Burda göstərilən tarixə olan xəbərlər: Cümə Axşamı, 17 May 2018

ABŞ-da fəaliyyət göstərən “Veterans Today” saytında İsrailin Türkiyədə sui-qəsdlərə başlayacağı və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas hədəfdə olduğu iddia edilib.

Avropa.info xəbər verir ki, saytın redaktoru, keçmiş hərbçi və kəşfiyyat mütəxəssisi Qordon Duff tərəfindən qələmə alınan yazıda Ərdoğanın Türkiyə prezidenti olmasının həm ABŞ , həm də Rusiyanın bölgədəki maraqlarına zidd olduğu bildirilir.

“ABŞ  Ərdoğanı öldürmədən Yaxın Şərqdə planlarını həyata keçirə bilməyəcəyini düşünür. Putin isə Ərdoğan olduğu müddətdə Əsədi tam olaraq dəstəkləyə bilmir, İrana silah sata bilmir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada fələstinlilərin ölümünə görə, gözlənilmədən İsrail səfirini ölkədən qovdu” –  Qordon Duff  belə yazır.

Müəllif Qordon Duff Türkiyə ordusundakı mənbələrə əsaslanaraq ABŞ və İsrailin Ərdoğana qarşı dövlət çevrilişi cəhdinə hazırlaşdıqlarını iddia edib.

“ABŞ və İsrail tərəfindən Ərdoğanı öldürmək üçün bir dövlət çevrilişi planlaşdırılır. Onlar Türkiyədə dövlət çevrilişinə Ərdoğanın öldürülməsi ilə başlamağı düşünürlər. Mənim bütün mənbələrdən aldığım məlumatlar bunu deyir” – ABŞ ordusunun keçmiş kəşfiyyat mütəxəssisi Qordon Duff belə yazır.

Nəşr olunub DÜNYA

Müğənni Elçin Cəfərovun ATV-nin efirində oxuduğu mahnı izləmə rekordu qırıb.

İnterpress.az xəbər verir ki, Zaur Baxşəliyevin aparıcısı olduğu "Bizimləsən" verilişinə qatılan müğənni Elçin Cəfərov Ramazan ayı ilə əlaqədar dini mahnı ifa edib.

Müğənninin ifa etdiyi "La İlahə İllallah" mahnısı izləyicilər tərəfindən də maraqla qarşılanıb. 

Belə ki, mahnı oxunan zaman tamaşaçılar əllərini göyə qaldıraraq dua ediblər.

Qeyd edək ki, sözügedən mahnının sözləri mərhum rejissor Şahin Zəkizadəyə, musiqisi isə Elçin Cəfərovun özünə məxsusdur.

Nəşr olunub MƏDƏNİYYƏT

Bu ölkədə ermənilərin yeni diaspor təşkilatı fəaliyyət göstərəcək. Moskvadakı mənbələrin verdiyi məlumata görə, “Spyurk” adlanacaq qurumun artıq formalaşmasına başlanılıb. 

Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin İnkişaf və Dirçəliş Fondunun sədri Şamil Tağıyevin məlimatına görə, Paşinyanı bu addımi atmağa səbəb Ermənistanda baş verən məxməri inqilab zamanı REİ-nin gözləmə mövqe tutması, hətta inqilab tərəfdarlarının Moskvadakı bəzi tədbirlərinə Ara Abramyan tərəfindən müdaxilə edilməsi olub.

Paşinyan da məhz bundan qəzəblənib. Məlumata görə, Abramyana erməni diasporası adından danışmaq qasağan edilib. Yaxın vaxtlarda isə “Spyurk”un strukturları formalaşdırılacaq. (musavat)

Nəşr olunub DÜNYA

Deputat: “Heç kim Azərbaycanı və onun üzvlərini AŞ-dan kənarlaşdıra bilməz, sanksiyalar nə söz deməyimizə və sənəd qəbuluna əngəl yarada bilər”

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞ PA üzvlərinə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar Pedro Aqramunta 10 il, digər üzvlər Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı 2 il ərzində qüvvədə olacaq. Qurumun mayın 16-da yaydığı rəsmi məlumatda adı sadalanan bu dörd deputatın davranış kodeksini ciddi şəkildə pozduğu, onların müvəqqəti olaraq assambleyanın mandatından məhrum edildiyi bildirilir. Onlar təyin olunma və ya məruzəçi kimi çıxış etmək, bir sıra əsas vəzifələrə qoşulmaq və ya seçkiləri müşahidə etmək kimi səlahiyyətlərindən məhrum ediliblər.

