Burda göstərilən tarixə olan xəbərlər: Bazar, 09 İyun 2019

Moldova Prezidenti İqor Dodon beynəlxalq ictimaiyyətindən hakimiyyətin ötürülməsi məsələsində vasitəçilik etməyi xahiş edib.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, İ. Dodon bildirib ki, Demokrat Partiyası hakimiyyəti dinc yolla təhvil verməyə hazırlaşmır.

Moldova Prezidenti "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Demokrat Partiyası hakimiyyəti parlament çoxluğuna və qanunu hakimiyyətə təhvil vermək istəmədiyi üçün başqa çıxış yolu yoxdur: "Bu vəziyyətdə bizim beynəlxalq ictimaiyyətdən hakimiyyətin dinc yolla ötürülməsində vasitəçilik etməsini istəməyimizdən başqa çıxış yolu yoxdur. Ya da Moldova xalqını birləşməyə və dinc aksiyalara çağırmalıyıq. Parlamentin qərarı və yeni hökumət vətəndaşların əksəriyyəti tərəfindən dəstəklənir, Qərb və Şərqdəki tərəfdaşlarımız tərəfindən tanınıb. Biz, daxili və xarici siyasətə müxtəlif baxışları olan Moldova vətəndaşları ümumi məqsəd ətrafında - Moldovanı kriminal və diktator rejimindən azad etmək üçün birləşməliyik. Proses artıq başlayıb və geri yol yoxdur. Sona qədər getmək lazımdır. Biz yolumuzdan dönməyəcəyik".

Ölkədə vəziyyətin dəyişdiyini vurğulayan İ. Dodon Demokrat Partiyasının insanların aksiyalarda iştirak etməməsi barədə çağırışına məhəl qoymamağa da çağırıb.

İ. Dodon Konstitusiya Məhkəməsinin Moldova Prezidenti səlahiyyətlərini baş nazir Pavel Filipə həvalə etməsi barədə qərarını isə hakimiyyəti mənimsəməyə yönələn addım kimi qiymətləndirib.

Qeyd edək ki, şənbə günü rusiyayönümlü Sosialist Partiyası və avropayönümlü ACUM bloku parlament çoxluğunu formalaşdırıb və 3 aydan sonra yeni hökumətin qurulduğu elan edilib. Ancaq Konstitusiya Məhkəməsi parlamentin bu qərarını qanunsuz elan edib. Parlament isə Demokrat Partiyasının məhkəmə yolu ilə hakimiyyəti mənimsəməyə cəhd etdiyini bəyan edib.

Xatırladaq ki, fevralın 24-də Moldovada keçirilən parlament seçkilərindən sonra heç bir partiya parlament çoxluğu qazanmayıb. Bu səbəbdən də hökumətin qurulması üçün parlamentdə koalisiya formalaşdırmaq zərurəti yaranıb. Moldovanın Konstitusiya Məhkəməsinin qərarına əsasən, deputatlar iyunun 7-dək hökuməti formalaşdıra bilməsələr, prezident parlamenti buraxmalı idi. Moldova Prezidenti İqor Dodon isə iyunun 10-dək parlamenti buraxmayacağını bəyan etmişdi.

Nəşr olunub DÜNYA

            Tanınmış Diaspor fəalı, Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan Xeyriyyə Fondunun prezidenti Elnur Hüseynovun doğum günüdür. Elnur Hüseynov uzun illərdir Kirov vilayətində yaşayır, Rusiyanın ictimai həyatında və eyni zamanda Azərbaycan Diasporunun bu ölkədəki fəaliyyətində nüfuzlu mövqeyə malikdir. O, Kirov vilayətində bir çox lahiyələrin təşkilatçısı, Azərbaycanın tanıdılması və milli-mənəvi irsimizin təbliğində davamlı fəaliyyət göstərməkdədir. Eyni zamanda Elnur Hüseynov Rusiya Millətlər Evinin Kirov Regional Nümayəndəliyinin də rəhbəridir.

      boyukmillet.com saytı adından  Azərbaycan Diasporunun gənc təşkilatçı, perspektivli nümayəndəsi Elnur Hüseynovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona işlərində və şəxsi həyatında uğurlar arzulayırıq.

