Burda göstərilən tarixə olan xəbərlər: Bazar, 08 Aprel 2018
Türk Silahlı Qüvvələri İraq Kürd Muxtariyyətinin paytaxtı Ərblin Sidekan bölgəsinə hərbi qüvvə yeridib.
 
Bu iddialı məlumatı Bərzani hökumətinin təsiri altında olan və muxtariyyətdə nəşr olunan "Rudaw" qəzeti yazıb.
 
Qəzet bildirib ki, Sidekandakı dağların zirvəsinə səkkiz helikopterlə əsgər endirib: "Bu gün Türkiyə ordusu öz sərhəddindən 20 km bizim içərimizə doğru faktiki irəliləyib".
 
Qəzet Sidekan bölgəsindəki Şapan kəndinin müxtarı Faris Rəsuldan da açıqlama alıb. 
 
O, bildirib ki, Türk savaş qırıcıları dünən gecədən ərazini bombalayır: "Bəli, Türkiyə bombalamaqla yanaşı, bu gün 8 helikopterlə Şapan, Dilan, Kevet, Bene, Çiyasor, Alekan və Çiyaneya dağlarına əsgərlər düşürdü".
 
(Mia.az)
Nəşr olunub DÜNYA

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sosial şəbəkələrdə milli mənəvi-əxlaqi dəyərlərə zidd kampaniyanın həyata keçirilməsində Azərbaycan hakimiyyətinin və özünün adının hallandırılmasına münasibət bildirib.

APA-nın məlumatına görə, Ə. Həsənov deyib ki, son günlər virtual şəbəkədə milli mənəvi-əxlaqi dəyərlərə zidd, söyüş və təhqir dolu şərhlər, çıxışların təşkili ilə bağlı Azərbaycan hakimiyyətinin və şəxsən onun adının hallandırılması cəhdləri təəssüf doğurur.

“İstər şəxsi həyatımda, istərsə də siyasi fəaliyyətimdə qeyri-etik davranışı yolverilməz hesab etmişəm və milli mənəvi-əxlaqi dəyərlərə zidd leksikondan daim uzaq olmuşam. Sosial mediada və KİV-dəki açıqlama və müraciətlərimdə də siyasi polemika zamanı hamını bu tipli davranışdan çəkinməyə çağırmışam, belə cəhdləri isə tərbiyəsizlik və acizlik əlaməti kimi qiymətləndirmişəm. Mənim bu tövsiyə və müraciətimə məhəl qoymayan və küçə leksikonundan istifadəni davam edən ayrı-ayrı sosial şəbəkə istifadəçilərini Azərbaycan hakimiyyəti və şəxsən mənimlə əlaqələndirmək böhtan və iftiradan başqa bir şey deyil. Birmənalı şəkildə bəyan edirəm ki, ayrı-ayrı şəxslərin öz tərbiyəsinə uyğun açıqlama və çıxışlarının guya mərkəzləşmiş şəkildə mənim tərəfimdən təşkil olunması, “rəhbərlik etdiyim” hansısa “troll” və digər uydurma “qruplar”a ayrı-ayrı şəxsləri təhqir etmək tapşırığı verilməsi haqda iftiralar məqsədyönlü şəkildə Azərbaycan hakimiyyətini və şəxsən məni ləkələmək məqsədi daşıyır. Prezidentin köməkçisi və Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri kimi nə mən, nə də tabeçiliyimdə olan strukturlarda çalışan insanlar bu cür əməl sahibi olmamışıq və deyilik. Kimlərinsə öz təşəbbüsü və səviyyəsinə uyğun şəkildə yaydığı təhqir və söyüşlərin mənimlə əlaqələndirilməsi cəhdini birmənalı şəkildə təxribat hesab edirəm!”, - deyə o vurğulayıb.

Ə. Həsənov daha sonra bildirib: “Yox əgər bu iddianı irəli sürənlər məni söyüş kampaniyasına qarşı ictimai müqavimətin təşkil olunmasına görə hədəfə götürürlərsə, onda onu da bilməlidirlər ki, hakimiyyət nümayəndəsi kimi bu, bilavasitə mənim vəzifə səlahiyyətlərimə aid məsələdir. “Söyüş kampaniyasını” təşkil edənlər ciddi ictimai qınaqla qarşılaşdıqlarına və bütün cəhdlərinin iflasa uğradığını anladıqlarına görə, indi məsuliyyəti öz üzərlərindən atmağa və kənarda günahkar axtarmağa çalışırlar”.

