Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə Axşamı, 15 May 2018
Qazilərin, ehtiyatda olan zabitlərin və hərbiyönümlü QHT rəhbərlərinin Türkiyəyə səfəri başlayıb.
 
Bu barədə QHT.az-a Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib.
 
O qeyd edib ki, səfər  Türkiyə Əməkli Subaylar Dərnəyinin və Türkiyə Muharip Gazilər Dərnəyinin dəvəti və  Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. 
 
 
Qeyd edək ki, ikitərəfli baş tutun bu səfərlər hər il gerçəkləşir.
Nəşr olunub CƏMİYYƏT

Azərbaycanın Türkiyədəki səfirliyi Ankaradakı Heydər Əliyev Parkında Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaranmasının 100 illiyi münasibətilə təntənəli mərasim təşkil edib.

Musavat.com xəbər verir ki, mərasimdə Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər, generallar, diplomatlar, deputatlar, görkəmli ziyalılar, qardaş ölkə ictimaiyyətinin tanınmış simaları, qazilər, bu ölkədə yaşayan, işləyən və təhsil alan azərbaycanlılar, müdavimlərimiz iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Mərasimi giriş sözü ilə açan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Azərbaycan Xalq Cümhuriyyətinin, o cümlədən Silahlı Qüvvələrimizin yaranması tarixindən danışıb. Səfir diqqətə çatdırıb ki, Silahlı Qüvvələrimizin formalaşmasında Qafqaz İslam Ordusunun göstərdiyi yardım tarixi əhəmiyyət daşıyır və Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirilir. Bu gün sürətlə inkişaf edən Azərbaycan Ordusu dünyanın ən güclü orduları arasındadır.

Azərbaycan Xalq Cümhuriyyətinin və ordumuzun 100 illik yubileyləri münasibətilə təşkil olunan təntənəli mərasimdə iştirak edənlərə minnətdarlığını bildirən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin səmimi salamlarını Türkiyə Parlamentinin sədrinə, hökumət və dövlət təmsilçilərinə çatdırıb. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və inkişaf istiqamətləri barədə ətraflı məlumat verən Prezidentin köməkçisi diqqətə çatdırıb ki, müstəqilliyimizin dünya miqyasında tanınması və ordu quruculuğu sahəsindəki nailiyyətlər Cümhuriyyət hökumətinin əldə etdiyi ən böyük tarixi uğurlardandır. Bakının erməni-daşnak işğalından azad olunmasına tarixi töhfələr verən Qafqaz İslam Ordusu Silahlı Qüvvələrimizin formalaşmasına da kömək etməklə ölkəmizin və xalqımızın təhlükəsizliyinə dəstək olub.

Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası barədə danışan Əli Həsənov diqqətə çatdırıb ki, o, hələ Naxçıvan Ali Məclisinin sədri olarkən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinin və prinsiplərinin həyata keçməsi üçün mühüm siyasi qərarlar qəbul edib, dövlət atributlarımızın bərpasına nail olub və Azərbaycan hakimiyyətinə bu istiqamətdə dəyərli tövsiyələr verib. Bu məqsədyönlü siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması barədə Prezidentin imzaladığı məlum Sərəncam, o cümlədən, dövlətimizin başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması bu istiqamətdə atılan mühüm siyasi qərarlar sırasındadır. Hazırda dünyanın bir sıra ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər keçirilir. Qardaş Türkiyədə belə bir möhtəşəm mərasimin təşkili xüsusilə əhəmiyyətlidir. İstər Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, istərsə də müstəqilliyimizin bərpası Türkiyədə böyük qardaş sevinci ilə qarşılanıb. Ümummilli lider Heydər Əliyevin və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün tarixi fəaliyyətlərinin əhəmiyyətindən bəhs edən Əli Həsənov bildirib ki, ölkələrimizin sürətli inkişafı və müstəqilliyimizin əzmlə qorunması onların ruhunu şad edir.