Sadalanan dörd AŞ PA üzvü bu müddət ərzində seçki müşahidəçisi kimi iştirak edə, heç bir komitənin, ya alt komitənin sədri ya sədr müavini ola, AŞ PA-nın prezidenti olmaq üçün seçkilərdə namizədliyini irəli sürə bilməyəcək. Onlar həmçinin, Assambleyanı və ya öz komitələrini təmsil etmək, Avropa Şurasının icra orqanına-Nazirlər Komitəsinə suallar vermək hüququndan da məhrum ediliblər.

S.Seyidov Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəridir.

səməd seyidov mətbuat konfransı ile ilgili görsel sonucu

Mayın 16-da günün sonuna yaxın Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov AŞ PA tərəfindən ona sanksiya tətbiq edilməsi ilə bağlı mətbuat konfransı keçirib. Konfransda çıxış edən S.Seyidov qeyd edib ki, bu məsələ ilə bağlı onu 3 saata istintaqa çəkiblər: “Dedilər, siz, sadəcə, etiraf edin ki, burada qeyri-qanuni işlərlə məşğul olmusunuz. Təbii ki, belə şey olmayıb. Azərbaycan öz doğru qanuni yolu ilə gedib. Mənim nümayəndə heyətindən çıxarılmağımla bağlı yayılanlar yanlışdır. Mən bu sanksiyaları yerinə yetirməyə məcburam. Ancaq orada təmsilçiliklə bağlı kimin olmasını partiyamız müəyyən edəcək. Bu məsələ müzakirə əsasında məlum olacaq. Bu mən, yaxud  başqaları da ola bilər”.

“Heç kim Azərbaycanı və onun üzvlərini Avropa Şurasından kənarlaşdıra bilməz, sanksiyalar nə söz deməyimizə, nə də sənəd qəbuluna əngəl yarada bilər”

S.Seyidov deyib ki, Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə konstruktiv əməkdaşlıq edir və bundan sonra da davam edəcək: “Ancaq dünənki qərar növbəti ikili standartlarla dolu yanaşmadır. Dünən həmin komitədə bir neçə üzv və mən sanksiyalarla üzləşmişik. Bu birinci dəfə deyil. Bu sanksiyaların tətbiqinə yazılı məktubumda qiymət vermişəm. Məktubda da qeyd etmişəm ki, bunun heç bir əsası yoxdur və Azərbaycana qarşı olan qərəzli münasibətdir”.

səməd seyidov mətbuat konfransı ile ilgili görsel sonucu

S.Seyidov vurğulayıb ki, bu sanksiya nümayəndə heyətinə heç bir mənfi təsir göstərməyəcək. Bu, Avropa Şurasının özünə mənfi təsir göstərəcək: “Heç kimi məhkəmə olmadan, hüquqi prosedur olmadan ittiham etmək olmaz. Bizim fikrimiz özünü doğrultdu, həmin komitənin böyük hesabatı Azərbaycana qarşı yönəlmişdi. AŞ PA-nın fəaliyyəti şəffaf deyil. Azərbaycanla bağlı qəbul olunmuş qərarların əksəriyyəti mənfidir. Guya beş il bundan öncə kimsə kiməsə deyib ki, monitorinq komitəsinin rəyi Səməd Seyidova əvvəlcədən bəlli idi. Dünən qəbul olunmuş sənəd düzgün qiymətləndirilməlidir. Heç kim Azərbaycanı və onun üzvlərini Avropa Şurasından kənarlaşdıra bilməz. Sanksiyalar nə söz deməyimizə, nə də sənəd qəbuluna əngəl yarada bilər. Bu, hansısa seçki prosesində müşahidəçi qismində iştirak etməyə və hansısa ölkə ilə bağlı rəylə çıxış etməyə imkan vermir.

Avropa Şurası dəyişməlidir. Bu cür Avropa Şurası ola bilməz, bu qurum krizis yaşayır. Lakin Avropa Şurası hazırkı vəziyyətdədirsə, bu o demək deyil ki, biz bu meydanı tərk edəcəyik. Bizim bayrağımız ulu öndərimiz tərəfindən Avropa Şurasının binası qarşısında yüksəldilib. Orada olmaq bizim üçün bir meydandır, imkandır. Heç kim düşünməsin ki, biz bu imkandan, meydandan imtina edəcəyik".

səməd seyidov mətbuat konfransı ile ilgili görsel sonucu

S.Seyidov bildirib ki, AŞ PA-da sanksiyaya məruz qalan şəxslər Ermənistanın işğalına münasibətdə Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyən şəxslərdir: “Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində fəaliyyət göstərən insanlar daim qurumda sanksiyaya məruz qalıb. Ən əsası da bir neçə komitədə, bir neçə iclasda Dağlıq Qarabağ və ətraf rayonların azad olunması ilə bağlı məsələlər qaldıran insanlar bu gün sanksiyaya məruz qalıb.

Əsas hədəf hansısa şəxs deyil. Nümayəndə heyətimizin rəhbəri bu gün bir şəxsdir, sabah başqa şəxs ola bilər. Əsas məsələ Azərbaycanın milli maraqlarıdır. Biz buna müdaxiləyə imkan verməyəcəyik. Azərbaycanın AŞ PA-da fəaliyyətini daha da yüksək formada təşkil edəcəyik. Bu sanksiya Azərbaycana deyil, AŞ PA-nın öz nüfuzuna mənfi təsir göstərəcək. Biz növbəti sessiyada iki nəfərlə də olsa, təmsil olunacağıq, boş qalan yerlərə də şəxslər seçiləcək.

Azərbaycan nümayəndə heyətini heç kim Avropa Şurası Parlament Assambleyasından uzaqlaşdıra bilməz. Çünki qurumda nümayəndə heyətini Azərbaycan özü müəyyən edir.

Bir daha deyirəm ki, sanksiya qərarı Azərbaycana qarşı ikili standartların təzahürüdür. Dəfələrlə o qurumda Azərbaycana qarşı ikili standartların şahidi olmuşuq. Ona görə də sanksiya qərarının heç bir əsası yoxdur, başdan-ayağa qərəzlidir. AŞ PA-da Ermənistana qarşı fərqli münasibət var. Ermənistanda keçmiş hakim rejimlə bağlı daim müsbət fikir ifadə edirdilər. Halbuki həmin rejim öz vətəndaşlarını küçədən gülləbaran etmişdi. Belə bir koorupsioner, qəddar rejimli Ermənistanla bağlı məruzələrdə AŞ PA-da həmişə müsbət fikir ifadə olunur. Amma nə oldu? Ermənilər özləri həmin rejimi tarixin zibilliyinə atdı. Əlbəttə, AŞ PA içində sağlam qüvvələr var, amma bəzi şəxslər qərəzli çıxış edirlər. Onlar Azərbaycanı AŞ PA-dan uzaqlaşdırmaq istəyirlər. Bu sanksiya da buna xidmət edir. Bu hadisənin baş verməsi heç də təsadüfi deyil. Burada erməni əli olmaqla yanaşı, Azərbaycanı Avropa istiqamətindən yayındırmaq istəyən qüvvələrin əli var. Onlar Azərbaycanı Avropadan uzaqlaşdırıb zəif duruma salmaq istəyirlər".

Məsələ ilə bağlı Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Asim Mollazadə modern.az-a açıqlama verib.

Nümyəndə heyətinin üzvü bildirib ki, bu qərarı ədalətsiz və Azərbaycana qarşı qərəzli mövqe kimi qiymətləndirir:“Əslində məsələni araşdırsaq görərik ki, korrupsiya faktı başqa ölkə tərəfdən, başqa məsələlərlə bağlı olub. Mən bunu Azərbaycana qarşı aparılan informasiya müharibəsinin tərkib hissəsi hesab edirəm. Səməd Seyidovla bağlı qərara gəldikdə isə bu, onun 2 il müddətində məruzəçi və müşahidə missiyalarını məhdudlaşdıran qərardır. Bu da ədalətsiz qərardır”.

Deputat bildirib ki, AŞ PA-nın qərarının nümayəndə heyətinin rəhbərliyinə heç bir aidiyyəti yoxdur: “Yəni Səməd Seyidov yenə də  Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edəcək”.

