Burda göstərilən tarixə olan xəbərlər: Bazar, 04 Fevral 2018

Şəhidlər qürurumuz, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur...

Modern.az saytı “Aprel şəhidləri”nin həyat yoldaşları, sevdikləri xanımlarla silsilə yazılara davam edir. Müsahib “Aprel döyüşləri”ndə şəhid olmuş polkovniki Vüqar Yusifovun həyat yoldaşı Lalə Əliyevadır.

Qısa arayış: Vüqar Yusifov 1976-cı ilin 2 noyabrında Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1983-cü ildə Şiştəpə kənd orta məktəbinin birinci sinfinə gedən Vüqar Yusifov 1993-cü ildə həmin məktəbi bitirib. Elə həmin il Türkiyə  Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olan Vüqar Yusifov 1997-ci ildə leytenant rütbəsi alıb və bir il sonra həmin hərbi ali məktəbi bitirib.
Daha sonra Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayan V.Yusifov polkovnik rütbəsinədək yüksəlib. O, 2016-cı ilin “Aprel döyüşləri” zamanı həlak olub.
Ailəli idi. 3 övladı yadigar qalıb.

Vüqar Yusifov göstərdiyi qəhrəmanlığa görə, ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edilib.

Şəhidin gizli sevgisi...

Şəhidimizin xanımı Lalə Əliyeva üçün ilk tanışlıqlarından danışmaq çətindir. Lalə xanım deyir ki, arzularının gerçək olmasını görmək Vüqara qismət olmadı.

“Vüqarla dayım qızının həyat yoldaşı dost olublar. Elə bizim tanışlığımız da bu dostluq sayəsində baş tutub. O vaxtlar mən məktəbli idim. Ali məktəbə hazırlaşırdım. Vüqarın mənə qarşı sevgisi olsa da, bunu gizli saxlayıb. Çünki hələ orta məktəbi bitirməmişdim. Yalnız orta məktəbi bitirməyimə bir neçə ay qalmış Vüqarın mənə olan sevgisindən xəbər tutdum. Onu ailə dostu kimi qəbul etmişdim. Onun dayımgilə gedib-gəlməsi mənə adi gəlirdi. Çünki Vüqar o qədər tərbiyəli insan idi ki, məni dərslərimdən yayındırmağa cəhd etməyib. Mənim təhsil almağıma şərait yaratmışdı. Evlilik məsələsi gündəmə gələndə ailələr bu izdivaca tərəddüdlə yanaşmışdı və bu da normal idi. Çünki hər ikimiz fərqli rayonlardan idik. Ailələrimiz tanış deyildi. Ona görə də fərqli fikirlər söylənildi. Amma Vüqarda insanı ələ almaq bacarığı vardı. Hətta mənim valideynlərim də onu çox istəməyə başladılar. Həmin vaxtlarda Azərbaycan Texniki Universitetinin mühəndislik fakultəsinə  daxil oldum. Sadəcə, ixtisasım qadın ixtisası olmadığına görə Vüqar narazı idi. Həmişə deyirdi ki, qadın üçün müəllimlik peşəsi daha məqsədəuyğundur. Universiteti bitirdikdən sonra Vüqarın istəyi və razılığı ilə ikinci ali təhsil almaq üçün sənədlərimi Azərbaycan Dövlət Pedaqoji Universitetinə verdim. Adıçəkilən universitetin məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə təhsil almağa başladım. Nə yazıq ki, hər insana arzularını görmək həmişə nəsib olmur. 2015-ci ildə Vüqarın istəyini yerinə yetirsəm də, 2016-cı ilin aprel hadisələri onun arzusunu gözündə qoydu”. 



““Qardaşımı itirmişəm” deyirlər”

Şəhidin xanımı deyir ki, Vüqara olan sevgisi hər şeydən üstün olub.

