“Bakıda ermənilərin təsiri rusların təsirindən çoxdur...” - Sabir Rüstəmxanlıdan ağır ittihamlar

07 İyu 2018
582 baxış
Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Cümhuriyyətin 100 illiyi ilə bağlı "Cümhuriyyət bayramından sonra düşüncələr” adlı yazı yazıb. Yazıda cəmiyyəti narahat edən çox aktual problemlərə toxunulub, yubileydə edilən nöqsanlar sadalanıb, sensasiya hesab edilə bilən bir sıra ittihamlar irəli sürülüb. 
 
BakuPost.az həmin yazını olduğu kimi təqdim edir:
 
Cümhuriyyətimizin 100 illik yubileyi əsl ümumxalq bayramı idi. Bunu sosial mediadakı yazılar, dünyanın müxtəlif guşələrində yaşayan bacı - qardaşlarımızın, diplomatik nümayəndəliklərimizin, diaspor qurumlarının keçirdiyi qutlamalar, yürüş və müzakirələr, şəhər və rayonlarımızdakı yığıncaqlar da aydın göstərdi. Biz də Dünya Azərbaycanlıları Konqresi və Vətəndaş Həmrəyliyi Partiyası olaraq bir neçə tədbir keçirdik, dəvət olunduğumuz məclislərdən də imtina etmədik. Cümhuriyyətçilik ənənələri tələb edir ki, ayrı-seçkilik etmədən, milli birlik ruhunun və dövlətçilik tariximizə sayğılı münasibətin güclənməsi yönündə atılan bütün addımları dəstəkləyəsən. 
 
Həmin günlərdə dünyanın çeşidli guşələrindən, dost-tanışdan saysız təbrik aldım. Sual doğa bilər: bəs öz rəsmilərimizdən necə, müstəqillik aktına imza atdığın bu dövlətin hər hansı qurumundan, təməlinin qoyulmasında böyük zəhmətin olan və 25 il ömrünü verdiyin Milli Məclisdən, 5 il naziri olduğun Nazirlər Kabinetindən, bu bayrağı, bu himni tanıtdırdığınız, təmsil etdiyin İstiqlalçılar nəslindən öyrənə-öyrənə gəlib indi dövlətdə vəzifə sahibi olmuş adamlardan, rəsmi mədəniyyət dairələrindən... ikicə kəlməlik xoş söz, təşəkkür və ya bayram təbriki eşitdinizmi, o günlərdə çəkdiyiniz əziyyətləri bir nəfər yada salan oldumu? 
 
Yox! Bu dairələr ya İstiqlalçı deputatları görməzdən gəlir, ya da ağılları kəsmir ki, dünya təcrübəsindən öyrənsinlər, bilsinlər ki, belə bayramlarda dövlətin bərpasında əməyi keçən və sayı o qədər də çox olmayan, "istiqlal mübarizəsi veteranları”nı yada salmaq da dövlətçilik ədəbinin bir hissəsidir və cəmiyyətdə qarşılıqlı etimadın, inamın, səmimiyyətin möhkəmlənməsinə xidmət edir; milli psixologiyaya vətən və vətəndaş sevgisilə bağlı yeni naxışlar əlavə edir. Müstəqillik Aktını hazırlayıb qəbul etdirən, SSRİ-nin saxlanılmasına "yox!” deyən, üçrəngli bayrağımızı indiki bəzi vəzifə sahiblərinin ayaqları altından, həqarətindən qurtarıb göz yaşıyla köksünə sıxıb qoruyan bu insanlar rəsmi bayram tədbirlərinə də dəvət edilmədilər! Məntiqi anlamaq çətindir. Müstəqillik bayram edilir, ancaq onun zəhmətini çəkənlər yox sayılır, adam yerinə qoyulmur, sanki ölkəni SSRİ- dən qopardıqlarına görə böyük səhvə yol veriblər və sıxıntılar, məhrumiyyətlər içində nə qədər tez məhv olub getsələr, o qədər yaxşıdır... Bunlardan nəyin intiqamı alınır, anlamaq çətindir. Yedikləri xörəyin qabını sındırmaqla nə qazanırlar, görəsən? Deyə bilərlər ki, "Siz kimsiniz, bu dövləti ümummilli lider Heydər Əliyev qurub”. Deyə bilərlər və deyirlər. Mərhum Heydər Əliyevin Azərbaycan üçün və onun dövlət müstəqilliyinin qorunması, möhkəmlənməsi üçün gördüyü işlər, bu sahədəki xidmətləri kifayət qədər böyükdür və ona yetər! Bunu kimsə inkar edə bilməz! Bu xidmətlər onsuz da tariximizdə ona bənzərsiz bir mövqe qazandırıb. Buna görə də onun xidmətlərinə yaltaqlıq bəhrəsi olan yalan və saxta tarixlərlə əlavə yamaqlar vurmağa ehtiyac yoxdur!
 