Prezidentin köməkçisi çıxışında Türkiyənin Suriya ərazisində həyata keçirdiyi antiterror əməliyyatının Azərbaycanda dəstəkləndiyini qeyd edərək bildirib ki, bütün bu tədbirlər Türkiyənin təhlükəsizliyi, terrordan xilas olmaq, əhalinin əmin-amanlığını təmin etmək üçün atılan addımlardır. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdikləri siyasi iradə xalqlarımızın və ölkələrimizin təhlükəsiz gələcəyinə xidmət edir.

Ötən əsrin əvvəllərində əldə etdiyimiz müstəqilliyin yenidən bərpa olunmasını Azərbaycan və Türkiyənin ortaq sərvəti kimi dəyərləndirən Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətindən danışıb. Parlament sədri bildirib ki, Ankaranın gözəl bir guşəsində yaradılan Heydər Əliyev Parkı Türkiyə dövlətinin və xalqının Ulu Öndərimizə dərin ehtiramının göstəricisidir. Prezident İlham Əliyevin dövlət başçısı kimi ilk səfərini Türkiyəyə etməsi Heydər Əliyev ideallarına sədaqət nümunəsidir. Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə təbrik edən İsmayıl Qəhrəman Nuru Paşanın komandanlığı ilə Azərbaycan xalqının köməyinə çatan Qafqaz İslam Ordusunun rəşadətli qələbəsini nəsillərə örnək olan qardaşlıq nümunəsi kimi dəyərləndirib.

Türkiyə Baş nazirinin müavini Hakan Çavuşoğlu Baş nazir Binəli Yıldırımın mərasimə ünvanlandığı təbrik məktubunu oxuyub. Məktubda Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaranmasının 100-cü ildönümü ilə bağlı səmimi təbriklər çatdırılır, Azərbaycan-Türkiyə qardaşlığının dinamik inkişafının əhəmiyyətindən bəhs olunur. Prezident seçkilərindən sonra dövlətimizin başçısı İlham Əliyevin ilk səfərini Türkiyəyə etməsinin əhəmiyyətinə toxunulur və əminliklə ifadə olunur ki, Azərbaycanı qarşıda daha böyük nailiyyətlər gözləyir. Bundan başqa, Novruz Məmmədovu Baş nazir təyin olunması münasibətilə təbrik edən Binəli Yıldırım əminliklə ifadə edir ki, Azərbaycan və Türkiyə hökumətləri ölkələrimizin və xalqlarımızın firavan həyatı üçün daha səmərəli əməkdaşlıq edəcəklər.

Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin yaranması və müstəqilliyimizin bərpasından sonra ordu quruculuğu sahəsində əldə edilən nailiyyətlərdən danışıb. Hərbi attaşe bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin formalaşması və inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ordumuzun peşəkarlığının artmasına Türkiyənin göstərdiyi kömək xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar qardaş ölkələrimizin dinamik inkişafından bəhs edib. Deputat diqqətə çatdırıb ki, Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun tarixi missiyası Azərbaycan və Türkiyə xalqlarının qürur mənbəyidir.

Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri xalqlarımızın böyük sərvəti kimi dəyərləndirilib. Heydər Əliyevin tarixi xilaskarlıq missiyasından bəhs edən natiqlər əminliklə bildiriblər ki, iki qardaş xalq arasındakı münasibətlər əbədiyyətə qədər dinamik inkişafda olacaq. Həmçinin çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının, Milli Ordumuzun yaradılmasının əhəmiyyətindən, bu məsələdə Qafqaz İslam Ordusunun tarixi missiyasından, dövlət müstəqilliyimizin bərpasından sonra Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının hədəflərindən, bu siyasətin uğurla davam etdirilməsindən, iki qardaş ölkənin birgə həyata keçirdikləri iqtisadi layihələrdən, o cümlədən, Silahlı Qüvvələrimiz arasında əməkdaşlıq kimi məsələlərdən bəhs olunub. Diqqətə çatdırılıb ki, Silahlı Qüvvələrimizin güclənməsi, eləcə də qardaş ölkələrimizin sosial-iqtisadi həyatındakı dinamik inkişaf xalqlarımızın təhlükəsizliyini və rifahını təmin edən əsas amillərdir. Vurğulanıb ki, tarixi köklər, ortaq din, dil və mədəniyyətlə bir-birinə ayrılmaz tellərlə bağlı olan Azərbaycan və Türkiyənin qardaşlığı bundan sonra da inkişaf edəcək, bütün dünya üçün nümunə olacaq.

