yoxdur”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, Bayıl yamacında sürüşmə sahəsi aktiv fazadadır.

Onun sözlərinə görə, hazırda əraziyə baxış keçirilir: “Çatlarda dərinləşmə 5-6 metrə çatıb. Əlavə məlumat veriləcək”.

Nəşr olunub HADİSƏ

Türkiyə Silahlı Qüvvələrinə məxsus Afrində vurulan helikopterin hər iki pilotu şəhid olub.


“Report”un xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Türkiyənin baş naziri Binəli Yıldırım deyib ki, helikopterin vurulması ilə bağlı əllərində dəlil yoxdur.

****

Bir qədər əvvəl Afrində keçirilən "Zeytun budağı" əməliyyatı zamanı Türkiyəyə məxsus hərbi helikopter vurulub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının İstanbul əyalət təşkilatının toplantısında bildirib.

"Təbii, bunlar olacaq. Biz müharibənin içindəyik. İtkimiz də olacaq. Bizm bir helokopterimiz vuruldusa, bunun əvəzini onlar qat-qat ödəyəcək”, - deyə o, vurğulayıb.

Nəşr olunub DÜNYA

Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik və birləşmələrin məsul zabitləri də cəlb olunub.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayındakı çıxışı, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan Ordusu barədə söylədiyi fikirləri vurğulayan Müdafiə naziri, cari ildə qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Ali Baş Komandanın ordu quruculuğunun prioritet məsələ olması, ölkəmizin silahlanması, eləcə də 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun şanlı tarixi qələbə əldə etməsi barədə səsləndirdiyi fikirləri xüsusi qeyd edən nazir bildirib ki, dövlətimiz və xalqımız tərəfindən Azərbaycan əsgərinə hər zaman yüksək qiymət verilir.

Cəbhə xəttində əməliyyat şəraitində yaranmış son vəziyyətin təhlilini aparan nazir qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır vəziyyətdə olması, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, onların döyüş və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsi, bilik və bacarıqlarının artırılması, o cümlədən digər istiqamətlərdə komandir və rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.

 
Nəşr olunub SİYASƏT

“İran ABŞ-ın bölgədəki bütün hərbi bazalarını vura biləcək gücdədir”.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Qvardiyası komandanının müavini, briqada generalı Hüseyn Səlami İsrailin İslam Respublikasına məxsus Pilotsuz Uçan Aparatını (PUA) vurması iddiasını cavablandırarkən bildirib.

O, İranın PUA-sının İsrail tərəfindən vurulması barədə xəbərə belə münasibət bildirib: “İsrail yalançıdır. Onların açıqlamalarının heç birinə etibar etmirik”.

 

 
Nəşr olunub DÜNYA

Ümid Partiyasının Ali Məclisi bu il aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, buna səbəb partiyanın Nizamnaməsində prezidentliyə namizədin müəyyənləşdirməsinin qurultayın səlahiyyətində olmasıdır: Növbəti qurultayının mayın 28-də keçirilməsi nəzərdə tutulub. Hüquqi baxımdan növbədənkənar qurultayın keçilməsi zaman etibarı ilə qeyri-mümkündür. Ona görə də partiya Ali Məclisi seçkilərdə iştirak etməmək barədə qərar qəbul edib".

İlahə Sadıqova adlı şəxsin şəkli.

Ümid Partiyasının məlumatında, həmçinin, üzvlərinin öz seçimlərində sərbəst olduqları, istədikləri namizədə səs verə biləcəkləri də vurğulanıb.

Bu gün Müsavat Partiyası Məclisi də prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib.

Nəşr olunub SİYASƏT

"Bayıl yamacında sürüşmə sahəsində vəziyyət ciddidir, hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür".

APA-nın xəbərinə görə, bunu Bayılda sürüşmə baş verən ərazidən köçürülən sakinlərlə görüşdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Rayon İH başçısı bildirib ki, hazırda danışıqlar gedir, gələn həftənin əvvəlində evlərindən köçürülən sakinlərə kirayə pulları veriləcək.

Onun sözlərinə görə, sakinlər bir illik kirayə pulu ilə təmin olunacaq.

E. Əzizov yaşamaq üçün yeri olmayan sakinlərə orta məktəbdə yer ayrıldığını, onların gündə 3 dəfə isti yeməklə təmin olunduğunu da açıqlayıb.

Səbail RİH başçısı Bayıl yamacının aşağı hissəsində, sürüşmə sahəsində yaşayan digər sakinlərin də ərazidən köçürülməsi üçün göstəriş verib.

