Burda göstərilən tarixə olan xəbərlər: Bazar Ertəsi, 02 Aprel 2018

Rusiya daha bir oliqarx-milyarderin həbsi ilə çalxalanır.

Virtualaz.org xəbər verir ki, hüquq-mühafizə orqanları gözlənilmədən ölkənin nəhəng holdinqlərindən biri olan çoxprofilli “Summa” şirkətlər qrupunun  sahibi, dağıstanlı milyarder Ziyavuddin (yaxud qısaca Ziya) Maqomedovu, qardaşı Maqomedi və holdinqin digər səlahiyyətli şəxslərini həbs edib.

Ziya Maqomedov

Ötən gün həyata keçirilən bu həbslər zamanı tutulanlar mənimsəmələrdə, mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda və milyardlarla rubl büdcə pullarını talamaqda ittiham edilirlər. Maqomedov qardaşları və onların holdinqlərinin vəzifəli şəxslərinin Rusiyanın 25 regionunda aparılan irimiqyaslı istintaq tədbirlərinin nəticəsində həbs edildiyi açıqlanıb. Hazırda iş üzrə 9 şübhəli şəxs var. Ziya Maqomedova qarşı irəli sürülən əsas ittiham Kalininqrad vilayətində futbol üzrə 2018-ci il Dünya Çempionatı üçün tikilən “Baltik Arena” stadionunun tikintisində yol verilən yüz milyonlarla rubl mənimsəmələrlə bağlıdır. Bu stadionun tikintisində baş podratçı azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovun “Crocus Group” şirkətidir.

Ziya Maqomedov və Leyla Məmmədzadə

Maqomed Maqomedov

Habelə Maqomedovların Novorossiysk ticarət limanının tikintisində də mənimsəmələrə yol verdiyi bildirilir. “The Bell” nəşrinin yazdığına görə Maqomedov qardaşları ilə birlikdə “Summa” şirkətlər qrupunun baş direktoru Leyla Məmmədzadə də saxlanılıb.

42 yaşlı Leyla Rafaelovna Kantoroviç-Məmmədzadə azərbaycanlıdır. Bildirilir ki, o Bakıda anadan olub ABŞ-da maliyyə işi və neft işi üzrə magistr təhsili alıb. ABŞ, Böyük Britaniya və Niderlandda yaşayıb. İnvestisiyaların idarə edilməsi, risklərin analizi üzrə ixtisaslaşıb, ABŞ-ın “Halliburton” şirkətində strategiyaların hazırlanmasına məsul olub, Britaniya-Hollandiya neft-qaz nəhəngi “Royal Dutch Shell”də həmin sahəyə rəhbərlik edib.

51 yaşlı Ziyavuddin Maqomedov “Forbes”in milyarderlər siyahısında 53-cüdür. O, milliyətcə avardır, Dağıstanın Xunzaxsk rayonunun Şotoda kəndində anadan olub. Keçmiş senatordur, 2002-2009-cu illərdə Federasiya Şurasının üzvü olub. Onun sahibi olduğu “Summa” şirkətlər qrupu diversifikasiya olunmuş holdinqdir, liman logistikası, mühəndislik xidmətləri, telekommunikasiya, neft-qaz və digər sektorlarda çoxsaylı aktivlərə malikdir. Rusiyanın ən qaranlıq şirkətlərindən biri hesab edilir. Azərbaycan neftinin də nəql edildiyi Novorossiysk ticarət limanı da Ziya Maqomedova məxsusdur.

Ziya Maqomedovun həbsi ən son məqamda həyata keçirilib. O, şəxsi təyyarəsi ilə ailəsi ilə birlikdə ABŞ-ın Mayami şəhərinə uçmaq istəyərkən tutulub. Biznesmen Mayamiyə “əməliyyat olunmaq üçün getmək istədiyini” deyib. Vəkilləri onun istintaq dövründə azadlığa buraxılması üçün 2.5 milyard rubl girov təklif edib, lakin məhkəmə girovu qəbul etməyib və oliqarxın barəsində həbs qətimkan tədbiri seçilib. Bildirilir ki, həbslər başlayanda Maqomedov qardaşlarının menecerlərindən ikisi, o cümlədən “GlobalElectroServise” və “Transinjinirinq” şirkətlərinin baş direktoru Eldar Naqapov Dubaya qaçmağa imkan tapıb.