Mərasimin rəsmi hissəsindən sonra maraqlı konsert proqramı olub. Konsertdə xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova məlahətli ifaları ilə bayram tədbirinin iştirakçılarında xoş ovqat yaradıblar. Ruh oxşayan Azərbaycan muğamı Heydər Əliyev Parkında yaşanan bayram əhval-ruhiyyəsini daha da yüksəldib. Natiq ritm qrupunun ifası da maraqla qarşılanıb. Sonra əməkdar artist Turan Manafzadənin dirijorluğu ilə orkestrin konserti olub. Daha sonra xalq artisti Azərinin ifası dinlənilib.

İştirakçılar Heydər Əliyev Parkında Azərbaycanın zəngin tarixi, mədəniyyəti, müasir ordusunun gücü, ölkənin sosial-iqtisadi inkişafını əks etdirən fotosərgi ilə tanış olublar. Heydər Əliyev Parkında quraşdırılmış böyük ekranda Azərbaycanın müasir həyatından, reallaşdırılan nəhəng iqtisadi layihələrdən, o cümlədən, Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən videoçarx göstərilib.

Təntənəli yubiley mərasimi atəşfəşanlıqla başa çatıb.

Musavat.com

Nəşr olunub SİYASƏT

2016-cı ilin avqustunda Türkiyədə öldürülən məşhur “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) qatilinin kim(lər) olması ilə bağlı indiyədək çoxsaylı versiyalar səslənib. Media, sadəcə, bunları əsasən Rusiya KİV-lərində yayılmış məlumatlar əsasında yazır. Amma artıq iki ilə yaxındır ki, bu qətl işinə görə axan qanlar da durmur. “Yeni Müsavat” ötən ilin mayında “Lənkəranski”nin qətlində iştirak edən killerin Sankt-Peterburqda öldürülməsi barədə məlumat yaymışdı.

Rusiya KİV-lərinin məlumatında deyilirdi ki, “Lənkəranski”nin qətlində iştirakı şübhə doğurmayan Cabir Həsənov aprelin 28-də Leninqrad prospekti 42-də öldürülüb. Qətlə yetirilən 42 yaşlı Cabir Həsənov bir neçə dəfə Azərbaycanda məhkum həyatı yaşayıb. Azadlığa isə üç il əvvəl çıxıbmış və Rusiyaya gedibmiş. Samarada azərbaycanlı biznesmenin oğurlanmasında iştirak etdiyi üçün barəsində axtarış elan olunubmuş. Onun saxta sənədlə Türkiyə və Ukraynada gizləndiyi də xəbər verilirdi. Öldürüləndə də üstündə Cümşüd Həsənov kimi qeyd edilən saxta sənəd tapılmışdı.
Rusiya mediası xəbər verirdi ki, qətlə yetirilənin pasport qeydlərinin araşdırılması zamanı üzə çıxıb ki, Lənkəranskiyə sui-qəsd olanda o, həqiqətən də Türkiyədə olub.

O da bildirilirdi ki, Cabir Həsənov cəzasını azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun(“Lotu Quli”) vaxtilə saxlandığı 8 saylı həbsxanada çəkib. Rusiya KİV-nin iddiasına görə, “Quli” ilə yaxın münasibəti olub.