Nəşr olunub CƏMİYYƏT

"Müxalifət öz problemlərini özü yaradıb”

“Yeni Müsavatın əməkdaşı bu dəfə Vətəndaş Həmrəyliyi Partiyasının qərargahına baş çəkib partiya sədri, xalq şairi Sabir Rüstəmxanlının qonağı olub. Onunla hazırki fəaliyyəti, gündəmin əsas mövzuları, xüsusən də prezident seçkiləri və müxalifətin seçki hazırlıqları ilə bağlı mövzular ətrafında söhbət edib.

- Sabir bəy, əvvəlcə sizin fəaliyyətinizdən başlayaq... Necəsiniz, işləriniz, səhhətiniz necədir?

- Hər şey qaydasındadır. Şairin, yazıçının əsas işi yazı-pozudur. Bu işimiz davam edir, yeni yazılar yazılır, kitablarım çap olunur. Növbəsini gözləyən başqa yeni kitablar da var. O cəhətdən rahatam. Bu gün çap olundu-olunmadı fərq etməz, ürəyim istəyəni yazmağa çalışıram. Əhvalımız da cəmiyyətin əhvalına, xalqın əhvalına uyğundur. Dünyada baş verən hər şey bizim içimizdən keçir. Mənim bir şeirim də var - “Zaman məndən keçir”...

Ürəyim bir qaçqın düşərgəsidir, 
Keçir körpələrin göz yaşı məndən...

Bir vaxtlar belə yazmışdım. Bütün qələm adamlarının ürəyi əslində bir ötürücüdür. Cəmiyyətin və dünyanın bütün ağrıları oradan keçib gedir.

- Sabir bəy, indi cəmiyyətimizə baxanda daha çox sevinc hiss edirsiniz, yoxsa ağrı?

- Narahatlıq... Gələcəyimizlə bağlı, milli taleyimizlə bağlı, dövlətçiliyimizlə bağlı daha çox narahatlıq hiss edirəm. Qarabağ boyda bir problemin həll olunmaması sevincin bütün qapılarını bağlayır.

- Bildiyiniz kimi, bu ilin 11 aprel tarixində prezident seçkiləri keçiriləcək. Ölkənin siyasi həyatında qaynar bir dövr başlayır. VHP sədri olaraq siz bu prosesdə necə iştirak edəcəksiniz, partiyanız seçkilərə hansı formada qatılacaq?

- Bu elə gözlənilməz bir qərar oldu ki, onun ardınca bizim qərar qəbul etməyə hələ vaxtımız olmayıb. Cəmiyyət üçün də gözlənilməz oldu. Bununla bağlı müəyyən öngörülər də var idi ki, seçki vaxtı dəyişdirilə bilər. Çünki Rusiyada, Ermənistanda seçkilər yazda keçirilir, bizdə isə payızda keçiriləcəkdi. Bu arada bir boşluq yaranır. O boşluq faktiki diplomatik əlaqələr üçün qapalı olur. Ona görə də, bu məsələlərin uyğunlaşdırılmasının özü də bir məntiq idi. Bilmirəm, təkcə ona görəmi seçki aprel ayına təyin olundu? Səbəbləri bizə bəlli deyil. Hansı mülahizələrlə seçkinin vaxtı payızdan yaza doğru dəyişdirilib, bilmirəm. 2025-ci ildə parlament və prezident seçkilərinin eyni vaxta düşməsindən, qonşularla münasibətlərə qədər çoxlu səbəblər gətirilir. Bunların hansı hakimiyyətin bu qərarı qəbul etməsi üçün daha əsas olub - onu da deyə bilmərəm. Əlbəttə, bu həm də müxalifəti qəfildən yaxalamaq, qanunda nəzərdə tutulan 3 ay müddətini növbədənkənar seçkilər üçün 2 ay ilə əvəz etmək idi. Hamımız üçün qəfil oldu. Qərar qəbul etmək çətindir. Təkcə “mən seçkilərə qatılıram, iştirak edəcəyəm”- deməklə iş bitmir. Seçkilərdə iştirak partiya fəaliyyəti üçün çox vacibdir. Ancaq öncədən sonu görərək və sürpriz kimi ortaya çıxan, vaxtdan uğurlu istifadə edə bilməyəcəyini anlayaraq seçkilərə qatılmaq da asan bir iş deyil. Ən azından bunun imza toplamaq prosesi var, texniki tərəfləri var. Bütün bunlar şərtdir və bu şərt mütləq nəzərə alınmalıdır. Ona görə də, biz hələ ki, qərar qəbul etməmişik. Seçkinin yazda, yoxsa payızda olacağı cəmiyyəti o qədər də maraqlandırmır. Bizim kimi siyasi dairələri narahat edir, ancaq cəmiyyət bilir ki, seçki nə ilə nəticələnə bilər.



“Bu gün Azərbaycanın ən böyük dərdlərindən biri sevgisizlikdir”


- Deputat Qüdrət Həsənquliyev müxalifətin seçkilərə vahid namizədlə qatılması ideyasını irəli sürüb. Sizcə, müxalifət seçkiyə necə getməlidir? Vahid namizəd modulu bu dəfə uğurlu ola bilərmi?