“2004-cü ildə həm universitetə qəbul olundum, həm də Vüqarla nişanımız oldu. 2 il nişanlı qaldıqdan sonra 2006-cı ildə Şəmkirdə toyumuz oldu. Düzü, ilk vaxtlarda hərb işinin çətinliyini anlayırdım. Amma Vüqarda elə bir xarakter vardı ki, içimdə yaranan qorxu hissini dəf etməyi bacarmışdı. Mən şəhər mühitində böyüsəm də Vüqarla kənd mühitində çox rahat yaşamağa alışdım. Onun xidmət etdiyi hərbi hissə dağlıq ərazidə yerləşirdi. Dağlıq ərazilərdə isə müxtəlif həşəratları görmək olurdu. Amma mən heç nədən qorxmurdum. Hətta bir neçə dəfə kirayə ev tutub hər gün gedib-gəlməyi təklif etmişdi. Buna razı olmayaraq, “sən harda, mən də orda” deyirdim.

Əgər ailədaxili məsələlərdə kimsə bizi incitmiş olsaydı, Vüqarın xətrinə hər şeyə dözərdim. Çünki Vüqardan heç vaxt artıq-əskik nəsə eşitməmişəm. Valideynlərimə qarşı o dərəcədə hörmət saxlayırdı ki, ailə üzvlərimdən kimsə  onun şəhidliyindən danışarkən bir kəlmə deyirlər. “Qardaşımı itirmişəm””.

“Heç vaxt yoxluğunu dilə gətirmədi”

Şəhidimizin həyat yoldaşı üçün hər şey yerindədir. Bircə Vüqardan başqa.

“2 qızımız və oğlumuz var. Vüqar şəhid olanda böyük qızımızın 8 yaşı vardı. Onun ağlı kəsdiyi hadisələri analiz edə bildiyi üçün mənə atası barədə təsirli suallar vermir. Balaca uşağımız arada soruşur ki, “atam niyə gəlmir?!. Məndən küsüb?!”.

Vüqara aid nə varsa bir guşə düzəltmişik. Onun əşyaları, paltarları bir şkafda bağlı qalır. Əslində, Vüqara aid hər şey yerindədir. Bircə, yerində olmayan Vüqardır.

Vüqarın məzarı Şəmkirdədir. Bəzi  adamlar elə düşünür ki, məsafənin uzaqlığı bizə çətindir. Əsla elə deyil. Niyə axı, şəhid atamızın, həyat yoldaşımızın məzarını ziyarət etmək çətin olmalıdır?! Vüqarın məzarını hər bayramda çalışırıq ki, gedib ziyarət edək.

Vüqar heç vaxt məni çətinliklərə alışdırmadı. 2014-cü ilin avqust döyüşlərinə gedərkən də təlimə getdiyini söyləmişdi. Həmişə təlimə gedəndə deyirdi ki, “biz təlimdə heç nə etmirik. Eləcə, yoxlamağa gedirik”. Heç demə, həmin vaxt çox qızğın döyüşlər gedibmiş. Avqust döyüşlərindən sonra Vüqar evə elə bir vəziyyətdə gəldi ki, görkəmi çox qorxulu idi. Qapıdan içəri girəndə rəngi pis vəziyyətdə idi. Təsəvvür edin, qanlı döyüşlərin içində 3 gün ac-susuz qalıb. Amma evin qapısından içəri gülə-gülə girir. Bu vəziyyətinin səbəbini soruşanda mənə dedi ki, “yıxılmışam”. Sonradan hərbçi dostları danışanda bəlli oldu ki, Vüqar və döyüş dostları cəbhədə ağır döyüşlərin içində olublar. Vüqar heç vaxt yoxluğu barədə danışmayıb. Amma bir dəfə televizora baxanda qəfildən  “şəhid olsam, nə edərsən?!”,-soruşdu.  Düzü, bu sual mənə qəribə gəldi. Sonra ardınca, “şəhid olan insanların ailəsinə həmişə hörmətlə yanaşırlar. Şəhidlik elə-belə zirvə deyil” dedi. Mən də onun sözlərinə zarafatla cavab verdim ki, “düz deyirsən, hamı məni göstərib deyəcək ki, baxın, bu, şəhid yoldaşıdır. Səni də Fəxri Xiyabanda dəfn edəcəklər”. 

Nəsə zarafat edib qurtarandan sonra belə zarafat etməyin doğru olmadığını söylədim. Həmin anda Vüqar kövrəldi. Dərhal sözünü dəyişdi. Bir yerdə yaşadığımız müddətdə yalnız bir dəfə həyatda olmaması ilə bağlı fikirlərini dilinə gətirmişdi. Heç vaxt “mən olmasam, bunu edin” deməyib. Həmişə hərbi sirri qoruyub saxladı”. 