Maraqlıdır ki, Rusiya mətbuatı Cabir Həsənovun qətlini daha çox qulağı kəsilərək şəkili və videosu yayılan Rafiq Eyvazovun (“Rafiq Masallinski”) intiqamı kimi izah edir. Məlumata görə, “Rafiq Masallinski” bu qətldən sonra yaxın ətrafına “sırada daha 6 nəfər qaldı” deyib. Bu isə onun qulağının kəsilməsində iştirak edənlərin sonadək cəzalandırılacağı kimi yozulub.

İndi isə məlum olub ki, Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş istintaq İdarəsi bu qətldə iştirakçı olan 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətovun işi üzrə istintaqı tamamlayıb. Virtualaz.org “Peterbuqskiy dnevnik” nəşrinə istinadla xəbər verir ki, Nüsrətov ötən il aprelin 28-də şəhərin Lenin prospektində Cabir Həsənov adlı azərbaycanlının qətlinə yardım etməkdə təqsirləndirilir.

İstintaqın versiyasına görə, Nazim Nüsrətov özü nə “Lotu Quli”nin, nə “Rövşən Lənkəranski”nin qruplaşmasına bağlı deyil. O, 2017-ci ilin aprelində Bakıdan Sankt-Peterburqa gedən və hazırda axtarışda olan tanışı, 23 yaşlı Camal Həsənovun xahişi ilə Cabir Həsənovun qətlinə yardım edib. Öz adına nömrə götürərək Camal Həsənovu şəhərdəki mini-hotellərdən birinə yerləşdirib, sonra ona qətldə istifadə etmək üçün avtomobil alıb, sim-kartlarla təchiz edib. Habelə uzaq qohumu vasitəsilə Həsənovu qətldən sonra Belarusa keçirib. Bütün bunlara görə 150 min rubl alıb. Pullar bir neçə tranşla onun bank hesabına köçürülüb.

Cinayət işinin materiallarına görə Nüsrətov Bakıdan gedən killer üçün “VAZ 21103″ markalı, ”badımcan” rəngli avtombili tanışı vasitəsilə 95 min rubla alıb. Əvvəlcədən xəbərdarlıq edib ki, avtomobil yeni sahibinin adına qeydiyyatdan keçirilməyəcək. Avtomobili dərhal avtoservisə göndəriblər və şüşələrinə qara plyonka vurdurublar.

Aprelin 28-də axşamdan xeyli keçmiş həyətin əsas girişində atəş səsləri eşidilir, bundan sonra şahidlər qara gödəkcəli, “kapşonlu” şəxsin cəld həmin “VAZ”ın sükanı arxasına keçərək qaza basdığını görüblər.

“Lənkəranskini mən öldürmüşəm” – Sankt Peterburqdakı qətlin sirləri



Qətldə istifadə olunan avtomobil hadisə yerindən bir neçə kvartal aralıda atılmış vəziyyətdə tapılıb. Məlum olub ki, killer kameralara yaxalanmamaq üçün qurbanını gözləyəndə heç tualetə də getmirmiş, kiçik ehtiyacını boş butulkalara “ödəyirmiş”.

Nazim Nüsrətov qətldən bir neçə gün sonra-mayın 31-də tutulub. Əvvəlcə o, killerə 150 min rubla tapança satdığını da bildirib. Guya həmin tapançanı tapıbmış. Lakin sonradan vəkilinin köməyi ilə ifadəsini dəyişdirib, bildirib ki, Həsənovun Bakıdan hansı məqsədlə gəldiyindən xəbəri yox idi. Və kömək etməyə bu səbəbdən razılaşıb ki, Əfqan adlı hansısa tanışı onu Azərbaycanda yaşayan valideyinlərinə divan tutmaqla hədələyib. Nüsrətov əvvəlcə həmin Əfqanı “köhnə dostu” kimi təqdim edib, daha sonra ifadəsini dəyişərək onu “təsadüfi tanışı” adlandırıb. Habelə ifadəsində killerin pistoleti özü aldığını, 150 min rublu isə əvvəlcədən bank kartı ilə köçürdüyü puldan geri qaytardığını bildirib.

