Burda göstərilən tarixə olan xəbərlər: Cümə Axşamı, 05 Aprel 2018

Kərimli, İsmayılov və Hüseynzadənin gizli ittifaqı?; AXCP sədri Azərbaycana düşmən mövqedə dayanan separatçılarla ittifaqı genişləndirir; “Dövlətə xəyanət” və “Terrorçuluq” maddələrilə haqqında cinayət işi açılan İsgəndər Hüseynzadəni Kərimli və Aslan İsmayılovla birləşdirən maraqlar...

Müxalifətdə olmaq o deməkdir ki, sən öz ölkənə,  dövlətinə düşmən mövqedə dayanmalısan? Hər addımda bilərəkdən xalqının mənafeyinin ziddinə getməlisən? Ətrafına Azərbaycana qarşı düşmən mövqedə olan insanları, təşkilatları yığmalısan? Ölkənin müstəqilliyini, bayrağını qəbul etməyən, nəinki qəbul etməyən, bu iki ali dəyərimizə qarşı çıxan qüvvələrin liderinə çevrilməlisən?

Bu suallar ritorik deyil. Heç sadəlövhlükdən də irəli gəlmir. Qarşılaşdığımız mənzərə, əldə etdiyimiz informasiyalar, faktlar bizi o qədər heyrətə salıb ki, bu sualları verməyə məcbur qalırıq.

***

Milli Şura ilə Müsavat Partiyasının birgə təşkil etdikləri 31 mart mitinqi haqda sosial və peşəkar mediada bir neçə gün müzakirə aparıldı. Aksiyanı təqdir edənlər, ora 10 mindən artıq adamın yığışdığını iddia edənlərlə yanaşı, tədbirin alınmadığını, meydana uzaqbaşı iki min, üç min adamın yığışdığını yazanlar da oldu. Təqdir yazıları kimi, tənqid məqalələrinin yazılması da normaldı. Hər şeyin yaxşı olduğunu demək kimi, hər şeyin pis olduğunu söyləmək, yazmaq da sağlam yanaşma deyil. 

Musavat.com-da da 31 mart aksiyası haqda kiçik bir məqalə dərc olundu. “İflasın fotosu - Kərimlinin əli siyasətdə niyə gətirmir” başlıqlı yazıda (http://musavat.com/news/iflasin-fotosu-kerimlinin-eli-siyasetde-niye-getirmir_515895.html  http://musavat.com/news/iflasin-fotosu-kerimlinin-eli-siyasetde-niye-getirmir_515895.html) aksiya ilə bağlı bəzi müşahidələr, fikirlər yer almışdı. Normalda bu yazıya Əli Kərimlinin çevrəsində qərarlaşmış lümpenlər cavab verməli idilər. Çünki onların təşkil etdikləri aksiyanı ələşdirmişdik.

Amma bu məqaləyə cavab başqa bir ünvandan gəldi. Nur-az.com adlı bir saytda və eyni adlı facebook səhifəsində yazdıqlarımıza təhqir və söyüşlə reaksiya verildi. Əməkdaşımızın mitinq təəssüratlarına, qeydlərinə cavabda əsas hədəf “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Artifoğlu idi.

Düşünmək olardı ki, bu, AXCP-nin peyk saytlarındandı. Necə ki Əli Kərimli və ətrafı saxta profillər yaradıb onları təqdir etməyənləri mənəvi-psixoloji terrora məruz qoyurlar, bu saytın da fake olduğunu zənn edib, üstündən keçmək mümkün idi. Amma və lakin... Saytı araşdırdıq. Əldə etdiyimiz bilgilər bizi xeyli təəccübləndirdi. Sən demə, nur-az.com saytı iranyönümlüdü. Bir qədər də araşdırdıqda məlum oldu ki, bu saytı İsgəndər Hüseynzadə ad-soyadlı bir nəfər idarə edir. Məsələnin gerçək mahiyyəti burada üzə çıxdı.

İsgəndər Hüseynzadə ile ilgili görsel sonucu

Kimdir İsgəndər Hüseynzadə? O, niyə Milli Şuranı, Əli Kərimlini bu cür davakarcasına, necə deyərlər, qanını qaşığa qoyaraq müdafiə edir?

Məlum oldu ki, bu adam İranın bəzi dairələrinin istifadəsində olan bir casusdur. Adam birmənalı Azərbaycana - öz ölkəsinə, dövlətinə düşmən mövqedə dayanan biridir. Onun barəsində bildirilir ki, Hüseynzadə İsgəndər Hüseynəli oğlu 27 yanvar, 1966-cı ildə Cəlilabad rayonunda anadan olub. 1996-cı ildən ailəsi ilə birgə İran İslam Respublikasının Qum şəhərinə köçüb.

2008-ci ildə barəsində “Dövlətə xəyanət” və “Terrorçuluq” maddələri ilə cinayət işi başlanıb. Elə həmin il MDB üzrə və İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.

6a99d656-a99b-4c29-a6e7-bc14de4ade2c.jpg (44 KB)

İ.Hüseynzadə Qum şəhərində fəaliyyət göstərən “Nur” elmi-mədəni müəssisəsinin (nur-az.com) rəhbəridir. Onun saytında ölkəmiz əleyhinə qərəzli yazılar verilir. Bir sözlə, adamın rəhbərlik etdiyi sayt tam anti-Azərbaycan mövqelidi.

Barəsində “Dövlətə xəyanət” və “Terrorçuluq” maddələri ilə cinayət işi qaldırılmış, Azərbaycan əleyhinə açıq düşmənçilik edən bir adamın Əli Kərimlinin müdafiəsinə qalxması çox şeydən xəbər verir. AXCP sədrinin siyasi iştahı və iqtidara qərəzi o qədər yüksəkdir ki, o, ağına-bozuna baxmadan hər qüvvə ilə əməkdaşlığa getməkdən çəkinmir. Əli Kərimlinin ətrafı İran və Rusiya agenturası ilə qaynayır. Bu gün onun müdafiə etdiyi dini kəsimin haralara bağlı olduğu əksəriyyətə bəllidir. “Yeni Müsavat” ötən il bu mövzuda araşdırma yazı dərc edib. Həmin yazının linkini təqdim edirik: http://musavat.com/news/azerbaycana-qarsi-separatizm-herekati-xeyanet-kadrosu-ermeniler-ve-milli-sura-ile-beraberdir-boyuk-tehluke_428759.html.

Əli kərimli ile ilgili görsel sonucu

Ə.Kərimlinin bugünkü müttəfiqləri arasında talış separatizmini açıq şəkildə müdafiə, həmçinin təbliğ edən, Azərbaycanın müstəqilliyinə dil və əl uzadan xeyli dönüklər var. Hakimiyyət uğrunda mübarizədə ölkəsinə, dövlətinə düşmən mövqedə olan qüvvələrlə ittifaq yaratmaq hansı əxlaqa sığır?! Ə.Kərimli bu adamların Azərbaycanın müstəqilliyinə qarşı olduqlarını, hər addımda dövlət əleyhinə açıq çıxışlar etdiklərini, gerçək bir vətən xaini olduqlarını detallarına qədər bilir. Fəqət Azərbaycana qarşı xain və düşmən mövqedə dayanan bu çete ilə müttəfiqliyinə son qoymur.

Təkcə Əli Kərimlimi bu mövqedədi? Yalnız o, separatçıları və vətən xainlərini ətrafına toplayıb, onları reabilitasiya və müdafiə edir? Təəssüf ki, müxalifətçilik pərdəsi altında Azərbaycanı kürəyindən xəncərləyənlər Cəbhə sədri ilə yekunlaşmır. Nə yazıq ki belələrinin sayı kifayət qədərdi. Onlar üzdə hakimiyyəti, bəzi məmurları hədəfə alırlar. Əsl hədəfləri isə Azərbaycanın müstəqilliyinə qarşı açıq və birmənalı mövqedə olan tör-töküntüləri müdafiə etməkdir, onlarla ittifaq yaradıb iqtidara gəlməkdir.

aslan aslan.JPG (106 KB)

Təsəvvür edin, özünü əzabkeş, iqtidar tərəfindən təqib olunan biri kimi göstərən Aslan İsmayılov da İsgəndər Hüseynzadənin müdafiəçisinə, həmçinin təbliğatçısına çevrilib. Bu adamın Rauf Arifoğlunun əleyhinə olan yazısını özünün facebook səhifəsində paylaşır, üstəlik, onu facebookun pullu reklam imkanlarından yararlanıb, daha da tirajlayır.

aslan ismayılov ile ilgili görsel sonucu

Xatırladaq ki, nur.az.com saytı məlum mövqeyinə görə bloklanıb. Sayta Azərbaycan ərazisindən giriş mümkün deyil. Lakin həmin saytın facebookda səhifəsi var və oradan qapı kimi istifadə edərək, Azərbaycana, onun ziyalılarına, dəyərlərinə, dövlətinə qarşı təxribat materialları yayırlar. Bu materiallardan biri də Rauf Arifoğlu haqqındadır. Və bu materialı da hər zaman dəstəklədiyimiz, dara düşəndə yayında olduğumuz Aslan İsmayılov həyata keçirdir.

Belə çıxır, sizin davanız hakimiyyətlə deyil, cənablar. Siz Azərbaycanın müstəqilliyi və bayrağı ilə düşmənçilik edirsiz. Tarixin və millətin alnınıza vuracağı damğadan qorxmursunuzmu? Necə ki, biz bu gün Əliheydər Qarayevi, Ruhulla Axundovu, Məşədi Əzizbəyovu, Çingiz İldırımı və başqa sapı özümüzdən olan Cümhuriyyət düşmənlərini lənətləyirik, gələcək nəsillər də sizi eyni formada lənətləyəcək... Ən nəhayət, Əli Kərimli də, Aslan İsmayılov da ixtisasca hüquqşünasdırlar. Etdikləri bu əməllərə görə təkcə mənəvi məsuliyyət daşımırlar, həm də hüquqi baxımdan məsuliyyət daşıyırlar.

Tarixdən və hüquqdan qorxun...

Nəşr olunub SİYASƏT

Sabir Rüstəmxanlı: “Bəlkə elə buna görə də türklərin üç qitədəki hakimiyyəti 600 ildən artıq çəkib”Sabir Rüstəmxanlı: “Bəlkə elə buna görə də türklərin üç qitədəki hakimiyyəti 600 ildən artıq çəkib”

Bu gün yaşadığımız dünyanın qlobollaşması ilə bağlı səslənən bütün çağırışlara rəğmən, əksər dövlətlərin öz milli dil və mədəniyyətlərini nəinki israrla qoruyub saxladığı, hətta bu dil və mədəniyyətin digər dövlətlərdə də yayılmasına ciddi səy göstərdiyi müşahidə olunur. Maraqlıdır, bəs türk dilinə beynəlxalq aləmdə maraq oyatmaq üçün hansı addımlar atılmalıdır? Niyə uzun əsrlər boyu imperiyalar quran, onlarla dövləti bu imperiyalar ətrafında birləşdirən türklərin dilinə müasir dünya lazımınca maraq göstərmir?

Moderator.az-a açıqlama verən xalq şairi Sabir Rüstəmxanlı türklərin digər xalqlardan fərqli olaraq, öz dil və mədəniyyətlərini tarixin heç bir dönəmində kimsəyə zorla qəbul etdirmədiyini vurğuladı:

“Zornan, inzibati yolla dili sevdirmək, dilə qarşı sevgi yaratmaq mümkün deyil. Bir dilin yayılmasının, beynəlxalq dilə çevrilməsinin  müxtəlif səbəbləri olur. Bu, ilk növbədə siyasi təsirlə bağlıdır. Məsələn, ingilislər bir sıra ölkələri işğal edib onları öz müstəmləçələrinə çevirdikdən sonra zorla ingilis dilini təbliğ etməyə başlayıblar və ingilis dili orada müəyyən zamandan sonra ya əsas, ya da ikinci dilə çevrilib. Hindistan bir neçə yüz il türk-monqolların əllərində olub. Lakin türklər öz tarixi ənənələrinə uyğun olaraq nə dinlərini, nə də dillərini zorla yerli xalqlara qəbul etdirməyib. Onları vadar etməyiblər ki, zorla bunları öyrənsinlər. Hakimiyyət türklərin əlində olub, digər məsələlərə o qədər də ciddi fikir verməyiblər. Ruslar, ingilislər isə işğal etdikləri torpaqlarda öz dillərini, mədəniyyətlərini qəbul etdirməyə çalışıblar. Bunun nəticəsidir ki, Hindistan türk dilini öyrənmədi, amma ingilis dilini öyrəndi. Avstraliyanı ələ keçirən ingilislər oradakı aborogenləri adalara qovdular. Qitəyə ingilislər hakim oldu. Bu gün də orada ingilis dili hakimdir. Fransızlar, ispanlar da getdikləri ölkələrdə öz dillərini öyrədirdilər. Türklər isə belə etməyiblər. Bəlkə elə buna görə də türklərin üç qitədəki hakimiyyəti 600 ildən artıq çəkib. Digərlərinin isə siyasi hakimiyyətləri qısa çəksə də, dil hakimiyyətləri bu gün də davam edir.

Türk dilinin təbliğinin ən mühüm yollarından biri dünyanın müxtəlif ölkələrində məktəblərin açılmasıdır. Bundan başqa, türk dünyasına siyasi, iqtisadi marağın artmasına nail olmaq lazımdır. Mədəni əlaqələr də güclənməlidir. Bu əlaqələr gücləndikcə, türk dilinə, bu dilin ləhcələrinə də maraq artacaq”.

Nəşr olunub CƏMİYYƏT

Ukraynada yaşayan soydaşlarımız aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini diqqət mərkəzində saxlayırlar. 30 mindən çox həmvətənimizin yaşadığı Xarkov şəhərində də seçki hüququna malik olan çoxsaylı Azərbaycan vətəndaşları var. Onların seçkilərə cəlb olunması üçün Azərbaycanın Xarkovdakı fəxri Konsulluğu və bu vilayətdəki Azərbaycan diaspor təşkilatları birgə fəaliyyət göstərir. 
Bunu Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib. Xarkov vilayətinin aparıcı ali təhsil ocaqlarında 6 minə yaxın azərbaycanlı tələbənin təhsil aldığını bildirən Ə.Salmanov vilayətdə yaşayan və təhsil alan Azərbaycan vətəndaşlarının qarşıdan gələn prezident seçkilərində iştirak etmələri üçün Azərbaycanın Ukraynadakı səfirliyində yaradılacaq seçki məntəqəsinə Xarkov şəhərindən xüsusi avtobusların təşkil olunacağını bildirib: “Bizim əsas məqsədimiz Xarkov şəhərində yaşayan Azərbaycan vətəndaşlarının seçkilərdə iştirakını təmin etməkdır. Bunun üçün Azərbaycanın Xarkovdakı fəxri Konsulluğu aprelin 11-də Xarkovdan Kiyev şəhərinə, yəni Azərbaycanın Ukraynadakı səfirliyində təşkil olunacaq seçki məntəqəsinə getmək üçün xüsusi avtobuslar təşkil edəcək”. 
Ə.Salmanov bildirib ki, Azərbaycan Seçki Məcəlləsinə uyğun olaraq xaricdə yaşayan Azərbaycan vətəndaşları həmin ölkənin səfirliyində yaradılmış seçki məntəqəsinə gələrək istədiyi namizədə etimad göstərə bilər: “Bu baxımdan Azərbaycanın Xarkovdakı fəxri Konsulluğu, bu vilayətdə yaşayan Azərbaycan vətəndaşlarının öz konstitusion hüquqlarından istifadə etmələri üçün onların səfirliyimizə gedib-gəlmələrini öz üzərinə götürüb”.
Əfqan Salmanov onu da əlavə edib ki, Azərbaycanla Ukrayna arasında çox böyük dostluq və qardaşlıq münasibətləri mövcuddur. Onun sözlərinə görə, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri bilavasitə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Bu gün məhz minlərlə azərbaycanlı tələbənin Ukraynanın aparıcı təhsil ocaqlarında təhsil alması, on minlərlə həmvətənimizin bu ölkədə rahat yaşaması, beynəlxalq arenada hər iki ölkənin bir-birinə dəstək vermələri müdrik və uzaqgörən siyasətin əyani göstəricisidir. Mən fəxrlə demək istəyirəm ki, cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 15 ildə Azərbaycanla Ukrayna arasında iqtisadi, siyasi, elmi, mədəni əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu baxımdan hər iki ölkə beynəlxalq arenada strateji müttəfiqlər kimi prinsipial məsələlərdə bir-birinə dəstək verir. Dövlət başçısının Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporuna bəslədiyi xüsusi diqqət və qayğı, soydaşlarımızın bu ölkənin, dövlət və hökumət strukturlarına inteqrasiya olunmasına təkan verib. Bu baxımdan Ukraynada yaşayan soydaşlarımız, xüsusən də Xarkov vilayətində məskunlaşan həmvətənlərimiz qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq İlham Əliyevin namizədliyini dəstəkləyirlər. Əminəm ki, cənab İlham Əliyev bu seçkilərdə də xalqımızın yekdil etimadını qazanacaq. Ölkəmiz və xalqımız Onun rəhbərliyi altında daha böyük uğurlara imza atacaq”.(yeniazerbaycan.com)

 
Nəşr olunub SİYASƏT

Reytinq