Nəşr olunub CƏMİYYƏT

ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın yüksək vəzifəli məmurlarının, oliqarxlarının və yerli şirkətlərinin adları salınan genişləndirilmiş sanksiya siyahısını şərh edərkən Katerina Tixonovanı Rusiya Federasiyasının prezidenti Vladimir Putinin qızı adlandırıb.

Bu barədə Rusiya nəşri newsru.com xəbər yayıb.

Amerika maliyyə idarəsində yeni məhdudlaşdırıcı tədbirlərin elan olunması haqda danışarkən “SİBUR” (Sibir-Ural Neftqazkimya Zavodu) Şirkəti Direktorlar Şurasının üzvlərindən biri - Kirill Şamalov barəsində bildiriblər ki, 2013-cü ilin fevralında o, Putinin qızı Katerina Tixonova ilə evlənib. Xüsusi qeyd olunub ki, onun maliyyə vəziyyəti məhz bundan sonra yaxşılaşmağa başlayıb.

"Toydan sonra 18 ay ərzində o, "SİBUR”un səhmlərinin əhəmiyyətli hissəsini aldı… Bir ildən sonra o, “Qazprombank”dan 1 milyard dollardan çox kredit almağa nail oldu… Həmin il Putinin çoxdankı dostu Gennadi Timçenko səhmlərin daha 17%-ni Şamalova satdı", - deyə ABŞ Maliyyə Nazirliyində faktları sadalayarkən vurğulayıblar.

Amerika hakimiyyətinin fikrincə, Tixonova ilə toydan və yuxarıda göstərilən sazişlərdən sonra Şamalov “Putini əhatə edən milyarderlərin elitasına qoşuldu”.

2018-ci ilin yanvarında Bloomberg agentliyi Şamalovun Tixonova ilə boşanması haqda xəbər yaydı. Onda jurnalistlər vurğulayırdılar ki, Şamalov “SİBUR”un qiymətli kağızlarından, hansı ki, 2017-ci ildə satdı, heç bir gəlir götürə bilmədi, çünki ona Putinin ailəsinin üzvü kimi bu səhmləri yalnız saxlamaq etibar edilmişdi.

K.Şamalov boşanmadan sonra faktiki olaraq dövlət başçısının ailəsinin hissəsi olmaqdan məhrum oldu. Agentlik üç etibarlı mənbəyə istinadən bəyan edirdi ki, məhz bu səbəbdən onun səhmlərə yiyələnmək imtiyazı bitdi.

K.Şamalovun K.Tixonova ilə evlənməsi və bundan sonra böyük kapital sahibi olması barədə o vaxtlar Reuters agentliyi də bir neçə dəfə materiallar yayıb.

K.Şamalov “SİBUR”a 2008-ci ildə -“Qazprom”da, "Rosoboroneksport"da, “Qazprombank”da və Hökumət Aparatında işlədikdən sonra gəlib. Neft-kimya şirkətinin ilk 4,3%-ni o, 2011-2013 illərdə “SİBUR” menecerləri üçün seçim proqramı çərçivəsində əldə edib...

(Virtualaz.org)

Nəşr olunub DÜNYA

Ötən il internet resurslarında regionumuza, ölkəmizə aid bir video paylaşılmışdı, çox maraqlı idi.

Əslində bu, bildyimiz videokadrlardan deyildi, interaktiv xəritə üzərindəki dinamikanı qrafiki təsvirlərlə əks etdirirdi.

Bu videonu hazırlayan tarxiçilər son iki min ildə regionumuzda baş verən işğalları, ilhaqları, yaranan, süqut edən, dağılan dövlətlərin tarixini cəmi yeddi-səkkiz dəqiqəyə sığdırmışdılar.

Bu baxımdan ömrü 100 ildən çox olmuş hansısa dövlətin yaranması və süqut etməsi həmin qrafiki videoda 4-5 saniyə çəkirdi.

Yadellilərin hücumu xüsusi rənglərlə təsvir olunurdu. Bir də görürdün, şərqdən bir qara rəng böyüyə-böyüyə irəliləyir, önünə keçən bütün əraziləri özünə qata-qata gedə biləcəyi qədər gedir, 5-6 saniyə sabit qalır, sonra kiçilə-kiçilə öz yerinə qayıdır. Daha sonra cənubdan bir göy rəng eynilə böyüyə-böyüyə gəlir, bütün regionu tutur, sonra geri çəkilir. Qırmızı rəng şimaldan gəlir, böyüyür, kiçilir, sarı rəng qərbdən gəlir, eyni şey olur.

Image result for rus imperiyası işğal

Videoda hansı dövlətlərin hansı rəng altında böyüyərək böyük imperiya qurduğu ili ilə, hakimiyyət sürəkliliyi ilə göstərilirdi.
Belə anlaşılırdı ki, son iki min ildə bu regionda onlarla dövlət qurulub, onlarla işğal olayı, müstəmləkəyə, vassala çevrilmə faktı baş verib.

Azərbaycan bir sıra digər qonşuları kimi dəfələrlə əldən-ələ keçib: Çingiz xanın hökmdar zürylətləri gedib, Əmir Teymir gəlib, o gedib, İran şahları gəlib, Nadir şah Əfşar çəkilib, üstümüzə general Paskeviç, Sisianov yeriyib və sair və ilaxır.

Bir də böyük tiranların irimiqyaslı yürüşlərinin arasında 40-50 illik fasilələr olub. Sözügedən videoda həmin dövrdə regionumuzun xəritəsi 5-6 saniyəliyə al-əlvan olurdu. Bu, yaranmış xırda dövlətləri göstərirdi, sonra yenə hansısa böyük dövlət xəritəmizi (başqa sözlə, günümüzü) qaraldır, göyərdirdi.

Ömrü min illiklərlə ölçülən bəşəriyyət tarixi prizmasından yanaşsaq, biz hazırda həmin o al-əlvan saniyələrdə yaşayırıq.
Qonşuluğumuzda böyük dövlətlər var və onlar yüz illərdir ekspansionist siyasət yeridir, yaxın və kiçik qonşularının ərazilərini özününkü hesab edir, məsələyə heç də beynəlxalq hüquq aspektindən yox, “tarixi birgəlik” (əslində: “bu ərazilər keçmişdə bizim müstəmləkəmiz olub”) amilindən yanaşırlar. İran da elədir, Rusiya da. Yenidən güclənsə, Monqolustan, Özbəkistan da elə ola bilər. Çin isə onsuz da bütün dünyaya qarşı yeni növ “sürünən işğalçılıq” siyasəti yeridir.

Image result for çingiz xanın işğal etdiyi ərazilər

Demək, xəritəmizin üzərindəki qara, göy, qırmızı təhlükələr sovuşmayıb. İndilikdə biz bu təhlükəni ona görə hiss etmirik ki, beynəlxalq təşkilatlara, konvensiyalara güvənirik. Ancaq bilmək gərəkdir ki, bu dünyada ən məşhur beynəlxalq təşkilat BMT-dirsə, onun qətnamələri 25 ildən çoxdur bir cırtdan dövləti öz aqressiv siyasətindən çəkindirə bilmir.

Günümüzdə parçalanmaqda olan İraq, Suriya dağılan dövlətlərə, dəyişən xəritələrə başqa bir nümunədir. Elə qardaş Türkiyə də şiddətli bir təzyiqlə parçalanmağa var gücü ilə dirəşməkdədir.

Yəni reallıq budur: min illərdir yeni-yeni dövlətlər yaranır, bəziləri böyüyür, bəziləri kiçilir və bu proses heç vaxt sabit qalmır, daima hərəkətdədir. Bu xüsusda yalnız o dövlətlər başlarını, öz ərazilərini toxunulmaz saxlaya bilirlər ki, onlar güclüdürlər və qısa müddətə zəifləsələr də, öz qüdrətlərini bərpa edə bilirlər.