Sonuncu görüş, sonuncu zəng

2016-cı ilin “Aprel hadisələri”ndən danışarkən Lalə xanım Vüqarsız keçirdikləri sonuncu günləri yada saldı:

“2016-cı ilin yanvar ayından Vüqarı evdə çox az görməyə başladıq. Yanvarda və fevralda  evə 4 dəfə gəlmişdi. Hətta, həmin ərəfədə 20 günlük məzuniyyət götürsə də, evdə olmadı. Buna görə çox narahat idim. Etirazımı bildirirdim. 2 ay ərzində çox aqressiv olmuşdum. Vüqarın evdə olmamasına görə uşaqlar da çox narahat idi. Atalarını istəyirdilər. 2016-cı ilin martında  Novruz çərşənbələrini Vüqarsız keçirdik. Heç birində evə gəlmədi. Təsəvvür edirsiz, uşaqların gözü yolda qalmışdı. Onlara baxanda ürəyim ağrıyırdı. Novruz bayramı günü qızım atasına zəng etdi ki, evə tez gəlsin. “9-dan sonra gəlsən, sənə qapı açmayacam. Sən həmişə hamının atasından evə gec gəlirsən” dedi. Vüqar da cavabında “qızım, burda əsgərlər var. Onların ata-anaları yanında yoxdu. Amma sənin anan yanındadı. Onlar da üzülürlər axı. Onlarla keçirim, gələcəm” söylədi. Əslində yalan da olsa,  sözün düzünü deyirdi. 

Axşam saat 11-in yarısı Vüqar gəldi. Amma qızım qapını açmırdı. Elə Vüqarla keçirdiyimiz sonuncu bayram gecəsi oldu. Guya uşaqları martın 21-i gəzməyə aparacaqdıq. Alınmadı. Martın 26-sı evə yorğun vəziyyətdə gəldi. Paltarlarını toplamağımı xahiş etdi. Bir həftəlik təlimə gedəcəyini söylədi. 

27-si axşama yemək hazırladım. Vüqar gəlməli idi. Həmin anda bacım zəng edib nə işlə məşğul olduğumu soruşanda, axşam qonağım gələcəyini və yemək hazırladığımı dedim. Heç vaxt Vüqarın evə gəlməsini qonaq kimi qəbul etməmişəm. Elə bil Allaha mənə əyan elədi ki, Vüqar bir günlük gəlir. Sonuncu gəlişi zamanı o qədər fikirli idi ki!.. Özündə deyildi. Onun getməməsi üçün ağladım. Gedib generalına işdən çıxması ilə bağlı ərizə yazmağını istədim.


Martın 28-də və 30-da mənə mesaj yazdı ki, vəziyyət yaxşıdır, narahat olmayın. “Mənə nə zəng elə, nə də mesaj yaz. Vaxt tapan kimi yazacam”. 

O qədər dəqiq insan idi ki, vaxt tapan kimi uşaqları da məni də soruşurdu. Vüqar şəhid olan günə kimi heç nə anlamamışam. Uşaqlar azyaşlı olduqlarından başım onlara elə qarışmışdı ki, mətbuatdan-televiziyadan xəbərim yox idi. 
Aprelin 1-də bibim oğlu mənə yazdı ki, bəs deyirlər bizimkilər Cəbrayılı azad ediblər. Mən də gülüş işarəsi göndərərərək, Vüqarın bu gün təlimdən gələcəyini yazdım. “Elə bir şey olsa, hamıdan qabaq bilərəm” dedim. 
Aprelin 1-i axşama yaxın zəng edəndə uşaqlarla danışdı, amma mənimlə danışmağa başlayanda “hər şey yaxşıdır, mən getməliyəm” deyib tələsik telefonu söndürdü. Düzü, bu mənə qəribə gəldi. Həmin gecə yuxuda Vüqarın tabutunun gəldiyini gördüm. 

Aprelin 3-ü ev telefonuna zəng gəldi. Telefonu götürəndə xırıltılı səs eşitdim. Amma adını telefonda deyə bilmirdi. Mən - Vüqar sənsən - deyə soruşanda cavab verdi ki, “mənəm, narahat olma, yaxşıyam. 2-3 günə gələcəm”.