Ä°lgili resim

Müxalifət düşərgəsindən isə hadisəyə fərqli münasibət ifadə olunub. VİP sədri Əli Əliyev hadisəyə münasibət bildirib:“Səməd Seyidovun sanksiyaya məruz qoyulması, nəhayət ki, beynəlxalq ictimaiyyətin iqtidarın siyasi davranışına verdiyi rəsmi qiymətdir. Beləliklə, rəsmən sübuta yetirildi ki, Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri korrupsionerdir, onun Avropa məkanına yaya biləcəyi ziyanlı vərdişindən qorunmağın yolu izolyasiya, karantindir. Xub. Bunu bildik, zatən də bilirdik. Səməd Seyidov bu halda fərd deyil. Deməli, onun təmsil etdiyi nümayəndə heyətinə vurulan damğadır bu qərar. Nümayəndə heyəti də bütövlükdə Azərbaycan Respublikası Parlamentini təmsil etdiyindən, korrupsiyaya hakimiyyət qollarından biri bulaşmış kimi görünür”.

Müstəqil siyasi ekspert Şahin Cəfərli ile ilgili görsel sonucu

Müstəqil siyasi ekspert Şahin Cəfərli isə bildirib ki, Səməd Seyidova qarşı tətbiq olunan sanksiyalardan çox, faktın özü önəmlidir: “Kimsə sanksiyaları sərt, kimsə əhəmiyyətsiz və qeyri-ciddi hesab edə bilər. Amma fakt budur ki, Azərbaycan nümayəndə heyətinin rəhbərinə beynəlxalq təşkilat tərəfindən məlum ittihamlarla sanksiya tətbiq olunub. Bu, ölkə üçün ayıblı və utandırıcı haldır.

Bu faktın beynəlxalq səviyyədə təsirlərini biz bəlkə də Bakıdan baxmaqla görməyəcəyik. Amma Azərbaycan təmsilçilərinin beynəlxalq təşkilatlarda dili qısa olacaq. Məsələn, ermənilərin bizim nümayəndələrin çıxışlarına hansı reaksiyaları verəcəklərini yəqin ki, təxmin edirsiniz...

İndiki Milli Məclis buraxılmalıdır. Seçki islahatı həyata keçirilərək heç olmasa, qismən demokratik seçki yolu ilə səviyyəli, xalqdan mandat almış parlament formalaşdırılmalıdır. Bunun edilməməsi, yaxud köhnə, ənənəvi üsullarla yeni seçki tamaşasının səhnələşdirilməsi ölkə üçün ağır nəticələrə səbəb ola bilər".

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı isə bildirib ki, yəhudi lobbisi ona görə güclüdür ki, çoxlu pul xərcləyir. Dövlət maraqları üçün pul xərcləmək ayıb deyil. Bunu edən tərəfə sanksiya tətbiq etmək isə qərəzdir.


“Yeni Müsavat”

Nəşr olunub SİYASƏT

Dövlət başçısı: “Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər”

Azərbaycan Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfər edib. O, öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Daha sonra dövlət başçısı Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlət başçısına kompleks barədə məlumat verib.

Bildirilib ki, kompleks giriş nasos stansiyasından, hovuzlardan, inzibati, transformator, kompressor binalarından, suvarma üçün nəzərdə tutulan su hovuzundan ibarətdir. Burada, həmçinin iri tullantı tutucu, qum və yağ tutma, membran tipli təmizləyici, palçıqqurutma, havatəmizləyici qurğular quraşdırılıb. Ümumilikdə, bu qurğunun fəaliyyəti 121 min istifadəçini əhatə edir. İcrasına 2014-cü ildə başlanılan layihə ötən ilin oktyabrında tamamlanıb.

Layihənin icrası nəticəsində 500 hektar torpağın suvarılması mümkün olacaq.

Prezident İlham Əliyev kompleksi işə salıb.

Bundan başqa, prezident İlham Əliyev Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub. Dövlət başçısı məktəbin kollektivi və ictimaiyyətin nümayəndələri ilə görüşüb.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə də tanış olub.

Prezident qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan ordusu ən müasir silahlar, texnika ilə təchiz edilib: “Biz son illər ərzində Azərbaycan ordusunu böyük dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın yerləşməsinə, coğrafi relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir. Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni, təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir”.