Məsələn, vaxtilə 3 qitədə dövlət quran Türkiyə 100 il əvvəl süquta uğramaq təhlükəsi qarşısında qalanda özünü toparlaya bildi. Yoxsa onun özünü qəlpə-qəlpə, xəritəsini al-əlvan edəcəkdilər.

Image result for Osmanlı dövlətinin xəritəsi

Kiçik dövlətlərin bu xüsusda yeganə bacardığı şey vaxtında özünə etibarlı müttəfiq tapmaq, yaxşı ittifaqlar qurmaqdır. Elə bir müttəfiq ki, o, 70 ildən sonra onun ərazisini bölüb öz “sadiq müttəfiqi”nə verməsin, bir yadellini gətirib ona canişin, rəhbər təyin etməsin.

Bildiyimiz kimi, 100 il əvvəl bunların hamısı başımıza gəlib. Rusiya tarixi torpaqlarımızı əlimizdən alıb ermənilərə verib. Müasir Ermənistan dövləti bizim əzəli ərazilərimizdə yaranıb. Bir də, təsəvvür edin ki, 100 il əvvəl Azərbaycana düşmən kəsilmiş millətin - ermənilərin üç nümayəndəsi Azərbaycana rəhbərlik edib: Stepan Şaumyan, Levon Mirzoyan, Ruben Rubenov (ümumilikdə 1920-ci ildən 1933-cü ilə qədər ölkəmizə 9 yadelli, qeyri-milli şəxs rəhbərlik edib).

Ona görə də bu gün Azərbaycanın Türkiyə ilə birlikdə konfederasiya qurmasının tərəfdarlarının arqumentləri daha güclüdür. Ya biz dini, dili, mədəniyyəti bir qardaşlarımızla əbədi ittifaqda olacağıq, ya da əvvəl-axır, kimsə tarixi fürsətdən yararlanaraq xəritəmizin rəngini dəyişdirəcək.

Image result for azərbaycan-türkiyə

Konfederasiya isə müstəqilliyi itirmək demək deyil. Vikipediyada onun izahı belədir: 
“Konfederasiya müstəqil qurumlar və təşkilatlar tərəfindən, suverenliklərini mühafizə etmək şərtiylə, ortaq və məhdud mənfəətlərini təmin etmək məqsədilə müəyyən müqavilə ilə qurulan birliklərdir”.

Onu da qeyd edək ki, Azərbaycan-Türkiyə konfederasiyası yaradılmasının ilk təşəbbüskarı media orqanlarında ilk dəfə “Yeni Müsavat” qəzeti irəli sürüb. Sonra “Əhrar” partiyasının sədri Vaqif Hacıbəyli bu təşəbbüsü təxminın 20 il əvvəl hüquqi və siyasi baxımdan əsaslandırmış, müvafiq konsepsiya ilə çıxış etmişdi. Sərdar Cəlaloğlu isə builki prezident seçkiləri kampaniyasındakı debatlarda həmin ideyadan danışıb.

Bu geniş müzakirə ediləsi və ortaq məxrəcə gəlinəsi mövzudur. Müzakirə üçün bir neçə saniyə vaxtımız var.

(Xalid Kazımlı, Musavat.com)
Nəşr olunub CƏMİYYƏT

“Adam utanır desin ki, “bəlkə ilk dəfə Qaqarindən də öncə kosmosa uçan olub?” 

Tanınmış meyxanaçı Vüqar Əbdülov bu günlərdə “Yeni Müsavat”ın qonağı olub. Meyxanaçı əməkdaşımızla söhbətində maraqlı açıqlamalar verib, “Yeni Müsavat” üçün bədahətən meyxana deyib. Müsahibəni təqdim edirik:

- Bu günlərdə 44 yaşınızı qeyd etdiniz. Doğum gününüzü harada, kimlərlə keçirdiniz?

- Adətən, doğum günümü evdə qeyd edirəm. Amma bu il heç bir yerdə qeyd etmədim. Sadəcə ayın 29-da çox yaxın, gündəlik görüşdüyüm dostlarımla birlikdə bir yerdə əyləşdik. Yəni, təmtəraqdan, mediadan kənar qeyd etdim.

- Son olaraq hansı yenilikləriniz var?

