Burda göstərilən tarixə olan xəbərlər: Bazar Ertəsi, 01 Oktyabr 2018

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Boyukmillet.com xəbər verir ki, məcəllənin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə 5-ci bənd əlavə edilir.

Əlavə edilən bənddə qeyd olunub ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunla qadağan edilən yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.

Bundan başqa, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimə nəzərdə tutulur.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

(Report.az)

Nəşr olunub CƏMİYYƏT

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Boyukmillet.com-un xəbərinə görə, dəyişiklik tütünlə bağlı cərimələrin tətbiq olunmasıdır.

Məcəllənin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinin 0.4-cü bəndinə əsasən, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir. Bu cərimə sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlərə də tətbiq olunacaq.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

(Report.az)

Nəşr olunub CƏMİYYƏT
Bazar Ertəsi, 01 Oktyabr 2018 20:51

"Brent" markalı neftin qiyməti 84 dolları ötüb

Dünya bazarında neftin qiyməti artmaqda davam edir.

Boyukmillet.com xəbər verir ki, Londonun "İCE Futures" birjasında “Brent” markalı neftin bir bareli 1,54% bahalaşaraq 84,13 dollara satılıb.

Qeyd edək ki, axırıncı dəfə həmin markalı neftin qiyməti 2014-cü il noyabrın 10-da bu həddə çatmışdı.

(Report.az)

Nəşr olunub İQTİSADİYYAT

Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 26 nəfərə çatıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova “Report”a bildirib ki, yaralılardan 22 nəfəri hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib.

O qeyd edib ki, hadisə zamanı yaralanan 13 yaşlı məktəbli xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.


*** saat 15:19

Video əlavə olunub


*** saat 15:06

Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində qatar 160 saylı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə toqquşub.

“Report” xəbər verir ki, toqquşma nəticəsində, ümumilikdə, 20 nəfər xəsarət alıb. Onlardan 10-u kişi, 7-si qadın, 3-ü uşaqdır.

Yaralılardan 11 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb, onlardan biri yolda ölüb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova “Report”a bildirib ki, xəstəxanaya aparılan yaralılardan biri dünyasını dəyişib.

Nazirlik rəsmisi əlavə edib ki, hadisə yerinə 10 həkim briqadası göndərilib.

 

(Report.az)

Nəşr olunub HADİSƏ

Prezident İlham Əliyev Azərbaycan Respublikası prokurorluq orqanlarının əməkdaşlarını və veteranlarını təbrik edib.

Boyukmillet.com-un xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli prokurorluq əməkdaşları və veteranlar!

Sizi Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə təbrik edirəm.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1 oktyabr 1918-ci ildə yaradılmış prokurorluq orqanları bir əsrlik şərəfli inkişaf yolu keçmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli prokurorluğun demokratik və hüquqi cəmiyyətdə rolunu nəzərə alaraq 17 iyul 1998-ci ildə imzaladığı Sərəncamla oktyabr ayının 1-ni prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis etmişdir.

Prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir.

Prokurorluq orqanlarına müasir dünyagörüşlü, bilikli və dövlətçilik ideyalarına sadiq gənc hüquqşünasların qəbulu prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə təkan vermişdir.

Bu gün prokurorluq orqanları qanunların icra və tətbiq olunmasına prokuror nəzarətini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilməklə, istintaq və dövlət ittihamının müdafiəsi sahəsindəki fəaliyyəti ilə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır.

Əminəm ki, yüz illik tarixi olan Azərbaycan Prokurorluğunun əməkdaşları bundan sonra da qanunçuluğun, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin edəcək, cinayətkarlığa qarşı mübarizədə əzmkarlıq nümayiş etdirəcək və onların üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcəklər.

Sizi bir daha əlamətdar yubiley münasibətilə təbrik edir, dövlətimizin tərəqqisi naminə fəaliyyətinizdə nailiyyətlər arzulayıram”.

(Report.az)

Nəşr olunub RƏSMİ XRONİKA

Azərbaycanın ən iri sement istehsalçısı - "Holcim Azerbaijan" ASC-nin səhmlərinin 10%-nə nəzarət edən Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) payını satıb.

Boyukmillet.com-un əldə etdiyi məlumata görə, səhmləri şirkətin digər səhmdarı - İsveçrənin “Lafarge Holcim” əldə edib və payını 66%-dən 76%-ə çatdırıb.

"Holcim Azerbaijan"ın səhmlərinin qalan 10%-i əvvəlki kimi, İsveçrənin "Holcim Auslandbeteiligungs GmbH.” şirkətinə, 14%-i isə fiziki şəxslərə məxsusdur.