Nəşr olunub CƏMİYYƏT
Bazar, 09 İyun 2019 14:33

Ordubad mürəbbələri

Mürəbbə dedikdə meyvə, giləmeyvə, bəzi tərəvəz növləri, qızılgül və sairənin şəkər mətində bişirilməsi yolu ilə hazırlanan şirniyyat nəzərdə tutulur. Cemdən, meyvə əzməsindən və riçaldan fərqli olaraq mürəbbədə meyvə öz əvvəlki formasını saxlayır, məti isə şəffaf və özlü olur. Hələ IX –XII əsrlərin yazılı mənbələri Azərbaycanda mürəbbə bişirilməsi haqqında məlumat verir. Mürəbbə bişirərkən hər kiloqram şirin meyvə üçün təxminən 1 kiloqram, turş meyvələr üçün isə 1,2 kiloqram şəkər götürülür. Şəkər (yaxud bal) müəyyən miqdar (hər kiloqram üçün ən çoxu 1 stəkan) su ilə qarışdırılıb həll olunanadək 2-3 dəqiqə qaynadılır, içərisinə meyvə tökülür və bir neçə dəqiqə qaynadıldıqdan sonra od üzərindən götürülür. Bu əməliyyat mürəbbə bişənədək bir neçə dəfə təkrar olunur. Sulu meyvələrə su vurulmur. Meyvələr 8-10 saat şəkərə qoyulub öz şirəsində bişirilir. Mürəbbə bişirilən zaman onun üzərinə yığılan köpüyü (kəfi) yığmaq lazımdır. Əgər meyvənin turşluğu azdırsa mürəbbənin xarlanmasının qarşısını almaq üçün bişirmənin sonunda az miqdarda limon duzu qatılır. Mürəbbədən (zoğal mürəbbəsi, moruq mürəbbəsi və sair) xalq təbabətində də istifadə olunur. Sənaye üsulu ilə keyfiyyətli mürəbbə almaq üçün çoxdəfəli bişirmə tətbiq edilir. Yeyinti sənayesində mürəbbə pasterizə edilmiş və edilməmiş buraxılır. Bəzi mürəbbələrin bişirilmə qaydası aşağıdakı kimidir.

Ağ gilas mürəbbəsini bişirmək üçün yetişib ötməmiş ağ gilaslar yuyulub saplaqdan təmizlənir və çəyirdəyi çıxarılır. 1 kiloqram meyvəyə 1 kiloqram şəkər qatılır. Şəkərlənmiş gilas suyu çıxana kimi 2 saat saxlanılır və şirəsi çıxır. Gilas həmin şirədə qaynadılır, arabir kəfi alınır və yavaş-yavaş qarışdırılır. Bişənə yaxın döyülmüş hil və mixək tökmək olar.

Qızılgül mürəbbəsi. Gülçiçəklilər fəsiləsinə daxil olan qızılgül təbiətin ən gözəl güllərindən biridir, onun indiyədək 400-ə qədər yabanı növü məlumdur. Qızılgül kolunda 800-1000-ə qədər çiçək, hər çiçəkdə 80-ə yaxın ləçək olur. Hər çiçəyin çəkisi təqribən 3-4 qrama çatır. Ondan alınan yağ ən bahalı ətirlərə əlavə edilir.

Xoş ətirli olması ilə yanaşı qızılgül ləçəklərindən mürəbbə də bişirildiyini bilirik. Qızılgül ləçəklərindən hazırlanan mürəbbə orqanizm üçün çox faydalıdır. Əvvəlcə onun ləçəkləri yığılıb yuyulur. Ləçəklərin dib tərəfindəki ağ hissəsi kəsilib atılır. Sonra 1 kiloqram qızılgül ləçəyini 10 kiloqram şəkər tozunun, 4 litr su ilə qaynadıldığı şirəyə tökülür. 15 dəqiqə qaynatdıqdan sonra odun üzərindən götürülüb yun şala bükülür və bir gün saxlanılır. Sonra bankalara doldurulur. Onu da qeyd edək ki, gülü çox qaynatmaq olmaz. Az qaynadılanda onun ətri də özü ilə birlikdə qalır. Həm də mürəbbə quru olmur.

Cəviz mürəbbəsi. Bişirmək üçün qabığı bərkiməmiş sütül yaşıl cəvizlər götürülür. Cəvizin qabığı nazik soyulur və gündə 2-3 dəfə suyunu dəyişdirmək şərtilə bir həftə suda saxlanılır. Sonra əhəng suyunda 8-10 saat saxlanılır. Əhəngli suda olan cəvizi arabir 4-5 dəfə qarışdırmaq lazımdır. Sonra əhəngli suda olan cəvizi çıxarıb təmiz yuyurlar. Yuyulmuş cəvizi qazanda qaynar suya töküb 15-20 dəqiqə qaynadırlar.  

