Burda göstərilən tarixə olan xəbərlər: Cümə, 09 Fevral 2018
Şənbə, 10 Fevral 2018 01:40

Ərzaq məhsulları bahalaşıb - Statistika

2018-ci ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin yanvar ayına nisbətən 5,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 5,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,9 faiz bahalaşıb.

Cari ilin yanvar ayında 2017-ci ilin dekabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 0,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8 faiz ucuzlaşıb. Nəticədə istehlak məhsullarının və xidmətlərin ümumi indeksi 100 faiz səviyyəsində olub.

Dekabr ayı ilə müqayisədə yanvar ayı ərzində qoyun ətinin, südün, pendirin, kərə, zeytun və marqarin yağlarının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, soğanın, kartofun, çay, qəhvə və kakaonun qiymətlərində bahalaşma, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq və mal ətinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, kökün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Yanvar ayında ötən ilin dekabr ayına nisbətən qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, paltaryuyan maşınların, kondisionerlərin, minik avtomobillərinin, televizorların, fərdi kompüterlərin, dəftərxana ləvazimatlarının qiymətlərində ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən dəmiryol və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, ölkədən kənara istirahət turlarının qiymətlərində ucuzlaşma, avtomobillərin, məişət cihazlarının və ayaqqabıların təmiri xidmətlərinin, mənzillərin icarə haqqının, stomatoloji xidmətlərin qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib. (Trend)

Nəşr olunub CƏMİYYƏT

Dolların indeksi cümə günü artır və bu həftə artıq bir ildən də çox müddət ərzində maksimum həddə qalxıb.

“Report” xəbər verir ki, bunu hərracların nəticələri göstərir.

Bakı vaxtı ilə 20.38-ə olan vəziyyətə görə, avronun dollara qarşı məzənnəsi 1,2215 dollaradək enib. Əvvəlki hərraclarda 1 avro 1,2247 dollar təşkil edirdi. Dollar Yaponiyanın pul vahidi iyenaya nisbətdə 108,41 iyenaya qədər enib. Əvvəlki hərraclarda 1 dollar 108,74 iyena təşkil edirdi.

Dolların indeksi (dolların ABŞ-ın əsas ticarət tərəfdaşı olan altı ölkə valyutasının səbətinə nisbətdə məzənnəsi) 0,31 faiz artaraq 90,51 bəndə çatıb.

Dolların indeksinin həftəlik dinamikası göstərir ki, valyuta 2016-ci ilin dekabr ayından daha çox bahalaşıb.

Nəşr olunub İQTİSADİYYAT

Əsənliklər..!

Bu gün AZƏRBAYCAN TURAN OCAĞI’nın idarə heyəti uzun sürən aralıqdan sonra bir araya gəldi.

IMG-20171126-WA0028

Azərbaycan Respublikasının Dövlət Himnini oxuduqdan sonra,fikir mübadiləsi aparıldı.

IMG-20171126-WA0039

Açıq dəyirmi masa arxasında keçirilən bu görüşə iki yeni üzvlərdə qatılmışdılar.

IMG-20171126-WA0008

Sənan bəy, Vüqar bəy və İlham bəylə tanışdıqdan sonra Ocağı’n gələcək projeleri haqqında geniş müzakirələr aparıldı.

Müzakirədə məlum səbəblərdən dolayı ATO Radio fəaliyyətini bərpa etmək üçün kiçik problemləri aradan qaldıraraq yeni sferasında Vətənpərvər camiyəyə tezliklə təqdim ediləcək diskusiyası aparıldı.

IMG-20171126-WA0032

Tədbir süfrə arxasında xoş təəssürat bağışlayan müzakirələrlə sona çatdı.

Nəşr olunub CƏMİYYƏT

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski sərt beynəlxalq sanksiyalar altında olan İraq diktatoru Səddam Hüseynlə həmrəylik nümayiş etdirmək üçün 150-yə yaxın jurnalistlə birlikdə Bağdada uçar. Lakin Jirinovskinin və onun partiyasından olan bir qrup deputatın, o cümlədən çoxsaylı jurnalistlərin olduğu İL-76 təyyarəsi havada olarkən BMT-nin sanksiyalar üzrə komitəsinin xəbərdarlığını nəzərə alan İran təyyarəyə hava dəhlizi verməkdən imtina edir.