- Yeni mahnılar var, onların arasında tamamlanmış da, yarımçıq olanı da mövcuddur. Əsasən müğənnilərlə çalışırıq. Bir-iki layihəmiz də var, zamanı gəldikcə onlar haqqında da deyəcəm. 

- Bu ərəfədə həmkarlarınızın əksəriyyəti prezident seçkisi ilə bağlı təbliğat-təşviqat proqramlarında iştirak edir. Siz necə, bu cür təbirlərə qatılırsız?

- Tovuz, Mingəçevir rayonlarında təşkil edilən tədbirlərdə oldum. Lakin bir şey mənə xoş gəlmədi: Adətən, binəyi-qədimdən seçkilərdə iştirak etmişəm, o zamanlar tədbiri təşkil edən təşkilatlar təkidlə tələb edirdilər ki, oxuduqlarımızda vətənpərvərlik mövzusunda, senzuradan keçən sözlər olsun. Amma təəssüflər olsun ki, indi belə deyil və bu da mənə pis təsir edir. Əslində seçkilər qabağı keçirilən təbliğat kampaniyalarının hamısında vətənə sevgi, hörmət aşılayan mahnılar, meyxanalar olmalıdır. Amma indi toyxanalarda, “Qazel”lərdə ifa edilən bəzi bəsit mahnılar da bu cür tədbirlərdə səslənir. Əlbəttə ki, sənətçi hansısa mahnısı ilə sevilirsə və tamaşaçının qarşısına o mahnı ilə çıxırsa, hər halda tədbirə uyğun ruhda da nəsə oxumalıdır. Tək meyxanaçılar deyil, müğənnilərin də çox böyük səhvi odur ki, insan bir mahnı ilə sevilə bilər, amma sonradan bu sevgini, hörmətini davam etdirmək üçün mütləq çalışmalıdır ki, daha səviyyəli işlər görsün, illərlə dinlənəcək repertuar seçsin. Bunu bəziləri etmir və çoxu da bacarmır. 

Bir dəfə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyi idi. Mənə həvalə olunmuşdu ki, əsgərlərlə bağlı meyxana hazırlayım. Mən də oturub Cəmşid Naxçıvanskinin bütün gördüyü işləri araşdırıb, bunun nəzdində bir meyxana hazırladım. Həmin tədbirdə Namiq Qaraçuxurlu da var idi. Soruşdum ki, “nə oxuyacaqsan?”, dedi ki, “Papanın gül balası”nı. Halbuki bu meyxana həmin tədbir üçün çox bəsit, yüngül bir mövzudur. Bu mahnı ilə sevilmək olar. Bu haqda mən də məzəli, satirik meyxanalar demişəm. Lakin Naxçıvanski haqda meyxana hazırlayarkən çox əziyyət çəkdim, onun gördüyü işləri, döyüşləri haqda meyxanama saldım. Lakin səhnəni Namiqlə birgə bölüşdük, eyni alqışlar, eyni maraq oldu. Bu, adamı bir az ruhdan salan şeydir. Bəzən deyirlər ki, camaat onu istəyir. Biz mədəniyyət işçiləriyik, əslində gərək biz tamaşaçının zövqünü istiqamətləndirək. Camaat nə istəyir, məhz onun zövqünə yaxın nəsə hazırlamağımız doğru deyil.

WhatsApp Image 2018-04-06 at 12.33.52.jpeg (329 KB)

- Toylara gedirsizmi?

- Gedirəm.

- Amma bəzən eşidirk ki, Vüqar Əbdülov toylara getmir.

- Bunun məni istəməyənlər deyir. Bilmirəm bunu kim edir, amma deyirəm ki, yenə etsin. Şükür Allaha ki, toylarım olur. Bəzən deyirlər toylara getmir və yaxud çox baha qiymətə gedir, naz edir və sairə. Amma bütün telefon zənglərinə birbaşa özüm cavab verirəm. Yəni, əlaqə saxlayan, dəvət edən şəxsə uyğun, münasib şərtlə toylara gedirəm. 

- Hazırda ölkə gündəmində əsas məsələ prezident seçkisi ilə bağlıdır. Namizədinizi artıq müəyyənləşdirmisizmi?