“The Bell” nəşri Ziya Maqomedovun baş nazir Dmitri Medvedyevə yaxın oliqarx olduğunu yazır. Medvedyev ona yüksək dövlət mükafatları verib. Bəzi məlumatlara görə Medvedyevin xanımı “Summa” holdinqinin səhmlərinin 20 faizinə sahibdir.

(Musavat.com)

Nəşr olunub DÜNYA

Müxalifətin bir qisminin təmsil olunduğu Milli Şura və Müsavat Partiyası ilin 3-cü ayını mitinqlə başa vurdu. Martın 31-də MŞ və MP Bakının Yasamal rayonu ərazisindəki “Məhsul” stadionunda hakimiyyətlə razılaşdırılmış mitinq keçirdilər. Bizim müxalifət əslində çox sözəbaxandı: iqtidar icazə verəndə mitinq edir, seçkiyə qatılır, aksiyalar təşkil edir, iqtidardan azacıq təpki gördükə isə bunların heç birini etmir. Bu dəfə də ötən dəfəkilərdən heç nə ilə fərqlənmədi.

Hacıbala Abutalıbovun kontoruna siyasi rəhbərlik tapşırıb ki, MŞ və MP-nin birgə mitinqinə icazə verilsin. İqtidar üçün öz rəqibinin gücünün, əslində gücsüzlüyünün miqyasını görmək vacibdi. Xüsusilə də seçkiyə 10 gün qalmış. Bir yandan da Bakıda siyasi ehtiraslar soyuq Avropadan söyüş yağdıran qrupun fəaliyyəti ilə coşub-daşır. Onların söyüş aksiyalarının Bakıdakı müxalifətin çörəyinin üstünə yağ sürtüb-sürtmədiyini öyrənməyin ən asan yolu müxalifəti meydana çıxarmaq deyilmi? O zaman bu meydan, bu şeytan...   

Gördüyünüz bu foto 31 mart aksiyasının ən pik zamanında, təxminən 15:30 radələrində çəkilib. Partiya sədrləri, MŞ rəhbərləri bu foto çəkilən anda tribunada olublar. Mitinq keçirən təşkilatlar iddia edirlər ki, aksiyalarına 10 min adam qatılıb. Bu şəkil isə hər şeyi açıb ortaya qoyur...

Hər aksiyada müxalifətçilərlə bərabər jurnalistlərin, hakimiyyətin müxtəlif strukturlarının nümayəndələrinin iştirakını nəzərə alsaq, son mitinqə uzaqbaşı 2500-3000 adamın qatıldığını demək mümkündür.

Bəs nədən Əli Kərimlinin propaqanda maşını aksiya iştirakçılarının sayının 10 min nəfər olduğunu iddia edir? Ə.Kərimlini başa düşmək çətin deyil. İflasın, siyasi devalvasiyanın dibinə vurub adam. Facebook çıxışlarında, bloggerlərə verdiyi müsahibələrdə deyir ki, xalq onun yanındadı. Amma real işə gəldikdə, vəziyyətin necə acınacaqlı olduğunu görür. Ona görə də çöküşünü pərdələmək üçün müxtəlif yalanlar söyləmək zorundadı.

Heç kimə sirr deyil ki, Əli Kərimli siyasi bizneslə məşğuldu. Azərbaycanda bu işi ondan yaxşı heç bir müxalifətçi bacarmır. Özü də bilir ki, hakimiyyətə gəlməsi mümkün deyil. Ona görə də siyasətdən biznes kimi istifadə edir. Para aldığı adamlar, mərkəzlər onun “Məhsul”da çıxardığı oyundan məmnun qalarmı sizcə? Adama deməzlərmi, verdiyimiz pullar hara gedir?! Hanı sənin meydana yığdığın adamlar?!

Bu yerdə yada məşhur filmdən replika düşür. Orda film çəkən truppanın üzvlərindən biri rəqqasələrin ifalarına narazılığını bu cür ifadə edir: “8 min pul alıblar, oynamaqlarına bax”.