Aprelin 4-də televizoru açdım. Dünyadan da xəbərim yox. Televizorda şəhid xəbərləri eşitdim. Dərhal interneti açdım və xeyli şəhid verməyimiz haqda xəbərlər oxudum. Artıq ağlamağa başladım. Heç demə Vüqar aprelin 4-də səhərə yaxın şəhid olubmuş. Halbuki, hərbi şəhərcikdə nəsə soruşanda kimsə mənə bir söz demirdi. Sonra bir polkovnikin xanımı mənə Murad Mirzəyevin şəhid olduğunu yazanda “yazığın 2 uşağı vardı” deyib ağladım. Heç demə, Vüqarın döyüş yoldaşlarının şəhid olduğunu yazmaqla məni qara xəbərə hazırlayırmışlar. Vüqarı aprelin 6-da dəfn etdik”. 



“Gözlərim hər yerdə onu axtarır”

Müharibənin insanlara vurduğu mənəvi yaralar heç vaxt sağalmayacaq. “Aprel şəhidi”miz Vüqar Yusifovun həyat yoldaşı Lalə xanım müharibənin gətirdiyi acıları ürəkağrısı ilə danışır:

“Ailə birgəlik deməkdir. Hər bir qadın istəyər ki, həyat yoldaşı səhər çıxıb, axşam isti yuvasına dönsün. Vüqar 3 gündən sonra evə gələndə “ay Allah çox şükür, bu günümüzə də. Vüqar sağ-salamat evə gəldi” deyirdim. İndi çox qəribə olmuşuq. Səhər duranda da Vüqarı axtarırıq, axşam yatanda da. Həmişə deyirlər ki, ananın bala dərdi çox ağırdı. Mən deyərdim ki, ailənin başçısını, həyat yoldaşını itirmək ondan da ağır dərddir. Allah heç kəsin başına belə dərd gətirməsin. Hələ də anlaya bilmirəm ki, Vüqarın anası çox dərd çəkir, yoxsa mən?! 

Atam, ya da anam dünyasını dəyişsəydi, deyərdim ki, Vüqar var... Məni ovunduracaq... Bəs Vüqarın  yoxluğunu kim ovunduracaq?!... Heç kim... Düzdü, 3 övladımız var. Bəzən övladlarım belə Vüqarsızlığıma kömək ola bilmir. Anam halımı görüb deyir ki, 3 övladın var. Hərəsi bir dünyadır. Bəzən onlar da təsəllim ola bilmir. Vüqardan danışdıqca, danışmaq istəyirəm. Vüqarın yoxluğunu izah etmək çətindir. Hələ də elə bilirəm ki, yuxudayam. Gün gələcək mütləq bu yuxudan oyanacam və mən oyananda Vüqarı yanımda görəcəm. Vüqar şəhid olandan sonra elə bir gün yoxdur ki, onun xəyalı ilə danışmayım. Gözlərim hər yerdə onu axtarır. Hər gün dua edirəm ki, Vüqar yuxuma gəlsin, onunla söhbət edim. Ona o qədər deyiləcək sözlərim var ki! 
Vüqarı həmişə təbəssümlə xatırlayıram. 2003-cü ildən bəri onun mənə yazdığı sözləri ayrıca bir dəftərdə sistemləşdirmişəm. Sanki o vaxtdan Vüqarı ölümsüzləşdirməyə başlamışdım. Texnologiyanın inkişaf etməsinə baxmayaraq,  2016-cı ilə qədər ondan məktub almışam.

Bir də müharibə olmasın. Heç bir qadın başsız, heç bir uşaq atasın qalmasın. Vüqar şəhid olandan sonra hərbi paltarlı insan görəndə baxmamağa çalışıram. Axı, neçə illər idi ki, Vüqar da o paltarda vətəninə xidmət edirdi. Onun məzarı başında  nə doyunca ağlaya, nə də gözlərinin içinə baxa bilirəm. Qəhər boğur məni. Elə bilirəm ki, qarşısında məni aciz görsə, üzüləcək. Çünki sağlığında qarşısında ağlamağı sevmirdi. Ancaq şəkillərinə baxıb gizli-gizli ağlayıram”. 