- Biz illədir ki, müxalifəti, öz çevrəmizi birləşə bilməməkdə günahlandırırıq. Bu faktdır ki, Azərbaycan müxalifəti öz problemlərini özü yaradıb. Üstəgəl, bu problemlər indi yaranmayıb, təxminən 25 il ərzində yaranıb. Burada şübhəsiz hakimiyyət dairələrinin apardığı açıq və gizli siyasətin də rolu var. Beynəlxalq təşkilatların da təsiri var. Milli xarakterimizin və psixologiyamızın da rolu var. Bəzi başqa maraqlar da rol oynayır. Ancaq fakt odur ki, müxalifət bu gün param-parça bir vəziyyətdədir. Son seçkilərdə dəfələrlə vahid namizəd, birlik çağırışları olsa da, birlik yarana bilmir. Hakimiyyət də bundan çox böyük ustalıqla istifadə edir. Ona görə də bu gün biz hər hansı bir buna bənzər şüarla ortaya düşsək ki, gəlin birləşək və iki ay ərzində bu birliyə nail olaq, vahid namizədlə ortaya çıxaq - bu çox çətindir, hətta mümkün deyil.

Sabir Rüstəmxanlı: "Qarabağ boyda bir problemin həll olunmaması sevincin bütün qapılarını bağlayır" - Video



- Vaxt məsələsini kənara qoysaq, sizcə hazırda müxalifətin birləşmək iradəsi varmı?

- Ötən il bir neçə dəfə ölkənin çox ciddi problemləri ilə bağlı biz partiyamızın qərargahında konfranslar keçirdik. Müxalifət liderlərinin əksəriyyəti də tədbirlərimizə gəldilər. Bu görüşlərdən birinin məqsədi o idi ki, biz tədricən aradakı buzları əridib bir-birimizə yaxınlaşa bilək. Ancaq gördüm ki, çox çətindir. Heç kim öz iddiasından əl çəkmək istəmir, heç kim yaranmış təhlükənin nə dərəcədə böyük olduğunu dərk etmək istəmir. Hər kəs uçurumun dərinliyini görür, hər kəs bilir ki, Qarabağ məsələsi var, bu ölkənin problemləri var. Ölkənin beynəlxalq imici məsələsi var, bu imici dəyişmək lazımdır. Azərbaycanın 1988-ci ildən sonra formalaşmış bir xarakteri var idi - mübariz, demokratik dəyərlərə sadiq bir xalq obrazı var idi. Şərqdə ilk respublikanı yaratmış bir xalq obrazı var. O obrazı bərpa etmək üçün müəyyən bir addımlar atılmalıdır. Bu addımı ancaq bir yerdə atmaq olar, aydın bir taktika ilə. Hər kəs öz iddiasından keçməlidir, incikliyi bir kənara qoymalıdır, milli maraqları əsas götürərək yaxınlaşmağa can atmalıdır. Çox təəssüf ki, bunların heç biri müxalifətə təsir göstərmir. O zaman insanın ürəyində inanmaq istəmədiyin bir çox şübhələr baş qaldırır, həmkarlarının, bir yerdə oturduğun adamların nəyə xidmət etdiyi səni təəccübləndirir. Biz kimin qarşısında borcluyuq, kimin qarşısında öhdəliyimiz var ki, aradakı bu uçurumları dəyinləşdiririk? Bu təkcə siyasi partiyalar arasında deyil. İqtidarla müxalifət arasında yaranmış düşmənçilik özü də Azərbaycanın gələcəyi baxımından son dərəcədə yanlış bir yoldur. Bunun qarşısı alınmalıdır. Hətta dəyişiklik istəyən qüvvələrin özü də, müxalifətin özü də bilməlidir ki, Azərbaycanın gələcək seçkilərində uğur qazanmağın bir yolu da əslində hakimiyyətlə əməkdaşlıqdan keçir. Birbaşa ölkə başçısı ilə olmasa da, o partiya ilə milli problemlərə həsr olunmuş dəyirmi masa arxasında müzakirələr aparılmalıdır. Bu müzakirələr iki yerə bölünmüş bir millətin övladları olaraq aparıla bilməz. Burada hakimiyyət və müxalifət partiyaları bir araya gəlməlidir. Bir vaxtlar dialoq keçirilirdi, həmin ənənələr bərpa olunmalıdır. Gələcək hakimiyyətin təməli hökmən indiki hakimiyyətin içində atılmalıdır. Ondan kənarda olsa, hətta hakimiyyət dəyişikliyi olsa belə gələcəkdə yeni münaqişələr üçün zəmin hazırlanacaq.