- Seçkidə iştirak etmək hər bir vətəndaşın borcudur. Əlbəttə ki, həmişə seçkiyə getmişəm və öz seçimimi də artıq etmişəm, bunu fəxrlə də deyə bilərəm. Bunu niyə soruşursuz? (gülümsəyir) Yox, mən belə şeylərdə tənbəl deyiləm. Çox xoşuma gəlir ki, xalqa qoşulub, onunla birgə hərəkət edim. Məsələn, Avroliqa, böyük futbol yarışlarına gedib, izlədim, böyük tədbirlərə, hətta kiçik tədbirlərə də gedirəm. 

- Tədbirlərdən söz düşmüşkən, əgər YAP-ın namizədinə alternativ olan prezidentliyə namizədlərdən kimsə sizi bir sənətçi kimi öz təbliğat-təşviqat kampaniyasında iştirak etmək üçün dəvət etsə, gedərsizmi?

- Məncə yox.

- Niyə?

- Çünki mən özüm 10 ildən artıq çoxdur ki, YAP-ın üzvüyəm. Hər kəsin fikrinə hörmətim var. Lakin 90-cı illərdən bu yana mənim yazdıqlarım bu iqtidarda olub. Bundan sonra istəmərəm ki, dövrüm dəyişsin. Çünki bu ab-havanın dəyişməsi, nəyinsə qarışması və sairə məni heç nəyə inandırmır. Yəni, inamım yoxdur ki, hər şey bundan yaxşı ola bilər. Hər şey çox yaxşıdır. 

- Bəzən deyirlər ki, klassik meyxana artıq musiqili meyxanaya uduzub. 

- Bəli, uduzub... Mən bunun mübarizəsinə qalxmaq istəyirəm və artıq bir layihəm var. Yenidən klassik meyxananı qaytarmaq... Əslində klassik meyxana indikindən daha güclüdür. O meyxananın öz ab-havası, tərzi var və tamaşaçının bu cür meyxanaya marağı daha çoxdur. Sadəcə, bizim ən böyük bədbəxtçiliyimiz ondan ibarətdir ki, hamı toy bazarına qaçır. Bu, aktyorlara, müğənnilərə də təsir edib. Səhnə deyilən şey yığışdırılıb. Və səhnəyə, efirə çıxarılası meyxanamız yoxdur. Bir vaxtlar ANS televiziyasında meyxana deyişmələri olurdu, uşaqlar orda çox işlər görürdü. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən özüm də orada bir neçə meyxanaçı yetişdirdim. 

Onlarla əməlli-başlı məşqlər keçirirdik ki, sözləri düzgün desinlər, təqdim etsinlər. Bu işdə mənim zəhmətim az deyil və bu gün onun bəhrəsini görənlər var. Sadəcə, nədənsə bu gün camaat ağır, yəni sanballı sözün deyil, yüngül sözün dalınca qaçmağa başladı. Ağır, sanballı söz dedikdə əsl meyxana, ağır qafiyə nəzərdə tuturam. 
Məndən sonra gələn meyxanaçıların demək olar ki, böyük əksəriyyəti bu gün gündəmdə olanlardır. Onlar yaxşı meyxanaçıdırlar, təbləri də, sözləri də yaxşıdır. Sadəcə istiqamət, gediş odur ki, hamı o tərəfə qaçır. 

Meyxanaçıların ağırlığı itib. İndi hərə yanına bir qız salıb, bir obraza girib. Bir də görürsən ki, kimsə kostyumda, frakda səhnəyə çıxıb, çox ucuz bir şey oxuyur. Məsələn, “Canı canda görən, gülü güldanda görən ağlasın” kimi mahnılar ortaya çıxır. Gülü güldanda görən və ya canı canda görən niyə ağlasın? Bu çox məntiqsizdir. 

- Amma etiraf edək ki, bu gün onlar daha çox populyardır, daha çox istəniləndir...

- Bəli, daha çox qazanırlar, bunu niyə demirsiz... Layihələrim haqda demək istəyərdim. Birinci layihəm odur ki, istəyirəm klassik meyxana ilə bağlı televiziya formatlı veriliş hazırlayım. Yəqin ki, yaxın günlərdə bununla bağlı hazırlıqlar bitəcək. Məqsəd də odur ki, tanıdığımız, sevdiyimiz meyxanaları bir araya toplayaq. 