Nəşr olunub CƏMİYYƏT

Türkiyə Silahlı Qüvvələri antiterror əməliyyatlarında "Black Hornet" mikro pilotsuz uçuş aparatından (PUA) istifadə etməyə başlayıb.

Boyukmillet.com Xezerxeber.az-a istinadən bildirir ki, Türkiyə Xüsusi Qüvvələr Komandanlığının yayımladığı videoda "Black Hornet" mikro PUA nümayiş etdirilib. Helikopter dizaynında olan mikro PUA gecə-gündüz kəşfiyyat apara bilir. "Black Hornet" adi kamera ilə yanaşı gecə və pis hava şəraitində görüntünü təmin edən termal kamera ilə təchiz olunub. Mikro dronların çəkisi 18 qram, vintin diametri 120 millimetrdir. PUA-nın uzunluğu 10 sm, eni isə 2.5 sm təşkil edir. PUA saatda 18 kilometrə qədər sürət yığır və operatorundan 1500 metr məsafədə uzaqlaşa bilir. 1.6 km mənzilə sahib olan aparat havada 25 dəqiqə qalır və səssiz işləyir. Mikro pilotsuz uçuş aparatı terrorçuların tələsini və onların gizləndiyi yeri müəyyən edə biləcək.

 

Kara gücünde mikro drone devrimi

 

Nəşr olunub DÜNYA

Suomi dünyada elektron sürücülük vəsiqələrinin ümumi istifadə üçün tətbiq ediləcəyi ilk ölkə olacaq. Bu vəsiqələr qanuna müvafiq dəyişiklik edildikdən sonra ənənəvi vəsiqələri əvəzləyəcək.

AzərTAc xəbər verir ki, yayın sonunda Finlandiyada işə salınacaq “Autoilija” pulsuz mobil əlavə plastik kart formasındakı sürücülük vəsiqəsini əvəz edəcək. Bu əlavədə sürücü Finlandiyada qeydiyyata alınmış avtomobil, onun mühərriki, texniki baxış vaxtı, habelə avtomobil üçün vergi barədə faydalı məlumat əldə edəcək. Həmçinin fərdi “xatırlatmalar” nəzərdə tutulur.

Smartfondakı təsvir müxtəlif qoruyucu elementlər və əslini təsdiq edən QR kodu ilə təchiz edilib. Mobil əlavə istifadəçinin olduğu yer haqqında məlumat toplamır və yadda saxlamır.

Elektron vəsiqələrin yoxlanmasına yanvar ayının ikinci yarısından başlanılıb. Məlum olub ki, bu cür mobil əlavədən gələcəkdə istifadə etmək mümkündür. Bundan, həmçinin şəxsiyyət vəsiqəsi kimi, məsələn, poçt bağlamasını qəbul edəndə və ya yaşın təsdiqi üçün istifadə etmək olar. “Trafi” nəqliyyat agentliyi elektron vəsiqələrin ölkədə sürücülər arasında populyarlıq qazanacağını gözləyir. Yayda mobil əlavəni “App Store” və “Google Play” vasitəsilə yükləmək mümkün olacaq.

Nəşr olunub DÜNYA

1990-cı illər Gürcüstanın ictimai-siyasi həyatında çətin dövrlərdən biri olmuşdur. Ağır iqtisadi, siyasi şərait, millətçilik siyasəti ölkə daxilində çaxnaşmaya və nəhayət müharibəyə səbəb oldu. Bu ağır dövrdə Gürcüstanda yaşayan azərbaycanlılar vətəndaşı olduğu dövlətin ərazi bütövlüyünü müdafiə etmək üçün ayağa qalxmışdılar. Məlumdur ki, tarixin ən çətin məqamlarında Gürcüstanın ərazi bütövlüyünün qorunmasında 500-dən artıq azərbaycanlı iştirak etmişdir. Onlardan bir qismi bu yolda şəhid olmuş, bəziləri isə göstərdiyi rəşadətə görə təltif edilmişlər.

AMEA Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin əməkdaşı Nəsibə Mirzəyeva 
ZiM.Az
-a bildirib ki, 2017-ci ildə Tiflisdə tanınmış gürcü yazıçısı, Tiflisdəki Texniki Universitetinin asistent-professoru David Maisuradzenin 
“Vətən oğulları” kitabı nəşr edilib. 