Əli Kərimlinin də mitinq oyunu bu cür replikanı haqq edir. Aldığı “səkkiz minlər” oynadığı rəqs üçün həddən artıq çoxdu. Kərimlinin əli siyasətdə heç gətirmir. Yəqin yenə “xalq öz taleyinə biganədi, onun üçün keçirdiyimiz aksiyalara gəlmir” deyib, məsuliyyəti cəmiyyətin üstünə atacaq. Əli Kərimli virtual məkandakı “laykların” təsirindən çıxıb, baş verənlərə real baxa bilmədiyi üçün bu gündədir həm də.

Əli Kərimlini bu cür komik və rəzil duruma salan ən əsas qüvvə isə Azərbaycan xalqının müdrikliyidi. Bu millət hər kəsin və hər şeyin fərqindədi. Kimin kim olduğunu çox yaxşı bilir. Onun üzərinə oynanılan böyük oyunlardan da xəbərdardı. Xalq bu virtual qəhrəmanları real həyatda boykot edib, onlara layiq olduqları yeri göstərir. Bununla da oyunlarını pozur.

3bf8efa7-f164-4034-8c2a-b3a7324b6f29.jpg (216 KB)


(Musavat.com)

Nəşr olunub SİYASƏT

Şuranın adından yararlanaraq özlərinin lokal maraqlarını reallaşdırmaq yolu tutan kimlərsə yenə də “fəaliyyətdədir”.

“Bəzi “reket nəşr”lər və onlara yaxın adamlar Azərbaycan Mətbuat Şurasının adından sui-istifadə edərək ayrı-ayrı vətəndaşların etimadını qazanmaq, bununla da özlərinin maddi maraqlarını gerçəkləşdirmək yolu tuturlar. Belə faktlara əvvəllər də rast gəlinib və hüquqi müstəvidə müvafiq ölçü tədbiri götürülüb”.

Bunu Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib.

Şura sədri bəzi məqamlara aydınlıq gətirib: “Bir müddət öncə guya MŞ-yə məxsus olduğu iddia edilən jurnalist vəsiqələrinin kimlərəsə satıldığına dair məlumat əldə etdik. Həmin vəsiqələr tərəfimizdən facebook sosial şəbəkəsində yayımlandı, onların Şuraya məxsus olmadığı vurğulandı. Bununla əlaqədar müxtəlif internet media resurslarında xəbərlər yer aldı. Ardınca hüquq-mühafizə orqanları hərəkətə keçdi və MŞ-nin adından saxtakarlıq edən şəxslər saxlanıldı. Bu gün facebook-da belə bir mükafatın şəkli paylaşılıb. Təbii ki, Mətbuat Şurasının üzərində şəkildə gördüyünüz formada və məzmunda hər hansı mükafatı yoxdur, heç zaman da olmayıb. Belə görünür, Şuranın adından yararlanaraq özlərinin lokal maraqlarını reallaşdırmaq yolu tutan kimlərsə yenə də “fəaliyyətdədir”. Qətiyyətlə bildiririk ki, bu cür saxtakarlığa yol verən, Mətbuat Şurasının cəmiyyətdəki nüfuzuna xələl gətirməyə çalışan şəxslər qanunlarımız çərçivəsində cəzalanacaqlar. Bu öz yerində. Təəssüf ki, dələduz təfəkkürün məhsulu kimi meydana çıxdığı şübhə doğurmayan belə neqativ nümunələri Mətbuat Şurasına ünvanlanmış sətiraltı ifadələrlə, eyhamlarla bəzəyərək cəmiyyətə çatdırmaq yolu tutanlar da var. Belələrini şəkildə gördüyünüz mükafatı “dövriyyəyə buraxanlardan” müsbət mənada fərqləndirməkdə çətinlik çəkirəm. Gəlin, ədalətli olaq!".
Əflatun Amaşov: “Bəzi “reket nəşr”lər Mətbuat Şurasının adından sui-istifadə edir”


(İnterpress.az)
Nəşr olunub CƏMİYYƏT

“Skripal işi”nə görə İngiltərəyə dəstək verən və rus diplomatları qovan ABŞ-a qarşı Rusiya sərt addım atıb.

