Azərbaycanda tenderlərdə şəffaflıq və korrupsiya problemi

29 Sen 2018
80 baxış

Ekspertlər deyir ki, tenderlərin elan olunmasından onların nəticələrinin açıqlanmasınadək pozuntular kifayət qədərdir...

Azərbaycanda hər il dövlət vəsaitləri hesabına yüz milyonlarla manatlıq alqı-satqılar həyata keçirilir. Demək olar ki, hər gün rəsmi mətbuatda müxtəlif dövlət qurumlarının alqı-satqılara dair elanlarına rast gəlmək olur. Əsasən tenderlər yolu ilə baş tutan dövlət satınalmaları cəmiyyətin diqqətində olan məsələlərdən biridir. İnsanlar büdcə vəsaitləri hesabına həyata keçirilən alqı-satqılar barədə hərtərəfli məlumat əldə etməyə, bu istiqamətə yönəldilən hər manatın taleyindən xəbərdar olmağa çalışırlar.

Son üç ildə neft gəlirlərinin azalması səbəbindən dövlət investisiyalarına yönəldilən vəsaitlərin həcmi bir qədər azalsa da, neftin dünya bazar qiymətinin yüksəlməsi dövlət xərcləmələrinin yenidə artırılacağından xəbər verir. Bu isə dövlət satınalmalarına nəzarətin təmin olunmasını, bu sahədə şəffaflığın gücləndirilməsini zəruri edir. Bu zərurətdən irəli gələrək Azərbaycanda Hesablama Palatası haqqında yeni qanun qəbul edilib, qurumun dövlət xərcləmələrinə nəzarət sahəsində səlahiyyətləri genişləndirilib.

Xatırladaq ki, 2016-cı ilin yanvarında Prezident İlham Əliyev Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi haqqında fərman imzalayıb.Fərmanla Satınalmalar üzrə Dövlət Agentliyinin vəzifə və funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilib.

Hafiz Babalı ile ilgili görsel sonucu

Qeyd edək ki, dövlət satınalmalarında şəffaflığın təmin olunması, effektivliyin artırılması istiqamətində bir sıra addımlar atılsa da, bu sahədəki vəziyyət heç də hamını qane etmir. Araşdırmaçı-jurnalist Hafiz Babalı deyir ki, Satınalmalar üzrə Dövlət Agentliyi ləğv olunandan sonra dövlət vəsaitləri hesabına satınalmalar sahəsində vəziyyətin yaxşıya doğru dəyişmədiyini iddia etmək haqsızlıq olardı: “Amma bu işdə dövlət satınalmalarına dövlət nəzarətini həyata keçirən İqtisadiyyat Nazirliyinin müvafiq qurumunun iştirakı yoxdur. Əksinə, yeni nəzarət qurumu dövlət vəsaitlərin qənaətsiz və qeyri-səmərəli xərcləmə üsulu olan birbaşa müqavilələrin bağlanmasına yaşıl işiq yandırıb. Heç də təsadüfi deyil ki, satınalmalar sahəsində qanunvericiliyin sərtləşdirilməsinə baxmayaraq, qurum bir dəfə də olsun pozuntu aşkar etməyib, yaxud pozuntu törətmiş qurumlara qarşı tədbir görməyib. Hərçənd tenderlərin elan olunmasından tutmuş onların nəticələrinin açıqlanmasınadək pozuntular kifayət qədərdir. Hətta nazirliyin qurumu 2017-ci ilə dair satınalma müqavilələri üzrə məlumatın tam şəkildə açıqlanmasına lüzum görməyib”.

H.Babalının sözlərinə görə, tender və digər satınalma metodları ilə bağlı müsbət meyllər var: “Bu sahədə inzibati və cinayət qanunvericiliyinin sərtləşdirilməsi, Hesablama Palatasının apardığı təhlili yoxlamalar və KİV-in bu sahədə olan pozuntuları aşkara çıxaran araşdırmalarını xüsusi qeyd etmək lazımdır. Lakin bunlara rəğmən, keçirilən tenderlərdə şəffaflıq elementar tələblərə cavab vermir. Tenderlərin predmeti qanunun tələbinə uyğun şəkildə açıqlanmır, iştirakçı və iddiaçıların adları gizli saxlanılır, media bu prosesin ilkin mərhələsinin işıqlandırılmasından kənarda saxlanılır, ixtisasqabağı seçim prosesi total qanun pozuntusuna yol verməklə aparılır, tender təkliflərinin təminatı ilə bağlı ciddi pozuntulara yol verilir, nəticələr yarımçıq açıqlanır, yaxud ümumiyyətlə gizli saxlanılır”.

Müsahibimiz qeyd edir ki, dövlət xərcləmələri sahəsində şəffaflığı artırmaq üçün “Dövlət satınalmaları haqqında” yeni qanunun qəbulu sürətləndirilməlidir: “Hazırda bütün dünya kənar subyektiv müdaxilələri istisna edən elektron satınalmalar metodundan istifadə edir. Biz isə Dünya Bankının texniki yardımlarına rəğmən bundan yayınırıq. Məqsəd, əlbəttə ki, bu sahədə olan korrupsiyanı himayə etməkdir. Buna görə də hesab edirəm ki, 2019-cu ildən etibarən elektron satınalmalara keçid başlamalı və bu, il ərzində tamamlanmalıdır. Nəzarət orqanının müstəqilliyi təmin olunmalıdır. Dövlət satınalmalarına ictimai nəzarət dedikdə əsasən parlament nəzarəti başa düşülür. Bu işi Hesablama Palatası həyata keçirir. Lakin Palatanın nəzarəti də səthidir və bu sahədə olan kriminal və korrupsion halları aşkara çıxarmağa yönəldilməyib. Maliyyə Nazirliyi isə bu sahədə olan pozuntulara göz yummaqla məşğuldur”.

(Musavat.com)

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq