Naxçıvanın ən bacarıqlı yeniyetmə şahmatçılarından olan Zahid Allahverdiyevi tanıyaq

15 Apr 2019
32 baxış
Naxçıvanın ən bacarıqlı  yeniyetmə şahmatçılarından olan Zahid  Allahverdiyevi tanıyaq
Bu gün muxtar respublikamızda şahmatın inkişafı üçün hər bir şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun və Naxçıvan MR Şahmat Federasiyasının sədri Seymur Talıbovun muxtar respublikada şahmatın inkişafı üçün əvəzsiz xidmətləri nəticəsində, muxtar respublikada yeni şahmat məktəbləri tikilərək istifadəyə verilib. Eyni zamanda Naxçıvanda, uşaq və yeniyetmələr arasında şahmatın kütləvi hal alması üçün tədbirlər görülür, məktəblərdə şahmat dərsləri tədris olunur.
Naxçıvan MR Şahmat Federasiyası cari ildən başlayaraq respublika və beynəlxalq yarışlarda uğurlu nəticələr əldə edən şahmatçılar və məşqçi-müəllimlərinin mükafatlandırılması üçün mükafat fondu yaratmış, muxtar respublikanın bütün şəhər və rayonlarında şahmatın kütləviliyinə nail olunması və istedadlı yeniyetmə şahmatçıların üzə çıxarılması üçün rayonlarda silsilə tədbirlər keçirilir, valideyn, idmançılar və məşqçi-müəllimlərlə görüşlər təşkil olunur və bu görüşlər də ilk bəhrəsini vermişdir. Belə ki, Naxçıvan şahmatçıları bu il yanvar ayında Astara şəhərində keçirilmiş Azərbaycan çempionatının seçmə mərhələsində uğurla çıxış edərək final mərhələsinə 11 vəsiqə qazanıb.

Boyukmillet.com olaraq finala vəsiqə qazanmış və muxtar respublikanın ən bacarıqlı yeniyetmə şahmatçılarından olan Zahid Allahverdiyevi sizə təqdim edirik:
Allahverdiyev Zahid 15 oktyabr 2007-ci il tarixində anadan olub. Hələ 4 yaşında olarkən idmanın şahmat növü ilə məşğul olmağa başlayan Zahid Allahverdiyev qısa müddətdə bu idman növünün sirlərinə yiyələnməyə başlayıb. Muxtar Respublikada keçirilmiş yarışlarda yüksək nəticələr əldə etmiş və 2013-cü ildə Naxçıvan şəhərində Ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı keçirilən “Naxçıvan-2013” Beynəlxalq Şahmat festivalında ən gənc şahmatçı kimi mükafata layiq görülüb.
Zahid Allahverdiyev ilk beynəlxalq uğurunu 2013-cü ildə Türkiyənin Bitlis şəhərində keçirilən beynəlxalq şahmat turnirində öz yaş qrupunda I yeri tutmaqla əldə edib. 2014-cü ilin oktyabr ayından keçirilmiş reytinq yarışında uğurlu nəticələr əldə etmiş, beynəlxalq əmsallı şahmatçı kimi beynəlxalq şahmat təşkilatı olan FİDE-də qeydiyyatından keçmişdir. 
Zahid Allahverdiyev respublika əhəmiyyətli yarışlarda yaxşı nəticələr əldə etdiyi üçün 2014-cü ilin iyun ayında Yunanıstanın Kavala şəhərində keçirilmiş Məktəblilərinin Avropa çempionatında iştirak etmiş və bu yarışda beynəlxalq əmsalını artırmışdır. Z.Allahverdiyev 2014-cü ilin sentyabr ayında Azərbaycan yığma komandasının tərkibində Gürcüstanın Tbilisi şəhərində keçirilmiş beynəlxalq turnirdə iştirak etmiş və yığma komandamız 1-ci yerə layiq görülmüş və Zahid Allahverdiyev də həmin yarışda 8 yaşlı şahmatçılar arasında I yeri tutmuşdur. 
Sonuncu turnirdə yığmamızın tərkibində uğur qazandığı üçün 2014-cü ilin oktyabr ayında Gürcüstanın Batumi şəhərində keçirilmiş Yeniyetmələrin Avropa çempionatında iştirak etmiş Zahid Allahverdiyev həmin turnirdə yaxşı nətcə əldə etmiş və beynəlxalq əmsalını artırmışdır. 2016 -cı ildə Gürcüstanın Poti şəhərində keçirilmiş beynəlxalq yarışda iştirak etmiş və beynəlxalq əmsalını artırmışdır.
Z.Allahverdiyev Ulu Öndər Heydər Əliyevin doğum günü ilə bağlı keçirilən “Naxçıvan open” beynəlxalq şahmat festivallarında 2015, 2016-cı illərdə C qrupunda 3 dəfə mükafatçılar arasında yer almış və muxtar respublikamızı bu beynəlxalq səviyyəli turnirlərdə layiqincə təmsil etmişdir. Z.Allahverdiyev dəfələrlə muxtar respublikada təşkil edilmiş bir çox turnirlərin mükafatçısı olmuşdur.
2018-ci ilin may ayında Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat festivalında muxtar respubklikamızı uğurla təmsil edən Zahid Allahverdiyev C qrupunda 3-cü yeri tutmuş , diplom və mükafatlar əldə etmişdir. 
Zahid Allahverdiyev O, 2015,2016, 2017 və 2019-cu illərdə öz yaş qruplarında Şahmat üzrə Naxçıvan MR Çempionatının qalibi olmuşdur. 
2019-cu il də Zahid Allahverdiyev üçün uğurlarla başlamış, Astara rayonunda kecirilmiş Şahmat üzrə Respublika zona birinciliyində Muxtar Respublikamızın yeniyetmə şahmatçısı 12 yaş qrupunda 6,5 xalla 2-5 yerləri bölüşmüş və Şahmat üzrə Azərbaycan çempionatının finalına vəsiqə qazanmışdır. 
Zahid Allahverdiyev Muxtar Respublikamızın ən perspektivli yeniyetmə şahmatçılarındandır. Zahid Allahverdiyevin uğurlar qazanmasında onun müəllimlərinin- Emin Haciyev, Urfan Sevdimalıyev, Fikrət Südeyifzadə, Fərid Abbasov və Talıb Babayevin böyük əməkləri vardır. Zahid Allahverdiyevin hazırda beynəlxalq əmsalı 1564-dür.

Ümid edirik ki, Zahid Allahverdiyevlə yanaşı, 2019-cu ildə keçiriləcək Şahmat üzrə Azərbaycan Çempionatının finalına vəsiqə qazanmış digər Naxçıvanlı şahmaçılarımız da uğurlu nəticələr əldə edərək yığma komandamızın tərkibində Azərbaycanımızı Avropa və Dünya çempionatlarında layiqincə təmsil edəcəklər.

 

 
Bu xəbərə səs ver
(0 səslər)

Reytinq