“Lakin istintaqın heç bir şübhəsi yoxdur ki, təqsirləndirilən şəxs killerə şüurlu şəkildə kömək edib və hər şeyi anlayıb”-baş müstəntq Vyaçeslav Mazurenko bildirib.
Bəs Lenin prospektindəki bu qətlin motivi nə olub? “Rövşən Lənkəranski”nin əvvəllər gömrük orqanlarında işləyən qardaşı Bakıdan Cabir Həsənovu öldürmək üçün killeri hansı motilvlə göndərib?

Bu motiv barədə istintaqa ifadə verən gizli şahid danışıb. Şahidin ifadəsinə əsasən Cabir Həsənov bir neçə dəfə Sankt-Peterburqdakı “Apraksin dvor” bazarında alver edən azərbaycanlıların arasında sərxoş vəziyyətdə və narkotikin təsiri altında deyib ki, 2016-cı ilin avqustunda İstanbulda “Rövşən Lənkəranski”ni güllələyənlərdən biri şəxsən özüdür.

Yada salaq ki, Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı “qanuni oğru” Rəşad İsmayılovun (“Rəşad Gəncinski”) qanqsterlər arasındakı söhbətlərdən birində Canıyevi onun əmri ilə “o biri dünyaya göndərdikləri” barədə də xəbər yaymışdı. Xəbərdə iddia olunurdu ki, “Rəşad Gəncinski” bildirib ki, “Lənkəranski”nin qətlinin motivi onun yaxın dostu, “göyərti kralı” kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir.

Nəşr olunub HADİSƏ
Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bu günlərdə Qazax rayonuna səfər edib. Səfər çərçivəsində o, rayon ziyalıları və icra başçısıyla görüşüb. Rayonda Xalq şairinin şərəfinə ziyafət təşkil olunub. 
 
S.Rüstəmxanlının Bakıya qayıtdıqdan sonra səfəri barədə qələmə aldığı yazını və səfərdə çəkilmiş fotoları təqdim edirik: 
 
Yetirdiyi böyük şəxsiyyətlərin ruhu və xatirəsi Qazaxın tükənməz mənəvi enerjisinin qaynağıdır və bəlkə elə buna görə vətənimizin bu gözəl guşəsi öz torpağı, havası, suyu, sazı və sözüylə həmişə bərəkət saçır. İlin, ayın hansı vaxtı olur-olsun, ayağın bu torpağa dəyən kimi, bu gücü və enerjini hiss edəcəksən;  Göyəzənin, Aveyin hələ sonadək öyrənilməmiş və dərk olunmamış tarix havası səni vuracaq...
 
May ayının ortalarında həmin sehrli enerjiyə həm də  yaz daşqını kimi dağı-daşı bürüyən təzə-tər yaşıllıq və gözəllik qarışır; qısa müddətə olsa da sanki bütün qayğılardan ayrılır, gündəmi dolduran dedi-qodulardan, ürəyini sıxan dərdlərdən  uzaqlaşır, adı və yaradıcılığı ilə, qoşa addımladığın illərin unudulmaz xatirələri ilə sənə əziz olan böyük sənətkarların, dünyasını dəyişmiş dostlarının  ruhu  bir çox suallara cavab verməklə, əbədi olanla keçici olanların sərhədini daha aydın göstərməklə sənə yardımçı olur... Nə qədər xəlvət, kimsəyə xəbər vermədən gəlsən də küçədə adamlar çoxdan yolunu gözləyən dost-tanış kimi "xoşgəldin” deyəcək, hal-əhval tutacaq, ərklə və səmimiyyətlə süfrələrinə dəvət edəcəklər...
 
