Burda göstərilən tarixə olan xəbərlər: Cümə, 05 Oktyabr 2018

Mili Məclisin deputatı, ATƏT PA-nın vitse prezidenti Azay Quliyev qurumun payız sessiyası çərçivəsində keçirilən Daimi Komitənin iclasında çıxış edib.
AzVision.az-ın məlumatına görə, Azay Quliyev bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlamasından əsrin dörddə biri qədər vaxt keçsə də, təəssüf ki, hələ də problemin həlli üçün heç bir irəliləyişə nail olunmayıb. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qərarlarını, habelə ATƏT PA-nın 2015-ci ildə qəbul etdiyi Helsinki bəyannaməsini kobud şəkildə pozaraq, Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirir.

A.Quliyev ATƏT PA-nın prezidenti Tseretelinin münaqişə tərəfi olan ölkələrin parlament rəhbərlərinin görüşünün keçirilməsiylə bağlı təklifinə münasibət bildirərək deyib ki, yaxın zamanda Azərbaycan Milli Məclisinin bu məsələylə bağlı rəsmi mövqeyini öyrənərək onlara məlumat verəcək: “Fikrimcə, biz Ermənistan və Azərbaycanın parlamentlərinin rəhbərlərinin görüşü də daxil olmaqla, münaqişənin həlli istiqamətində bütün mümkün vasitələrdən istifadə etməliyik. Bu, danışıqlar prosesinə müəyyən impuls verə və mövcud status-kvonu dəyişməyə yardım edə bilər”.

ATƏT PA-nın vitse-prezidenti Assambleyanın Daimi Komitəsi və Büro üzvləri üçün münaqişənin həlli ilə bağlı hazırkı vəziyyətə dair iki əsas komponentə aydınlıq gətirib: “Əslində, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında ikitərəfli görüşlər nəzərə alınmasa, hazırda ən yüksək səviyyədə davam edən real danışıqlar yoxdur. Danışıqlar prosesi Ermənistanın yeni rəhbərliyi tərəfindən dayandırılıb. Baş nazir Paşinyan vəzifəyə gəldikdən sonra nümayişkaranə şəkildə indiyədək əldə edilmiş nəticələrə göz yumur və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar formatından imtina edir. Beləliklə, o, sülh yolu ilə məsələnin həll olunması formatını dəyişdirməyə və Dağlıq Qarabağ separatçılarını müstəqil tərəf kimi danışıqlar masasına gətirməyə çalışır. Bu nəinki qəbuledilməz, həm də təhlükəlidir. Məlum olduğu kimi, münaqişənin iki tərəfi var: Ermənistan və Azərbaycan. Bu beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT tərəfindən təsdiq edilmişdir”.

Azay Quliyev Paşinyanın mövcud formatı dəyişdirmək üçün etdiyi qeyri-realist və əsassız cəhdlərin sülh danışıqları prosesini pozaraq tamamilə dayandırmaq məqsədi daşıdığını deyib: “Münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqlar prosesinin pozulmasının ağır nəticələrini hər birimiz aydın təsəvvür edə bilirik”.

ATƏT PA-nın vitse-prezidenti deyib ki, Azərbaycan Dağlıq Qarabağ əhalisinin regionun yekun hüquqi statusunun müəyyənləşdirilməsində iştirak etməsi məsələsini anlayır və bunu həyata keçirməyə hazırıq. Amma bu, yalnız 7 ətraf rayonun işğaldan azad edilməsindən və bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtmasından sonra mümkündür: “Rəsmi Bakı Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ərazi bütövlüyü və suverenliyi çərçivəsində Dağlıq Qarabağın həm erməni, həm də azərbaycanlı icmalarının gələcəkləri barədə qəbul edəcəkləri birgə qərarı dəstəkləməyə hazırdır”.

Azay Quliyev Assambleya üzvlərinin diqqətini münaqişəylə bağlı aydınlaşdırılmasına ehtiyac olan digər bir aspektə də çəkib: “Bəziləri münaqişəni səhvən “Dağlıq Qarabağ münaqişəsi” adlandırırlar. Bu doğru deyil. Azərbaycanın Dağlıq Qarabağdan başqa, işğal altında Dağlıq Qarabağın ərazisindən 3 dəfə, əhalisindən isə 6 dəfə çox olan 7 ətraf rayonu da var: Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan. Bu 7 ətraf rayonun Dağlıq Qarabağla heç bir əlaqəsi yoxdur və biz şahidik ki, Ermənistan işğal etdiyi bu ərazilərdən siyasi manipulyasiya və bazarlıq predmeti qismində istifadə edir.

ATƏT PA-nın vitse-prezidenti bildirib ki, bu bölgələrin statusu müzakirə mövzusu deyil. Ermənistan hərbi birləşmələrini bu torpaqlardan şərtsiz çıxarmalıdır. Bu məsələ hər hansı bir qondarma kompromis mövzusu ola bilməz.

Azay Quliyev çıxışında vurğulayıb ki, Ermənistanın siyasi rəhbərliyi Azərbaycana məxsus olan Dağlıq Qarabağın və ətraf rayonların işğalını davam etdirərək və orada qeyri-qanuni və marionet rejim yaradaraq heç bir nəticə əldə edə bilməyəcəyini unutmamalıdır: “Bu cür addımlar heç nəyi dəyişmir və Ermənistana sülh və rifah gətirmir.Əksinə bu hal, vəziyyəti daha da ağırlaşdırır və çoxlu sayda gənclərin həyatına son qoyur”.

Nəşr olunub SİYASƏT

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 30 sentyabr-3 oktyabr tarixləri arasında Dağıstan Respublikasında tədbirlər həyata keçirilib.