İ.Əliyev prezident kimi Naxçıvana sayca 14-cü dəfə səfər etdiyini bildirib: “Prezident kimi ilk dəfə Naxçıvana düz 14 il bundan əvvəl - 2004-cü ilin may ayında gəlmişdim. Bu 14 il ərzində Naxçıvanda gedən işləri daim diqqətdə saxlamışam və respublikanın uğurlu inkişafı üçün nə lazımdırsa biz onu da edirik”.

Prezident qeyd edib ki, Naxçıvan strateji yerdə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır:“Naxçıvanın uğurlu inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər sovet dövründə də daim Naxçıvana böyük diqqət göstərib və o vaxt respublikanın inkişafı üçün çox böyük işlər görülüb. 1990-cı illərin əvvəllərində - Naxçıvan üçün ən ağır illərdə Ulu Öndər naxçıvanlılarla birlikdə burada çox ağır şəraitdə Naxçıvanı böyük bəlalardan qurtara bilib. Biz hamımız o illəri yaxşı xatırlayırıq, bilirik ki, bizim mənfur düşmənlərimizin niyyəti, eyni zamanda, Naxçıvanı da işğal etməkdən ibarət idi. Naxçıvana qarşı onlar silahlı hücumlar təşkil edirdilər. Ancaq naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşərək düşmənə layiqli cavab verib onları yerinə oturtmuşlar. O illərdə Naxçıvan üçün və ümumiyyətlə Azərbaycan üçün həlledici məsələlər öz həllini tapıb. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan o ağır illərdən şərəflə çıxa bilib. Ölkəmizin müstəqilliyi işində Naxçıvanın çox böyük rolu olub.

Məhz o illərdə ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını Naxçıvanda rəsmi bayraq kimi təsdiq etdi və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdı ki, bu bayraq dövlət bayrağı kimi qəbul edilsin. Ancaq o vaxt Azərbaycan rəhbərliyi buna imkan vermədi. O vaxt Naxçıvan ”Naxçıvan Muxtar Sovet Sosialist Respublikası" adlanırdı və Ulu Öndərin təklifi ilə bu addan sovet, sosialist sözləri çıxarıldı. Bu, sovet dövründə baş verib. Sovet İttifaqının saxlanmasına dair referendum Naxçıvanda keçirilmədi. Bütün bu işlər böyük cəsarət tələb edirdi. Bütün bu işlər onu göstərirdi ki, Ulu Öndər həmişə müstəqillik arzuları ilə yaşayırdı. Azərbaycanın dövlət müstəqilliyinin təmin edilməsində Ulu Öndərin və naxçıvanlıların çox böyük rolu var".

Daha sonra prezident Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Bina ilə tanışlıqdan sonra prezident İlham Əliyev ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezidenti İlham Əliyev görüş zamanı bildirib: “Azərbaycan hazırda Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə ciddi məşğuldur. Azərbaycan ərazisində bu layihə ilə bağlı bütün işlər görülüb. Biz bu layihənin tam başa çatması üçün böyük maliyyə vəsaiti ayırmışıq. Ümid edirəm ki, gələcək üç il ərzində bu layihə tam istifadəyə veriləcək. Hər halda, planımız bundan ibarətdir. Belə olan halda Naxçıvan dəmir yolu ilə Azərbaycanın əsas hissəsi ilə birləşəcək və beləliklə, blokadadan, mühasirədən canını qurtaracaq”.

“Naxçıvanın təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük işlər görülüb” - deyə, prezident söyləyib: 

“Siz burada düşmənlə üz-üzə yaşayırsınız, yaradırsınız. Əlbəttə ki, ilk növbədə, Naxçıvan Muxtar Respublikasının uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri ön planda və prioritet məsələ olmalıdır. Biz bunu belə də qəbul edirik. Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb”.

Nəşr olunub SİYASƏT

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı vəAzərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması” adlı layihə çərçivəsində “100 yaşlı cümhuriyyət” adlı konfrans keçiriləcək.

Konfrans 18 may 2018-ci il tarixində, saat 15:00-da, Beynəlxalq Mətbuat Mərkəzinin dəyirmi zalında keçiriləcək. 

Arzu edənlər iştirak edə bilərlər. 