- Əgər yanılmıramsa meyxanaya duet formasını ilk dəfə siz gətirmisiz...

- Demək olar ki, mən gətirmişəm. Bu arada bir məsələni qeyd etmək istəyirəm. Əslində musiqili meyxana deyilən bir şey yoxdur, biz özümüz onun adını bu cür qoymuşuq. Vaxtilə Ədalət Şükürovla biz “Bağlıdır qapı” mahnısının bir versiyasını sintez etdik. Yəni, onun oxuduğu mahnıya mən meyxana dedim. Bu da çox gözəl alındı, sevildi. Ondan sonra mən Heydər Əliyev sarayında iki dəfə konsert verdim. Həmin konsertlər zamanı Almaz Ələsgərli, Röya Ayxan və digərləri ilə ifa etdim. Lakin oxuduqlarım demək olar ki, hamısı mahnı deyildi. 

Hətta arada Teyyub Aslanla muğam-meyxana sintezi etdik. Lakin məndən əvvəl bu işi rəhmətlik Nizami Rəmzi etmişdi. Lakin onun ifası mahnı idi, meyxana deyildi. Necə ki, indi oxuyurlar, “Aşiq, mən aşiq...” Yəqin ki, o vaxt Nizami bunu konsert xətrinə etmişdi. Bizə elə gəlir ki, meyxanaçı ifa etdiyi üçün biz ona musiqili meyxana deyirik. 

Amma xeyr, Nizaminin səsi var idi. Daha sonra Namiq Qaraçuxurlu bunu Könül Kərimova ilə etdi və sairə. 

Bunların hamısı mahnıdır, meyxana deyil. Məsələn, mən də “Köhnə bağlar” oxuyuram. O da meyxana deyil, mahnıdır. Sadəcə şanson kimi öz dilimdən tamaşaçıya təqdim etdiyim bir ifadır və qəbul olunur. 

Bəzən də olur ki, bizim çox gözəl xalq mahnılarımıza bədahətən nəsə deyirlər, bu da parodiyadır. Hansı ki, bu formanı mən lap çoxdan etmişəm. İndi gənclər bu formanı daha çox toylarda oxuyur. 

WhatsApp Image 2018-04-06 at 12.33.51.jpeg (275 KB)

- Bir az öncə duet ortaqlarınızdan söz açdınız. Biz müddət sonra nədənsə bunu davam etmədiz. 

- Çünki çox qorxuram qınaqdan, adam danışır qıraqdan, sonra da adam utanır arvad-uşaqdan. Necədir?

(zarafatla gülümsəyir-müəl.) Sözün düzü təkliflər çoxdur. Birinə artıq “hə” demişəm, amma qız-qadın deyil. 

Qızlardan bir neçəsi təklif edir... Düzdür, bizim də aramızda xətir-hörmətimiz var, ola bilsin ki, oxudum. Amma yenə də qınaq edəcəklər ki, “hə, Vüqar filankəsdən sonra bunu etdi”. Əslində daha böyük işlər görmək istəyirəm. 

Bu işlər insanı öz qəlibindən, qabından çıxarıb, aparır başqa istiqamətə. Mən bunu Ədalət Şükürovla oxuyanda gördüm. Ancaq o mahnıya görə ayda 10-15 dəfə bizi Moskvaya çağırırdılar. Artıq ayda 10-15 dəfə ora gedib-gəlməklə əvvəlki ətrafını, işini itirməyə məcbur olursan. 

O vaxtkı duetləri də konsert xətrinə etmişdim. Sadəcə, konsert bitdikdən sonra məndən o duetləri istəməyə başladılar. Bunların hamısı tarixə, insanların yaddaşına düşüb. Bəlkə biz dünyadan köçəndən sonra da yenə də dinləyəcəklər. 

- Son vaxtlar efirlərdə də az görünürsüz.

- Bir qədər seçim edirəm, hər çağrılan verilişə getmirəm. 

- Əslində peşəniz kino və dram aktyorluğudur. Hətta 2000-ci illərin əvvəllərində bir neçə, o cümlədən “Adam ol” filminə də çəkilmisiz...