İki dəfə qaynatdıqdan sonra cəvizlər aşsüzənə yığılır və soyuduqdan sonra çəngəllə 3-4 yerdən deşilir. Qazandakı qaynadılmış suya iki xörək qaşığı zəy atıb deşilmiş cəvizləri həmin suda 15-20 dəqiqə qaynatdıqdan sonra yenə suyun süzüb təkrar bir dəfə də 15-20 dəqiqə şirin suda qaynadıb suyun süzürük. Sonra sirə tutmaq üçün 1 kiloqram cəviz (təqribən 60-65 ədəd) üçün 1,2 kiloqram şəkər tozu götürülüb şirə hazırlanır və cəvizlər qaynadılmış şirənin içinə tökülür. Bu vaxt təmiz tənzifin içinə hil, mixək, darçın qoyulub sapla bağlanıb şirənin içərisinə atılır. Cəvizlər bişənə kimi tənzifdə olan ədviyyatlar şirənin içərisində qalır ki, dadı ləzzətli olsun. Cəvizlər şirədə 2-3 dəfə bişirilir. Bişdikdən sonra limon turşusu əlavə olunur və 10 dəqiqədə qaynadılıb götürülür.

           

Nəşr olunub CƏMİYYƏT

img

Fransada “sarı jiletlilər”, aksiyaların 30-cu həftəsində də Emmanuel Makron hakimiyyətinin siyasətinə etiraz etmək üçün küçələrə çıxıb.

 boyukmillet.com xəbər verir ki, yanacağın bahalaşması və pis iqtisadi şəraitə qarşı başlayan, sonradan Makron əleyhinə etirazlara çevrilən aksiyalar 30-cu həftəsində də gərgin keçib.

Polis Parisin Şanzelize prospektində, Milli Məclis və 15 apreldə baş vermiş yanğında böyük zərər görmüş Notr Dam kilsəsi ətrafında aksiyaları qadağan edib.

Parisin mərkəzində nümayiş qadağan edildiyindən, “sarı jiletlilər” bu şəhərin yaxınlığındakı Sen–Deniyə toplaşıblar.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalarda 10 min 300 nümayişçi iştirak edib. “Sarı jiletlilər” isə 19 min 654 aksiyaçının səfərbər olduğunu bildiriblər.

30 həftədir keçirilən aksiyalarda indiyə kimi 11 nəfər ölüb, 1797-si polis 4245 nəfər yaralanıb, 12107 adam isə həbs edilib. 

 

Nəşr olunub DÜNYA
 

Bakıda qətlə yetirilən kriminal avtoritet Mübariz Budaqlının ölüm anının videosu yayımlanıb.

 boyukmillet.com xəbər verir ki, videogörüntüdə 43 yaşlı kriminal avtoritetə aid “Mercedes” markalı avtomobilə Taleh Cəlalov tərəfindən atəş açıldığı eşidilir.

Daha sonra M. Budaqlının başına açılmış atəş nəticəsində həyatını itirdiyi görünür.

Qeyd edək ki, qətlə səbəb M.Budaqlı ilə T.Cəlalov arasındakı uzunmüddətli münaqişə olub.

Nəşr olunub CƏMİYYƏT

 

Ermənistan hökuməti yanında idman, mədəniyyət və turizm təşkilatının keçmiş rəhbəri İşxan Zakaryan başda olmaqla bir qrup erməni ictimai xadimin Türkiyənin Qars şəhəri bələdiyyəsi tərəfindən qəbul edilməsi azərbaycanlı diasporunun güclü etirazlarına səbəb olub.

boyukmillet.com Virtualaz.org-a istinadən xəbər verir ki, Qarsda təhsil alan azərbaycanlı tələbələr, Əsassız Erməni İddilarına qarşı Mübarizə Dərnəyi (ASİMDER) və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) erməni heyətinin qəbul edilməsinə etiraz bildiriblər.

Türkiyə mənbələrinin xəbərinə görə heyətə Zakaryanla yanaşı YerevanDövlət Universitetinin tarix fakültəsinin dekanı Edik Minasyan, fakültənin dosenti Aşot Soqomonyan və digərləri daxil olub. İşxan Zakaryan Ermənistanın Hesablama Palatasının keçmiş rəhbəri və hökumət yanında mədəniyyət, turizm və idman komitəsinin rəhbəri olub, “Çiçəklənən Ermənistan” partiyasının üzvüdür. Hərçənd türk mənbələri onu mədəniyyət, turizm və idman komitəsinin indiki rəhbəri kimi təqdim edir.

Erməni heyətinin səfərinə etiraz olaraq Qarsdakı Qafqaz Universitetində təhsil alan azərbaycanlı tələbələr mitinq keçiriblər. Universitetin tələbəsi Nihal Məmmədov tələbələr adından danışaraq bildirib ki, erməni heyətinin iyunun 6-də Qars bələdiyyəsində qəbul edilməsindən məyus olublar. Çünki ermənilər Dağlıq Qarabağda soyqırım törədiblər, Azərbaycan ərazilərini işğal altında saxlayırlar.