Xatırladaq ki, "Holcim Azerbaijan" 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. 

(Report.az)

Nəşr olunub İQTİSADİYYAT

"Bu ilin yanvar-iyun aylarında 483 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, radikallığı təbliğ edən 19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb".

Boyukmillet.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.

Onun sözlərinə görə, ötən il ərzində ümumilikdə dinşünaslıq ekspertizasına daxil olan 1 540 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Şöbə müdiri əlavə edib ki, keçən il ölkədə nəşr olunmaq məqsədi ilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 313 adda dini ədəbiyyatın 4-nün çapı məqsədəuyğun sayılmayıb: "Bu il isə ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 104 adda dini ədəbiyyata baxılıb, onlardan 22-nin çapı məqsədəuyğun sayılmayıb".

Dövlət Komitəsinin rəsmisi qeyd edib ki, ötən il 613 adda (754 561ədəd ), bu ilin yanvar -iyun aylarında 171 adda (253010 ədəd) dini ədəbiyyata nəzarət markası verilib.

(Report.az)

Nəşr olunub CƏMİYYƏT
Bazar Ertəsi, 01 Oktyabr 2018 16:47

Azərbaycan ordusunda “NATO günləri” başlayıb

Azərbaycan ordusunda “NATO günləri” başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Hərbi Hava Qüvvələrini komandanlığını ziyarət edəcək.

Tədbir çərçivəsində zabit və kursant heyəti üçün “NATO-nun strukturu və vəzifələri”, “Azərbaycan-NATO əməkdaşlığı”, “NATO-nun Əməliyyat İmkanları Konsepsiyası”, “NATO və Kibertəhlükəsizlik” və digər mövzularda mühazirələr təqdim olunacaq.

Azərbaycan ordusunda “NATO günləri” oktyabrın 5-dək davam edəcək.

(Report.az)

Nəşr olunub SİYASƏT

"Azərbaycan üçün müsəlman olmayan din daşıyıcılarına qarşı ayrı-seçkiliyin, antisemitizmin ədəbiyyatlarda təbliği arzuolunmazdır".

Boyukmillet.com xəbər verir ki, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyuk məsləhətçisi Əliheydər Zülfüqarov deyib.

Onun sözlərinə görə, bir vaxtlar Azərbaycanda istər dini ədəbiyyatların nəşri, istərsə də idxalı sahəsində pərakəndəlik hökm sürüb: "Lakin bu sahədə boşluqların aradan qaldırılması üçün dövlət tərəfindən adekvat tədbirlər həyata keçirildi, qanunvericilik bazası təkmilləşdirildi. Dini icmalara göstərilən qayğı təkcə onların dini məbədlərinin bərpası istiqamətində deyil. Digər istiqamət onların mənəvi dəyərlərinin, müqəddəs kitablarının, dini ədəbiyyatların nəşrini, yayımını həyata keçirməkdir".

O əlavə edib ki, vaxtı ilə ölkədə zərərli dini ədəbiyyatlarla bağlı çox ciddi problemlər olub: "O dönəmdə bizi təəssüfləndirən o idi ki, bəzən hansısa xarici dövlətdə dini təhsil alan kadrlar ölkəyə gələn zaman özləri ilə zərərli ədəbiyyat və disklər gətirirdilər. Bir insanın baş kəsməsinin diskə yazılıb ölkəyə idxal edilməsinin nə mənası var? Bu, insanın dini biliyinin artmasında bir əhəmiyyət kəsb edirmi? Təbii ki, xeyr. İdxal olunan həmin disk hansısa məkanda, kiminsə evində, ailəsində, uşağının yanında göstəriləcəksə, bu, həmin uşağın radikalizmə meyləndirilməsi yönümündə atılan addım olacaq. Ancaq çox təəssüf ki, dövlətin bu yönümdə atdığı bu addımlar bəzən beynəlxalq hesabatlarda Azərbaycanın adına tənqidi formada öz əksini tapır. Guya Azərbaycanda dini ədəbiyyatlara senzura qoyulub. Amma anlamaq lazımdır ki, Azərbaycanda senzuradan heç bir söhbət gedə bilməz".

(Report.az)

Nəşr olunub CƏMİYYƏT
Bazar Ertəsi, 01 Oktyabr 2018 15:34

Prezident sərəncam imzaladı

Azərbaycan prezidenti İlham Əliyev mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin xarici ölkələrdə keçirəcəyi tədbirlər haqqında sərəncam imzalayıb.

İnterpress.az xəbər verir ki, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi dünyada tanıdılması istiqamətində tədbirlərin davam etdirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə iki milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

(İnterpress.az)

Nəşr olunub RƏSMİ XRONİKA
Page 1 of 2

Reytinq