ABŞ-ın Sankt-Peterburqdakı konsulluğunun bağlanılıması barədə qərar verən Rusiya həmin binadan ABŞ bayrağını da endirib.
Binanın bu gün tamamilə boşaldılacağı bildirilir.
Nəşr olunub DÜNYA

İndi Pensilvaniyaya qaçan da təlaş içindədir, “aqibətim nə olacaq” deyə narahatlıq keçirir.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
“Kosovodakıların aqibəti nə oldusa, sənin də aqibətin elə olacaq. Sən yenə bəd-dua seanslarına başla. Mənim Allahım var, sənin nəyin var bilmirəm. Biz bu millətin duaları ilə ayaqdayıq. Sən Hansların, Corcların duaları ilə ayaqda qalmağa çalışırsan. Bu mübarizə adi bir mübarizə deyil. Sən ümməti böldün, milləti parçaladın. Bu ümməti, bu milləti parçalayanları bu millətin ahı, bu ümmətin ahı gec və ya tez tutacaqdır”, – Ərdoğan bildirib.
 
Qeyd edək ki, Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) Kosovoda xüsusi əməliyyat keçirərək axtarışda olan FETÖ-çuları ölkəyə gətirmişdi.
(eurasiadiary.com)
Nəşr olunub DÜNYA

Milli İstiqlalçıların AMİP lideri Etibar Məmmədovun ad günü münasibəti ilə bağlı

Təbriki

Əziz Etibar bəy!

Sizi doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür, işlərinizdə və fəaliyyətinizdə bundan sonra da uğurlar arzulayırıq.

Bilirik ki, Siz hər cür təmtəraqdan, pafosdan və tərifdən uzaqsınız. Ona gərə də Sizin doğum gününüz münasibətilə ünvanladığımız təbrikdə bunların heç birindən istifadə etməyəcəyik, buna gərək də yoxdur. Sadəcə onu deyirik; Etibar bəy biz Sizi sevirik və Sizə sayğımız sonsuzdur. Siz Bütöv və bütün Azərbaycanın Etibarı, Etibarlı Gələcəyisiniz. Sizin ideyalarınıza və daşıdığınız ali dəyərlərə daima sadiqik. Bütün çətinliklərə, sınaqlara, təqib və təzyiqlərə rəğmən, Sizinlə çiyin-çiyinə mübarizəyə davam etməyə, Vətən və Millət üçün mücadiləyə bundan sonra da varıq. Sizə inanırıq və güvənirik. Bu güvən və inam bizləri daha qətiyyətli, daha nikbin, daha əzmkar edir.

Sizin rəhbərliyinizlə Azərbaycan Xalq Hərəkatı Milli Azadlıq Hərəkatı xarakteri aldı və bu müstəqilliyimizə təkrarən qovuşmağımızla sonuclandı.

Sovet İmperiyasının xalqımıza qarşı törətdiyi 20 Yanvar qırğınlarının, eləcə informasiya blokadasını qırıb Azərbaycanın haqq və etiraz səsinin hətta Moskvanın özündə ucaldılması da məhz Sizin cəsarətiniz və millətinizə dərin sevginizlə bağlı idi.

Yenicə müstəqilliyinə qovuşan dövlətimizin beynəlxalq aləmdə rəsmən tanınması da Sizin zəhmətinizin məhsuludur.

Erməni təcavüzünə qarşı qəhrəmanlıqla vuruşan Milli Ordumuzun yenidən formalaşmasında və silah-sursatla təminatında böyük rol oynamısınız.

Totalitar siyasi sistemdən çoxpartiyalı demokratik sistemə keçidin əsası da məhz rəhbərliyinizlə Azərbaycan Milli İstiqlal Partiyası ilə qoyuldu. AMİP adlı böyük, mehriban, qarşılıqlı hörmətə, demokratik prinsiplərə əsaslanan, xalqın geniş dəstəyini qazanan, beynəlxalq nüfuza malik partiyada bir ailə kimi fəaliyyət göstərmək imkanı yaratdığınıza, həmçinin özümüzə saysız-hesabsız sadiq dostlar qazanmağımıza görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Çağdaş Azərbaycan tarixində və siyasi həyatında bu kimi ilklərlə tövhə verən hörmətli Liderimiz, inanırıq ki, demokratik, bütov, inkişaf etmiş Azərbaycanımızın qurulması da məhz Sizin rəhbərliyinizlə həyata keçəcək. Ulu tanrı Sizi qorusun!