Heydər Əliyev bərpa edilmiş dövlətin başına gəlmişdi və gənc dövləti ağır duruma salıb sonra onu Bakıya dəvət edənləri sərt şəkildə tənqid etməklə yanaşı, meydan hərəkatını, Azərbaycanı SSRİ-nin tərkibindən qurtarmaq üçün aparılmış azadlıq mübarizəsini də yüksək qiymətləndirir və "mən bütün bunları Moskvadan diqqətlə izləyir və sevinirdim” deyirdi. O, hakimiyyətə ona xəyanət eləmiş köhnə yetirmələrinin, onu Moskvada bitmiş sayıb əleyhinə çalışan əski kommunistlərin yox, onu sevən xalqın və müstəqilliyi bərpa edənlərin dəvətilə, onların yanına qayıtmışdı. Sonralar səhvlər yenə davam elədi, torpaqlarımızı xilas etmək üçün birləşmək əvəzinə qarşıdurmaların yeni dalğaları baş qaldırdı. Lakin bu, başqa bir mövzudur, indi mən başlanqıcdan danışıram və demək istəyirəm ki, o başlanqıcda irili-xırdalı kimin nə xidməti olubsa dəyərləndirilməlidir, belə insanları unutmaq insanlıq deyil və dövlətçilik tariximizə hörmətsizlikdir.
Nə isə, əsas bu deyil! 
 
Bu yüzillik yubileyi görə bilməyimiz və qutlamağımızdır əsas! 1988-ci ildə Meydan mitinqlərində Cümhuriyyətdən söz düşəndə onun yüz yaşının çox uzaqda olduğunu düşünürdük və bizim də o yaşa, o yubileyə çata biləcəyimiz inanılmaz görünürdü. Amma şükür bütün yaxşı-pis illərdən keçib bu günlərə çatdıq. Şənliklər ara verdi və indi sakitcə görülən işlərə nəzər salıb, bayramın nə səviyyədə keçdiyini dəyərləndirmək olar. Gözləntilərimiz, arzularımız nə idi, onların hansına vaxt və imkan çatdı, hansı birisi həll edilməmiş qaldı? Cəmiyyət bu barədə danışır, mən onlardan bir neçəsinə toxumaq istərdim. 
 
Vətəndaş Həmrəyliyi adlı şəxsin şəkli.
 
Bakının İstiqlal küçəsində İstiqlal abidəsi qoyulub, lakin mənə elə gəlir ki, 1918-ci ilin may ayında qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki və dünya tarixindəki böyük yeri və önəmi onun şərəfinə daha böyük və daha məzmunlu bir abidənin ucaldılmasını tələb edir. O cümhuriyyəti qanında boğan XI Qırmızı Ordunun şərəfinə 20 Yanvar meydanındakı möhtəşəm abidəni xatırlayaq. İşğalçıya o boyda kompleks yaratmışdıq, niyə milli dövlətimizin qurucularına da ona bənzər bir abidə qoyulmasın. Həmin abidəni Bayraq meydanında da ucaltmaq olar.
 
Təqvimizdə rəsmi soyqırımı günü var. Neçə illərdir Bakıda bir soyqırımı muzeyinin yaradılması zərurəti gündəmdədir. Bu məsələ barədə çox yazılıb, Milli Məclisdə çox danışılıb. Bu istək və tələblər niyə heç bir yerə çatmır? Mane olan nədir? Gözləyirdik ki, Cümhuriyyət ilində bu məsələ də həll olunar. Həmin muzey son iki yüz ildə xalqımıza qarşı törədilmiş cinayətlərin, bölünməyimizin, torpaqlarımızın işğalının, köçürmələrin, repressiya və kütləvi qırğınların, nəhayət, Qarabağ cinayətlərinin aynası olmalı və ziyarət yerinə çevrilməlidir. Həqiqətin gözünə düz baxmaq lazımdır. Bu qədər söz-söhbətə, təkliflərə baxmayaraq, belə bir muzeyin yaradılmasına kimlər və niyə mane olurlar? Bir vaxtlar dəfələrlə deyildi ki, 1918-ci il mart qırğınlarının günahsız qurbanlarının və şəhidlərinin basdırıldığı Çəmbərəkənd qəbiristanlığında Kirovun heykəlinin ucaldılması və onun altında o vaxtkı Bakının əsas rəsmi ziyafət və şənlik yeri olan "Drujba” restoranının fəaliyyəti tariximizə hörmətsizlik və millətin üzünə tüpürməkdir. Sovet rejiminin bizə münasibəti beləydi. Şükür Kirovun heykəlini uçurtduq. Dediyimiz muzeyi həmin restoranın yerində və ətrafında yaratmaq olardı. Təkliflər nəzərə alınmadı. Əksinə, orda yenə başqa bir əyləncə və yeyib -içmək yeri tikilib. Yəni köhnə təhqir ruhu davam etdirilir. 
 