 
Ancaq, təbii ki, Qazaxda əsas ev sahibi böyük Səməd Vurğundur  və  öncə onunla salamlaşmadan, ona baş əymədən keçib getmək olmaz. Azərbaycan Yazıçılar Birliyinin Qazax şöbəsinin  başqanı  ilk şeri, ilk kitabı çıxan illərdən bəri tanıdığım və bütün inkişaf yolunu izlədiyim istedadlı şairimiz Barat Vüsalla da Səməd Vurğunun Qazaxın mərkəzində ucalan heykəlinin önündə görüşdük və Bakıdan, öz əllərimlə əkdiyim qızılgüllərdən bağladığım dəstəni heykəlin ayaqları altına qoydum...
 
Qazaxın və bütövlüklə Azərbaycanın fəxri olan böyük şəxsiyyətlərin büstlərinin arasından keçib Şəhidlər xiyabanına getdik. Belə şəhidliklər bütün rayonlarımızda var. Ancaq Qazaxdakı xiyabana sakit baxmaq mümkün deyil. Nəhəng bir ayparadan aralarında jurnalist dostumuz Alı Mustafayev də olan milli qəhrəmanlardan tutmuş, bir yaşı tamam olmamış körpələrə qədər- Qazax şəhidlərinin yüzlərlə portreti sənə baxır və sanki uğrunda canlarını qurban verdikləri torpaqların taleyini, savaşın nə zaman bitəcəyini, insanların düşməndən təmizlənən yurd-yuvalarına nə vaxt qayıdacaqlarını soruşurlar...
Sonra  Qazaxın zəngin ekspozisiyası ilə diqqəti çəkən və  bu bölgənin dünya sivilizasiyasının beşiklərindən olduğunu nümayiş etdirən Tarix – Diyarşünaslıq muzeyini gəzdik.
 
Qazax şairləri ilə Ədəbiyyat muzeyinin qarşısında
 
 
Bu dəfə Qazaxa gəlmək fikri ürəyimdə Türkiyədə, Amasiya şəhərində azəri yadigarı olan abidələri ziyarət edərkən doğmuşdu. Amasya azərilərinin bir hissəsi Qazaxdan, Borçalıdan gedənlərdir; Qazaxla  Amasyanı bağlayan tarixi körpüləri unutmaq olmaz. Bu körpüləri quranlardan biri Qazaxın İncə dərəsində uyuyan Mahmud Əfəndidir. Amasyada məşhur şairimiz Seyid Nigarinin məqbərəsini, Şirvanlılar məscidini ziyarət edərkən oralarda zəhməti keçən, əməyinin izi qalan Mahmud Əfəndini ziyarət etməməyin günah olduğunu düşünmüşdüm. Bütün övliya məqbərələrində eyni  bir qutsallıq duyulur. Hansı təriqətə bağlı olurlar-olsunlar onlar İslam aləmini bütöv və güclü görmək istəyiblər, sünni-şiə ayrılığının aradan qaldırılmasını arzulayıblar. Mahmud Əfəndinin məqbərəsi də bunun parlaq bir örnəyidir. Anzaq məqbərəni ziyarət edərkən məni təsirləndirən iki epizodu  ayrıca qeyd etmək istəyirəm. Üz-üzə gəldiyimiz bir ailənin başçısı xanımına məni təqdim etmək istəyəndə qadın sakitcə "Sabir bəyi mənə tanıdırsan?” deyə yoldaşının sözünü ağzında qoydu və bir neçə cümlədə mənim həyatım və kitablarımla bağlı elə dəqiq fikirlər dedi ki, bunu heç peşəkar ədəbiyyatçılar da bacarmaz. Barat Vüsal sonra bunu tez-tez xatırladıb "Qazaxın əsil ziyalı tərəfi budur bax!” deyir.  Mən belə təsadüfi görüşlərə və xalq arasındakı  böyük sevgiyə  alışqanam. Təvazökarlıqdan uzaq səslənsə də həqiqət belədir və bu mənim həyatda ən böyük qazancımdir. Lakin Qazaxda bir kənd qadınının bir ani görüşdə fikrini o cür dəqiq və parlaq ifadələrlə çatdırması mənə əvəzsiz bir hədiyyə oldu.
 