Boyukmillet.com Virtualaz.org-a istinadən xəbər verir ki, bu əhvalat düz 20 il əvvəl-1998-ci ildə baş verib. Bu həmin vaxtlar idi ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Bağdada hava zərbələri endirməyə hazırlaşırdı. Rusiyada isə Putin yox, Yeltsin hakimiyyətdə idi, hökumətə isə Viktor Çernomırdin rəhbərlik edirdi. Xarici İşlər Nazirliyinin şefi isə Yevgeni Primakov idi.

Jirinovskinin qalmaqallı Bağdad səfəri barədə NTV telekanalının İrəvandakı o vaxtkı müxbiri, hazırda “Sputnik Armenia” agentliyinin redaktoru olan Yevgeni Pisarenko özünün videoarxivindəki reportajları yayımlayıb. Belə məlum olur ki, Jirinovskinin olduğu təyyarəyə İraqa uçan humanitar yüklərə hava məkanını açan yeganə ölkə-İran da son anda dəhliz verməkdən imtina edib. Nəticədə təyyarə Bakıya eniş üçün təcili icazə istəyib. Lakin Azərbaycan rəhbərliyi Jirinovskiyə görə BMT və ABŞ-la qarşıdurmaya gedə bilməzdi və təyyarəyə Bakıya eniş icazəsi verilməyib.

LDPR liderinin təyyarəsi bu dəfə İrəvandan təcili eniş icazəsi istəyib. Həmin vaxt Ermənistanda çevriliş baş vermişdi və Levon Ter-Petrosyan Qarabağ klanının təhdidləri altında istefaya getmişdi. Hakimiyyəti o vaxtkı baş nazir Robert Köçəryan faktiki ələ keçirmişdi. Siyasi vəziyyət gərgin idi, buna baxmayaraq Ermənistan Jirinovskinin təyyarəsini geri qaytarmır. Təyyarə İrəvana enənə qədər 12 saata qədər havada qalır. Nəticədə Jirinovskinin partiyasından bəzi deputatların vəziyyəti pisləşir, onlar İrəvanda xəstəxanaya yerləşdirilir.

Jirinovski özü isə səhər oteldə ondan müsahibə götürməyə gələn NTV müxbirinin qarşısına alt tuman-köynəyində çıxır…

Əhvalatın davamı belə olur ki, Jirinovski İrəvandan Rusiya XİN-i, hökuməti kəskin tənqid edir, onların zəifliyi nəticəsində təyyarənin Bağdada uça bilmədiyini deyir. Hətta Rusiyanın İrəvandakı səfiri ilə dalaşır.

Nəhayət BMT-nin sanksiyalar üzrə komitəsi ilə uzun-uzadı danışıqlardan sonra Rusiya nümayəndə heyətinə Bağdada uçmaq icazəsi verilir, amma nümayəndə heyəti ciddi ixtisar olunur. 200 nəfərlik heyətdən cəmi 30 nəfərə Bağdada uçuş icazəsi verilir. Əksəriyyəti jurnalistlər olmaqla qalanları Moskvaya qayıtmalı olur…

Nəşr olunub DÜNYA

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Hulusi Akar generallarla birlikdə Havadan Koordinasiya-Nəzarət təyyarəsində Afrin əməliyyatına səmadan müşahidə edib.

Boyukmillet.com
Publika.az-a istinadən xəbər verir ki, türk generallar əməliyyat zamanı terrorçulardan təmizlənən ərazilərə və PYD/YPG mövqelərini izləyib.



Generalların olduğu təyyarə dünyada çox az ölkədə var. Havada 200 saata qədər qala bilən bu təyyarə vasitəsilə 500 kilometrlik ərazidə baş verənlərə nəzarət etmək mümkündür.

H.Akar və digər generalların əməliyyat zonasına şəxsən getməsi dünyada maraqla qarşılanıb.