Kitab Abxaziya və Cənubi Osetiyada separatçılara qarşı vuruşan Gürcüstan azərbaycanlılarına həsr olunub. 
Kitabda 600-a qədər Gürcüstan azərbaycanlısının Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşdüyünü və onlardardan 13 nəfərinin "Vaxtanq Qorqasalı" Ordeni ilə təltif olduğu vurğulanıb.

Müəllif elə ilk cümlələrini bu ifadələrlə başlayır: 
“Böyük siyasətin hərəkətverici qüvvəsi vətənpərvərlikdir. 
Bu sənin vətəninə, vətəninin torpağına, insanlarına olan sevgidən yaranan bir hissdir”. 


Müəllif Gürcüstanda yaşayan azərbaycanlıları gürcülərin etnik qruplarından biri olmadığına baxmayaraq, yaşadığı torpağın qayğısını çəkən müdafiəçilər adlandırır: 
“Bəli, onlar gürcülərin etnik qruplarından biri deyillər. Amma… dəyərli vətənpərvərlərdir, yaşadığı torpağı, suyu, vətəninin yoluxduğu xəstəliyi müalicə etməyə çalışan insanlardır”. 

Yazıçı 90-cı illərdə Gürcüstanın düşdüyü ağır vəziyyətindən dərin kədərlə bəhs edərək, hədsiz dərəcədə özbaşnalığın olmasını dəfələrlə vurğulayır və bildirir ki, məhz Gürcüstanı bu çətin dövrlərdə burada yaşayan azərbaycanlılar da qorudu. Bu məqamda müəllif maraqlı bir ifadə işlədir: 
“Tarix insanları, siyasi şəraiti qiymətləndirməyə imkan verən ən yaxşı vasitədir”. 

Əsərində sanki bütün gürcüləri, həmin dövrdə yaşamasına baxmayaraq, vətəninin qayğısını çəkməyənləri məzəmmət edir: “Düşmənçilik hissi heç bir zaman sizin qəlbinizi tərk etmədi və siz qardaşlarınızı, dostlarınızı, qohumlarınızı qurban verdiniz! Lakin təəssüflər olsun ki, onlar hələ də bunun fərqinə varmırlar”.

Abxaziya və Cənubi Osetiyada baş verən hadisələri bir sınaq kimi qiymətləndirən müəllif bir nəticə olaraq fikirlərini bu cür ifadə edir: “bu müharibə göstərdi ki, həqiqətən də kimlər bu torpaqlarda gürcülərlə bərabər yaşamağa layiqdirlər”. 

Azərbaycanlıların Gürcüstanın ərazi bütövlüyü uğrunda öz həyatlarını qurban vermələrinə baxmayaraq, onların haqqında Gürcüstan tarixində bir kəlmə də olsun yazılmadığını müəllif təəssüf hissi ilə vurğulayır. Azərbaycanlıların bəhs olunan dövrdə vətənləri uğrunda vuruşmalarını bu cür ifadə edir: 
“Gürcüstanı bir vətən kimi qorumağı öhdələrinə onlar da götürdülər… bəli… bəli… qeyri-kartvel və qeyri-provoslav olan Gürcüstan azərbaycanlıları”. 

Kitabda Gürcüstan uğrunda vuruşan döyüşçülər, gənclər hörmətlə yad olunur, Ənvər Hümbətov, Qəhrəman Musayev, Zaur Abdullayev, Mustafa Novruzov kimi müharibədə döyüşənlər haqqında qısaca məlumat verilir. 

Müəllif hətta bu qəhrəmanların şərəfinə Rustavidə, Borçalıda küçələrə onların adlarının verilməsini, abidələrin qoyulmasıni təklif edir.


Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan azərbaycanlılarƏnvər Hümbətov

1950-ci il yanvarın 1-də Marneuli rayonunun Algeti kəndində anadan olmuşdur. Ağır iqtisadi vəziyyət ucbatından Ənvər Hümbətovun ailəsi Rustavi şəhərinə köçmüşdür. O, Rustavi şəhər 12 saylı orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra, Rustavi Metallurgiya zavodunda çalışmağa başlamış, eyni zamanda da Gürcüstan Politexnik İnistitutunun Rustavı filialındakı metallurgiya fakültəsində təhsilini davam etdirmişdir. 
Çalışdığı zavodda qısa müddət ərzində zavodun koks-kimya sexinin baş mexaniki vəzifəsinə yüksəlmişdir. 
Gəncliyində idmanla məşğul olan Ənvər Hümbətov tez-tez şəhərdə təşkil olunan velosiped yarışlarına qatılaraq mükafat da qazanmışdır. 
Təhsilini başa vurduqdan sonra Sovet ordusunun Polşadakı raketdən mühafizə birləşməsində xidmət etmiş, xidmətini bitirdikdən sonra leytenant rütbəsi ilə Gürcüstana geri dönmüşdür. 
Fatma Xasiyeva ilə ailə həyatı qurmuş, Ofeliya və Emil adlı övladları dünyaya gəlmişdir.

Daha sonra Ənvər Hümbətovun çalışdığı zavodda vəzifəsi yüksəlmiş, mühəndis kimi işinə davam etmişdir.

Sovet İttifaqı dağıldıqdan sonra Gürcüstanda seperatçı çıxışlar baş qaldırmışdır. 1992-ci il avqustun 14-də Abxaziyada İnquri çayı üzərində dəmiryolu körpüsü partladılmışdır. Bu hadisə Gürcüstanda yeni müharibənin başlamasına işarə idi. 1992-ci ilin sonlarında isə Abxaz separatçılarının daha da fəallaşmasından sonra Ənvər Hümbətov, Rustavı şəhərinin hərbi komissarlığına müraciət edərək, könüllü olaraq hərbi xidmətə yollanmışdır. Müharibə zamanı o, döyüşlərin ən qızğın olduğu bölgələrdə - Oçamçiri, Tkvarçeli, Labra və Şroma kimi qaynar nöqtələrdə döyüşmüşdür.

Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan azərbaycanlılarGürcüstanın Abxaziya Muxtar Respublikası uğrunda qəhrəmancasına vuruşan Ə.Hümbətov 1993-cü il iyun ayının 4-də hərbi tapşırığı uğurla yerinə yetirib, geri dönərkən pusquya düşmüş, mühasirədə qalan dəstəni özünü fəda edərək xilas etmişdir. 
Təxmini hesablamalara görə, Ənvər Hümbətovun bu fədəkarlığı sayəsində 25-30 nəfər ölümdən xilas olmuşdur.

Ənvər Hümbətov snayper gülləsinə tuş gələrək şəhid olarkən vəfat edərkən 43 yaşında idi, ailəsinin və özünün vəsiyyəti əsasında doğulduğu Alget kəndində dəfn edilmişdir.

Ənvər Hümbətov 1994-cü il, 30 dekabrda, Gürcüstan prezidentinin fərmanına əsasən "Döyüş meydanında göstərdiyi igidliyə və cəsurluğa görə" "Vaxtanq Qorqasali" ordeni ilə ölümündən sonra təltif olunmuşdur. 
Qeyd edək ki, Vaxtanq Qorqasalı ordeni Gürcüstanda hərbi şücaətə görə verilən ən yüksək ordendir.

Gürcüstanın paytaxtı Tiflisin mərkəzi meydanlarından olan "Qəhrəmanlar Meydanı"nda Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların şərəfinə ucaldılmış olan memorial abidədə Ənvər Oruc oğlu Hümbətovun da adı yazılmışdır.

Yazəçı-alim, professor David Maysuradzenin gürcü dilində yazdığı və Azərbaycan-Gürcüstan dostluğundan bəhs edən "Vətən oğulları" kitabında Ənvər Hümbətovdan xüsusi bəhs etmişdir. 