- Yox, onlara film deməzdim. Mən yalnız bir filmə çəkilmişəm, Məhərrəm Bədirzadənin rejissorluğu ilə “Sonuncu şahid” adlı 4 serialdan ibarət filmə. Daha sonra “Planeti parni iz Baku” KVN teatrı ilə bir neçə filmə çəkildim. 

“Adam ol” filminə gəldikdə isə, o vaxt Sərxan Moskvadaydı. Birdən ağlına gəldi ki, məni də epizodik olaraq çəksin. Aramızda hörmətimiz olduğu üçün imtina etmədim. Sadəcə filmə çəkiləndə ssenari iə tanış deyildim, bilmirdim hansı obrazı yaradacam, 1-2 epizoda çəkildim. Bunu da özüm üçün iş hesab etmirəm. 

- Bəs indi dəvət yoxdur, yoxsa özünüzü yeni çəkilən filmlərdə görmürsüz?

- Birincisi dəvət yoxdur. İkincisi də o filmdə deyildiyi kimi, “Deyəsən, Şura hökuməti bizdən qorxur”, deyəsən məndən bir qədər qorxur, çəkinirlər. Bilirsiz ki, mən teatr rəhbəri də olmuşam, rejissorluq, ssenari yazmaq bacarığım da var. Lakin bunu göstərməyə imkanım olmayıb. Həm də məni daha çox meyxana öz tərəfinə çəkib, aparıb. Ola bilsin ki, bəziləri dəvət etmək istəyir, amma düşünür ki, birdən vaxtım olmaz və ya böyük qonorar istəyərəm və yaxud gəlib onların işini bəyənmərəm. İndi serial və filmlərin əksəriyyəti qeyri-peşəkar çəkilir. Bəzən çəkiliş meydançasında bir neçə adamın işini bir adam görür, daha doğrusu görmək istəyir. Bu da qeyri-peşəkarlıqdan xəbər verir. İndi bizim çəkilən seriallara, kinoteatrlarda təqdim olunan filmlərə baxsaz, çox böyük qeyri-peşəkarlıq, bayağılıq var. Bir dəfə bax, at qırağa. Son illərdə çəkilən filmlər “Yol əhvalatı”, “Bəyin oğurlanması”, “Bəxt üzüyü” filmləri ilə heç cür müqayisəyə gəlmir. Halbuki, çox müasir texnikadan istifadə edilir. 

Çıxıb deyirlər ki, “Azərbaycan kinosunda ilk dəfə!”, ya mistika, ya fantastika və sairə. Ay kişi, bunların hamısını ediblər. “İlk dəfə”, “Ən birinci”, bu sözlər bizim evimizi yıxıb, xəbəriniz var? Adam utanır desin ki, bəlkə ilk dəfə Qaqarindən də öncə kosmosa uçan olub?...

- Bu gün redaksiyamızın qonağısız. Bir meyxana demədən sizi buraxmaq istəmirik (zarafatla).

Barmaqlarını stola döyəcləyərək ritm tutur və bədahətən meyxana oxuyur...


- Məni eşidib neçə kəndlər, şəhərlər
Adətən səsim olmuyur səhərlər.
Məndə də var məlumat, xəbərlər
İstəyirəm Musavat.com üçün deyim -
İstəyirəm Müsavat.com üçün deyim,
Müsavat gələndən Azərbaycana,
Çox işləri salıbdılar səhmana. 
Xalidə xanım xahiş eliyib meyxana, 
Həm ona, həm də camaat üçün deyim, 
İndi “Yeni Müsavat” üçün deyim, 
Bir az “Yeni Müsavat” üçün deyim. 
Müsavatın gəldim, oldum qonağı,
Bu qəzetin hər yerdə var sorağı.
Mən istədim ki, bu seçkiqabağı, 
Elə “prosta” təbliğat üçün deyim, 
Bir-iki kəlmə Müsavat üçün deyim, 
Bir-iki kəlmə Müsavat üçün deyim... 

(Xalidə Gəray, Fotolar və video Məğrur Mərd, Musavat.com)
Nəşr olunub CƏMİYYƏT

Reytinq