“Ermənilər Xocalıda azərbaycanlılara qarşı soyqırım törədiblər, hamilə qadınların qarınlarını yarıblar, işgəncə veriblər. Biz bunları unutmadıq, unutmayacağıq. Ermənilərin Qarabağda qətlə yetirdikləri dinc əhali arasında kürdlər də var. Biz bu səfəri qəbuledilməz sayırıq”-çıxışda deyilib.

TADEF başqanı Ercüment Daşdelen isə yaydığı yazılı bəyanatda bildirib ki, erməni heyətinin Qarsın yeni seçilmiş bələdiyyə başqanı tərəfindən qəbul edilməsi ermənilərin tarix boyu türklərə və azərbaycanlılara qarşı etdiyi zülmlərin, qətliamların qurbanların xatirələrinə hörmətsizlikdir, cəmi 29.5 faiz səslə seçilmiş bələdiyyə başqanı tərəfindən qalan 70 faizin mənəvi duyğularına təcavüzdür.

TADEF başqanı Daşdelen

ASİMDER başqanı Göksül Gülbey də erməni heyətinin Qarsa səfərini kəskin pisləyib. Bu səfərin Fransadakı erməni diasporunun Türkiyənin İğdır, Qars, Van bölgələrini “Qərbi Ermənistan” elan edərək hətta saxta “dövlətin” pasportunu paylamağa başlamasındna cəmi bir neçə ay sonraya təsadüf etdiyini bildirib. Gülbey qeyd edib ki, Ermənistan heyəti ilə yanaşı bu ölkədən 8 avtobus erməni turist də Qarsa gətirilib, onlar sosial şəbəkələrdə fotolar paylaşaraq “Qərbi Ermənistana xoş gəldiniz” sözlərini yazıblar.

Xatırladaq ki, martın 31-də keçirilmiş yerli seçkilərdə kürdlərin partiyası HDP-nin namizədi Syhan Bilgen 29.5 faiz səslə Qarsın bələdiyyə başqanı seçilib. HDP PKK-nın siyasi uzantısı hesab olunur və Azərbaycan, İranla sərhəddə yerləşən Qarsda kürd namizədin qalib gəlməsi həm Bakıda, həm Ankarada narahatlıq doğuran hadisə sayılır. Çünki son vaxtlar PKK-nın İran qolu PJAK fəallaşıb və Qars, İğdır üzərindən Türkiyəyə sızır. Türkiyə mənbələrinin məlumatına görə Ermənistan xüsusi xidmət orqanları da İranın Türkiyə ilə sərhəd kürd kəndlərində fəallaşıblar və PJAK terrorçularına silah-sursat verirlər.

Nəşr olunub DÜNYA

Dövlət müstəqilliyini əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətin və önəmlidir. 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi proseslər, qarşıdurmalar fonunda xarici dövlətlərin kəşfiyyat orqanlarının daxilimizdəki simasız dairələrlə birləşərək törətdiyi əməllər nəticəsində ölkəmizdə yaranmış ümumi gərgin vəziyyət bunu bir daha təsdiq edirdi. Azərbaycan xalqı tarixi şansdan istifadə edərək ikinci dəfə qazandığı müstəqilliyi həmin illərdə əldən vermək üzrə idi. Bu dəfə düşmənlərimizin bizim üçün daha dəhşətli plan hazırlaması isə ölkəmizə, xalqımıza və dövlətimizə faciəvi sonluq vəd edirdi. Bəli, belə bir vəziyyətdə, 1993-cü il iyunun 9-da türk dünyasının böyük oğlu ulu öndər Heydər Əliyevin xalqın çağırışına səs verərək Bakıya qayıdışı Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi.

İyun hadisələri - anarxiya, hərc-mərclik, xaos

XX əsrin əvvəllərində müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşamış və xarici müdaxilə nəticəsində süquta uğramışdısa, bu dəfə yenə iki ildir müstəqilliyini bərpa edən Azərbaycan Respublikası maraqlı xarici qüvvələrlə yaxından əməkdaşlıq edən daxilimizdəki xəyanətkarların əməlləri nəticəsində azadlığını itirməklə yanaşı, həm də parçalanmaq, yox olmaq, xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyət o həddə çatmışdı ki, müəyyən dağıdıcı dairələr ölkəmizin bəzi regionlarını necə ələ keçirmək barədə düşünürdü.

Təbii ki, bu kimi dəhşətli proseslərin baş verməsinin əsaslı səbəbləri var idi. 1992-ci ildə silah gücünə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni elə bir bərbad vəziyyətə salmışdı ki, bəzi beynəlxalq siyasi şərhçilərin dediyi kimi, artıq müstəqilliyimizi ancaq möcüzə xilas edə bilərdi. O vaxt Azərbaycan, demək olar ki, dağılırdı, ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Respublikada qanunsuz silahlı quldur dəstələri meydan sulayırdılar. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, parçalanırdı. Əhalinin ərzaq, xüsusilə çörək qıtlığı ilə üz-üzə qalması, daxili sabitliyin pozulması, həqiqəti söyləyən alimlərin, ziyalıların təqib edilməsi, “sadvalçıların” “əlikramçılarla” separat sövdələşmələri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin fəaliyyətinin iflic vəziyyətinə düşməsi, kənd təsərrüfatının, sənayenin tənəzzülü, ölkəyə ərzaq taxılı əvəzinə qarışıq yem gətirilməsi və bir çox dəhşətli faktlar həmin illərin reallığı idi.