Qəhrəman Musayev

Abxaziya müharibəsi başlayan zaman müəllim İsfəndiyar Musayevin ailəsində böyüyüb boya-başa çatmış Qəhrəman Musayev də həmin bölgədə Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşmuşdur. Q.Musayev Tbilisidə Mirzə Fətəli Axundov adına 73 nömrəli orta məktəbi bitirmişdir. Daha sonra təhsilini 65 nömrəli texniki peşə məktəbində davam etdirmişdir. 1972-1976-cı illərdə Bakıda Universitetin fizika fakültəsində ali təhsilinə davam edən Q.Musayev 1984-1989-cu illərdə SSRİ Daxili İşlər Nazirliyinin Ali Tədris Mərkəzinin Tbilisi filialında hüquqşünas vəzifəsində çalışıb və daxili işlər orqanlarında mayor rütbəsinə qədər yüksəlmişdir. 1992-ci ilədək Tbilisi Şəhər Təhsil idarəsində, 1992-ci ildən 2005-ci ilədək Tbilisi Şəhər Polis İdarəsinin İsani-Samqor rayon idarəsində müfəttiş kimi çalışmışdır. 1991-1993-cü illərdə Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri uğrunda gedən müharibələrdə vuruşub. Müharibədə göstərdiyi qəhrəmanlığına görə medalla təltif edilmişdir. Qəhrəman Musayev hazırda müharibə veteranıdır. O, müharibə dövrünü bu cür xatırlayır: “Oçamçire-Tkvarçelinin Labra kəndi ətrafında gedən ölüm-dirim savaşında bizim mövqelərimiz SU-24 təyyarələri ilə tez-tez bombardıman edilirdi. Tez-tez minalara rast gəlirdik. Heç kəs sağ qalacağına ümid etmirdi. Bir daha qeyd etmək istəyirəm ki, bu müharibədə gürcülərlə bərabər Gürcüstan azərbaycanlıları da fədakarlıqla vuruşurdular. 
Dözülməz şəraitə baxmayaraq, o çətin anlarda heç kəs cəbhədən qaçmadı”. 

Zaur Abdullayev

Zaur Abdullayev 1974-cü ildə fevralın 13-də Bolnisidə anadan olub. İlk təhsilini də məhz burada almışdır. 1991-ci ildə Gürcüstanda baş verən hadisələrə görə, Z.Abdullayevin ailəsi Bakıya köçməli olur. Bakıda universitetə daxil olan Zaur burada ali təhsilini almağa başlayır. Bir il sonra yəni, 1992-ci ilin avqustunda Zaurun ailəsi yayda istirahət etmək üçün doğma Bolnisiyə qayıdır. Bu zaman separatçılara qarşı müharibə başlayırdı. Gürcüstan vətəndaşları hərbi xidmətə çağırılır. Zaur Abdullayev öz dostları ilə bərabər könüllü olaraq hərbi xidmətə yazılır. O, 1992-ci ildə Qaqra ətrafında gedən döyüşlərdə şəhid olur. 

Mustafa Novruzov

Abxaziya və Cənubi Osetiya uğrunda döyüşən Gürcüstan azərbaycanlılarından biri də Mustafa Novruzovdur. O, 1971-ci ildə Tbilisi şəhərində anadan olmuşdur. Tbilisi şəhərinin 62 nömrəli məktəbini bitirmişdir.Sonradan təhsilini 13 nömrəli texniki peşə məktəbində davam etdirir. Gürcüstan Politexnik İnstitutuna qəbul olmağa hazırlaşan Mustafa Novruzov 1992-ci ildə məcburi hərbi xidmətə çağırılır. Müharibənin ağır çətinliklərinə baxmayaraq, Abxaziya və Cənubi Osetiya uğrunda gedən müharibədə gürcü silahdaşları ilə bərabər vuruşur. Hazırda Mustafa Novruzov müharibə veteranıdır. 

Tarix bir sınaqdır. Çətin anlarda kimin dost, kimin düşmən olduğunu açıq-aydın ortaya qoyan bir səhnədir. Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan və hətta canlarından belə keçməyə hazır olan, gürcülərlə çiyin-çiyinə yaşadığı torpaqlara dayaq olan azərbaycanlılarla ermənilərin “Baqramyan batalyonu”nu müqayisə etsək, yəqin ki, doğru nəticəyə gəlmək elə də çətin olmayacaq. Unudulan azərbaycanlı qəhrəmanları yada salmaq hər iki cəmiyyətin həyatına öz müsbət təsirini vermiş olacaqdır. Sevindirici haldır ki, uzun müddət keçməsinə baxmayaraq, tarixin bu qaranlıq qalmış səhifələrinə işıq salan gürcü tarixçiləri var. (Müşfiq BORÇALI, ZiM.Az)

Boyukmillet.com

Nəşr olunub CƏMİYYƏT

Reytinq