Biz şəhərimizə gələn qonaqları 20 Yanvar şəhidlərinin ziyarətinə aparırıq. 20 Yanvar millətimizin çəkdiyi zülmlərin və qırğınların kiçik bir epizodudur; 1918-ci ildə ermənilərin. Bakıda törətdikləri ağlasığmaz vəhşiliklərin yanında xırda görünən cinayətdir. Lakin Azərbaycan əhalisinə qarşı qəsdli və kütləvi qırğınlar 1990-ci ilin 20 yanvarından da, 1918-ci ildən də çox-çox əvvəl başlanıb. Daha çox ermənilərin əliylə həyata keçirilən bu planlı və düşünülmüş cinayətlərin hər hansı bir muzeydə göstərilməsi kimi böyük tarixi əhəmiyyəti olan iş niyə ciddi şəkildə qulaq ardına vurulur? İndi Xocalı muzeyindən danışılır. Xocalı muzeyi olmalıdır, vacibdir, amma bizim dediyimiz bu deyildir. İndiki halda Bakıda Sovet Ordusunun törətdiyi cinayət hər kəsə göstərilir, erməni cinayətləri isə gizlədilir (bunu Şəhidlər Xiyabanında da görmək mümkündür) və belə təsəvvür yaranır ki. hansısa gizli əl burda ermənilərin xeyrinə işləyir və ya Bakıda ermənilərin təsiri indinin özündə belə Rusiyanın təsirindən daha artıqdır. Rusiyanın əliylə şəhid olanlara xatirə kompleksi qurmaq olar, amma iki yüz il ərzində bu millətin başına gətirilən erməni vəhşiliklərinin bir yerdə əks etdirilib göstərilməsi mümkün deyildir...
 
Похожее изображение
 
Yəqin, Nuru paşanın da bu dediklərimlə əlaqəsi var, Yoxsa abidələr, heykəllər şəhəri olan Bakıda onu bolşevik-erməni-ingilis işğalından xilas edib Cümhuriyyətimizin baş kəndi yapan Nuru paşaya bir abidə qoymaq haqqında xalqın, ziyalıların, Milli Məclis deputatlarının illərlə səslənən təklifləri niyə həyata keçirilmir? Bunlar ciddi suallardır və kökünə gedəndə çox böyük narahatlıq doğurur.
 
Cümhuriyyətin 100 illiyi ilə bağlı hansı nəşrlərə ehtiyac vardı, hansı filmlər çəkilə bilərdi, hansı televiziya verilişləri hazırlanmalı idi? Təəssüf ki, bu tipli məsələlərdə də ictimai rəy, peşəkar rəyi nəzərə alınmır...
 
Dövlətə və onun atributlarına münasibət, bayramların keçirilməsi mədəniyyəti də xüsusi bir yazı mövzusudur... 
 
Vətəndaş Həmrəyliyi adlı şəxsin şəkli.
 