 
Məni heyrətə salan əsas bənzəyişi məqbərədən ayrılarkən gördüm. Qurumuş gövdənin üstündə yam-yaşıl, canlı, meyvəsi üstündə cavan tut pöhrələri... Ağac özü bir möcüzədir, lakin daha qəribə olan bu ağacın bənzərinin, eynisinin Türkiyədə, Kırşəhirdə Hacı Bəktaşi Vəli dərgahında olmasıdır. Həmin ağac haqqında bir neçə il öncə yazmışdım. İnsanlar dərgahla bərabər bu ölümə qalib gələrək, meyvəsini tutiya kimi  ziyarətçilərə paylayan ağacı da ziyarət edirlər...
 
İncə dərəsinə gəlib köhnə şair dostlarımızı ziyarət etməmək günah olar. Burda Akif Səmədlə Ağamalı Sadiq Əfəndi bir yolun üstündə dayanırlar. Əslində elə sağlıqlarında da daim haqq yolunun, millətin azadlıq yolunun üstündəydilər və hər ikisiynən çox səmimi dostluq duyğuları ilə bağlı idik.  Sağ olsun kənd qəbristanları, axırda bizə sahib çıxan yenə onlardır...  Maraqlı həmsöhbətlərin arasındayam, lakin uzaq illər arxasında sevimli müəllimlərim olmuş ədəbiyyatçı Cavad Məmmədovun, riyaziyyatçı Şahvələd Mustafayevin, gənclik dostum, lirika ustası Nüsrət Kəsəmənlinin, ədəbi və siyasi mübarizələrdə çiyin-çiyinə dayandığım İsmayil Şıxlının, Yusif və Vaqif Səmədoğluların, ustad İsa Muğannanın, şeirləri dillərdə dolaşan Hüseyn Arifin canlı xatirələri də bizimlə gəzir. 
 
 
 
Qazax  indiki xəritələrdə vətənimizin uc nöqtələrindən biridir. Qonşu dövlətlərin qapısında yerləşir. Bunu unutmaq olmaz. Bu baxımdan son illərdə Qazaxda görülən işlər məni sevindirdi. Tikilən gözəl binalardan biri də Səməd Vurğun heykəliylə üz-üzə dayanan Ədəbiyyat muzeyidir. Mən bilən, respublikada Nizamı adına Ədəbiyyat muzeyindən başqa ikinci belə bir  muzey yoxdur. Əslində, Qazaxda ayrıca Vaqif, Vidadi, İsmayıl Şıxlı, İsa Muğanna və s. muzeyləri də olmalıdır. Bu muzey hamısını əvəz edəcək və Mədəniyyət Nazirliyi bu işə yardım etməlidir.
 