O vaxt Azərbaycan əhalisi artıq iqtidardakıların hansı qabiliyyətin sahibi olduğunu yaxşı bilirdi. Ona görə də AXC-Müsavat cütlüyü 1993-cü ilin yayında baş verən hadisələr zamanı ictimai dəstəkdən tamamilə məhrum olmuşdu. Elə xalqın dəstəyini itirdiklərinə görə də hakimiyyətdən getməli oldular. Çünki xalq yaxşı bilirdi ki, iqtidarda olanlar Azərbaycanın parçalanmasına, dağılmasına, torpaqlarımızın düşmən işğalına məruz qalmasına göz yumaraq var-dövlət yığmaqla, ölkəni talamaqla məşğuldurlar. Bu səbəbdən hər kəsin qəlbində həmin dövrdəki hakimiyyətə qarşı dərin nifrət kök salmışdı. Bu nifrət o dərəcədə güclü idi ki, xalq indiyədək keçirilən bütün seçkilərdə həmin düşərgəyə birmənalı olaraq “yox” deyir.

Qanlı hadisələr Azərbaycan xalqını milli istiqlaldan məhrum olmağın bircə addımlığınadək gətirmişdi

1993-cü il iyunun 4-də Gəncədə başlayan qanlı hadisələr Azərbaycan xalqını milli istiqlaldan məhrum olmağın bircə addımlığınadək gətirmişdi. AXC-Müsavat iqtidarı bu addımın qarşısını almaq üçün heç bir iş görmək gücündə deyildi. Çünki siyasətdə təcrübəsizliyə, səriştəsizliyə, qorxaqlığa və qətiyyətsizliyə yer yoxdur. Şəxsi maraqların ictimai maraqlardan üstün tutulması, xəyanətə yol verilməsi, dövlətçiliyimizi təhlükə qarşısında qoyan addımların atılması mütləq mənfi nəticələrini göstərəcəkdi. Bütün bu “keyfiyyətlər” isə AXC-Müsavat iqtidarında özünü qabarıq göstərmişdi. Gəncədə baş verən hadisələrdən sonra onların ulu öndər Heydər Əliyevi Bakıya dəvət etmələri də xalqın təkidli tələblərindən daha çox öz canlarının hayına qalması səbəbindən idi. Halbuki məhz AXC-Müsavat hakimiyyəti 1992-ci il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasında hakimiyyət çevrilişinə cəhd göstərmişdi. Onların məqsədi naxçıvanlılar tərəfindən yekdilliklə Ali Məclisin Sədri seçilən Ulu Öndərimizi bu vəzifədən uzaqlaşdırmaq idi. Ancaq alınmadı. Bu hadisədən xəbər tutan Naxçıvan camaatı ayağa qalxdı və dağıdıcı ünsürlərə tutarlı cavab verdi.

Görkəmli dövlət xadimi Heydər Əliyev o dövrün Azərbaycanını belə xarakterizə edirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin, demək olar ki, yarıdan çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.

Hər kəs Ulu Öndərin Naxçıvandan Bakıya gəlməsini israrla tələb və xahiş edirdi

İyunun 4-də Gəncədə baş verən hadisələrdən sonra ölkədə hamı ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini israrla tələb və xahiş edirdi. O zaman dövlətimizin nicat yolu ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsində, xalqımızın ümid yeri isə o böyük insanın siyasi dühasında, liderlik məharətində, dövlətçilik təcrübəsində, şəxsi keyfiyyətlərində idi. Təkcə Bakıdan deyil, ölkənin hər yerindən Naxçıvana göndərilən minlərlə məktubun müəlliflərini bir amal birləşdirirdi: “Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasa Azərbaycan xilas ola bilməyəcək”. Sadə insanlar “Sizin Bakıya qayıtmağınız biz insanlardan daha çox anamız Azərbaycana lazımdır” – deyə gözlənilən faciənin miqyasını dilə gətirirdilər. Ölkə ziyalıları dövlət sükanı arxasında görmək istədikləri yeganə insanın məhz görkəmli dövlət xadimi Heydər Əliyev olduğunu bu şəkildə yazırdılar: “Möhtərəm Heydər Əliyev! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə insan Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübənizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz” (“91-lər”in Heydər Əliyevə məşhur müraciətindən).