 

Nəşr olunub DÜNYA

ABŞ və Fransanın Əsədə qarşı hücum planı... Türkiyə ordusu İdlibdə Əsəd qüvvələri ilə üz-üzə gəlir...

ABŞ-ın Suriyada müttəfiq kimi gördüyü, daha çox PKK/PYD terrorçularından ibarət olan “Suriya Demokratik Qüvvələri” (SDQ) əsir aldığı 400 İŞİD terrorçusunu keçən ay azadlığa buraxıb, 120 İŞİD-çi isə PKK/PYD yaraqlılarına qoşulub. Baki-xeber.com xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vassili Nebenzia Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

İŞİD-in neft gəlirlərinin azaldığını və keçən ilin sonlarında neft və təbii qaz qaçaqmalçılığından əldə etdiyi gəlirlərin aylıq 2 milyon dollar olduğunu deyən Nebenzia, terrorçuların müasir texnologiya ilə internet vasitəsilə gəlir qaynaqlarını artırmağa çalışdığını bildirib.

İŞİD-ə birbaşa, ya da dolayı yolla dəstək verənlərin məsuliyyət daşıdığını, ancaq keçən ay bu mövzuda pozuntular yaşandığına diqqəti çəkən Nebenzia, PYD/PKK-nın keçən ay Suriyada 400 İŞİD-çini sərbəst buraxdığını, 120 İŞİD-çinin isə SDQ sıralarına qatıldığını deyib. Nebenziya görməzdən gəlinən bu problemin terrorçulara qarşı ikili standart tətbiq edildiyinin göstəricisi adlandırıb.

Bundan əvvəl isə Rusiya xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarını Suriyanı bölüşməyi planlaşdırmaqda ittiham edib. O, Moskvanın Vaşinqtondan bu planların tam olaraq nədə ibarət oladuğunu soruşacağını deyib. "Göründüyü kimi, amerikalılar, legitim hökumətin dəvəti olmadan bu ölkədə mövcudluğunun yeganə səbəbi İŞİD və digər terrorçuları məhv etmək olduğu yönündə bizə verdikləri sözlərdən uzaqlaşdılar. İndi, bu ölkədəki varlıqlarının, burada rejim dəyişikliyinə səbəb olan sabit siyasi həll prosesi başlayana qədər davam edəcəyini deyirlər" - Lavrov əlavə edib.

Qeyd edək ki, iki gün əvvəl ABŞ-ın liderlik etdiyi anti-İŞİD koalisiyası Suriyada Əsəd rejimi tərəfdarlarını bombalayıb. Hadisəyə sərt reaksiya verən Rusiya Xarici İşlər Nazirliyi isə bildirib ki, ABŞ-ın əsas məqsədi Suriyanın iqtisadi aktivlərini ələ keçirməkdir: “Son hadisələr bir daha göstərdi ki, ABŞ-ın Suriyadakı qanunsuz fəaliyyəti İSİD-lə mübarizə deyil, Suriyaya aid olan iqtisadi aktivləri ələ keçirməkdir”.

Rusiya XİN sözçüsü Mariya Zaxarova isə bəyan edib ki,  ABŞ-ın Suriyada qurduğu təhlükəsizlik bölgələri İŞİD terrorçularını hökumət qüvvələrindən gizlətməyə xidmət edir: “ABŞ-ın Suriyanın cənubunda Tanf bölgəsində hərbi bazası yaxınlığında 55 kilometrlik ərazidə qurduğu təhlükəsizlik bölgəsi İŞİD-in geri qalan yaraqlıları tərəfindən istifadə edilir. İŞİD terrorçuları həm bu bölgələrdən gizlənmək, həm də təlim keçmək və silahlanmaq üçün istifadə edir”.

Bu arada, “The Middle East Eye” xəbət portal diplomatik mənbələrə istinadən məlumat yayıb ki, ABŞ və Fransa Suriyanın hökumət güclərinə qarşı yeni hava hücumları planlaşdırır. Xəbərdə mənbələrə istinadən, keçən il ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makronun, Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə edəcəyi halda buna qarşı birgə cavab vermək qərarı xatırladılır. Mənbələr hazırda ABŞ və Fransanın Əsəd rejiminə qarşı hücum planlaşdırdığını deyib. Bunun səbəbinin isə Suriya ordusunun bir müddət əvvəl mülki vətəndaşlara qarşı kimyəvi silahdan istifadə etməsi olduğu bildirilir.