 
Həyatın elə adi normaları var ki, bizim üçün əlçatmaz arzuya dönüb. Məsələn, Qazaxda söhbət zamanı adamlar tez-tez vurğulayırdılar: "Bilirsiniz, Qazax bir nümunə göstərib, yeni başçı gələndən sonra burada rüşvətin kökü kəsilib. Sağ olsun!”  Düzgünlüyün, xalqa sayğının, hər bir vətəndaşın qapısını döymək, hər bir ehtiyacı olana dayaq durmaq  qayğıkeşliyinin nə qədər ciddi bir iqtisadi, mənəvi, psixoloji  dəyişiklik yaratdığını müşahidə etmək baxımından bugünkü Qazax doğrudan da bir nümunədir. Bunu yazmaq mənə xoşdur və pisə pis dediyimiz kimi yaxşıya yaxşı demək də borcumuzdur.  Qazax rayon icra başçısı ilə söhbətimiz zamanı  mən camaatın razılığının səbəblərini anladım. Rəcəb müəllim iki qonşu dövlətin sərhədində yerləşən  rayonda ilhamla, xalqa hörmətlə, yaradıcılıq eşqi ilə çalışır... Görülən işlər, rayonun inkişafı ilə bağlı planlar, doğrudan da, yerlərə kadrların düzgün seçilməsinin nə qədər vacib olduğunu göstərir. Ümid edirik ki, Qazaxın nümunəsi başqa rayonlarımıza da yayılar...
 
Qazaxda ayrılmazdan əvvəl ziyalılarla, yerli şairlərlə sazlı-sözlü, unudulmaz bir görüşümüz oldu.
 
Nəşr olunub CƏMİYYƏT

1992-ci il 14-15 may hadisələrindən 26 il ötür. Xatırladaq ki, həmin ilin martın 6-da prezident vəzifəsindən istefa verən Ayaz Mütəllibov 1992-ci il mayın 14-də qəfil geri qayıdaraq Ali Sovetin tribunasından hakimiyyətə döndüyünü elan etmişdi.  

Azərbaycan Xalq Cəbhəsi başqa olmaqla müxalifət və xalqın ciddi müqavimətindən sonra Ayaq Mütəllibov ölkədən qaçaraq, Moskvaya mühacirət etmişdi. Baş vermiş həmin hadisələrə bir daha aydınlıq gətirmək üçün hakimiyyət uğrunda mübarizə aparan hər iki siyasi düşərgənin nümayəndələrinin münasibətini öyrəndik. Sözügedən hadisələrə görə ittiham olunan Ayaz Mütəllibov Cebhe.info-ya açıqlamasında birbaşa müxalifət qüvvələrini qınayıb: “Müxalifət adlandırılan qüvvələrin səyləri ilə dövlət çevrilişi olub və nəticəsi də göz qabağındadır. O zaman hakimiyyət uğrunda müxalifət mübarizə aparırdı və mən də o mübarizənin qurbanı oldum”, - eks-prezident belə deyib. 

O dövrdən indiyədək 15 may hadisələrinə münasibət birmənalı olmayıb. Məlum hadisələr ya xalq inqilabı, ya postsovet məkanında ilk "məxməri inqilab", ya da dövlət çevrilişi kimi qiymətləndirilib. 15 may hadisələrinin əsas iştirakçılarından biri də AMİP sədri Etibar Məmmədov olub. 

Etibar Məmmədov Cebhe.info-ya bildirib ki, hər iki gün, yəni həm 14, həm də 15 may dövlət çevrilişi idi: “Ayaz Mütəllibovun 14 mayda hakimiyyətə gəlməsi konstitusiyaya uyğun deyildi. Eləcə də 15 may tarixində ölkədən qaçandan sonra hakimiyyətin ələ keçirilməsi konstitusiyaya uyğun deyildi. Konstitusiya ortalıqda qalmışdı. Kim güclü idisə, o da hakimiyyəti ələ keçirirdi. Belə bir proses gedirdi. Əgər sonra qanunuləşdirilsəydi, yeni konstitusiya tezliklə qəbul olunsaydı, məsələ yoluna düşərdi. Təssüf ki, o da olmadı”.

Ayaz Mütəllibova qarşı cinayət işinin qaldırılması və sonradan ləğv olunması qərarına gəlincə, Etibar Məmmədov qeyd edib ki, bu, humanistlik kimi qəbul oluna bilər: “Ancaq onun əməllərində vəzifəsini yerinə yetirməmək, qanun pozuntusu və başqa xarakterli tərkib var idi”.

Nəşr olunub SİYASƏT

Reytinq