Mayın 28- də üzləşdiyimiz mənzərənin üstündən sakit keçmək olmaz. Müstəqilliyimizin bərpasından 27 il keçir. Az vaxt deyil. Hər halda bu dövlətin qurucularının tanıdılması, tərcümeyi-hallarının öyrədilməsi, bayrağının sevdirilməsi, himninin əzbərlətdirilməsinə bəs edən bir vaxtdır. 
Biz Vətəndaş Həmrəyliyi partiyası olaraq Cümhuriyyət bayramında İstiqlal küçəsindəki İstiqlal abidəsini ziyarət edib ora əklil qoymağı qərarlaşdırmışdıq. Çox adam çağrılmamışdı. İyirmi-iyirmi beş nəfər "İçərişəhər” metrosunun qabağında görüşüb gedib əklilimizi qoyub dağılışacaqdiq. Bayramı qeyd etməyin bundan sakit yolunu təsəvvür etmirəm. Lakin metronun qarşısındakı polislər və hansı idarəyə məxsus olduqları bilinməyən mülki geyimlilər məni gözləyən və bayram ovqatı ilə, uşağı, ailə üzvləri ilə gəlmiş yoldaşlarımız burda görüşüb toplaşmasına icazə verməyib onları parka sıxışdırmışdılar. Bizim gələnlərimizdən çox onlardı. Şəhərdə sakitlik, əmin-amanlıq qorunmalıdır, başa düşürük. Ancaq abidəyə əklil qoymaq niyə yasaqlanmalıdır? Niyə iki-üç adamdan artıq bir dəstə görən kimi onların başının üstü kəsdirilməlidir? Sağ olsunlar, mənə həmişə sayğı ilə yanaşıblar. İndi də mehribanca salamlaşdıar, sonra kənara çəkilib harasa zəng vurdular, sonra yanaşıb mənə nəzakətlə, amma gülməli bir xəbər verdilər: Sabir müəllim, siz keçə bilərsiniz, amma başqalarını buraxa bilmərik. Sanki mənim İstiqlal küçəsi ilə keçib getməyimə də xüsusi icazə gərəkirmiş. Mən bunlara anlada bilmədim ki, əklili tək qoymazlar, ayıbdır. Dialoqlarlardan və telefon danışıqlarından yadımda qalanların hamısını yazmaq istəmirəm. Telefonda onlara deyilənləri təkrar edirdilər: "Rəsulzadənin qəbri Novxanıdadır, gedin mitinqinizi orda eləyin!” İzah edirəm ki, biz mitinq keçirmək istəmirik, iyirmi nəfərlə mitinq keçirilməz, əklil qoymaq istəyirik. İkincisi, Rəsulzadənin qəbri Novxanıda yox. Ankaradadır. Üçüncüsü, bu gün Rəsulzadənin yox, Cümhuriyyətin bayramıdır, biz də o cümhuriyyətin şərəfinə qoyulmuş abidəyə əklil qoymaq, qurucuların hamısını xatırlamaq istəyirik”. Xeyri yoxdur! Bir söz tapa bilməyəndə " bilirsiniz də, biz tapşırığı yerinə yetiririk!” deyib dururlar. Onları da başa düşürəm, ancaq onlara bu təlimatı verənləri, telefonların o başındakıları başa düşə bilmirəm. Toplu şəkil çəkdirmək istəyirik. Kimsə bayrağımızı açır. Həmən mülki geyimlilər hərəkətə keçir: "Bayrağı yığışdırın”. Yenə yeni bir mühazirə başlanır: "Ay bala, bu bizim dövlətimizin bayrağıdır, bu gün bütün şəhər bu bayraqla bəzədilməlidir; könlü istəyən hər kəs bu bayrağa sarılmalıdır”. Deyəsən, aralarında bayrağı tanımayanlar da var. Qulağıma hansınınsa telefonla dediyi "türk bayrağı” sözü dəyir. Nə isə, mənim iki nəfərlə keçməyə icazə verdilər... Sağ olsunlar, böyük iltifatdır! Qalanlar da tək-tək süzülüb gəldilər. Lakin bu dəfə abidənin qarşısında ilişdik. Əklilin maşından endirilməsinə icazə verilmir. "Niyə?” Cavab qəribədir: "Bura prezidentimiz əklil qoyub. Başqa əklil qoyulmamalıdır...” Yenə izah edirəm: "Oğlum, qardaşım, əksinə, prezidentin əkliliyə yanaşı nə qədər çox əklil olsa, o qədər yaxşıdır. Belə çıxmamalıdır ki, İstiqlaliyyətə münasibətdə prezident təkdir. Qoy yanında iqtidar və müxalifət partiyalarının da çələngləri olsun. Bayramın ruhu bunu tələb edir”. Yenə pıçıltılı telefon zəngləri. Nəhayət, icazə verilir. Şükür! Əklili qoyduq, Başıma toplaşanların bayramını təbrik etdim və dağılışdıq. Bu boyda gərginliyə, əsəbiləşməyə, bu qədər telefon zənglərinə, komendant saatı kimi camaatın ancaq iki-iki, üç-üç gəzməsinə icazə vermək, dövlətimizin bayrağını əldə görən kimi üstünə cummaq komediyasına ehtiyac var idimi? Bunlar dövlətçiliyin əlifbasını nə vaxt öyrənəcəklər. 27 il bəs eləmədi?
 
Son olaraq. Əklili qoyandan sonra polis zabitlərinin bayramlarını təbrik edib vidalaşanda dostlarımdan birinin yanımda dayanmış nəvəsini göstərib gülə-gülə dedim: Ancaq nə qədər möhkəm sədd çəksəniz də bu balaca Əli sizin o səddi yardı və mənimlə gəldi; onda ki belə cəsarət var, bir gün Qarabağda qarşımızı kəsən düşmən çəpərini də yarıb keçəcək. Sifətləri açıldı. Bir ağızdan "İnşaallah!” dedilər. 
 
Dövlətçilik tariximizə və bayramlarımıza münasibətimiz haqqında düşünməliyik...
 
Bu xəbərə səs ver
(2 səslər)

Reytinq