Suriya müxalifətinə yaxın diplomatik mənbə isə, ABŞ-ın Vyana və Soçidəki nəticəsiz danışıqlardan sonra Suriyada Rusiyaya qarşı daha sərt və daha aqressiv mövqe tutmaq qərarı verdiyini iddia edib.

Bununla yanaşı Türkiyə-İran-Rusiya üçlüyünün ABŞ-ı daha da küncə sıxışdırmasına qarşı Vaşınqtonun Suriyada daha sərt addımlar atacağı ehtimal edilir. Çünki Türkiyə Afrindən sonra hədəfin ABŞ əsgərlərinin də olduğu Menbiç bölgəsi olacağını bəyan edir və ABŞ-dan bölgədəki əsgərlərini çıxarmağı israrla tələb edir. Amerikanın müdafiə naziri Ceyms Mettis də bununla bağlı Ankaradan ciddi təzyiqlərin olduğunu deyib.

Ümumiyyətlə buradan çəkilməsi ABŞ-ın bölgədəki yeganə müttəfiqi kürd silahlıları itirmək deməkdir. Ancaq ABŞ da bölgədən çıxmaq niyyətində deyil, bu isə iki NATO ölkəsinin Suriyada qarşı-qarşıya gəlmə ehtimalını artırır.

Suriyada Afrin əməliyyatı ilə digər böyük oyunçuların planlarını alt-üst edən Türkiyənin Əsəd rejimi ilə də toqquşma ehtimalı yaranıb. İngiltərənin “Times” qəzeti yazır ki, Türkiyə ilə Suriya rejimi ölkənin şimal-qərbində qarşı-qarşıya gəlib. Məlumata görə, son günlərdə Türkiyə İdlib əyalətinə və Hələb əyalətinin cənub-qərbindəki bölgələrə əsgər və hərbi texnika göndərib. Əsas hərbi qüvvələr rejim mövqelərindən cəmi bir neçə km aralıda olan El Eis kəndinə yerləşdirilib.

Xəbərdə qeyd edilir ki, Türkiyənin Suriyanın şimal-qərbində təhlükəsizlik bölgələri yaratmasına Rusiya və İranla əldə edilən razılaşma çərçivəsində yaşıl işıq yandırılıb. Ancaq Türkiyə ordusunun El Eis kəndinə, Əsəd qüvvələrinin atəşkəsi pozaraq İdlib əyalətinin içlərinə doğru irəlilədiyi bir vaxtda yerləşdirməsi diqqət çəkir: “Türk ordusu bölgədə Əsəd rejiminin qarşısına çıxır”. (Tahir, "Bakı Xəbər")

Boyukmillet.com

 

Nəşr olunub DÜNYA
Cümə, 09 Fevral 2018 23:22

Xalq artisti dünyasını dəyişib

Azərbaycanın teatr və kino aktrisası, Xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında dünyasını dəyişib.

Boyukmillet.com-ın məlumatına görə, o, fevralın 8-i axşam saatlarında Yasamal rayonunda yaşadığı evdə vəfat edib.

FHN xalq artistinin ölümü ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir: "Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açmış və orada aşkarlanan 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar ediblər.

Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib”.

Aktrisanın meyiti ölüm səbəbinin araşdırılması məqsədi ilə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib və onun ürək tutmasından keçindiyi müəyyən edilib.

Allah rəhmət eləsin!

Nəşr olunub CƏMİYYƏT

Fevralın 9-da çoxəsrlik Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 94-cü ildönümü tamam olur. 1924-cü il fevralın 9-da Naxçıvanın muxtariyyət qazanması ilə birlikdə düşmənlərimizin ölkəmizə qarşı həyata keçirməyə çalışdığı çirkin planlara ciddi zərbə vuruldu.

AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev Azərtac-ın Naxçıvan bürosunun müxbirinə bildirib ki, muxtariyyət məsələsinin siyasi gündəmdə yerini almasının əsas səbəbi 1920-ci il dekabrın 2-də Rusiya və Ermənistan arasında bağlanmış hərbi-siyasi saziş olub. Həmin sazişə əsasən, qədim Azərbaycan torpağı olan Zəngəzur Ermənistana verilib və beləliklə, Naxçıvan məqsədli şəkildə Azərbaycanın əsas ərazisindən ayrı salınıb. Bu, Naxçıvanın muxtariyyət məsələsini zərurətə çevirib. Bu zərurət, ilk növbədə, Azərbaycana məxsus ərazinin qorunması vacibliyindən irəli gəlirdi.

Naxçıvanın muxtariyyətini beynəlxalq unikal bir model, hüquqi, siyasi və tarixi baxımdan bir fenomen kimi qiymətləndirirlər. Çünki Naxçıvanın muxtariyyəti daxili qanunvericiliklə yanaşı, həm də beynəlxalq müqavilələrlə müəyyən olunub. Bu məsələdə Naxçıvanın qabaqcıl ziyalılarının səyləri və qardaş Türkiyənin mövqeyi qədim diyarı dəhşətli aqibətdən xilas edib.

1921-ci il martın 16-da Rusiya ilə Türkiyə arasında imzalanan “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsində Behbud ağa Şahtaxtinskinin təklifləri nəzərə alınaraq, Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi öz əksini tapıb. Moskva müqaviləsinin üçüncü maddəsinə əsasən, Naxçıvan vilayəti “Azərbaycanın qəyyumluğu altında muxtar ərazi olurdu, bir şərtlə ki, Azərbaycan bu qəyyumluğu üçüncü dövlətə güzəştə getməyəcək”.

İsmayıl Hacıyev qeyd edib ki, Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə imzalanan Moskva və Qars müqavilələri bölgənin gələcək taleyini müəyyənləşdirdi. 1924-cü il fevralın 9-da məhz bu sənədlər əsasında Naxçıvan Muxtar Respublikası yaradıldı.

Naxçıvanın muxtariyyət statusuna malik olması onun təhlükəsizliyinin, ərazi bütövlüyünün qorunmasında müstəsna rol oynayıb. Muxtariyyət statusu erməni təcavüzünə məruz qalan Naxçıvanın 1990-cı il yanvarın 19-da keçmiş SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etməsinə imkan verib. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin qərarında qeyd olunurdu ki, bu qərar muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığı və beynəlxalq hüquqi qüvvəsi olan Qars müqaviləsinin şərtlərinin kobud surətdə pozulduğu üçün qəbul edilib. Bu, beynəlxalq ictimaiyyətin diqqətini Naxçıvana yönəldilməsinə və Azərbaycanın tarixi ərazisinin qorunub saxlanmasına imkan yaratdı. Məhz buna görə də Naxçıvanın ərazisi kimi, onun muxtariyyət statusu da zaman-zaman məkrli düşmənin hədəfinə çevrilib.

1990-cı ilin iyul ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən qurtardı. Həmin illərdə dahi şəxsiyyətin Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci həyat bəxş etdi.

Bu gün Naxçıvan Muxtar Respublikasının uğurla inkişaf etdiyini, yeni-yeni nailiyyətlər qazandığını bildirən İsmayıl Hacıyev deyib: “Naxçıvanın muxtariyyətini möhkəmləndirən mühüm amillərdən biri də, şübhəsiz, ötən 94 ildə buradakı sosial-iqtisadi inkişafdır. Yüksək iqtisadi potensiala malik olan muxtar respublikada bu gün bütün dövlət proqramlarının, infrastruktur layihələrinin böyük uğurla həyata keçirilməsi nəticəsində Naxçıvan regionun cazibə mərkəzinə çevrilib. Məhz bu səbəbdən muxtar respublika hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkan kimi dünyada şöhrət qazanıb. Bütün bunlar həm də muxtariyyətin bəhrələridir”.

Nəşr olunub CƏMİYYƏT

Reytinq