Ali Sovetin deputatları, hökumətin üzvləri, hətta o dövrdəki prezident başda olmaqla bütün dövlət adamları ulu öndər Heydər Əliyevə müraciət göndərir, onun Naxçıvandan Bakıya gəlməsini israrla xahiş edirdilər.

Ümummilli Liderin Bakıya qayıdışı – 9 iyun 1993-cü il

Hər zaman xalqın yanında olan və xalqın arzu-istəklərinin reallaşdırılması üçün öz canını belə, əsirgəməyən Ulu Öndər 1993-cü il iyunun 9-da muxtar respublikadan Bakıya qayıtmaqla xalqın ölməkdə olan ümidlərini özünə qaytardı. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Məhz milli tariximizin bu unudulmaz günündə xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə paytaxtına qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edildi.

Təbii ki, bütün bunlar böyük Qurtuluşdan sonra real həyatda da öz əksini tapa bildi. Ancaq ölkədə hamı bu fikirdədir ki, xalqımızı nicata aparan yol bilavasitə iyunun 9-da başlandı. Həmin gün ulu öndər Heydər Əliyev Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və möhkəmləndirilməsi istiqamətində çox mühüm bir addım atdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Müstəqil Azərbaycan öz nicatını görkəmli siyasətçi Heydər Əliyevin hakimiyyətə ikinci dəfə Qayıdışında tapdı. Keçdiyimiz zaman məsafəsi xalqın düzgün qərar qəbul etdiyini, saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin ən ağır və məsul dövründə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğunu bir daha sübut etdi. Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə Qayıdışı şərəfli xilaskarlıq missiyasına, Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət edir”.

Heydər Əliyev həmişə xalqın yanında olub

Bütün siyasətçilər haqlı olaraq adıçəkilən addımların qurtuluş məfkurəsinə istinad edərək atıldığını söyləyirlər. Bu da təsadüfi deyildi. Çünki xalqımız və ziyalılarımız Ulu Öndərin siyasi uzaqgörənliyini hələ ötən əsrin 70-ci illərində görmüşdü. Milli tariximizlə tanış olan hər kəs yaxşı bilirdi ki, son dörd-beş onillikdə respublikamızın taleyüklü məsələlərlə bağlı bütün məqamlarında ümummilli lider Heydər Əliyev xalqın yanında olub. Azərbaycanda ilk dəfə 1969-1982-ci illərdə hakimiyyətdə olan Ümummilli Lider öz xalqını zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail oldu, geniş vüsət alan inkişaf proseslərinə təkan verdi. O, ömrü boyu Azərbaycan xalqının rifahı naminə çalışdı və hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, bacarığı, qabiliyyəti, fitri istedadı ilə diqqəti cəlb etdi. Ona görə də 1993-cü ilin iyununda Ulu Öndərin Naxçıvandan Bakıya qayıdışı xalq tərəfindən alqışlarla qarşılandı.

Xalq bilirdi ki, nəinki müstəqilliyin ilk illərində üzləşdiyimiz bəlalar, hətta ondan bir neçə il əvvəllər başımıza gətirilən müsibətlər də məhz Ulu Öndərin böyük siyasətdən kənarda olmasının nəticəsi idi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz dahi şəxsiyyətin siyasi hakimiyyətdən məcburi uzaqlaşdırılmasından sonra baş verməsi təsadüfi deyildi. O, Azərbaycanda və ya Moskvada hakimiyyətdə olarkən heç kim bu barədə danışmağa belə cürət edə bilmirdi. 1990-cı ilin yanvarında xalqımıza qarşı törədilən qanlı faciəyə biganə qala bilməyən Ulu Öndər hadisələrin gərginliyinə, müxtəlif təhlükələrə baxmayaraq, ölkəmizin Moskvadakı nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı kəskin bəyanatla çıxış etdi. Onun həmin tarixi çıxışı Azərbaycanın siyasi həyatında yeni dövrün başlandığını bildirən ilk çağırış, milli azadlıq hərəkatına verilən möhtəşəm dəstək idi.

20 Yanvar hadisələrindən sonra Ümummilli Liderimizin Azərbaycana qayıtması, keçmiş sovet sisteminin oyuncağı olan yerli rəhbərliyin xəyanətkar hərəkətləri, ona Bakıda yaşamağa imkan verilmədiyi indi hamıya məlumdur. O da məlumdur ki, Ümummilli Lider Moskvada sakitcə yaşaya bilərdi. Ancaq o, sakitliyi və rahatlığı deyil, Azərbaycanın taleyini düşündü. Onun möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, yerli əhali hədsiz sevgi, məhəbbət və inamla qarşıladı. Hətta naxçıvanlılar bütün maneələrə baxmayaraq, qısa müddət ərzində Ulu Öndəri özlərinə rəhbər seçdilər. Ümummilli Lider hər zaman olduğu kimi, öz gəlişi ilə Naxçıvana yeni nəfəs gətirdi, onu düşməndən qorudu, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim Azərbaycan torpağını dirçəltməyə başladı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sözləri ilə ifadə etsək: “Azərbaycanın bu qədim torpağını xilas edən Heydər Əliyev özünə Naxçıvan boyda əbədi, həmişəyaşar abidə ucaltdı”.