Nəşr olunub CƏMİYYƏT

Vətəndaş Rüstəmov Kamil Tərlan oğlu Azinforum.az İnformasiya Portalına müraciət edərək, rastlaşdığı qanunsuzluqdan şikayət edib.  Vətandaşın redaksiyamıza təqdim etdiyi videomüraciətdə deyilir ki,  onun qızı Rüstəmova Aylin Kamil qızı son bir il müddətində Bakı-Sumqayıt şosesinin kənarındakı , Xırdalan qəbirstanlığı ilə üzbəüz olan “Azer City” adlı supermaketdə kassir işləyib. Şikayətçi bildirir ki, həmin marketin sahibi əslən Laçın rayonundan olan Əliyev Azər adlı şəxs onun qızının 2 ay yarımlıq əmək haqqını vermir:

“Səbəbini belə izah edir ki, mənim qızım nə vaxtsa 15 dəqiqə işə keçikib.  Buna görə onun əmək haqqından 50 manat kəsmək istəyib. Qızım buna etiraz edəndə, onunla kobud danışıb. Nəticədə qızım çox ağır, stresli vəziyyətdə ağlıya-ağlıya evə gəlib.  Mən dəfələrlə həmin marketin rəhbərliyinə müraciət etsəm də, qızımın halal maaşını ala bilmirəm. Sonuncu dəfə marketin müdiri Azər müəllimin yanında 16 may tarixində oldum. O, mənimlə çox kobud davrandı və bildirdi ki, qızım 15 dəqiqə işə keçikməklə ona  min manat ziyan vurub. Mən bilirəm ki, bunların hamısı bəhanədir. O, sadəcə mənim qızımın alın zəhməti ilə  qazandığı pulu mənimsəmək istəyir. Siz təsəvvür edin ki, mənim qızım əvvəl işə  səhər saat 7-də gedib, axşam 11-də çıxırdı. Bu 16 saat edir. Belə iş rejimi harda var? Bu, birbaşa Əmək Məcəlləsinin tələblərinin pozulması anlamına gəlir.  16 saatlıq gərgin işə görə, ona 400 manat əmək haqqı verirdilər.  Mən gedib etiraz etdim,  bundan sonra qızım 200 manat maaş müqabilində səhər saat 7-dən günorta saat 2-yə kimi işləməyə başladı. Mən Azər Əliyevin bu özbaşınalığına görəndən sonra, rəsmi qurumlara şikayət etmək qərarına gəldim. Həmin zaman qızım mənə dedi ki, onunla market arasında heç bir əmək müqaviləsi bağlanmayıb.  Demək ki, mənim qızım bir il müddətində orada  rəsmiləşdirilmədən çalışıb”.

Şikayətçi bildirir ki, Azər Əliyev son söz olaraq ona deyib ki,  hara istəyirsə şikayət etsin,  bir qəpik də olsun pul verən deyil:

“Biz hüquqi dövlətdə yaşayırıq. Bu adam nəyə arxayındır ki, belə dərəbəylik edir? Mən bütün Kütləvi İnformasiya Vasitələrindən xahiş editrəm ki, bu məsələni ictimailəşdirsinlər.  Üzümü rəsmi dövlət qurumlarına tutub, xahiş edirəm ki, bu adamın fəaliyyətini araşdırsınlar. Necə ola billir ki, həmin marketdə işçilər əmək müqaviləsi olmadan çalışırlar. Azər Əliyev mənə deyir ki, o, 15 dəqiqəyə  min manat  qazanır. Maraqlıdır, həmin marketdə nə satılır ki, belə yüksək qazanc əldə olunur? Mən öz hüquqlarımı bütün  qanuni vasitələrdən istifadə edərək qoruyacam və əminəm ki, haqq-ədalət öz yerini tapacaq”.

Vətəndaşın şikayəti ilə bağlı sözügedən marketlə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. İnternet üzərindən sözügedən marketlə bağlı verdiyimiz sorğular nəticəsində çıxan əlaqə vasitələri bizə market rəhbərilyi ilə əlaqə saxlamaq imkanını yaratmadı. Mövzu ilə bağlı Azər Əliyevin də mövqeyini dinləməyə hazırıq.

Nəşr olunub CƏMİYYƏT

Reytinq