Dərin sevgi və sayqılarla,

AMİPçilər

02 aprel 2018-ci il, Bakı şəhəri
 
(millet.az)

 

 

 

Nəşr olunub SİYASƏT
Çərşənbə Axşamı, 03 Aprel 2018 02:15

Azərbaycan ordusunun aprel qələbəsindən 2 il ötür

Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşan aprel döyüşlərinin başlanmasından iki il ötür.

Belə ki, 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.

Döyüşlər zamanı Azərbaycan ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər.

(İnterpress.az)

Nəşr olunub CƏMİYYƏT

İsrail baş naziri Benyamin Netenyahu ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında yenidən qalmaqal yaşanır.

Avropa.info xəbər verir ki, ötən həftənin cümə günün İsrail əsgərlərinin Qəzzada 17 fələstinlini qətlə yetirməsi Ərdoğanın hiddətinə səbəb olmuşdu. Türkiyə prezidenti İsrail baş naziri Netenyahunu terrorçu adlandırmışdı.

“Ey Netanyahu, sən işğalçısan. Sən işğalçı kimi o torpaqlardasan . Eyni zamanda, sən bir terrorçusan. Çünki o məzlum fələstinlilərə sizin etdiklərinizi tarix qeyd edir. Bunu heç vaxt unutmayacaqlar, unutmayacağıq. İnanıram ki, İsrail xalqı da səndən rahatsızdır”-Ərdoğan belə demişdi.

İsrail baş naziri Netenyahu isə PKK/PYD terrorçularının müdafiəsinə qalxaraq, Türkiyəni “Afrini işğal etməkdə” ittiham edib.

“Ərdoğan cavab eşitməyə vərdişkar deyil. Amma buna öyrəşməlidir. Siz Afrində mülki vətəndaşları qətlə yetirərək, Şimali Kipri də işğal etmisiniz”-Netenyahu belə deyib.

Xatırladaq ki, İsrail Türkiyənin Afrində PKK/PYD terrorçularına qarşı həyata keçirdiyi əməliyyata qarşı idi.

Nəşr olunub DÜNYA
Azərbaycanda növbədənkənar prezident seçkilərindən sonra hökumət istefaya göndəriləcək və yenidən formalaşacaq. Yeni hökumətlə bağlı müxtəlif fikirlər var. Fikirlərdən çoxu kadr dəyişikliyinin olacağı istiqamətindədir. 
 
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün mətbuata müsahibəsində bu barədə danışıb. 
 
"Seçkidən sonra cənab prezident hökuməti yenidən formalaşdıracaq. Bilirsiniz ki, bütövlükdə hökumət istefaya gedir və yenidən formalaşır. Kim qənaətbəxş fəaliyyət göstəribsə, o, yenidən təsdiq olunacaq, kim göstərməyibsə, təsdiq olunmayacaq”, - deyə millət vəkili qeyd edib. 
 
Deputat Fazil Mustafa BakuPost-a açıqlamasında xatırladıb ki, hökumətin seçkidən sonra istefaya getməsi konstitusiya ilə tənzimlənir və belə də olmalıdır. O, hansı nazirin yeni hökumətdən kənarda qalacağı ilə bağlı dəqiq nəsə deməyin mümkün olmadığını deyib: "Hansı nazirin dəyişib-dəyişməyəcəyi məni ciddi maraqlandırmır. O baxımdan ki, bu, bizim səlahiyyətimizə aid məsələ deyil. Mənim arzularımla da bu məsələ həllini tapmır. Yaxşı olardı ki, söhbət kadrların yox, müəyyən prinsiplərin dəyişməsindən gedərdi. Həqiqətən də iqtisadi islahatlara rəvac verə biləcək addımlar atılardı. İndiki məqamda isə nəyin necə olacağını söyləmək mürəkkəbdir. Açığı, mənə bir o qədər aydın deyil ki, hansı keyfiyyətə görə hansı yerdəyişmələr baş verəcək”.
 
Картинки по запросу fazil mustafa
 
Buna baxmayaraq, F. Mustafa seçkilərdən sonra böyük və ciddi islahat havasının müşahidə oluna biləcəyini deyib: "Qurumların birləşdirilməsi və ya ləğvi ilə bağlı rasional hansı addımların atılmasını proqnozlaşdırmaqda çətinlik çəkirəm. Bununla bağlı bizim Milli Məclisdə dəfələrlə çıxış və təkliflərimiz olub. Amma bunların nəzərə alınacağını düşünmürəm. Prezident seçiləndən sonra ola bilsin ki, böyük, ciddi bir islahat havası olsun. Çünki Azərbaycanın buna ehtiyacı var. Bir çox məsələlərdə, xüsusilə də iqtisadiyyatın müəyyən dərəcədə idarəetmə formasının dəyişməsinə ehtiyac var.
 
Sahibkarların müəyyən buxovdan xilas edilməsinə ehtiyac var. Söhbət sahibkarların təşəbbüs azadlığının əngəllənməsindən, monopoliyanın ən yayğın formada olmasından gedir. Bunlar aradan qaldırılarsa, nə isə etmək olar. Yəni, idarəetmə prinsipini dəyişdirmək olarsa, o zaman kadr dəyişikliyi də bir əhəmiyyət kəsb edəcək. Bu olmazsa, hansısa kadrın gəlməsi mənasızdır. Bəzən yaşlı-cavan kadr məsələləri barədə müzakirələr olur. Heç olmazsa, yaşlı kadrlara nəyisə izah etmək, fikir olaraq çatdırmaq daha rahatdır, nəinki yeni, cavan sayılan kadra”.  
 
Vətəndaş və İnkişaf Partiyasının sədri də seçkisonrası baş verə biləcək islahatlardan danışıb. O, BakuPost-a açıqlamasında hökumətin həm strukturunda, həm də tərkibində dəyişiklik olacağını düşündüyünü deyib: "Siyavuş Novruzov deyib ki, qənaətbəxş fəaliyyət göstərməyən şəxslər yeni hökumət üçün təsdiq olunmayacaq. O, növbədənkənar seçkinin gözlənilmədiyini də demişdi. Nə olsun demişdi?
 
Sona qədər nəyin baş verəcəyini heç bir məmur bilmir. Baxmayaraq ki, Siyavuş müəllim prezidentdən bilavasitə göstəriş-təlimat alan şəxsdir. Ancaq onun da verdiyi proqnozlar özünü doğrultmur. 
 
Mən də hesab edirəm ki, hadisələrin gedişi hökumətin həm strukturunda, həm də tərkibində dəyişiklik olacağını göstərir. Lakin bu prosesin gedişi yenə də daxili müqavimətdən asılı olaraq dəyişəcək. Çünki köhnə, oturuşmuş, proseslərə nəzarəti uzun illər əlində saxlayan qrupun islahatlara getmək istəyinin olmaması göz önündədir. Siyavuş bəyin də belə müsahibə verməsi göstərir ki, hakimiyyət lap yüksək səviyyədə digərlərinə mesaj verir ki, psixoloji baxımdan hazır olsunlar”. 
 
Картинки по запросу əli əliyev
 
Ə. Əliyev hesab edir ki, debatlarda hansısa kadrların "vurulması” da bu hazırlıq prosesinin tərkib hissəsi ola bilər:"Ad çəkilməkdə təbliğat mərhələsində verilən bəyanatların tapşırıqla olması ehtimalı yüksəkdir. Çünki əgər prezidentliyə namizəd qərəzli deyilsə və hakimiyyətə bütöv şəkildə baxırsa və gələcəkdə özü alternativ olaraq nəsə formalaşdırmaq istəyirsə, mövcud komandanın fərdlərinə deyil, komandaya bütövlükdə tənqid yağdırmalıdır. Lakin uzun illər seçkilərin dəyişməz personajı olan Hafiz Hacıyev zaman-zaman müxtəlif məmurların adını çəkib. Burada isə subyektibv amillər daha çox görünür. Adını çəkdiyi şəxslərdən biri "Qaçqınkom”un sədri Əli Həsənovdur. Lakin nəzərə almaq lazımdir ki, Əli Həsənovun tutduğu post o qədər də strateji post deyil. Baxmayaraq ki, qaçqınların sosial problemləri ilə məşğuldur, sadəcə olaraq həlledici post kimi dəyərləndirilə bilməz”.
 