Böyük dövlət xadiminin məhz Naxçıvandakı idarəetmə uğurlarını görən xalqımız ölkədəki xaos və anarxiyanı aradan qaldırmaq, Azərbaycan dövlətçiliyini xilas etmək naminə dahi şəxsiyyət Heydər Əliyevin ölkə rəhbərliyinə gətirilməsini tələb etməyə başladı. Naxçıvanın tarixi dövlətçilik ənənələrini müasir dövrün tələblərinə uyğun inkişaf etdirən dahi şəxsiyyət xalqın ona bəslənən bütün ümidlərini doğrultdu, Azərbaycanı yox olmaqdan xilas etdi.

Ali Sovetin 1993-cü il iyunun 15-də keçirilən sessiyası parlamentin ən gərgin müzakirələr gedən, fikirlərin ən çox haçalandığı və vaxt etibarilə ən uzun çəkən iclası oldu. Xalqın iradəsini ifadə edən deputatlar böyük səs çoxluğu ilə dahi rəhbər Heydər Əliyevi Ali Sovetin Sədri seçdilər.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ulu Öndər problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.

Ulu öndər Heydər Əliyev qısa zamanda dövlət quruculuğu prosesinə start verdi, Milli Ordumuzu formalaşdırdı, düşmən işğalının qarşısını aldı. Ölkədə nisbətən sabitlik yarandı. 1993-cü ilin oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. Ulu Öndər ölkə Prezidenti kimi Vətəni və xalqı naminə yenə əvvəlki coşqunluqla, əzm və mətanətlə, işgüzarlıqla gecə-gündüz yorulmadan çalışmağa başladı.

Heydər Əliyev yolu ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur

Bu gün respublikamızda dahi şəxsiyyətin müəyyənləşdirdiyi uğurlu siyasi xəttin qətiyyətlə davam etdirilməsi Azərbaycan xalqının xoşbəxtliyidir. Ölkəmizin firavan gələcəyinin təminatına hesablanmış praqmatik siyasi strategiya sayəsində bu gün respublikamız regionun lider dövlətinə çevrilib, ölkəmizin nüfuzu daha da artıb. Bu gün respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir.

Xalqımız, dostlarımız və bədxahlarımız çox yaxşı bilirlər ki, Azərbaycanın bugünkü uğurlarının hamısının təməlində ulu öndər Heydər Əliyevin böyük siyasətə Qayıdışı və həmin Qayıdışın ölkə əhalisində yaratdığı ruh yüksəkliyi dayanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Xilasımız və inkişafımız ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən hər ili göz önünə gətirəndə bir daha əmin oluruq ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu kurs, bu yol Azərbaycanda sosial-iqtisadi inkişafın yeni tələblər baxımından təmin olunmasının yeganə düzgün yoludur. Bu yol ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur”.

Bəli, Ulu Öndərimizin siyasi kursunun yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilməsi qüdrətli Azərbaycan Respublikasını daha böyük uğurlara aparır. Bu siyasət sabahkı uğurlarımızın da etibarlı qarantıdır. Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu işıqlandıran sönməz məşəldir. Bu məşəlin hərarəti isə dünya durduqca bütün azərbaycanlıların ürəyini isidəcək, müstəqil Azərbaycanın inkişafına xidmət edəcək. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, – deyən ümummilli lider Heydər Əliyevin adı və əməlləri daim yaşayacaq.

Nəşr olunub CƏMİYYƏT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Son günlər sərt ritorikaya üstünlük verən Ermənistan hakimiyyətinin yenidən Rusiyaya yaxınlaşmaq istiqamətində cəhdləri müşahidə olunmaqdadır. Bəzi müşahidəçilər hesab edir ki, sülh danışıqlarının nəticəsiz qaldığı bir dönəmdə Paşinyan hökuməti Azərbaycanın hərbi əməliyyatlara başlayacağından ehtiyatlandığı üçün Putinə sığınmağa qərar verib. 


Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP-çı deputat Arif Rəhimzadə Qarabağ məsələsi ətrafındakı vəziyyətlə bağlı “Yeni Müsavat”ın əməkdaşının suallarını cavablandırıb. 