Boyukmillet.com-un verdiyi xəbərə görə “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” mövzusunda Dərbənd və Mahaçqala şəhərlərində ictimai tədbirlərin təşkililayihəsi Əlillərin Sosial İnkişafı İctimai Birliyi ilə birgə həyata keçirilib. İlk olaraq Mahaçqala şəhərində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərindən biri, ictimai-siyasi xadim, akademik Əziz Əliyevin abidəsi ziyarət olunub, xatirəsi yad edilib. Sonra nümayəndə heyəti Xalqların Dostluq Evində və Millətlər Nazirliyində görüşlər keçirib. Mahaçqala səfərinin sonunda isə Azərbaycanlıların Milli Mədəni Muxtariyyatında dəyirmi masa təşkil edilib. Növbəti tədbirlər Dərbənd şəhərində baş tutub. Dərbənd şəhərində ilk olaraq Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıyan küçə və Heydər Əliyev Fondu tərəfindən tikilmiş məktəblə geniş tanışlıq olub. Daha sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi və Tarixi Dərbənd Qalası ziyarət edilib. Azərbaycan nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd Filialının direktoru, professor Qurban Qurbanovla, Dərbənd şəhər Deputatlar Məclisinin sədri Mövsüm Rəhimovla, Dərbənd Qoruq Muzeyinin direktoru Əli İbrahimovla, Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərovla, həmçinin Dərbənd Cümə Məscidinin sədri Seyid Yəhya Seyidovla və Dərbənd Yəhudiləri İcmasının sədri Robert İlişayevlə də ayrı-ayrılıqda görüşlər keçirib. Görüşlərdə BDM sədri, dr. İsmayıl Ağayev, Sədrin birinci müavini Samir Adıgözəlli və BDM-in Rusiya nümayəndəliyinin rəhbəri Natiq Bədəlov Azərbaycan Respublikasında aparılan siyasi-iqtisadi, sosial-mədəni və digər sahələr istiqamətində görülən işlərlərdən danışıblar. Dərbənd səfəri çərçivəsində Dədə Qorqud Fondunda, Azərbaycanlıların Milli Mədəni Muxtariyyatında, “Dərbənd” qəzetinin redaksiyasında və Dərbənd Mərkəzi Kitabxanasında da görüşlər təşkil edilib. Səfərin sonuncu günü 3 oktyabr tarixində Azərbaycanl Dövlət İqtisad Universitetinin Dərbənd Filialının akt zalında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib. Konfrans Azərbaycan və Rusiya dövlət himnləri səsləndikdən sonra BDM sədrinin birinci müavini Samir Adıgözəlli tərəfindən açıq elan edilərək AXC-nin tarixi haqqında ümumi məlumat verib. Sonra Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq əlaqələri mövzusunda BDM-in Rusiya nümayəndəliyinin rəhbəri Natiq Bədəlov məruzə ilə çıxış edib. Konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd Filialının direktoru, professor Qurban Qurbanov çıxış edərək, AXC-nin 100 illiyi münasibətilə öz təbrikini çatdıraraq Azərbaycan-Rusiya əlaqələrinin inkişafı istiqamətində çıxış edib. Daha sonra Dərbənd Deputatlar Məclisinin sədri Mövsüm Rəhimov, Dərbənd Rayon İcra Başçısı Fuad Şıxıyev, Tabasaran Rayon icra başçısının müavini Abdulvahab Abdulov, Şimali Qafqaz üzrə idarə başçısının səlahiyyətli nümayəndəsi Hacı Şıxabutdin Kərimov, Miras Təşkilatının sədri Seyidağalar Seyidov, Dərbənd Milli Mədəni Muxtariyyatının rəhbəri, jurnalist Telman Tahirli, Dərbənd Qoruq Muzeyinin direktoru Əli İbrahimov, Dağıstan Milli Məclisinin deputatı Vəli Fətəliyev, Beynəlxalq “Gülüstan” Ədəbiyyatçılar İttifaqının sədri Tahir Saleh və Dərbənd Cümə Məscidinin axundu Seyid Haşim Ağa Mirtəyyubov çıxış edərək, Müsəlman Şərqində ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasıının 100 illiyi münasibətilə təbriklərini bildirərək Dağıstan-Azərbaycan arasında dostluq və qonşuluq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində çıxış ediblər. Konfransın sonunda BDM sədri, dr. İsmayıl Ağayev tədbir iştirakçılarına təşəkkürünü bildirərək, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən bu kimi layihələrin Azərbaycan-Dağıstan, Azərbaycan-Rusiya ictimai münasibətlərinin inkişafına müsbət təsir göstərdiyini qeyd edib. Konfransda bir qrup dövlət rəsmiləri və ictimai nümayəndələr BDM tərəfindən təltif edilmiş, hədiyyələr təqdim olunmuşdur. Konfransın işində dövlət və hökumət nümayəndələri, ictimaiyyət, mədəniyyət və media nümayəndələri, həmçinin universitetin müəllim və tələbə heyəti iştirak edib. Səfər proqramının sonunda AXC-nin 100 illiyi münasibətilə bayram konserti təşkil edilmişdir. Rəsmi şəxslərin, və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi bayram konsertində Dərbənd Azərbaycan Dövlət Dram Teatrının musiqi kollektivi, Dağıstanın əməkdar artistləri çıxış ediblər. Qeyd edək ki, səfərdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTac) əməkdaşı Vüqar Əliyev və “Böyük millət” qəzetinin əməkdaşı Namiq Qarayev də iştirak edib.

 

Boyukmillet.com

Nəşr olunub CƏMİYYƏT

Reytinq