- Sabir bəy, yəqin ki, siz də hiss etmisiniz, müxalifət düşərgəsində sanki həm rəqib partiyalara, həm iqtidara, həm mətbuata, həm də cəmiyyətin özünə qarşı bir aqressiya var. İqtidarı anti-demokratik olmaqda ittiham edən müxalifət özü belə mətbuatın kiçik bir tənqidinə dözmür, hücuma keçir. Bu aqressiyanın səbəbi nədir? İllərin uğursuzluğudur, yoxsa?..

- Şübhəsiz ki, bir səbəb illərin uğursuzluğudur. İkinci səbəbi Qarabağda torpaqlarımızı itirməyimizdir. Bu təkcə müxalifəti yox, bütövlükdə cəmiyyəti aqressivləşdirir, insanların içini qəzəblə doldurur. Haqsız məğlubiyyət qəzəb yaradıb. Biz üzbəüz döyüşdə uduzmamışıq, böyük qüvvələrin, Ermənistana yardım edən SSRİ rəhbərliyinin , Rusiyanın təzyiqi ilə torpaqlarımızı uduzmuşuq. Bir vaxtlar Cənubi Qafqazda Azərbaycan torpaqlarında Ermənistan vilayətini quran şimal qonşumuz, ardınca da Qarabağı alıb Ermənistana bağışlamaq xəttini tutub. Bəlkə də Rusiya özü birbaşa qatılmayıb, ancaq dövlətin içindəki erməni hərbçiləri, və ya Rusiyanın siyasətində ciddi rol oynayan erməni əsillilər kömək edib və biz torpaqlarımızı itirmişik. Bütün bunlar, haqsızlıqla üzləşmək, dünyanın ikili siyasəti cəmiyyətdə aqressiya yaradır. Ancaq bunun bir sonu da olmalıdır. Mən illər uzunu iqtidar mətbuatında bir o qədər söyülməmişəm, nəinki müxalifət mətbuatında. Bir-birimizə qarşı bu münasibət nədir? Ona görə insanlar bir araya gəlməkdən qorxurlar. Bir ara bizim partiyanın qərarı da var idi ki, heç bir birliyə qoşulmayacağıq. Çünki birliklər süni şəkildə yaranır, yalançı bir birlik üçün hamı bir araya gəlir, görüntü yaradılır, ancaq arxada yenə hər kəs öz düşmənçilik siyasətini güdür. Sosial mediada milli maraqlarımızla bağlı bir yazı ortaya qoyanda da, daha çox savadsız və cahil şəxslərin təhqirləri ilə üzləşirsən. Bu təhqirlər də daha çox bizim müxalifət düşərgəsindən gəlir.

- Bunun səbəbi nədir?

- Bunların bir hissəsi cahillikdən gəlir. Ancaq bir hissəsi də bilərəkdən, bəzən liderlərinin təhriki ilə, başqası kiçilsin, mən böyüyüm psixologiyası ilə edilir. Bunun da nəticəsi olmaz. Mən bir millətin içində aqressiyanı qəbul etmirəm. Bu bizim gələcəyimiz üçün böyük təhlükədir. Bu il Azərbaycanın Şərqdə ilk olaraq qurduğu Demokratik Cümhuriyyətin 100 illiyidir. Bu cümhuriyyəti quranların tərcümeyi-halı gözümüzün qabağındadır ki, onlar hansı çətinliklərdən keçiblər, necə ağır şərtlərlə dövlət qurublar. Bu gün Azərbaycanın gələcəyini düşünən adamlar öz şəxsi iddialarını bir kənara qoyub gələcəyi düşünməlidirlər.


Bu gün Azərbaycanın ən böyük dərdlərindən biri sevgisizlikdir. Millət bir-birinə sevgisini itirib, bir-birinə salam vermək , halını soruşmaq istəmir. Cəmiyyət sanki gözləyir ki, birinin ayağı büdrəsin və ac qurd kimi onun üstünə tökülsünlər. Rəhmdillik, xeyirxahlıq, mərhəmət hissi zəifləyib. Bütün bunlar siyasətdən uzaq söhbətlər olsa da, siyasi mühitimizin də ab-havasını müəyyənləşdirən məsələlərdir.

- Son vaxtların ən aktual mövzularından biri də AMEA-nın Orfoqrafiya lüğətində dəyişiklik etmək cəhdi oldu. Nədənsə dildə istənilən dəyişiklik cəmiyyət tərəfindən tənqidlə, hətta aqressiya ilə qarşılanır... Azərbaycan Dil Qurumunun rəhbəri olaraq siz bu prosesi necə qiymətləndirdiniz?

(Davamı növbəti sayımızda...) (Interpress.az)

Boyukmillet.com

Nəşr olunub CƏMİYYƏT

Reytinq