- Arif müəllim, necə bilirsiniz, Azərbaycan Qarabağı işğaldan azad etməyə qərar versə, Rusiya proseslərə müdaxilə edəcəkmi? İndiki situasiya sizə nə deyir?


- Hazırki vəziyyətdə Rusiya bu məsələnin müsbət həllində çox da maraqlı deyil. Ancaq münasibət dəyişə bilər və dəyişir. Artıq erməni xalqı da vəziyyətin mümkünsüzlüyünü başa düşür və müxtəlif yollar axtarır. Ermənistanın baş naziri Paşinyanın hakimiyyətə gəlişi də bu fikirlərin nəticəsində mümkün olub.


Ermənistan cəmiyyətində NATO-ya, digər Avropa təşkilatlarına üzv olmaq niyyəti də formalaşmaqdadır. Düşünürəm ki, bu meyllər gücləndikcə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq normalar əsasında tənzimlənməsinə marağını artıra bilər.


- Deputat həmkarınız Qüdrət Həsənquliyev hesab edir ki, Qarabağla bağlı danışıqların Ermənistanla aparılmasının mənası yoxdur və danışıqlar Rusiya ilə aparılmalıdır. Razılaşırsınızmı?


- Həmkarım Qüdrət Həsənquliyevin fikrinə çox hörmətlə yanaşıram. Əlbəttə, Rusiya ilə də, Minsk Qrupunun digər üzvləri ilə də danışıqlar aparılmalı və onların konkret addımlar atmalarına nail olmalıyıq. Dağlıq Qarabağda son 25 ildə yeni nəsil əmələ gəlib. Nəzərə almalıyıq ki, bunların Azərbaycanın tərkibində yaşamaları üçün qorxu hissləri olmamalıdır. Qeyri millətlərdən olan vətəndaşlarımıza olduğu kimi biz onlara da yaxşı münasibət göstərəcəyimizi nümayış etdirməliyik. Kütləvi informasiya vasitələrindəki çıxışlarımızda erməni xalqının hamısını bir rəngdə qaralamamalıyıq. Erməni xalqı azərbaycanlılarla uzun illər birgə yaşayıb. Ermənilərlə azərbaycanlılar arasında yaxşı dostluq münasibətləri və səmimiyyət az olmayıb. Bu vəziyyət ermənilərin içərisində olan, özlərini ziyalı adlandıran bəzi üzdəniraq ünsürlərin və hakimiyyət hərislərinin günahları ucbatından yaranmışdır.


- Qarşı tərəfdən fərqli olaraq, Azərbaycan tərəf daim xoş məram nümayiş etdirir...


- Dövlət səviyyəsində də, mətbuatda da, insanlar arasında da gərək bu məsələləri həmişə diqqət mərkəzində saxlayaq. Erməni xalqı istedadlı, bacarıqlı və işgüzar xalqdır. Azərbaycanlılarla uzun illər dostluq ediblər. İndinin özündə də ermənilərin heç də hamısı bizə qarşı aparılan aqressiv millətçilik siyasətini dəstəkləmir.


- Amma bu məsələdə birtərəfli qaydada iş aparmaqla nəyəsə nail olmaq mümkün deyil. Erməni tərəfi eyni mövqeni sərgiləmirsə, onda necə?


- Eybi yoxdur, qoy elə eləsinlər. Ermənilərin bədbəxtliyi ondan irəli gəlir ki, bunlar millətçilik xəstəliyinə tutulublar. Özü də özbaşına yox, millətçilik siyasətini cəmiyyətə sırıyan təşkilatlar insanları bu mövqedə olmağa məcbur edirlər.


- Deyirsiniz yəni biz onları sağalda biləcəyik?


- İndi sağalda bilməsək də, biz gərək danışığımızda, münasibətimizdə onların sağalmasına çalışaq və hamısına düşmən kimi baxmayaq.


- Paşinyan deyir ki, rəsmi Bakı Qarabağ erməniləri ilə danışıq aparsın. Sizcə, buna getmək olarmı?


- Yuxarıda qeyd etdiyim kimi, danışıqların formatı beynəlxalq səviyyədə təsdiq edilmiş sənədlərdə öz əksini tapıb və Paşinyanın bu istəyinin heç bir hüquqi əsası yoxdur.


- Hərbi əməliyyatların başlanmasını real sayırsınız?


- Danışıq yolu ilə münaqişə həll olunmasa, torpaqlarımızı hərbi yolla azad etməyə bizim hüququmuz da, müsbət təcrübəmiz də var. Naxçıvanda aparılan uğurlu əməliyyatların vaxtaşırı təkrarlanması da məsələnin həllinə təsir göstərəcək. Bu, erməni xalqını reallığı dərk etməyə vadar edəcək.

 

Nəşr olunub CƏMİYYƏT

Reytinq