(Nigar, bakipost.az)
Nəşr olunub SİYASƏT

Dünya Azərbaycanlıları Konqresi İcra Aparatının  rəhbəri, Beynəlxalq Diaspora Mərkəzi sədrinin birinci müavini Samir Adıgözəlli aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı "525"ə müsahibə verib.

- Samir müəllim, Azərbaycanda seçki administrasiyasının topladığı təcrübə Prezident seçkilərinə hazırlıq prosesinin şəffaf, ədalətli və demokratik əsaslarla keçirilməsinə imkan verirmi?

- Gənc və müstəqil dövlət olan Azərbaycanda dəfələrlə bələdiyyə, parlament, prezident seçkiləri, Konstitusiya qəbulu, əsas qanuna əlavə və düzəlişlərlə bağlı ümumxalq səsvermələri keçirilib. Bütün bunlar ölkəmizdə kifayət qədər seçki təcrübəsinin toplanmasına imkan verib. Hətta, postsovet məkanında Azərbaycan qazandığı beynəlxalq seçki təcrübəsinə görə, digər dövlətlərdən müsbət mənada fərqlənməkdədir. Seçkilərin təşkili, şəffaflığın təmini, seçki qanunvericiliyinə riayət, beynəlxalq prinsiplərin nəzərə alınması, yerli və xarici müşahidəçilərin monitorinqi, prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası üçün bərabər əsaslarla şəraitin, azad seçki mühitinin yaradılması bir çox ölkələr üçün örnək modelin formalaşmasına gətirib çıxarıb. Burada xüsusi olaraq nəzərə alınmalıdır ki, bu təcrübəni uzun illərdir işğal faktından əziyyət çəkən, atəşkəs razılaşması mövcud olsa da, faktiki müharibə şəraitində olan dövlət əldə edib. 1 milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan bu xüsusda qarşılaşdığı problemlərə baxmayaraq, bütün sahələrdə, o cümlədən, seçkilərin təşkili baxımından böyük uğurlar əldə edə bilib. Ona görə də, bu gün dövlətimiz bir çox xarici ölkələrdə keçirilən seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün dəvət olunur, hətta, nüfuzlu beynəlxalq təşkilatların monitorinq qruplarına rəhbərlik edir və onlarla öz təcrübəsini bölüşür. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan seçkilərin təşkili ilə əlaqədar əslində, Avropa dövlətləri ilə ayaqlaşmaqdadır.

- Beynəlxalq təşkilatlar və xarici dövlətlərin bu seçkilərə marağını necə qiymətləndirirsiniz?

- Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, artıq bir sıra beynəlxalq monitorinq missiyaları prezident seçkilərində müşahidəçi kimi iştirakını təqdiqləyib, qeydiyyatdan keçib və hətta bəziləri hazırlıq prosesini izləməyə başlayıb. Bu, dünya ictimaiyyətinin Azərbaycana böyük maraq göstərdiyini, ölkəmizdə keçiriləcək növbəti prezident seçkilərini diqqətdə saxladığını göstərir. Təbii ki, ölkəmizin seçki administrasiyası bu marağı, diqqəti normal qəbul edir, yüksək qiymətləndirir və beynəlxalq müşahidə missiyalarına monitorinq aparmaq üçün lazımi şərait yaradır.

- Sizcə, ölkə vətəndaşları səsvermə günü fəallıq nümayiş etdirəcəklərmi? Onlara hansı çağırışı etmək istəyirsiz?

- Dövlətimiz artıq 8-ci prezident seçkilərinin astanasındadır. Hər kəs seçmək hüququndan istifadə edərək seçki məntəqələrinə gəlməli, azad şəkildə öz iradəsinə uyğun olaraq dəstəklədiyi namizədə səs verməli, bu, ümumilli əhəmiyyət kəsb edən məsələdə dövlətin, xalqın parlaq gələcəyi naminə fəal şəkildə iştirak etməlidir. Düşünürəm ki, üzərinə düşən bu missiyanı yaxşı dərk edən Azərbaycan xalqı prezident seçkilərində fəallıq nümayiş etdirəcək və səsvermə günü böyük seçici aktivliyi ilə müşahidə olunacaq.

(Ceyhun ABASOV, 525.az)

Nəşr olunub SİYASƏT

Reytinq